Qələm adamlarının
başqa sahələrə üz tutması təbii
qarşılanmalıdır
Qəribə bir tendensiya yaranıb. Jurnalistikada
peşəkarlaşıb özünü təsdiq edəndən
sonra əksəriyyət mətbuatdan, televiziyalardan
uzaqlaşıb başqa bir sahədə işləməyə
üstünlük verirlər. Halbuki, mediada bir peşəkar
kadr hazırlamaq çox əziyyətli işdir. Bu kadrlar cəmiyyət
üçün güzgü və ictimai rəy
üçün barometr ola bilər. Qərbdə, Rusiyada,
Türkiyədə bu peşəkarlara böyük layihələr
tapşırılır, hamının etimad etdiyi xəbər
spikerləri olur, böyük məbləğli efir layihələrinə
rəhbərlik edirlər. Bizdə isə əksinədir: Kimsə
daha mediada karyera qurmaq barədə fikirləşmir. Hamı
ilk fürsətdəcə qaçır.
60-70 yaşlı qərb jurnalistləri ekstremal
vəziyyətdə, müharibə bölgələrində
hansısa reportajı hazırlayır, amma bizdə 30-40
yaşdan sonra jurnalistlər karyera barədə
düşünür. Qərb jurnalisti üçün
peşə ölənə qədərdir. Ola bilsin, bu, maddi
durumla da bağlıdır. Bəlkə Qərb jurnalisti daha rahat
və maddi təminatlıdır, amma bizdə belə deyil. Qərb
jurnalistləri jurnalistikadan tramplin kimi istifadə etmirlər.
Sadəcə sevdikləri işlə məşğuldurlar və
jurnalistika onlar üçün həyat tərzidir. Bizdə
isə insanlar özlərinə yaxşı çevrə
qurmaq, vəzifəyə yaxınlaşmaq üçün
mediadan tramplin kimi istifadə edir. Sözsüz ki, bütün
əziyyətlərə qatlaşıb qalanlar da var. Ölkənin
bir çox ictimai fiqurlarının fəaliyyətlərinə
nəzər salsaq, bunun əyani sübutunu tapmış
olarıq.
Anar Imanov: "Mətbuat
xidmətində işləmək bəzi həmkarlarımız
üçün daha rahatdır – adətən iş az,
maaş çox olur"
"Milli.az” saytının baş redaktoru Anar
Imanov insanların jurnalistikada peşəkarlaşıb
özünü təsdiq edəndən sonra başqa bir sahəyə
üz tutmasını normal qarşılayır:
"Şəxsən mən bu hallara pis baxmıram. Səbəblər müxtəlif
ola bilər – gəlir azlığı, həvəssiz
gördüyün iş və s. Fikrimcə, insan sevdiyi
işlə məşğul olmalıdır, gəliri az olsa
belə. Yalnız o halda insan cəmiyyətə
daha çox fayda verə bilər. Ayrıca
bir faktor – sosial şəbəkələrin
populyarlaşması. Ona görə bəzi
hallarda jurnalistlər bloqqerliyə keçirlər və fəaliyyətlərini
sosial şəbəkələrdə davam etməyə
üstünlük verirlər. İnternet ənənəvi
KİV-ləri sıradan çıxarır və bəzi
jurnalistlər məcburən işlərini dəyişirlər,
hətta jurnalistikanı da tərk edirlər. Bir faktor da zamanla ayaqlaşma ilə
bağlıdır. Yəni
texnoloqiyaların sürətlə inkişaf etməsi tələb
edir ki, bir çox adamlar, jurnalistlər daim inkişaf etsinlər,
daha çox bilik əldə etsinlər, təkmilləşsinlər.
Bəzi insanlar buna tab gətirməyərək,
çatdıra bilmirlər və yolun kənarında
qalırlar. Bizim jurnalistlər hazırda daha
çox PR sahəsinə və mətbuat xidmətlərinə
yönəlirlər. Savadlı jurnalistlər
PR sahəsində əziyyət çəkmirlər, illərin
təcrübəsi onlara hansısa şirkətin PR-nı qurmaq
üçün kömək edir. Və əlbəttə
ki PR-da, yaxşı PR-çıların maaşları daha
yülsəkdir. Mətbuat xidmətində işləmək
isə bəzi həmkarlarımız üçün daha
rahatdır – adətən iş az, maaş
çox olur. Və ən əsas məsələ - bir
çox hallarda mətbuat xidmətlərində iş dövlət
qulluğuna aiddir, KİV-lərin çoxusu isə özəldir.
Yəni burada həm maaş fərqi həm də
pensiya fərqi olacaq".
Elman Cəfərli: "Biz söz sənəti
ilə məşğuluq, dolanışığımız
burdan çıxır. Çətin olsa da başqa yolumuz
yoxdur"
“Cebhe.info”
saytının və “Cümhuriyət” qəzetinin redaktoru
Elman Cəfərli isə deyib ki, 1990-cı illərdə mətbuat
sahəsində çalışan insanların bir qismi
medianı tərk edib:
"Onların arasında dövlət qurumuna işə
düzələn, təhsilə qayıdan, biznes quranlar var.
Ailə qurub xarici ölkələrə gedənlər də
az deyil. Əvvəla, bu taledir. İkincisi,
insan özünü harada tapırsa, maddi
dolanışığını təmin edə bilirsə,
ora da getməlidir. Jurnalistikaya bu peşəni
sevib gələnlər də çoxdur. Onlar
hələ də mətbuatdadırlar. Adam
var ki başqa sahəyə keçir, lakin dözə bilmir, geri
qayıdır. Medianın bir
üstünlüyü var ki insana azadlıq verir. Başqa peşə sahələrində olan buxov,
daxili senzura burada azdır. Jurnalist işlədiyi
KİV-də olmasa da, heç olmasa sosial şəbəkələrdə
ayrı-ayrı sahələrdə rast gəldiyi qanunsuzluqlar,
yaramaz əməllər barədə yaza bilir. Bunu deyək ki hər həkim, müəllim yaza
bilmir. Əməyin qiymətləndirilməsinə
gəlincə, ümumən götürəndə mediada əmək
haqqı normaldır. O başqa məsələdir ki,
kimin iş qabiliyyəti necədir. Məsələn,
bir savadlı repetitor müəllim yaxşı zəhmət
haqqı alır. Aylıq qazancı 2 minə
çıxanlar var. Ancaq hər müəllim repetitor işləyə
bilmir. Yaxşı jurnalist, redaktor əlavə
işlər götürə, bir neçə yerdə işləyə
(admin, veb-redaktor və s.), tərcümə, kitab redaktəsi
ilə üzrə sifarişlər ala bilər. Namuslu qazancın başqa yolu yoxdur. Biz söz sənəti ilə məşğuluq,
dolanışığımız burdan çıxır.
Çətin olsa da başqa yolumuz yoxdur. Tanınmış imzaların mətbuatda getməsi
isə məncə siyasi fikir ayrılıqları ilə
bağlıdır".
Elçin Zahiroğlu: "İndi
istər maddi, istərsə də perspektiv baxımından
jurnalistika uğurlu sahə hesab olunmur. Ona görə də,
xüsusən yeni nəsil ilk fürsətdə başqa sahələrə
üz tuturlar"
"Bakıpost.az"
saytının rəhbəri Elçin Zahiroğlu isə təəssüflə
qeyd edib ki, bizdə jurnalistlərin reputasiyası
, ümumiyyətlə bu sahənin nüfuzu çox
aşağı düşüb. Hətta o qədər ki,
jurnalistin hanısa kiçik bir quruma mətbuat köməkçisi
getməsi böyük uğur kimi qəbul edilir:
"Bələ rəzil bir vəziyyətə
junalistikanın inkişaf etdiyi çox az ölkələrdə
rast gəlmək olar. İndi istər maddi, istərsə də
perspektiv baxımından jurnalistika uğurlu sahə hesab
olunmur. Ona görə də, xüsusən
yeni nəsil ilk fürsətdə başqa sahələrə
üz tuturlar. Çoxu jurnalistikadan tramplin
kimi istifadə edir".
Təbriz Vəfalı:
"Boşluğun yaranmaması üçün jurnalistlərlə
bağlı stimullaşdırıcı variantlardan istifadə
edilməlidir"
Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri,
www.azim.az internet portalının baş redaktoru Təbriz Vəfalının
fikrincə jurnalistlərin hər hansı bir vəzifəyə
irəli çəkilməsi təbii bir prosesdir və burada
qeyri-adi bir şey yoxdur. Onun dediyinə görə, keçmiş SSRİ
dövründə də bu cür ənənə mövcud
olub və xeyli sayda jurnalist ayrı-ayrı sahələr
üzrə müxtəlif məsul vəzifələrdə
çalışıb:
"Burada qeyri-adi və anormal bir vəziyyət yoxdur. Hər kəs öz
bacarığına, istedadına, təşkilatçılıq
və idarəçilik qabiliyyətinə, həyat və
iş təcrübəsinə, savadına, biliyinə və
digər müsbət keyfiyyətlərinə görə hər
hansı bir vəzifəyə təyin edilə bilər".
Mərkəz
rəhbəri qeyd edir ki, jurnalistlər, xüsusilə də
baş redaktorlar arasında deputat olmaq istəyənlər
kifayət qədərdir:
"Təkcə yazılı və elektron KİV-lərin
deyil, müxtəlif jurnalist qurumlarının nümayəndələri
də deputat olmaq arzusunda olublar. Onların bu arzusunu,
deputatlıq istəyini bir neçə səbəblə əlaqələndirmək
olar. Birincisi, bəzi media nümayəndələri
düşünürlər ki, cəmiyyətdə müəyyən
qədər tanınmaq, söz sahibi olmaq, ictimaiyyət tərəfindən
müəyyən dərəcədə qəbul edilmək
onlar üçün hər hansı bir vəzifəyə
getmək, yaxud, deputat olmaq üçün böyük
şansdır və həmkarlarımız bu şanslarını
sınamaq qərarına gəlirlər. Bəzi
həmkarlarımız isə ilkin mərhələdə
öz maddi və mənəvi ehtiyaclarını təmin etmək
məqsədilə deputat olmaq və ya vəzifədə
işləmək arzusundadırlar. Amma
yuxarıda dediyim kimi, bunun üçün bir sıra müsbət
keyfiyyətlərə malik olmaq lazımdır. Yəni hər
oxuyan Molla Pənah Vaqif ola bilməz. Jurnalistlərin hər hansı bir vəzifəyə
təyinatı məsələsinə gəlincə, bu da həmkarımızın
öz işinə nə dərəcədə kamil
olmasından, onun öz işinə, peşəsinə və
vəzifəsinə nə qədər məsuliyyətlə
yanaşmasından irəli gələn bir məsələdir.
Hər halda bugünədək müxtəlif vəzifələrə
təyin olunmuş jurnalistlərin digər həmkarlarımızdan
üstün cəhətləri, keyfiyyətləri olub ki,
onlar vəzifələrə irəli çəkiliblər.
Bu da normal bir proses kimi qəbul olunmalıdır".
Peşəkar
və tanınmış jurnalistlərin deputat, yaxud məmur
olmaq istəyinə düşmələrinin, yaxud, onların
vəzifələrə irəli çəkilməsinin
jurnalistikamıza təsirləri barədə də
danışan Təbriz Vəfalı vurğulayıb ki, bu amil
özünün mənfi və müsbət təsirləri
ilə həmişə yadda qalıb: "Bəzi həmkarlarımız
düşünürlər ki, güclü maliyyə
imkanı, yüksək vəzifələrdə
çalışan qohum-əqrəbası,
dost-tanışları olmayan jurnalistlərin vəzifəyə
irəli çəkilməsi, yaxud, deputat olması
qeyri-mümkündür.
Ancaq mən bu fikirlərlə razılaşmıram, deyilənləri
qəbul etmirəm. Məsələn, mənim
tanıdığım, vaxtilə mənimlə birlikdə
çiyin-çiyinə çalışmış jurnalistlər
var ki, onlar ayrı-ayrı dövlət qurumlarında mətbuat
xidmətlərinin rəhbərləri və ya ictimaiyyətlə
əlaqələr şöbələrinin əməkdaşlarıdırlar.
Onların savadları, bilikləri, təcrübələri,
təşkilatçılıq və idarəçilik
qabiliyyətləri, istənilən işi öyrənməyə
və tətbiq etməyə həddən artıq
böyük maraqlarının olması və sair həmin həmkarlarımızın
vəzifəyə irəli çəkilməsinə heç
bir maneçilik törətməyib. Şübhəsiz
ki, bu amil media nümayəndələrinin müxtəlif sahələri
öyrənməsinə marağını artırır ki,
bu, müsbət tendensiya kimi qəbul edilə bilər. Ancaq bununla belə, peşəkar jurnalistlərimizin
başqa sahələrə yönəlməsi peşəkar
medianın formalaşmasına və jurnalistikamızın daha
uğurlu nəticələr əldə etməsinə müəyyən
dərəcədə mənfi təsirini də göstərir.
Ona görə də istər media qurumları,
istərsə də yazılı və elektron KİV-lərin
rəhbərləri ilkin mərhələdə jurnalistlərimizin
peşəkarlaşması baxımından öz fəaliyyətlərini
davam etdirməlidirlər ki, mediamızda boşluq
yaranmasın. Amma boşluğun
yaranmaması üçün də jurnalistlərimiz
üçün stimullaşdırıcı variantlardan istifadə
edilməlidir. Əgər bu gün həmkarlarımızın
aldıqları maaşlar, qonorarlar kirayə pulunun ödənilməsi,
həmçinin normal dolanışıq, ehtiyacların ödənilməsi
üçün kifayət etmirsə, peşəkar jurnalistlərimizin
deputatlıq, vəzifələrə seçilmək istəyi
daim güclənəcək ki, bu da peşəkar
jurnalistikamıza çox ciddi mənfi təsir göstərəcək".
Aqil Camal: "Bəziləri
perspektivi düşünür. Bu baxımdan, başqa sahəyə
üz tutan jurnalistləri də anlamaq lazımdır"
"Türküstan" qəzetinin baş
redaktoru Aqil Camalın sözlərinə görə, burada
başlıca amil prestijli işə sahib olmaq istəyidir.
Peşəsindən asılı olmayaraq insanlar qarşıda
olan təklifləri dəyərləndirir:
"Ona sərf edən, prestijli və
perspektivli işi seçir. Bu baxımdan, başqa sahəyə
üz tutan jurnalistləri də anlamaq lazımdır.
mma burada iki məsələni fərqləndirmək
vacibdir. Bir sıra jurnalsitlər dövlət və özəl
qurumlarda mətbuat xidmətlərində işləməyə
gedirlər. Bu fəaliyyət bilavasitə mediaya ilə
bağlıdır. Yəni, əgər həmin şəxsdə
jurnalistika ilə mənəvi bağlılıq varsa, bir
şəkildə bu tələbatını təmin edir.
Amma tamamən jurnalistikadan, ictimai-siyasi mühitdən uzaq sahələrə, deyək ki, biznesə üz tutan jurnalistlər hesab etmək olar ki, bu sahəyə könüldən bağlı olmayıblar. Bu zaman artıq onların gedişi ilə jurnalistikanın itiriyini düşünmək lazım deyil".
Şəymən.
Şərq 2020.- 22 fevral.- S.14.