“Mən teatrı sevən insanam”
Əjdər Həmidov: "Səhnədən
kənarda yaralı quş olaram, çırpınıb,
ölə bilərəm"
Kino və teatr
aktyoru, Xalq artisti, prezident
mükafatçısı, indiyə qədər 22 filmdə rol almış və müxtəlif tamaşalarda
peşəkarlığını sübut
etmiş Əjdər Həmidov «Şərq»in
budəfəki qonağı oldu.
Uşaqlığından söhbətə başladıq, sənətlə
bağlı fikirləri ilə söhbətimizə yekun vurduq.
- Hamının
efirlərdə, səhnədə tanıdığı
Əjdər Həmidovu bir də onun dilindən tanıyaq. Kim
olub Əjdər müəllim.
Uşaqlığı necə keçib?
- Sadə bir ailədə doğulmuşam.
Kənd yerində böyümüşəm.
Uşaqlığım sakit keçib. Çox
fağır uşaq olmuşam.
Həmişə atam deyirdi
ki, elə olma, bir az diribaş
ol. Doğrudan sonralar xarakterim dəyişdi.
Həyatda istədiklərimə nail ola bildim. Görünür,
bu da mənim mübariz olmağımdan irəli gəlir.
- Elə sənətə də gəlişiniz
atanızın istəyi ilə baş tutub. Atanızın istəyi ilə aktyor olmusunuz. Öz arzunuz isə rəssam
olmaq olub. Heç peşmanlıq
yaşadığınız məqam olub ki, kaş ki,
aktyor olmayaydım.
- Bəli, atamın istəyi ilə aktyor olmağa qərar verdim. Rəssam olmaq istəyirdim.
Uşaqlıqda rəsmlər çəkirdim. İndi
hərdən boş vaxtım olanda istəyirəm ki, rəsm
çəkim, görürəm ki,
artıq fırçayla işləyə bilmirəm. Gərək
uşaqlıqdan bəri məşğul olub
vərdiş edəsən. Bütün sənətlər
belədir. Amma heç
vaxt səhnəyə gəldiyim üçün peşman
olmamışam.
- Yəni səhnədən
yorulduğunuz vaxt
olmayıb?
- Qətiyyən. Düzdür,
atam məni aktyor
görmək istədi, mən də onun məsləhəti
ilə bu sənətə gəlmişəm.
Amma bu sənəti
sevirəm. Deyə bilmərəm ki, nə
vaxtsa peşmançılıq
yaşamışam. Ömrümün 40 ilini səhnəyə, sənətə həsr
edən insanam. Bu gün düşünürəm ki, mən səhnəsiz yaşaya
bilmərəm. Çünki səhnə
mənim ruhuma biçilib.
Əgər bir gün
səhnədən gedəsi olsam,
inanın dözmərəm, ölərəm.
- Bəzi aktyorlar təqaüdə
çıxdıqları üçün
səhnədən uzaq düşməyə
məcbur qaldılar. Bu sizi
qorxutmur?
- Mən uzun illərdir Akademik Milli Dram Teatrında çalışıram.
Teatrın rəhbəri Azər Paşa
Nemətov yaşlı aktyorlardan kimsəyə
deməyib ki, təqaüd vaxtın
çatıb deyə səhnədən, teatrdan
getməlisən. Bir də insanın öz sevgisi
olmalıdır. Mən teatrı sevən insanam.
Səhnədən kənarda yaralı quş
olaram, çırpınıb, ölə
bilərəm.
- Sizin
nəslin sənətə gəldiyi dönəmlə indiki gəncləri müqaiysə etsək, fərq
nədir?
- İstedadlı
gənclərimiz var. Sadəcə bizim dövrlərdə sənətə, səhnəyə
xüsusi bir sevgi, hörmət vardı. Biz
səhnəyə pul qazanmaq
üçün
çıxmırdıq. Sənət bizim
üçün biznes
məkanı deyildi. İndiki
gənclər sənətə, səhnəyə gəlir yeri kimi, biznes
kimi baxırlar. Bəlkə də
onların da öz
haqlı tərəfləri var. Sadəcə
sənət fədakarlıq sevir. Bizim dövrdə səhnə fədakarları
vardı. İndikilərdə o səhnə
eşqi, fədakarlığını
görə bilmirəm. Məşhur olmaq bir də daha çox qazanmaq məqsədləri
olur. Hamı rahat yolla pul qazanmaq
istəyir. Baxın, mənim istər kinoda,
istər teatrda maraqlı böyük
rollarım olub. Bu
rolları əziyyətlə ərsəyə gətirmişəm.
Hər rol üçün
zəhmət çəkmişəm. Aktyorun
oynadığı hər rolu uğurlu alına bilməz. 19 roldan
bir-ikisi daha uğurlu olar. Amma elə etməlisən ki,
oynadığın rolların heç olmasa bir hissəsi tarixdə
qalsın. «Kişi sözü» filmi 35 ildən
artıqdı çəkilib. Bu gün də maraqla izlənir.
Filmdə yaratdığım Qasım obrazı əminəm ki, kino tarixində qalan obraz olub.
Yəni gənclərimizə tövsiyəm o
olar ki, hər obraza məsuliyyətlə yanaşsınlar,
tarixdə qalmağa iddialı olsunlar. Pul qazanmaq
nə qədər vacib olsa
da, sənət bütün
bu maddi məqamlardan
yuxarıda dayanmalıdır. Düşünürəm ki, elə bir fərq yoxdur. Sadəcə fərq ondadır ki, biz o
zamanın aktyorları idik, bunlar bu zamanın
aktyorlarıdır. Zaman da
öz sözünü
deyir. Aktyorun yetişməsinə
dövrün böyük təsiri var. İndinin özündə də
ayrı-ayrılıqda götürdükdə çox istedadlı gənc aktyorlar
var. O demək deyil ki, bizdən sonra
istedadlı aktyor gəlməyəcək.
Nə qədər sənət var, nə
qədər teatr var aktyor da, rejissor
da olacaq. Sadəcə
olaraq bu dövrün rejissoru, aktyoru başqa cürdür. Bu zaman üçün
aktyor yetişməlidir. Amma
onları bir yerə yığmaq, filmlərdə
və ya tamaşalarda məşhur etmək
lazımdır. Heç bir
sənətkar aktyor özbaşına
böyüyə bilməz. Rəssam işi
ilə aktyor işinin
fərqi bundadır ki, rəssam fərdi işləyir. Amma aktyor işi
kollektiv işdir. Aktyor tək heç nə
edə bilməz. Hazırda gənclər üçün
texniki baxımdan hər şərait
yaradılıb. Məsələn, bizim öz teatrımızda hər bir
şərait var. Bu
yaxınlarda Şəkiyə teatr
festivalına getmişdik, çox
gözəl teatrları var, yüksək
səviyyədə təmir olunub. Bu, işin texniki
tərəfidir. Yaradıcı tərəfinə gəldikdə
isə o, yaradıcı adamlardan
- rejissorlardan, müəlliflərdən asılıdır. Onlar
aktyoru işlətməyi, məşhurlaşdırmağı
bacarmalıdırlar.
- Aktyor olmaq üçün vacib olan amillər
nədir?
- Bilirsiz, sənət, səhnə
fərqli bir dünyadır. Aktyor olmağı arzulamaq aktyor olacaqsan demək deyil. Aktyor olmursan,
aktyor doğulursan.
Sonradan heç kim aktyor
olmur. Ana bətnində
artıq onlara Allah vergisi verilir. Mənim aktyor olmağımın səbəbkarı atamdı,
bunu qeyd etdim. Kənd yerində necə
olub ki, atam məndə o istedadı görüb, o suala hələ də cavab tapa
bilməmişəm. Mənim arzum
vacib deyil, vacib məndə olan istedadı üzə çıxarmaq
idi. Atam məndə olan
o görünməz tərəfimi
görə bilmək iqtidarında olub. Nə yaxşı ki,
o məni səhnəyə,
sənətə yönəldib.
- "Aktyoru
aktyor edən rejissordur" deyimi ilə razılaşa bilərsiz?
- Sözsüz ki, bir aktyorun uğurunda
rejissor əməyi
var. O səni o rolda görə bilibsə, sənə o şansı yaradırsa, bu artıq sənin uğura gedən yolunda ilk addımdı. Amma istedad da vacibdi.
Mənim də uğurlarımda rejissorlarımın
əməyi olub.
Mənim
teatr rejissorum Mərahim Fərzəlibəyova
minnətdaram. Həm
Sumqayıt teatrında, həm də Milli Dram Teatrında işləyəndə
yaradıcılığımda onun böyük rolu var. Həmçinin kino rejissorları olan Cahangir Mehdiyev,
Vaqif Mustafayevin kinoya gəlməyimdə,
yetişməyimdə və
məşhurlaşmağımda böyük əməyi olub. Aktyoru aktyor edən
rejissordur.
- Kino ciddi sənət sayılır.
Bəs bu gün kinoya
ciddi yanaşma varmı?
- Çox maraqlı bir məqama toxundunuz. Mən sizə deyim ki, indi kino
sənətinə elə
həssaslıqla yanaşmırlar.
Çünki aktyor yaradıcı
heyətdir. Bununla yanaşı
texniki heyət də var. O vaxtlar texniki heyət 30-40 ilin peşəkarları idi. O vaxtlar fərqli yanaşma var idi.
- Deyəsən, film çəkilişlərindən
birində yaşlı
kişi gün vurmasın deyə sizin üçün çətir
tuturmuş. Bu da sizi narahat
edib.
- Belə bir hadisə
olub. Çəkiliş meydançasında idik. Bir yaşlı mənə
çətir tutanda deyirdim ki, siz
ağsaqqalsınız, mən
utanıram, əziyyət
çəkməyin. Kişi
də dedi: “Yox oğlum, sən bilmirsən, bu, mənim işimdir. Mən bu işə
görə dövlətdən
pul alıram. Rejissor da mənə tapşırıb ki, aktyorun üzünə çətir tut, gün üzünü yandırmasın”.
Mən çəkiliş meydanında
hara gedirdimsə, o da yanımda olurdu. O, kinonu sevdiyi üçün onu edirdi, mənə
görə etmirdi. Amma indi texniki
işçilər peşəkar
deyil. Həvəsləri olmur. Heç bilmir
kino nədir? Düzdür,
sənətə cavanlar
gəlirlər. Mən də
“Kişi sözü”nə
çəkiləndə cavan
idim, peşəkar deyildim. Yəni demək istəyirəm ki, kim olursan ol, sənətini,
peşəni sev.
Tahirə Məmmədqızı
Şərq 2020.- 22 fevral.- S.13.