"Fyuzat" yeni bir məfkurənin
əsasını qoyub
Bu mətbu orqan milli ideologiyanın
daşıyıcısı olan xeyli sayda ziyalını ön
plana çıxarıb
Jurnal türk xalqlarının həmrəyliyini
müdafiə edib. Ona görə də ilk sayını müxtəlif
coğrafiyada yaşayan türklər sevinclə
qarşılayıblar
Mətbuat
və ictimai-siyasi, bədii fikir tariximizə ədəbi məcmuə
kimi daxil olan "Fyuzat" Əli bəy Hüseynzadənin
"Həyat" qəzetinin sonuncu sayında "Vidanamə"
başlıqlı məqaləsində göstərdiyi kimi
"qüdrətli, ədəbi qələm sahiblərinin cəm"
olduğu nəşr kimi diqqəti çəkdi. Jurnalın
ilk sayında məram və məqsədlərini
açıqlayan Əli bəy Hüseynzadə "Həyat və
meyli-fyuzat" məqaləsində fyuzat kəlməsinin mənasını
açıqlayaraq yazırdı: "Məcmuəmizə
"Fyuzat" adı təsadüfi verilmiyor, bu nam həyatdan
təbii olaraq təvəllüd ediyor... "Fyuzat" ləfzon
"feyz"in cəmil-cəmi olub rifah və bərəkətə,
bolluğa, maddi və mənəvi nemətlərin
bolluğuna, tərəqqiyyat və kəmalatın şəniəyyi-təcəllisinə
dəlalət edərsə də, fəqət əsl məfhumu
səadət və ələlxüsus səadəti-mənəviyyədir,
həqiqi zövq və səfalərdən ibarət bir səadəti-mənəviyyədir.
Həyat isə mənayi batinisilə daimi bir
meyli-səadət, bir meyli-fyuzatdır".
Mətbuat
tarixi üzrə araşdırmaçı, tarix üzrə fəlsəfə
doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif
Aşırlı "Azərbaycan mətbuat tarixi, 1875-1920-ci
illər” adlı kitabında vurğulayıb ki,
"İcmal" məqaləsində Əli bəy
Hüseynzadə öz ömrünü başa vurub yerini
"Fyuzat"a vermiş "Həyat" qəzetini
xatırlayır və "Həyat"ın
"yoxluğundan keçən" iki aya qədər bir
vaxtda baş verən ictimai-siyasi hadisələri diqqətə
gətirirdi:
“Avropada,
İranda, Osmanlı dövlətində və Qafqazdakı
siyasi vəziyyətə toxunan müəllif yazırdı:
"İnqilabçılar qüvvətlərini, hökumət
isə niyyətlərini gizlətməyə qeyrət
ediyorlar... Gizli, fəqət şiddətli bir
mübarizənin əlami meydanıdır". İlk sayından etibarən dərc etdirdiyi məqalələrdən
göründüyü kimi "Fyuzat" yalnız ədəbi
orqan kimi nəşr olunmamış, dünyada baş verən
proseslərə siyasi münasibət bildirmişdi. Dərginin ətrafında dövrün görkəmli
ədəbiyyat xadimləri, publisistlər
toplaşmışdı. Məmməd Hadi, Hüseyn
Cavid, Axund Yusif Ziya Talıbzadə, Abdulla Şaiq, M.Ə.Rəsulzadə,
Abdulla Sur, Əhməd Kamal, Əhməd Raiq, Abbas Səhhət,
Tofiq Fikrət kimi qələm sahibləri nəşrin əhəmiyyətini
artırır, ədəbiyyata həvəs yaradırdı. Bəzi tədqiqatçılar, ədəbiyyatşünaslar
1905-1910-cu illər arasında Azərbaycan ədəbiyyatı
barəsindəki fikirlərini cəmləşdirərək
bu dövrü "Əli bəy və "Fyuzat" dövrü
adlandırırlar.
Jurnalist yaradıcı heyətinə daxil olan Abdulla
Şaiq "Fyuzat"ı "islamaləmində
görünməmiş ən möhtəşəm mətbuat
orqanı" kimi dəyərləndirirdi.
İlk dəfə
Qafqazda yaşayan türklərin istiqlal bəyannaməsi məcmuənin
7 ci sayında elan olunmuşdur: "Biz qafqazlıyız -
Qafqaz əhlinin öz ümumi idarəsinə özü baxa
bilmək üçün lazım gələn muxtariyyət tələb
edirik". Əlbət ki, bu, Azərbaycanın
istiqlalına gedən yolun başlanğıcını müəyyənləşdirən
tezis idi. Ədəbi məcmuə olmaqdan
daha çox "Fyuzat" türk xalqlarının həmrəyliyini,
milli ideologiya ətrafında birliyini, siyasi
hüquqlarını müdafiə edən mətbu orqan idi.
Ona görə də ilk sayını müxtəlif
coğrafiyada yaşayan türklər sevinclə
qarşılayır, arzu və istəklərini redaksiyaya
göndərirdilər. Məsələn, Tatarıstandan Həsən Səbri
Ayvazov yazırdı: "Qafqas qitəyi-mübarəkəsi
heç mücahidsiz qalırmı? Cahanın on
qaranlıq, aləmi-bəşəriyyətin ən vəhşi
zamanlarında belə Qafqas əqtari-ərzə nur
saçıyordu. Millətimin
bugünkü gündə bəlkə yüz dərəcədə
cahil bulunan bir zamanında Rusiya müsəlmanları
arasında mətbəəyi-islamiyyə ilk Qafqasda
açılmışdı. "Əkinçi"lər,
“Kəşkül”çülər Qafqas övladları,
Qafqas qəhrəmanlarıdır".
"Fyuzat"ın
7-ci sayında dərc olunan başqa bir məqalədə isə
Türkiyədən yazırdılar: "Fyuzat"
meydani-intişara qopuldu. Bizə bu lazım idi.
"Fyuzat" mənbəyi-feyz və kəmalatdır.
“Fyuzat”ın yolu ilə Asiya qövmünün və
Rusiya müsəlmanlarının məsud və bəxtiyar
olmalarını təfaül edəriz".
Akif
Aşırlı bəyan edib ki, dövrün ədəbi,
siyasi qüvvələri məhz bu dərginin ətrafında
toplanaraq XX əsrin ilk onilliyində milli şüurun, milli
özünüdərk prosesinin aparıcılarına
çevrildilər və fyuzatçılıq adlı siyasi, ədəbi
cərəyanın intişarına xidmət etdilər:
“Fyuzatçılıq ilk növbədə çarizmə, əsarətə,
istibdada qarşı çevrilmiş və türk
xalqlarının mənəvi birliyinin təcəssümü
olan turançılıq ideologiyasının
daşıyıcısıdır. Bu ideologiya
utopik düşüncələrdən, fikirlərdən
qaynaqlanmırdı, tarixin reallıqlarından, milli
özünüdərk prosesindən doğurdu. Bu ideologiyanın məqsədi milli istiqlal uğrunda
mübarizə aparan türk xalqlarının milli
şüurunu "türkləĢmək, islamlaĢmaq,
avropalaĢmaq" istiqamətində oyatmaq, inkişaf etdirməkdən
ibarət idi. Fyuzatçılıq həmçinin
ədəbiyyatda romantizmin, ortaq türk dilinin, ümumi ədəbi
dil siyasətinin, islamçılığın, milli məsələlərdə
farslaşma və ruslaşmaya qarşı
türkçülük ideologiyasının təbliği demək
idi.
Əli bəy Hüseynzadə jurnalda bu ideologiyanı
elmi-nəzəri cəhətdən əsaslandırır,
"Turani", Ə.H. "Ə.Hüseynzadə"
“Fyuzat”ı, “Həyat”ı, "Şair Naim", "Dəli
Şair" imzaları ilə dərc etdiyi yazılarda
fyuzatçılığın başında dayanırdı. Azərbaycanda
yaranan bu məfkurənin ideoloqu kimi Əli bəy Hüseynzadə
"dünyanın bütün ümum və fünunun hər
növünü ədəbiyyat və sənayeyi-nəfisənin
hər şöbəsini tamamən əhatə etmiş və
tətbiqə müvəffəq olmuş fövqəlbəşər"
idi. Məcmuə çətin dövrdə
fəaliyyət göstərməsinə baxmayaraq, milli
ideologiyanın daşıyıcısı olan xeyli sayda
ziyalıları ön plana çıxardı, yeni məfkurənin
ocağına çevrildi. Səid Səlmasinin,
H.S.Ayvazovun, Ə.Hamidin, M.Ə.Rəsulzadənin, A.Cövdətin,
Əhməd Kamalın, Əhməd Raiqin milli məfkurə
işığında qığılcım aldıqları
yazılar silsilə şəklində “Fyuzat”da dərc olundu. Milli məsələlərin mətbuatda təbliğinə
mane olmağa çalışan çarizmin Azərbaycandakı
hakim qüvvələri jurnalın ideya-siyasi istiqamətindən
qorxuya düşürdü. Çünki
məcmuənin ideoloqu, Ə.Hüseynzadə "İttihada
doğru tərəqqi" proqramını irəli
sürür, türk xalqlarının ictimai-siyasi fikir tarixində
yeni bir səhifə açırdı. "İttihad
və tərəqqi" məramı və bu iki
anlayış Əli bəy Hüseynzadənin milli-azadlıq
uğrunda apardığı mübarizənin qayələri
idi. Bu mərama sadiqlik Əli bəyin
1889-cu ildə Türkiyədə təşkil edilən
"İttihad və tərəqqi" Cəmiyyətinin
qarşıya qoyduğu ideyalardan doğurdu. Türk
xalqlarının ilk siyasi təşkilatı kimi formalaşan
"İttihadiTərəqqi"nin
formalaşmasında, cəmiyyətin aparıcı siyasi
strukturuna çevrilməsində Ə.Hüseynzadənin
böyük xidmətləri olmuşdu və onun 39
yaşında Türkiyədən Bakıya dönməsi bu
ideyanın Azərbaycan cəmiyyətinə
aşılanması məqsədini daşıyırdı. Dövrün əksər ziyalıları tərəqqini
azadlıq məsələsindən tamamən ayrı
götürürdü və Ə.Hüseynzadənin
düşüncələri ilə ziddiyyət təşkil
edirdi. Böyük mütəfəkkir "Fyuzat"da
toxunduğu bu məsələyə konkret cavab verirdi: "Tərəqqinin
məqsədi, qayəsi ümumi rifaha və səadətə
nail olmaqdır".
O halda bu
rifah və səadətin nədən ibarət olduğunu təyin
etmək lazımdır. Rifah və səadət
bir məmləkətdə əsla ac və möhtac
bulunmayıb, hər kəsin hər xüsusda bir bolluq
içində yaşaması, sərvətin əhali
arasında bərabər və ədalət üzrə
bölünməsidir. Tərəqqinin
mahiyyətinə uyğun olan bu məqsəd
inqilabçıdemokratların da
yaradıcılığının əsasını təşkil
edirdi. Lakin bu məqsədin həyata
keçirilməsində ziyalılar arasında ciddi fikir
ayrılıqları vardı. Ə.Hüseynzadə tərəqqi
anlayışı ilə hürriyyət və maarif
anlayışlarını vəhdətdə
görürdü və deyirdi: "Tərəqqi bir millətin,
bir camaatın arasında hürriyyət və maarifin təzayid
və intişar etməsindən ibarətdir
və hansı millət arasında hürriyyət və maarif
nemətlərindən daha çox əfrad və bəhrayab
isə o millət daha mütərəqqidir". Müəllifin "hürriyyət və maarifi"
vəhdətdə götürməsi onun bu məsələdə
tutduğu siyasi mövqedən doğurdu. Çünki
Ə.Hüseynzadə mövcud quruluşun inqilabi yolla deyil, təkamül
yolu ilə dəyişdirilməsinin, inkişafının və
tərəqqisinin tərəfdarı idi.
"Fyuzat"ın 2-ci sayında "Vəqayeyi aləmə
bir nəzər" məqaləsində inqilabın
silahlı mübarizə yolunu qəbul etməyərək
yazırdı: "Həqiqi vətənpərvərlər
heç nədən çəkinməməlidirlər. Əldə qan tökməyəcək çarələr
var ikən xunrizanə vəsaitə müraciət etmək əbəsdir".
Jurnalın 3-cü sayında dərc etdirdiyi "Şüunat"
məqaləsində türk xalqlarının azadlıq yolunu
təkamüldə görürdü: "Bu yolda biz
hürriyyət, ədalət, müsavat deyə-deyə, fəryad
edə-edə qanuni-əsasiyə doğru yüksələrək
tərəqqi edəcəyik". Bu ideyanın
daşıyıcısı olduğuna görə
"inqilabın qızğın çağında" xalqı
mübarizələrdən çəkindirdiyi ittihamı ilə
Ə.Hüseynzadəyə basqılar olurdu.
Ə.Hüseynzadə bu təzyiqlərə davam gətirir,
düşüncələrini belə izah edirdi: "Kim deyir
bitərəf olmalı? Xeyir. Əsla bitərəf
olmamalı! Bitərəflik ayaq altda
qalmaqdır. Su belə yerdə sabit və
rakid durmaqdan qorxur. Qorxur, çünki
qoxuyar, kiflənər, yosun bağlar. Təmis
və salim olmaq üçün su bir lərəfə
axmalı, cərəyan etməli, ya heç olmazsa, dərya
kimi ləpələnməlidir".
Müəllif
bəyan edib ki, Ə.Hüseynzadə tərəqqi
proqramına islamlaşmaq və avropalaşmaq məramlarını
daxil etmişdi: “İslamlaşmaq onun ortaya qoyduğu tərəqqi
proqramının ideya-nəzəri əsaslarından biri idi. Mütəfəkkirin aydın nəzəri
proqramına görə məzhəb və dinlər türkləri
bir-birlərindən ayırmamalıdır, əgər
onların elm və mədəniyyətləri tənəzzül
etsə, türklər yalnız "dini-islam ilə müqəddəyin,
ərəb elmi ilə mütəllim, ərəb mədəniyyəti
ilə mütəməddin olduqları halda əsla ərəbləşməyib,
yenə "türk oğlu türk kimi"
qalmalıdırlar. İslama ehkam kimi
yanaşmayan Ə.Hüseynzadə milli intibahı dini intibahla
bir arada götürürdü.
Əgər
türkləşmək məramı ilə türk dilini,
tarixini, ədəbiyyatını öyrənməyini tələb
edirdisə, islamlaşmaq məramı ilə islam
dininin ümumbəşəri, ali, ənəviəxlaqi dəyərlərinin
öyrənilməsini istəyirdi. Bu baxımdan
o, islamlaşmağı milli tərəqqi proqramına daxil
etmişdi. Ciddi şəkildə dini
islahatların aparılmasının
lazımlılığını önə çəkən
Ə.Hüseynzadəyə görə, ilkin islama
qayıdılmalı, tərəqqiyə doğru addım
atılmalıydı. Əks təqdirdə
əsl dini həqiqətləri, hikmətləri ortaya
çıxarıb bərpa etmək mümkün
olmayacaqdı. Ona görə də bu cür islahat
islamın əsl mahiyyətini ortaya qoyacaq, müxtəlif
şərhlərdən, təhriflərdən islam
xilas olacaqdı. Avropalaşmaq “Fyuzat”ın səhifələrində
avropa şair və yazıçılarının əsərlərinin
tərcüməsinin çapı da bu məqsədə xidmət
edir, Azərbaycan oxucusuna dünyanın müxtəlif tərəflərində
yaşayıb-yaratmış ədəbi şəxsiyyətlərin
yaradıcılıq nümunələrini
çatdırırdı. Hötenin “Faust”u,
Şeksprin "Yuli Sezar"ı Azərbaycan türkcəsinə
tərcümə olunur, Avropa mədəniyyəti təbliğ
edilirdi. "Fyuzat" türk xalqları
arasında dil, din birliyini təşkil etməklə,
Avropanın elmi yeniliklərini həzm etməklə tərəqqiyə,
milli yüksəlişə nail olmağın salnaməsini
yaratdı. Bütün təhdid, təzyiqlərə
baxmadan “Fyuzat”çılıq ideyasını cəmiyyətə
sirayət etdi. "Fyuzat" məcmuəsi
XX əsrin 30-cu illərinədək Cəlil Məmmədquluzadə,
M.Hadi, A.Şaiq, M.S.Ordubadi kimi böyük ədiblər tərəfindən
yüksək qiymətləndirilmişdi. Lakin
1930-cu illərdən 1990-cı illərədək mətbuat və
ədəbiyyat tariximizə həsr olunan elmi tədqiqatlarda,
publisistik yazılarda "mürtəce mətbu orqan" kimi
təqdim olunmuşdur. 1990-cı illərdən sonra
professor Şamil Vəliyev, filologiya elmləri namizədi Ofelya
Bayramlı, Rasim Kazımoğlu və başqaları
"Fyuzat" irsinə baş vurmuş, elmi monoqrafiyalar, tədqiqat
əsərləri çap etmişlər. O.Bayramlı
tərəfindən “Fyuzat”ın çap olunduğu 32 sayı
ərəb qrafikasından transleterasiya edilib 492 səhifə həcmində
nəşr olunub.
İsmayıl Qocayev
Şərq 2020.- 22 fevral.- S.11.