Rəşad
Məcidin sevgi notları
Cahangir Məmmədli
Elmi düşüncəsinə,
elmi yaradıcılığına çox
inandığım akiademik İsa Həbibbəyli məqalələrinin birində
Rəşad Məcidi bütün yönləri ilə
yaradıcı şəxsiyyət kimi səciyyələndirib.
Rəşad
Məcidi tanıyanlar akademikin bu fikrinin tam həqiqət olduğunu yaxşı bilirlər.
Rəşad Məcidin yaradıcılıq
istiqamətləri doğrudan da çoxdur. Amma bu
yaradıcılıq istiqamətlərindən ikisinin birindən
hansının əvvələ düşdüyünü
müəyyən etmək də çətindir: onun publisitikası öndədir,
yoxsa poeziyası. Bunu dəqiqləşdirmək asan deyil və bu müqayisə
anında ağlıma belə
bir fikir gəlir: Rəşad publisistika və poeziya
yaradıcılığını paralel istiqamətdə
gerçəkləşdirir. Elə onun lap bu yaxınlarda nəşr
edilən “Qələmsiz yazılanlar” kitabını status-
publıisitika hesab etsək, eyni vaxtda nəşr olunan “Səbəbi
sənsən” – sevgi şeirləri kitabını da yüksək poeziya formatı kimi qəbul etməliyik.
Və mən özümə bir neçə istiqamətdən
doğma bildiyim
Rəşadın əlimdə olan
“...Sevgi şeirləri”nin üzərində dayanmaq istəyirəm.
Kitabın adı: “Səbəbi sənsən”.
Kitabın məzmun mahiyyəti “Sevgi şeirləri”.
Adətən, hər hansı şairin poeziyasını təqdim
edən kitablar polifonik-çoxistiqamətli tematikada olur, müəllifin
toxunduğu çoxçeşidli poetik duyğuları təqdim
edir. “Səbəbi sənsən” oxucuya əvvəlcədən
bildirir: bu, yalnız sevgi
şeirləridir. Və həqiqətən
burada toplanan 147 şeirin hamısı yalnız sevgi
mövzusundadır. Amma poeziya və
xüsusilə sevgi poeziyası o zaman təsir edir, o zaman
duyğulandırır ki, onun bətnində poetik ifadə ilə
fəlsəfi düşüncə, predmetə fəlsəfi
baxış vəhdətdə olsun. Bu vəhdət
Rəşad Məciddə xüsusi struktur yaratmaq istəyindən
deyil, bəlkə də Tanrı vergisinin reallıq təcəssümüdür.
Çünki poeziya elə bir intim
yaradıcılıq faktıdır ki, onun isrehsalında Allah
vergisi əsas rol oynayır. Və Rəşad Məcidin
bu kitabında toplanan şeirlərin bir çoxunun duyğulu mahnı motivlərinə
çevrilməsi də, məncə,
daha çox bu keyfiyyətin səbəbindəndir. Bu şeirlərdə
bir Pasternak üslubu var: lirik düşüncələri ilə
duyğulandırmaq üçün ənənəvi qafiyə
ustalığı, fəlsəfi yanaşmalar
üçün qafiyə etinasızlığı. “O”
şeirinin adına baxıram,
Yevtuşenkonun yazı manerası yadıma düşür. Bu şeir nahaqdan mahnılaşmayıb.
Şeirdə belə bir həqiqət var ki, O-yəni sevgi
qadını:
Qaldırıb
göyün qatına
Mindirər şahlıq atına.
Dad gətirib
həyatına,
Cənnətə yetirər səni.
Və bu
cənnət gerçəkliyinin cəhənnəm təzadı:
Əlində
yarağın qalmaz,
Dəftərin
varağın qalmaz,
Heç
nəyə marağın qalmaz,
İşini bitirər sənin.
Sevgi
dünyasının reallıqlarını
yaşamışlar üçündür bu misralar.
Sevgi dünyasının reallıqlarında cənnət və
cəhənnəm qoşadır, birindən o birinə cəlbedici
bir keçid qapısı həmişə aşiqi gözləməkdədir.Yaşanan
əsl sevginin bu cənnət və cəhənnəm təzadları “Mələyim, İblisim”şeirində
öz reallığını birbaşa göstərir:
Gah
güllü çəmənsən, gah qara zindan,
Gah qatil olursan,
gah da ki qurban .
Gah
göydə yaşadan, gah yerə çırpan,
Ruhum, azadlığım, məhbəsim mənim. (“Mələyim,
İblisim...”)
Bu kəskin
təzadları-antonimləri daha bir şeirində elə ifadə
edir ki, poetik düşüncənin inamına heyrət etməyə
bilmirsən:
Sən
gecəm-gündüzüm, sən toyum-yasım,
Sənsən
dar ağacım, sənsən xilasım,
Əynimə
olursan ən düz libasım,
Boyuma biçilən kəfənim mənim. (“Sənsən...”)
Bu sətirlərdəki
inamı və kədəri, sevinci və qüssəni
yaşamamaq və elə müəllifin özü kimi qəbul
etməmək mümkün deyil.
Rəşad Məcidin sevgisi real, həyati olduğu qədər
də ağır və çəkilməzdir. Bu sevgi ayrılığa, kədərə
bürünəndə şair onu kiminləsə
bölüşməyə də ürək eləmir,
çünki dərdi yaxınlarla bölüşmək olar,
bu “yaxınları”
isə şair qəm odunda yandırmaq istəmir:
Adam bir adam gəzir,
Dərdini danışmağa.
Kədərini
bölüşüb,
Ürəyini açmağa.
Amma mən
çəkdiyimi
Kimə
desəm əriyər...
Düşdüyüm əzabları
Düşünüb
havalanar...
Ən
yaxşısı odur ki,
Öz içimdə alışım.
Öz-özümlə
bölüşüm,
Öz-özümlə
danışım.(“ Öz-özümlə...”)
Beləcə, bu sevgi dərdi təkcə
böyüklüyndən deyil, həm də elə bəşəri
intimliyindən heç kimlə bölüşüləsi
deyil. Həm də bu sevgi o qədər
güclüdür ki, onu başqası, özgəsi çəkə
bilməz. Bu sevginin, bu sevdanın şirinliyi şairin
ifadəsində belə səslənir:
Adını
çəkəndə dilim bal dadır,
Üzüm işıqlanır, güntək yanıram.
Mələklər
qolumdan tutub qaldırır,
Bir boy ucalıram, qanadlanıram. (“Adın”)
Rəşad Məcidin sevgi şeirlərində obrazlaşan sevgi obyekti heç vaxt
dəyişilənə, əvəzlənə biləcək bir kəs deyil. Silsilə şeirlərdə
sevgiliyə giley də var, qısqanclıq da var, əsəb də
var, amma bu sevgi unudulan, dəyişilən deyil, çünki
ondan bir daha olmayacaq:
Qoluma girəcək
yenə də qızlar,
Əsən xəfif külək O olmayacaq.
Hansısa
baxışlar nəsə deyəcək,
Nə arzu, nə dilək O olmayacaq.
Bu da doğrudur ki, haçansa qəlbən
yaşanan, birdəfəlik
ürəyə köçən sevgi üzüldüsə,
itirildisə, eləsi bir də heç vaxt olmayacaq. Bu, əzab
dolu, kədər dolu
bir reallıqdır ki, şair bu ağır
gerçəkliyi poetik sətirlərə çevirir:
Min yol
qayıdam, min yol axtaram,
Beləsi bir daha doğulmayacaq.
Tapdığım
gözəllər tez gözdən düşüb,
Sevdiyim mələklər O olmayacaq. ( “Olmayacaq”)
Şair bu fəlsəfəsində
- “ondan olmayacaq” fəlsəfəsində
israrlıdır. Onun bədii fəlsəfəsində ürəyə,
qəlbə hopmuş sevgi və sevgili heç vaxt təkrar olunmur. Hərçəndi sözündə belə bir
fikir də var ki, “ondan yaxşısını tapsaydı, onu
ata da biərdi”. Amma yox, “Səndən yaxşısı” şeirində
belə bir “arxayınçılığın” heç vaxt
mümkün olmayacağı da öz təsdiqini tapır:
Əgər
səndən yaxşısını
tapmağa ümidim olsaydı,
çoxdan atmışdım səni,
Əgər
sənin eynini tapa bilsəydim,
həmən unutmuşdum səni.
Bir az sənə bənzərinə
rastlaşsaydım əgər...
Amma
neynim,
Səndən sonra yüz pillə boşdu. (“Səndən
yaxşısı”)
Bu sevgi
poeziyasının orijinal keyfiyyəti həm də ondadır ki, kimsə
sevdiyini ata bilər, unuda bilər,
amma bu unutmaq elə bir ağır dərdə çevrilər
ki, onu yaşamağın özü elə “unudulmuş”
sevginin qələbəsidir:
Son
şeirimi yazdığım gün-son səhər,
Yaddaşımdan uzaqlaşıb itərən.
Son
baxışın bədənimi titrədər,
Gözümdəki son damlayla bitərsən. ( “Səndən
qalanlar”)
Və şairin “unutmaq” ehtimalı bu sətirlərdən
sonra hətta sıfıra enir:
Hər
gün yuxudan durub,
Bir də vurulacam sənə.
Hər təzə
sərhədi qırıb
Yürüyəcəm qənşərinə. (“Hər gün...”)
Hətta bu sevginin
böyüklüyü, ucalığı o qədər
güclü, o qədər müqəddəsdir ki, onun unudulmaq,
sevgilinin “beynindən çıxmaq” təhlükəsini
sovuşdurmaq üçün bədii bir yalvarış da
ortadadır:
Qurban
olum, çıxma beynimdən-
elə
et ki, sənsiz bir addım da atmayım,
sənsiz
bir işim olmasın,
gecəmi-gündüzümü sənə görə bölüm,
yuxudan sənə
görə ayılım.
...Səndən
baxım aləmə, sənlə görüm
dünyanı...
Elə et ki, şeiri sənə görə
yazım...
...Elə
et ki,
Sənə
görə sevim, sənə görə yaşayım...( “Çıxma beynimdən”)
Rəşad Məcid
poeziyasında sevgi bir həyat tərzidir, ömrün
baharıdır. Bu bahar ömrü payıza dönəndə
belə yenə
sevgi rəngində, sevgi ətrindədir. Şeirlərinin
birində sevgi faktının qəfil qayıdışı,
sevgilinin qəfil gəlişi sevən insanın
ömrünü, həyatını işıqlandıran bir
amilə çevrilir:
Bu
yarıqaranlıq,
Bu
kiçik otaq
Necə
işıqlandı birdən, İlahi!
Bu qəvil
sevinci çox görmə ancaq,
Yolla bəxşişini
hərdən, İlahi!
Bu şeirdə
ayrılığın ağırlığı sevilən kəsin
gəlməsindən doğan sevincin gücü ilə
ölçülə bilər. Şair Tanrıya
müraciətlə:
İzin
ver üz tutub söyləyim Ona
Məni həm
öldürüb, həm yaşadana
Deyim ki,
Tanrıyla yanaşı gəldin,
Söndürdün
qəlbimdə yanaşı gəldin,
Gözümün işığı, nə
yaxşı gəldin. (“Nə yaxşı gəldin”)
Sufi hikmətində belə bir fikir
var: “Məhəbbət
insanın öz həyatının bütün mənasını
sevgilinin gözü ilə görməkdədir”. Böyük
filosofumuz-müasirimiz Səlahəddin Xəlilovun fəlsəfi
dünyagörüşündə, xüsusilə Şərq
dünyasında məhəbbət, “ ya hüdudsuz sevinc, ya xəfif kədər, ya acı faciədir”.
Filosovun saydığı bu üç faktorun
üçü də Rəşad Məcidin poeziyasında
özünü göstərməkdədir.
“Hüdudsuz
sevinc” məqamı:
Salıb
tellərinin cazibəsinə
Qoymayır
bir addım qırağa məni,
Qaynayan
gözləri işıq paylayır,
Pərvanə eyləyib çırağa məni. (“Məni”)
Burada “gözün işıq
paylaması” birbaşa “ hüdudsuz sevinc
payıdırsa”, “çırağa pərvanə
olmağın” özü də dolayısı bir sevinc
faktıdır.
“Xəfif kədər” məqamı:
Sənsiz
qaldı, qəlbimin
Artdı qəmi-darıxdım.
Yanına
qayıtmağın
Yetdi dəmi-darıxdım.
İnsafı
yox gecənin
Qərib,
soyuq gecənin,
Oyanaraq
gecənin
Bir aləmi-darıxdım. ( adsız
şeir)
Bu sətirlərdə
gecənin qəribliyi, soyuqluğu xəfif bir məhəbbət
kədərinin rəngləridir.
“Acı
faciə” məqamı:
Əlbəttə, məhəbbət
poeziyası daha çox sevgi faciəsi üzərində
qurulur. Böyük Füzulinin “aşiqi
cünun mənəm, Məcnunun ancaq adı var”
misrasındakı etirafı təkcə poetik həqiqət
deyil, həm də reallığa çox yaxındır.
Çünki özü Məcnun faciəsi yaşamayan şair sevgi poeziyasında
sonadək səmimi ola bilmir. O da təsadüfü deyil ki, Rəşad
Məcid də məhəbbətin “acı faciə”
tematikasında birbaşa Məcnunu xatırlayır:
Sevdaya
tutulub bu cavan oğlan,
Oturub
ağlayır,durub ağlayır,
Gəzdiyi yolları görmür ayağı.
Ömrün
yaşılında, ömrün yazında
Necə
ağlamaqdır bu, hönkür-hönkür,
Necə ağlamaqdı məcnunsayağı?!
Əlbəttə,
bu ritorik bir sualdır, zira insanın qanmaq çağından
tutmuş ahıl yaşınadək sevginin çeşidli
“acı faciələri” baş verə bilər və şair
“bu cavan oğlanın” ağlar dərdinin səbəbini
çox yaxşı bilir. Və o da təsadüfi deyil ki,
müəllif o cavan oğlanın eşq, məhəbbət
faciəsini reallıq kimi ümumiləşdirərək:
Hər kişi ömründə bir dəfə yəqin
Bax belə sənintək zar-zar ağlayıb.
Aşkarda, gizlində ağlayıb,
Içində, üzündə ağlayıb-
Amma ağlayıb ( “Ağla, qaqaşım, ağla”)
Amma bütün bu fəlsəfi və poetik həqiqətlər içində Rəşad Məcid sevgisinin talismanlıq keyfiyyəti daha qabarıq, daha öndədir.
Dörd yanım günəşli, dörd yanım işıq,
Yox olub
yolumun dumanı,çəni.
Bir
gözəl dilində dua-alqışım
Bir sevgi
qoruyur nə vaxtı məni...
...Asılıb
sinəmdən gözmuncuğutək,
Bir sevgi qoruyur nə vaxtdı məni?
Ulduz tək gözümdə nur
saçır hər dəm,
Işığı dağ çəkir kədərə
dərdə.
Hifz edib bəladan,
qəza-qədərdən,
Bir sevgi
qoruyur nə vaxtdı məni...?(“Bir sevgi
qoruyur”)
Rəşad Məcid
poeziyasının palitrası çoxçeşidlidir.
Buradakı sevinc də, “xəfif kədər” də, “acı
faciə” də- bütün bunların hamısı müəllifin
bir estetik idealı ətrafında birləşir: sevgi
bütün variantlarında insan həyatının ən
mükəmməl, pozulmaz tale yazısıdır. Bu bir
Tanrı qələminin yazısıdır: onun şirini də,
acısı da sevən insana müqəddəs və
doğmadır.
Şərq 2020.- 22 fevral.- S.10.