Mediada ciddi
imzalar azalır
Başlıca səbəb bu sahənin
az gəlirli olması ilə izah olunur
“Dörd-beş gün kitab oxuyub, bir
köşə yazısı yazıb, 25 manat qonorar
alıramsa, bu iş artıq rentabelli olmur”
Qəribə bir tendensiya yaranıb. Jurnalistikada
peşəkarlaşıb özünü təsdiq edəndən
sonra əksəriyyət mətbuatdan, televiziyalardan
uzaqlaşıb başqa bir sahədə işləməyə
üstünlük verirlər. Halbuki,
mediada bir peşəkar kadr hazırlamaq çox əziyyətli
işdir. Bu kadrlar cəmiyyət üçün
güzgü və ictimai rəy üçün barometr ola bilər. Qərbdə, Rusiyada, Türkiyədə
bu peşəkarlara böyük layihələr
tapşırılır, hamının etimad etdiyi xəbər
spikerləri olur, böyük məbləğli efir layihələrinə
rəhbərlik edirlər. Bizdə isə əksinədir: Kimsə
daha mediada karyera qurmaq barədə fikirləşmir. Hamı ilk fürsətdəcə qaçır.
60-70
yaşlı qərb jurnalistləri ekstremal vəziyyətdə,
müharibə bölgələrində hansısa reportajı
hazırlayır, amma bizdə 30-40 yaşdan sonra jurnalistlər
karyera barədə düşünür. Qərb
jurnalisti üçün peşə ölənə qədərdir.
Ola bilsin, bu, maddi durumla da bağlıdır.
Bəlkə Qərb jurnalisti daha rahat və maddi
təminatlıdır, amma bizdə belə deyil. Qərb jurnalistləri jurnalistikadan tramplin kimi istifadə
etmirlər. Sadəcə sevdikləri
işlə məşğuldurlar və jurnalistika onlar
üçün həyat tərzidir. Bizdə
isə insanlar özlərinə yaxşı çevrə
qurmaq, vəzifəyə yaxınlaşmaq üçün
mediadan tramplin kimi istifadə edir. Sözsüz
ki, bütün əziyyətlərə qatlaşıb qalanlar
da var. Ölkənin bir çox ictimai fiqurlarının fəaliyyətlərinə
nəzər salsaq, bunun əyani sübutunu tapmış
olarıq.
Bəs, jurnalistlərin bu sahədən
uzaqlaşmasının səbəbi nədir? Əməyin
qiymətləndirilməməsi, yoxsa gəlir
azlığı?
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru
Elçin Mirzəbəyli jurnalistikadan bir tramplin kimi istifadə
edib, vəzifəyə keçməyi normal hesab edir. Müəyyən bir
müddət jurnalistikada çalışıb, uğur
qazanan insanların özlərini digər sahədə də
sınamaq istəyi alqışlanmalıdır:
"Heç kimin arzu və istəklərinin
qarşısına sərhəd çəkmək olmaz. Bir neçə
həmkarımız Azərbaycan jurnalistikasını Milli Məclisdə
layiqincə təmsil edir. Ayrı-ayrı
dövlət qurumlarında çalışan jurnalist həmkarlarımız
da özlərini doğruldublar. İnsanların
jurnalistikadan getməsinin səbəbləri müxtəlifdir.
Başlıca amil isə bu sahənin az gəlirli
olması ilə bağlıdır. Gəlin real
danışaq. Uzun müddət jurnalistikada
çalışan və bu sahədə peşəkarlaşan
insanlar ən yaxşı halda redaktor ola
bilir. Çünki ölkədə nəşr
olunan qəzetlər və elektron saytlar özəldir və hər
birinin də öz sahibi var. Əgər həmkarlarımız
uzun illər bir qəzetdə müxbir, redaktor kimi
çalışmaq istəmirsə, bizə ancaq onlara uğur
arzulamaq düşür. Ancaq
çalışıb jurnalistikanı daha cəlbedici və gəlirli
bir sahəyə çevirməliyik ki, peşəkarlar bu sahədən
uzaqlaşmasın. Dünyanın bir
çox sahələrində olduğu kimi bizdə də
medianın gəlirləri artsa, peşəkar jurnalistlərimiz
də ömürlərinin axırına kimi köşə
yazıları yazıb, müxtəlif təhlillər
apararlar.
Uzun illərdir, bu sahədə
çalışan biri olaraq jurnalistikanın perspektivi yoxdur
deyib, hər şeyin üzərindən xətt çəkməyi
doğru hesab etmirəm".
E.Mirzəbəylinin sözlərinə görə,
jurnalistikada qalıb onun prinsiplərinə xəyanət edib,
peşə kodeksinə uyğun gəlməyən yollara əl
atmaqdansa, iddialı insanların gəlir əldə etmək
üçün başqa sahələrə yönəlməsi
daha məqsədəuyğundur.
"Yeni
Müsavat" qəzetinin redaktoru Elşad Məmmədli isə
burada fərqli meyarların
olduğunu düşünür:
"Deməzdim ki, başqa sahələrə üz
tutanların hamısı gəlirlərin azlığına
görə bu addımı atır. Peşəkar
jurnalistika ilə məşğul olmaq həm də
yaxşı bir kadr kimi yetişmək deməkdir. Məsələn, yaxşı yetişmiş bir
jurnalist bilik və bacarıqları ilə dövlətin
müvafiq şəxslərinin, qurumlarının diqqətini
çəkir və onu müəyyən bir vəzifəyə
dəvət edirlər. Digər bir qisim isə
əvvəldən jurnalistikaya tramplin kimi yanaşır. Yəni burada özünü tanıdır, təsdiqləyir,
təqdim edir və sonra təcrübəli şəxs olaraq
hansıa vəzifəyə getmək arzusunu
reallaşdırır. Bir qisim də var ki,
onlar gerçəkdən jurnalistikada uğur qazana bilmir.
Mən hər zaman deyirəm: “Jurnalist olmurlar, jurnalist
doğulurlar”. Jurnalistikaya təsadüfən gəlmiş
adamlar özlərinə yer tapa bilməyəndə,
özünü doğrultmayanda, yaxud da belə deyək ki, burada
şansı gətirib, qəfildən və ya birbaşa
baş redaktor ola bilməyəndə, məcburdur
başqa sahəyə üz tutsun. Və nəhayət, bir
qisim də var ki, onlar daim az gəlirlə
çalışırlar, yaxşı qonorar, maaş ala bilmir
və bununla dolana bilməyəndə digər bir iş
axtarır, ora yönəlir. Bunlar təbii
proseslərdir. Jurnalistika
yaradıcılıq baxımından spesifik sahədir, eyni
zamanda təhlükəli, ağır peşələrdən
hesab olunur. Bəziləri də bu səbəblərdən
burada uzun müddət qala bilmir və ya qalmaq istəmir".
Media
eksperti Elçin Bayramlı isə jurnalistlərin bir hissəsinin
əsil fədakar olduğunu və onların bu sahəyə
tramplin kimi baxmadıqlarını deyib:
"Hansısa dövət orqanına və ya iri
şirkətə mətbuat katibi keçmək
üçün çalışmırlar. Onlar az
maaşa belə on illərlə bu sahədə qalıb
işləyirlər. Bütün güclərini,
enerjilərini xalqa ölkəyə fayda verməyə sərf
edirlər. Bəzi hallarda artıq bu
maaşla yaşamaq mümkün olmadıqda və ya onlara
qarşı haqsızlıq edildikdə isə başqa sahədə
adi işə keçirlər, lakin bundan sonra belə təmənnasız
olaraq sosial iqtisadi və s. problemlərlə bağlı
yazılar yazıb pulsuz verirlər. İkinci
qrup isə bu sahədən yalnız vəzifəli, imkanlı
şəxslərlə yaxın əlaqələr yaratmaq,
imkan düşən kimi yaxşı vəzifəyə
keçmək üçün istifadə edirlər. Onları əsl jurnalist saymaq olmaz və onlardan cəmiyyətə,
ölkəyə xeyir gəlməz. Təəssüf
ki, bizim cəmiyyətdə birinci qrupa yox, ikinci qrupa hörmət
olunur. Halbuki, bu cəmiyyətin maraq və
mənafeləri uğrunda yalnız birinci qrup mübarizə
aparır. Belə şəraitdə
onların fəaliyyətini əsl fədakarlıq saymaq olar.
Belələri çox təəssüflər
olsun ki, xeyli azdır".
Jurnalist
Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə vurğulayıb
ki, jurnalistlərə verilən qonorarın azlığı
onları bu sahədən uzaqlaşdırır:
“Peşəkar jurnalistlərimizin əksəriyyəti
obyektiv, subyektiv səbəblərdən mətbuatı tərk
edib. Hamı
daha gəlirli iş yeri tapmaq sevdası ilə yaşayır. Buna görə də jurnalistikanın müəyyən
prinsiplərindən uzaq düşmüşük. Təbii ki, mətbuat, o cümlədən
köşə yazarlığı da bunun əziyyətini
çəkməkdədir. Meydanda ciddi
imzalar sürətlə azalır. Artıq
yeni bir nəsil formalaşıb və internet jurnalistikası
üçün köşə yazarlığı o dərəcədə
önəm kəsb etmir. İstər
Türkiyə, istər Rusiyanın köşə yazarları
ilə müqayisədə azərbaycanlı köşə
yazarları o qədər də yaxşı yaşamırlar və
qazanmırlar. Təbii ki, maddiyyat ürəkaçan
olmadığına görə köşə yazarları da
üzərlərində işləmək barədə az düşünürlər. Bir
köşə yazarına 25-30 manat qonorar verilirsə, həmin
köşə yazarından fantastik yazı, ya ictimai rəyi
yönləndirəcək bir məqalə tələb edə
bilmərik. Mən bəzən bir
köşə yazısını yazmaq üçün 300 səhifəlik
bir kitab oxumalı olmuşam. Bu kitabı üç
günə oxuyub, bir-iki gün də qeydlərimi bir araya gətirib,
dörd-beş günə bir köşə yazısı
yazıb, ona 25 manat qonorar alıramsa, bu iş artıq
rentabelli olmur. Onu da qeyd edim ki, baş
redaktorların böyük əksəriyyəti çox xəsisdirlər.
Köşə yazarlarına əldəki,
ayaqdakı altıncı barmaq kimi baxırlar. Onlara pul ödəməkdə çox xəsislik
edirlər, həvəs göstərmirlər. Buna görə də Azərbaycanda köşə
yazarlığı institutu özünün tənəzzül
dövrünü yaşayır”.
"Kaspi"
qəzetinin baş redaktoru İlham Quliyev isə bu məsələnin
müasir Azərbaycan jurnalistikasının əsas problemlərindən
biri olduğunu deyib:
"Jurnalistikaya
gələn, bu sahədə müəyyən təcrübə
toplayan qabiliyyətli qələm adamları qısa müddətdən
sonra başqa sahələrdən təklif alır, ora transfer
olunurlar. Bu gün bizim özəl sektorda, böyük şirkətlərdə,
dövlət orqanlarında, nazirliklərdə, dövlət
komitələrində, agentliklərdə, maliyyə
qurumlarında çalışan xeyli sayda jurnalist həmkarlarımız
var. Bəzən bizim həmkarlardan kimlərsə, bu cür
transfer olunanda mən onların adına
sevinir, amma jurnalistikamızın halına acıyıram. Belələri gedəndə jurnalistikamız itirir.
Məhz bu səbəbdən biz peşəkarlıq
problemləri ilə üzləşirik. Məhz
bu səbəbdən cəmiyyətdə jurnalistika ilə
bağlı çoxsaylı tənqidlərin şahidi oluruq.
Bunun səbəbinə gəlincə, ilk
növbədə əməyin qiymətləndirilməsindəki
problemləri qabardardım. Bu problem uzun
müddətdir ki, Azərbaycan jurnalistikasında mövcuddur.
Jurnalistlərin orta aylıq əmək
haqları heç də arzuolunan səviyyədə deyil.
Bunun nəticəsidir ki, hətta öz peşəsinə
böyük sevgi ilə yanaşan insanlar da sektordan getmək məcburiyyətində
qalırlar. Düşünürəm ki,
bu problem mümkün qədər tez bir müddətdə
aradan qaldırılmalıdır. Biz
çalışmalıyıq ki, həmkarlarımız bu
sektoru maddi problemlərə görə tərk etməsinlər.
Əksinə, digər sektorların istedadlı
insanları jurnalistikaya transfer olunsunlar".
Jurnalistlərin
Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli
bu prosesin yeni olmadığını
deyib:
"Ötən ilin sonlarından xeyli sayda jurnalist bu sahəni
tərk edib fərqli sahələrə istiqamətləndilər. Səbəb isə həmin
vaxt jurnalistikanın vəziyyətinin kifayət qədər
acınacaqlı olması ilə bağlıdır. Əmək
müqaviləsi yox, əməkhaqqı aşağı, jurnalistlərin
hüquqları qorunmurdu. Bu səbəbdən də
bir çox qələm sahibləri medianı tərk edirdilər.
Düşünürəm ki, o illərə baxanda proses nisbətən
səngiyib. 2008-ci ildən sonra geridönmələr olur.
Bu gün jurnalistlər ölkənin imtiyazlı təbəqəsi hesab
olunduğundan bu sahəyə
axın başlayıb".
Şəymən
Şərq $g 2020.- 20 fevral.- S.7.