“Vaqif
müəllimlə bağlı gördüyüm
bütün işlər ömrümün
mənasıdır"
Nüşabə Vəkilova:
“Əgər dayansam, onda mənim də həyatım dayanacaq”
Xalq şairi Vaqif Səmədoğlunun
həyat yoldaşı Nüşabə Vəkilova “Şərq”ə
müsahibə verib.
(Əziz oxucular, adətən, ən maraqlı və oxunaqlı məqalələrə giriş yazmaq çətin olur. Bu mətn də xeyli orijinal olduğu üçün girişsiz təqdim etmək qərarına gəldik)
Söhbəti təqdim edirik.
-Yanvarın 28-i Vaqif müəllimin vəfatının 5 ili tamam oldu.
Bu 5 ildə şairin
xatirəsinin əbədiləşməsi istiqamətində
nə kimi işlər görülüb?
7-8 aydır, Vaqif Səmədoğlu
Mərkəzində ədəbi gecələr keçiririk.
Burada tək Vaqif
müəllimin yox, digər şairlərin
də gecələri qeyd olunur.
Düzdür, ilk gecəni
V.Səmədoğluna həsr etdik. Daha sonra onun
vəfatının 5 illiyi qeyd
olundu.
Ayda bir
dəfə ədəbi, bəzən isə musiqili
gecələr təşkil olunur. Yəni,
musiqi ilə müşayiət olunan gecələr keçirilir.
Əsas yük isə iki
nəfərin- Kamran M. Yunis
və Xəzər
Süleymanlının üzərinə düşür.
Onlar bu gecələrin
təşəbbüskarlarıdır.
-Yanılmıramsa, Vaqif Səmədoğlu
Mərkəzinin nəzdində Poeziya
Teatrı yaradılıb. Bu ideya haradan doğdu?
-Bəli, belə qərara gəldik ki, bu gecələri təşkil
etməklə yanaşı Vaqif Səmədoğlu
Mərkəzinin nəzdində Poeziya
Teatrı yaradaq. Azərbaycanda belə bir Poeziya Teatrı yoxdur. İlk poeziya teatrı məhz Vaqif
Səmədoğlunun adı ilə bağlıdır. Burada yalnız Vaqif müəllimin
şeirləri yox, Azərbaycan və dünya ədəbiyyatından olan poeziya nümunələri
təqdim olunacaq. Həyata keçən və
keçməyən xeyli
ideyalarımız var. Təəssüf ki, yerimiz yoxdur.
-Öncə,
reallaşdırdığınız ideyalardan
danışaq. Hansı ideyanı gerçəkləşdirmisiniz?
-Məsələn,
ötən il Vaqif
müəllimin 80 illiyi ilə
bağlı onun şeirlərindən ibarət
audio kitab
buraxıldı. Şeirləri Kamran M. Yunis səsləndirib. Həm də bilirsiniz
ki, Vaqif müəllim
hərtərəfli şəxsiyyət idi.
O yalnız şair deyildi.
Vaqif Səmədoğlu yaxşı drammaturq, professional musiqiçi və peşəkar fotoqraf idi. Piterdə oxuyan gənc rəssam Elşad
bəy belə bir ideya
verdi ki, Vaqif müəllimin çəkdiyi fotolardan ibarət
sərgi təşkil edək. Və bunu həyata
keçirdik. Sərgi ötən il dekabrın 25-də “Qalereya
1969”da baş tutdu. Xeyli maraq
doğurdu.
Mən o şəkillərə
başqa bir bucaqdan, başqa bir rakursdan
yanaşıram, baxıram. Onun çəkdiyi
şəkillər, sanki,
poeziyasının davamıdır.
Vaqif müəllimin çəkdiyi
elə şəkillər var ki, həmin fotoların məzmunu ilə qələmə
aldığı şeirlərin məzmunu
uyğunlaşır. Mən həmin şəkilləri seçdim və onun
müxtəlif şeirləri ilə eyniləşdirdim. Amma son zamanlar
vaxt edə bilmirəm deyə, o iş də yarıda qaldı. Amma
yavaş- yavaş
gerçəkləşdirəcəyik.
-Şairin
yarımçıq qalan, işıq üzü görməyən əlyazmaları
vardımı və onların aqibəti necə olacaq?
-İndi onun kitabları ilə məşğulam. Demək olar, iki kitabı
hazırdı. Vaqif müəllim gedəndən
sonra 2016-cı ildə
çap olunmayan şeirlərindən ibarət
kitabı işıq üzü gördü.
-İndi
də növbəti şeirlər kitabı çapa hazırlanır?
Xeyr! Vaqif müəllimin poemaları
da vardı. O həmişə təəssüflə
deyirdi: “Mənim poemalarım populyar olmadı”. Onun təəssüf dolu bu sözləri
daim beynimdə fırlanırdı. Ona görə
də poemalarını
yığdım. Başqa
bir poeması da var ki,
o da çap olunmayıb .
Onu da çapa vermək istəyirik.
Sağ olsun, gənc şair Fərid Hüseyn. Vaqif müəllimin poemaları
haqqında geniş bir məqalə yazdı. O poemalar Fərid bəyin ön sözü ilə işıq üzü görəcək.
-Kitabın adı müəyyənləşibmi?
-Hələ ki yox. Adlar beynimdə fırlanır.
Birdən yeni ideya gələrsə, son məqamda
onu qoyacağıq.
Ona görə bəri başdan ad demək istəmirəm.
Bu gün bir ad deyə bilərik, sabah ağlıma
başqa bir ideya gələr və adı dəyişməli olarıq.
Ona görə də bəri başdan nəysə demək istəmirəm.
-Şair xəstəliklə
mübarizə ərəfəsində
verdiyi müsahibədə
qeyd etmişdi ki, beyni, ürəyi,
sanki, şeir qəbiristanlığıdı. Şeirlər,
sözlər gəlir,
amma yaza bilmir...
-Bəli, xəstəlik öz sözünü deyirdi. Allah hər
kəsdən uzaq eləsin. Ağrıları olanda o ağrıların
təsiri altında şeir yazmaq olmurdu. Bax belə! (qüssələnir).
-Ötənlərdə Vaqif
Səmədoğlu Ankarada
anıldı...
-
TÜRKSOY–un təşəbbüsü ilə Ankarada tədbir təşkil olundu. Olduqca gözəl toplantı
idi. Təşkilatçıların hər birinə
minnətdaram. Əsas məsələlərdən
biri də odur ki, Vaqif
müəlimin 80 illiyi
ilə bağlı “Vaqif Səmədoğlu Medalı” təsis etdik. Və bu medallar ötən
il öz
doğum günündə
layiq olanlara təqdim edildi. Medal o kəslərə verilir ki, doğrudan
da, onlar Vaqif Səmədoğlu yaradıcılığını qiymətləndirir və şairin təbliğində
rolları var. Sağlıq olsun, proses davam edəcək.
-Tam mübaliğəsiz
demək olar ki, Vaqif Səmədoğlu
gənclərin sevimlisidir.
Gənclər, gənc oxucular
onu yad edirlərmi?
-Vaqif müəllim bir şeirində yazdığı misradan təsirlənərək onun
məzarı üstünə
gənc bir xanım ayaqqabı qoymuşdu. Bundan sonra məndə
ideya yarandı və onun qəbrini
tam fərqli formada, həmin şeirindəki misralarına uyğun düzəltdirdik. Mənə elə
gəlir ki, onun qəbri elə belə olmalı idi, oldu da. Düzdü,
bu ağırdır, amma o şeirində belə yazmışdı.
Deyim ki, həmin şeiri 24 yaşında qələmə
almışdı:
Məzarıma nə baş daşı qoyun, nə heykəl
Bir cüt ayaqqabı qoyun, ayağı yalın geyinib getsin.
Sən demə,
onun 24 yaşında yazdığı şeiri
50 ildən sonra özünə qismət olacaqmış. Xaraktercə qeyri-adi, fərqli insan idi. Bu fərqliliyi, orijinallığı düşüncəsində,
davranış və şeirlərində aydın
görmək olur. Belə fərqli insanın məzarı da fərqli olmalı idi. Mən belə düşünürəm. Onun bir sözü vardı: “Mən burdayam, İlahı”. Deyirdi ki, mən harada oluramsa, olum o misra mənim
yerimi göstərəcək.
Mənə elə gəldi
ki, o misra da qəbir daşına
yazılmalı idi, yazıldı da. (kədərlənib, köks ötürür)
-Vaqif müəllimin çox mükəmməl yumoru vardı. Elə adamlar var, evdə sərt olur, çölə çıxan
kimi yumorunu işə salır. Bəs, şair ailədə
necə idi?
-Əlbəttə, o evdə
də yumorla danışırdı, davranırdı. Onun üçün
yumorsuz yaşamaq mümkün deyildi. Xəstə vaxtı da,
sağlam vatdı da yumordan istifadə
edirdi. Onu sevdirən də
elə bu xarakteri idi. Vaqif müəllim yumordan silah kimi istifadə
edirdi. Özü də hansısa
bir fikrinə yumor qatanda gülmürdü,
əksinə ciddi görkəm alırdı.
Onun ciddiliyi də gülüş, ovqat doğururdu.
Bu da insanı
cəlb edirdi. Hər şeyi sakit-sakit, aramla danışırdı.
-Ötən 5 il Vaqif
Səmədoğlusuz necə
keçdi?
-Bu 5 ildə xeyli işlər gördük.
İlk növbədə
Səməd Vurğun
Muzeyində Vaqif müllimin
guşəsini yaratdıq.
Onunla bağlı gördüyüm
bütün işlər
həyatımın mənasıdır.
Mənə elə gəlir
ki, bu işlər
mənə təskinlik
verir və istiqamətləndirir. Ki, bunu da etməlisən. Əgər dayansam,
onda mənim də həyatım dayanacaq.
-Şairin
qələm dostları
sizinlə maraqlanırmı,
onun məzarını
ziyarət edirlərmi?
-Anar müəllim, (AYB sədrini nəzərdə
tutur) maraqlanır. Həyatın bir qanunu
var. Heç kəsdən
umub-küsmək olmaz.
Həyatda hər şey
olur. Mənim də həyatımda
yaşanıb. Yaxın rəfiqələrimi
itirəndə kədərləndim.
Hər dəfə onlardan danışılanda
qəhərlənirəm, amma müəyyən vaxt keçdikdən
sonra həyat öz axarına dönür. Şairin dostlarından Anar müəllim sağ olsun! Vaqif müəllimlə bağlı
təşkilatı işlər
Anar müəllimsiz olmazdı. İnsan hər şeyə
qiymət verməyi bacarmalıdır.
Anar müəllimin
Vaqifə Səmədoğluna,
onun da Anar
müəllimə çox
böyük hörməti
olub, var. Gənclikdən, cavanlıqdan gələn
əlaqələr idi.
Çox
minnətdaram Anar müəllimə. Ankarada baş
tutan tədbirdə Anar müəllimin rolu böyük oldu. Qismət olsa, Rusiyada
da analoji toplantı təşkil etmək fikrimiz var. Bu işlər Anar müəllimin səyi nəticəsində reallaşır.
-Vaqif müəllim digər yaşlı həmkarlarından
fərqli olaraq, gənc yazarlarla dostluq edirdi. Gənclərdən kimlər şairi
və sizi yada salır?
-Bəli, ilk dəfə muzeyə gələn, məndən müsahibə
alan Fərid
Hüseyn oldu. Fərid vəfalı çıxdı.
Onunla tez-tez danışırıq.
Səlim
Babullaoğlu maraqlanır.
Arada Kəramət Böyükçöl
zəng edir. Məndən
müsahibə də almışdı. Zəng edəndə
Vaqif müəllimə
öz hörmətlərini
ifadə edirlər.
Yazıçı Ülviyyə
Heydərova, Pərvin
və başqaları
maraqlanırlar.
Vaqif müəllimlə
tanışlıqları vardı, mən
də onlarla daha yaxından tanış oldum. Bu cavanların
hər birinə minnətdaram. İlk
gündən dedim ki, muzeyin qapıları
bütün cavanlara açıqdır. Çünki gələcək cavanlarındı.
Bütün şairləri, yaradıcı
insanları da yaşadan cavanlardır.
Yenə deyirəm, qapılar açıqdı.
-Sizə şeir həsr edibmi?
-Əlbəttə!
Özü mənə deyirdi ki, sən həyatımda
yeganə qadınsan ki, sənə ünvanlı şeir yazmışam. Vaqif müəllim mənə bir deyil, bir
neçə şeir ithaf edib.
-Şair
Feysbukda çox aktiv idi. İndi onun profilini kim
işlədir?
-Sözün düzü, hərdənbir girib,
baxıram, amma sosial
şəbəkədə aktivliyi
xoşlamıram. Arada izləyirəm ki, görüm kimlər nə
yazıb. Deyim ki, Vaqif müəllimin Feysbuk
və İnstaqram səhifələri var.
Həmin səhifələrə Vaqif Səmədoğlunun oxucusu olan bir xanım nəzarət edir. Nəzrin adlı, birinci kurs tələbəsidir. Vaqif müəllim onun kumiridir. O xanımla bu il tanış olmuşam. Hər şeyi özü təşkil edib, yaradıb. Çox sağ olsun. Mən belə insanlara minnətdaram.
-Şeirləri adətən,
günün hansı hissəsində yazırdı?
-Gecə yazırdı. Gündüz
də onu maşında
yığırdı. Yenə deyirəm, Vaqif
Səmədoğlu şeirləri ancaq və
ancaq gecə yazırdı...
Nüşabə xanım işə tələsdiyini deyir və biz söhbəti dayandırmalı oluruq...