Jurnalistin
xarici dil bilməsi vacibdir
“Qlobal
informasiya məkanında Azərbaycanın maraqlarını
qoruya biləcək jurnalistlərə çox böyük
ehtiyac var”
“Hələ
ki Azərbaycanın əksər media orqanı xarici tədbirlərə
müxbir göndərə bilmir”
“Xarici dil bilən jurnalistlərə redaksiyalar
yaxşı maaş verməlidir. Əks halda, onlar xarici şirkətlərlə
işləməyə üstünlük verəcəklər”
Qlobal informasiya müharibəsinin gedişində
xaricidilli mediamızın üzərinə çox
böyük yük düşür. Bu məqamda
düşmən qüvvələrə qarşı informasiya
müharibəsi aparmaq və həmin qüvvələri elə
yerindəcə əsaslı faktlarla susdurmaq zərurəti
meydana çıxır. Məhz xaricidilli
mediamızın sayəsində erməni diasporasının
birbaşa təsiri altında fəaliyyət göstərərək
dövlətçiliyimiz əleyhinə qara piar aparan təşkilat
və qurumlara tutarlı cavab vermək mümkündür.
Bütün bunlar nəzərə alınaraq ölkəmizdə
ana dilimizlə yanaşı, bir neçə xarici dildə
yayımlanan media qurumlarının yaradılmasına
xüsusi diqqət ayrılır. Əvvəlki illərlə
müqayisədə hazırda xarici dillərdə fəaliyyət
göstərən media orqanlarının sayında artım
müşahidə olunur. Artıq xeyli sayda
xəbər agentliyi mövcuddur ki, Azərbaycan dili ilə
yanaşı, rus, ingilis, fransız və alman dillərində
fəaliyyət göstərir.
Bu, əslində ölkəmizin doğru yöndə
tanınması üçün ən önəmli amillərdəndir. Amma bu istiqamətdə
həyata keçirilən tədbirlərin gözlənilən
effekt verməsi üçün başlıca şərtlərdən
biri xaricidilli jurnalistlərin olmasıdır ki, ekspertlər və
baş redaktorlar bu sahədə vəziyyətin qənaətbəxş
olmadığı qənaətindədir. Hesab
edirlər ki, ölkəmizin dünya informasiya məkanına
daxil olması üçün aparıcı dilləri bilən
jurnalistlər yetişdirilməlidir. Bu sahədə
mütləq proqressiv addımlar atılmalıdır. Bu istiqamətdə dövlət səviyyəsində
diqqət ayrılmalı və maraqlı layihələr həyata
keçirilməlidir.
"Yeni
Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili
Hikmət Babaoğlu hesab edir ki, təkcə milli informasiya məkanı
deyil, qlobal informasiya məkanında da Azərbaycanın
maraqlarını qoruya biləcək, jurnalistlərə
çox böyük ehtiyac var:
"Azərbaycan media quruluşlarında
çalışan kifayət qədər savadlı və
müxtəlif dilləri bilən çoxsaylı jurnalistlərimiz
var. Azərbaycan xalqı istedadlı xalqdır. Dil öyrənmək
xalqımız üçün heç vaxt çətin
olmayıb. Genetik istedaddır. Əlbəttə, xaricdə ölkəmizi təmsil
edən jurnalistlər nə qədər çox olarsa, bu, bir
o qədər bizim xeyrimizədir. Onların
hazırlığı çox yüksək səviyyədə
olmalıdır. Ona görə ki,
hazırda informasiya ilə manipulyasiya etmək və ondan silah
kimi istifadə etmək ənənəyə çevrilib.
Azərbaycanın maraqlarına xidmət edən
bacarıqlı jurnalistləri aparıcı dövlətlərə
göndərmə prosesi gedir. Ola bilsin ki,
müəyyən nöqsanlara rast gəlinə bilər.
Amma bu da zamanla aradan qalxacaq".
Baş
yazarın sözlərinə görə, Azərbaycan
jurnalistlərinin xarici dillərə yiyələnmək məsələsi
bir qədər təkmilləşməlidir: "Dili kurslarda
da öyrənmək olar. Amma onu daha mükəmməl
formada mənimsəmək üçün mütləq həmin
ölkədə yaşamaq lazımdır. Problemi köklü şəkildə öyrənmək
üçün jurnalistlər bir neçə kurs keçməlidirlər
və yaxud dillə bağlı təşkil olunmuş beynəlxalq
proqramları öyrənə bilərlər".
"Cümhuriyyət”
qəzetinin redaktoru Elman Cəfərli 90-ların jurnalistlərinin
əksəriyyətinin xarici dil olaraq rus dilini bildiyini deyib:
"Türk dilini Azərbaycan mediasında bilməyən
yoxdur. Rus və türk dilləri köhnə nəsil
jurnalistlərinin “əlindən tutur”. Ancaq
1990-cı, 2000-ci illərdə doğulmuş gənclərin əksəriyyəti
ingilis dilini bilir. Bir hissəsi ali təhsilini
ingilis dilində alıb, bir hissəsi xarici dil kurslarına
gedir. "Onların ingilis dili bilgisi işin
keyfiyyətinə təsir edirmi" sualına isə cavab verməkdə
çətinlik çəkirəm. Hələki
əksər Azərbaycan media orqanı xarici tədbirlərə
müxbir göndərə bilmir. İri
teleşirkətlərin, xəbər agentliklərinin xaricdəki
müxbirlərinin yəqin ki, əcnəbi dil bilgiləri var.
Şəxsən mən informasiya hazırlayan, redaktə edən
jurnalist olaraq tərcümə xəbərlərində rus və
türk dillərindən istifadə edirəm. Bu dilləri bilməyim köməyimə
çatır. Dünyada baş verən
siyasi, idman, mədəniyyət və iqtisadiyyat xəbərlərini
rus saytlarından izləyirəm. Türk
saytları da çevik və operativdir. Onlardan
da yararlanıram. Fikrimcə,
yaşından asılı olmayaraq Azərbaycan jurnalistləri
dünyada daha yayğın dil olan ingilis dilini öyrənməlidir.
Öyrənmək heç zaman gec deyil".
Jurnalist Səxavət
Məmmədin sözlərinə görə, dünyada informasiya müharibəsi
getdiyi bir zamanda jurnalistin xarici dili bilməsi vacib
sayılmalıdır. Azərbaycanda öz dilimizdə
doğru-düzgün yazıb oxuya bilməyənlər var:
"Cəmiyyəti informasiya ilə təmin etməyə
borclu olan jurnalistlər xarici dili bilməlidir. Özümüz
də yaxşı bilirik ki, bəzən ölkədə həftələrlə
xəbər qıtlığı olur. Ona
görə də, çox zaman xarici medianı izləmək
məcburiyyətində qalırıq. Dünyada baş verən
prosesləri izləmək və oxuculara düzgün
çatdırmaq lazımdır”.
“Milli.az” saytının baş redaktoru Anar İmanovun
fikrincə, bu sahədə vəziyyət qənaətbəxşdir. Kifayət qədər
bilikli, savadlı, bir neçə dil bilən jurnalistimiz var.
Sevindirici haldır ki, bir çox jurnalist bununla kifayətlənməyib
daim özünü inkişaf etdirir, xarici dillərin öyrənilməsinə
maraq göstərir:
"Başqa bir sevindirici hal ondan ibarətdir ki, jurnalistlər
üçün xarici dillərin öyrənilməsi
üçün pulsuz kurslar təşkil olunur.
Düşünürəm ki, jurnalistlər
üçün bir neçə dil bilmək vacibdir. Əsas da ingilis dilini. Bir
çox hallarda jurnalistlər xəbərlərin
hazırlanması üçün xarici mediadan istifadə
edirlər – mənbələrin çoxusunda isə ingilis dili
istifadə olunur. Başqa bir vacib məqam
jurnalistlərin xarici dövlətlərə səfərləri
ilə bağlıdır. Xaricdə əsasən
ingilis dili istifadə olunur. Başqa bir məqam
xarici mediada bizim jurnalistlərin yazıların dərc edilməsi
ilə bağlıdır. Dil bildikdən sonra, yazı
jurnalist tərəfindən lazım olan dildə
hazırlananda, bu proses daha da sürətlənir. Hər hansı KİV-də vakansiya olduqda,
üstünlük daha çox xarici dil bilən jurnalistlərə
verilir, bu da xarici dillərin daha yüksək səviyyədə
öyrənilməsi üçün daha bir stimuldur".
Jurnalistlərin
Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin
sözlərinə görə, ingilis və yaxud hansısa
xarici dili bilmək hələ yaxşı jurnalist olmaq demək
deyil:
"Peşəkar jurnalistlərimiz var. Amma onlar xarici
dilləri bilmədiklərinə görə, müəyyən
problemlərlə rastlaşırlar. Nəzərə almaq
lazımdır ki, Azərbaycan müstəqil dövlətdir və
xarici siyasətdə kifayət qədər yer tutur. Hər
ehtimala qarşı bizim peşəkar jurnalistlərimiz, məxsusi
olaraq beynəlxalq
məsələlərdən yazan media təmsilçilərimiz
əcnəbi dili öyrənməlidirlər. Artıq
dövr və zaman bunu tələb edir. Bu
tələbi qarşılamaq öhdəliyimizdir. Hər halda Azərbaycanla bağlı beynəlxalq aləmdə
kifayət qədər ziddiyyətlər mövcuddur. Azərbaycan diplomatları kimi, ölkə jurnalistləri
də rəqib ölkəyə cavab vermək gücündə
olan şəxslər olmalıdırlar. İnkişaf
etmək lazımdır".
Təşkilat
sədrinin sözlərinə görə, KİV-lər xaricə
nümayəndə göndərəndə seçimlərinə
diqqət yetirməlidirlər: "Beynəlxalq tədbirlərə
dil bacarıqları olan jurnalistləri seçib göndərmək
gərəkdir. Bunu nəzərə almaq
lazımdır".
"Jurnalistlər
xarici dili necə öyrənməlidirlər" sualına gəlincə,
ekspert bunun bir neçə yolunu təklif edib: "Birincisi
odur ki, redaksiyalar jurnalistləri öz hesablarına xarici dil
kurslarına göndərə bilərlər. İkincisi,
jurnalistlərin özü cəhd edib öyrənməlidir.
Azərbaycanda müvafiq qiymətə kifayət
qədər dil kursları mövcuddur. Üçüncüsü
isə müəyyən kampaniyalar mövcuddur. Onlar hər
il jurnalistlər üçün pulsuz dil
kursları təşkil edirlər. Jurnalistlər
o kursu kifayət qədər uğurla başa vururlar. Sadəcə maraq göstərmək lazımdır.
Eyni zamanda redaksiyalar istəsələr ki,
işləri uğurla getsin, bu cür problemlərlə
üzləşməsinlər, onda həmin sahədə
jurnalistlərə köməklik göstərməlidirlər.
«RİA-Novosti” agentliyinin əməkdaşı İlqar
Vəlizadə də hesab edir ki, xaricidilli jurnalistlərlə
bağlı ölkədə vəziyyət kafi olaraq
qalıb. Onun
sözlərinə görə, vəziyyətin ürəkaçan
olmaması tələbatla bağlı olan məsələdir:
"Əgər Azərbaycanda xaricidilli mətbuata tələbat
yüksək olsaydı, jurnalistlər də hansısa xarici
dil bilgilərinə sahib olmaqda maraqlı olardılar. Bu gün Azərbaycanda
rus və türk dillərində yazmağı və
danışmağı bacaran insanların sayı kifayət qədərdir.
Bu mənada çatışmazlıqlar dedikdə,
təbii ki, söhbət ingilis, fransız, alman, ərəb-fars
dillərindən gedir. Bu dillərdə dərc
olunan məlumatlara tələbat ödənilən səviyyədədir
deyə inkişafa ehtiyac duyulmur. Yəni
ki, az sayda da olsa, həmin dilləri bilən jurnalistlər var
və onlar mövcud oxucu kütləsini təmin edir”.
İ.Vəlizadənin
sözlərinə görə, jurnalistlərin xarici dilləri
bilməməsi informasiyanı ilkin mənbədən almaqda
müəyyən problemlər yaradır:
"Jurnalistlər xəbəri ilkin mənbələrdən
götürüb istifadə etsələr, daha yaxşı
olar. Yəni ki, fars dilində olan məlumatı rus dilində
tərcümədən əldə etməklə birbaşa mənbədən
əldə etmək bir deyil”.
İ.Vəlizadə
qeyd edib ki, Azərbaycan mediasında xarici dil bilən jurnalistlərin
sayının az olmasının əsas səbəblərindən
biri də maddi faktordur:
"İndiki şəraitdə
bir neçə dil bilən jurnalistlərlə işləmək
müəyyən qədər vəsait tələb edir.
Xarici dil bilən insanlara tələbat olduğu
üçün media orqanları onlara istədikləri vəsaiti
verməlidir. Əks halda, bu insanlar mediadan
daha çox xarici firmalarla, şirkətlərlə işləməyə
üstünlük verir”.
Şəymən
Şərq 2020.- 27 fevral.- S.11.