“Hümmət” və “Bakinski raboçi” qəzetləri...
Mətbu
orqanların nəşrə başlaması bir
sıra çətinliklərdən keçib
1900-cü ilin dekabrında nəşrə başlayan "İskra" qəzeti Azərbaycanda yeni tipli dövrü mətbuatın bünövrəsini yaratdı. "İskra" bolşevik mətbuatının prinsiplərini müəyyənləşdirərək partiyalılıq, fəhlə sinfinin maraq və mənafelərini müdafiə etmək, inqilabi mübarizəyə sadiqlik, barışmazlıq kimi xüsusiyyətləri nəzəri baxımdan işləyib hazırladı. 1901-ci ilin yazından etibarən Bakı sosial-demkoratları Rusiya həmfikirliləriylə əlaqələr qurur, ideya təşkilati olaraq "İskra" ilə müntəzəm yazışmalar aparırdılar. 1901-ci ilin yayında, Bakıda gizli "Nina" mətbəəsi yaratmağa müvəffəq oldular ki, bu da Zaqafqaziya sosial-demokratların təbliğat imkanlarını genişləndirdi. Tarixi mənbələrə görə, "Nina" mətbəəsi ilə yanaşı, Bakıda daha beş gizli mətbəə fəaliyyət göstərirdi. Bu mətbəələrdə siyasi təşviqatın ən çevik və təsirli vasitəsi olan vərəqələrin çapı həyata keçirilirdi. RSDFP Bakı Komitəsi 1902-ci ilin dekabrından 1903-cü ilin iyun ayına qədər müddətdə ümumi tirajı 33 min nüsxə olan sayı 19-dan çox müstəqil vərəqə çap edərək əhali arasında yaymışdı. Azərbaycan dilində də bolşevik gizli mətbuatının ilk nümunələri inqilabi mahiyyət daşıyan siyasi vərəqələr olmuşdu.
Mətbuat tarixi
üzrə araşdırmaçı, tarix
üzrə fəlsəfə doktoru,
"Şərq” qəzetinin baş redaktoru Akif
Aşırlı "Azərbaycan mətbuat tarixi,
1875-1920-ci illər” adlı kitabında vurğulayıb ki, RSDFP II qurultayından sonra
Azərbaycan bolşeviklərinin nəşriyyat fəaliyyətində
gizli vərəqələrin
buraxılışı sürətləndirildi. Müəllif
vurğulayıb ki, yalnız 1904-cü ilin iyunundan 1905-ci ilin fevralına qədər Bakının gizli partiya mətbəələrində
80 adda 200 min nüsxəyə
qədər vərəqə buraxılmışdı:
“1904-cü ildə M.Ə.Rəsulzadənin, M.Ə.Əzizbəyovun, N.Nərimanovun, S.M.Əfəndiyevin, P.A.Çaparidzenin bir araya gəlməsi ilə yaradılan "Hümmət" qrupu sosial-demokrat ideyasının daşıyıcıları olaraq nəşriyyat işini təşkil etməyə başladılar. Qrup vərəqələr və intibahnamələr buraxılmasına, onların əhali arasında yayılmasına çalışırdılar. 1904-cü ilin oktyabrında "Hümmət"çilər ilk sosial-demokrat nəşri olan Azərbaycan dilində gizli şəkildə "Hümmət" qəzetini nəşr etməyə başladılar. "Hümmət" təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində türkdilli xalqlar içərisində sosial-demokratların ilk mətbu orqanıdır. Bu mətbuat orqanının fəaliyyəti Rusiyada üç inqilab dövrünü, Azərbaycanın sovetləşməsi illərini əhatə edir. Birinci Rus inqilabı ərəfəsində və inqilabın ilk aylarında "Hümmət"in gizli 5-6 sayı, 1917-ci ilin iyun ayının 3-dən 1918-ci ilin iyul ayının sonlarınadək 113 nömrəsi çap olunub. Qəzet 1919-cu ilin mayından 1920-ci ilin mayına qədər Həştərxanda çap olunmuş, burada cəmi 44 nömrəsi işıq üzü görmüşdü. Ümumiyyətlə, "Hümmət"in 163 nömrəsi aşkarlanıb. “Hümmət”in yaranması, formalaşması ilk jurnalist və publisistlərinin kimliyi hələlik tam şəkildə müəyyənləşdirilməyib. Çünki qəzetin 1904-1905-ci il nüsxələri hələlik araşdırıcılara bəlli deyil. Mətbuat tariximizə "Hümmət"in birinci nömrəsinin başlığının surəti, üçüncü sayının materiallarından yalnız biri bəllidir. Qəzetin ilk sayının başlıq hissəsində Azərbaycan və rus dillərində nəşr tarixi göstərilmişdi: "1904-cü ilin oktyabrı". Hektoqraf üsulu ilə çap olunan qəzetin adı üzərində də məxsusi olaraq dayanmaq, onun ideya-siyasi istiqamətini müəyyənləşdirmək olar. Bu qəzetin "Hümmət" Partiyasının mərkəzi mətbuat orqanlarından biri kimi adının məxsusi siyasi əhəmiyyəti var”.
A.Aşırlı vurğulayıb ki, inqilabdan əvvəlki nəşrlər proletar beynəlmiləlçiliyin prinsiplərinə uyğun olaraq "Bütün ölkələrin proletarları birləşin" şüarı altında nəşr olunurdu: “Qəzetin ideya müəllifləri bu şüarın Azərbaycan variantını atalar sözü olan "Kişilərin birliyi dağı yerindən oynadar" şüarı ilə əvəzlədilər. Bu xalq məsəlinin digər qarışığı da dilimizdə qorunur: "El bir olsa, dağ oynadar yerindən", yaxud "El gücü, sel gücü", "Hümmət" ərəb sözü olan, Azərbaycan dilində "qeyrət", "birlik", "şücaət" mənasını bildirir. "Hümmət" qəzetinin ideya-siyası istiqamətinin müəyyənləşməsində, formalaşmasında XX əsr Azərbaycan tarixində, millətin taleyində böyük rolu olan, yaşadığı zamanda və ölümündən sonra ağır tənələrin, bəzən isə hədsiz təriflərin ünvanı olan Nəriman Nərimanovun böyük rolu, xidmətləri var. 1917-ci ilin iyun ayının əvvəlində "Hümmət" Partiyasının Təşkilat Komitəsi N.Nərimanovun rəhbərliyi ilə əməli tədbirlər planı işləyib hazırladı ki, bunlardan biri də "Hümmət" qəzetinin nəşrinin bərpa məsələsi idi. İclasda N.Nərimanovdan, S.M.Əfəndiyevdən, T.A.Şahbazidən ibarət redaksiya heyəti təşkil edildi. Qəzetin redaktoru Nərimanov, katibi isə Tağı Şahbazi təsdiq olundu və "Turan" mətbəəsində çapı planlaşdırıldı. Sonralar həmin günü xatırlayan T.Şahbazi yazırdı ki, çox işlərdən sonra 1917-ci il iyulun 3-də "Hümmət"in ilk nömrəsini çıxarmaq mümkün oldu. Qəzetin adı "Hümmət" Təşkilatının Mərkəzi Komitəsində müzakirə edildi. "Yoldaş", "Hümmət", "Təkamül" adları təklif edildi, lakin komitə təşkilatın adlandığı "Hümmət"in üzərində durdu.
Nəriman Nərimanov qəzetin məram və məqsədləri barəsində ilk bərpa sayında yazırdı: "Hümmət" qəzetəsi fəhlə və zəhmətkeşlərin hüququnu müdafiə edərkən, Rusiya müsəlmanlarına bu inqilab zamanında doğru yol göstərməyi də öz vəzifələrindən biri kimi bilir. Yolumuz artıq dərəcədə tikanlı, məşəqqətli olsa da, ali, müqəddəs məsləkimiz girdarımızın artmasına səbəb olur".
"Hümmət" qəzeti qısa bir vaxt ərzində özünə müəyyən oxucu kütləsi yığa bildi. Onun nüsxələri Azərbaycanın hüdudlarından xeyli kənara çıxdı. Qəzet Qafqazda, Volqaboyu müsəlman vilayətlərində, Türküstanda geniş yayıldı, hətta İranda və Türkiyədə onun oxucuları var idi”.
Araşdırmaçı vurğulayıb ki, 1918-ci ilin may ayının 28-də milli
azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılmasından sonra
“Hümmət” Həştərxanda nəşr olunmağa başladı: “Zaqafqaziya Müsəlman İşləri
Komissarlığının D.X.Bünyadzadənin
başçılıq etdiyi nəşriyyat
şöbəsi, 1919-cu ilin martın 29-da
"Hümmət"in yenidən nəşr olunması, onun maddi-texniki
bazasının yaradılması, qəzetin ətrafında təcrübəli
jurnalistlərin toplanması üçün
müəyyən tədbirlər həyata
keçirməyə başladı. Komissarlıq 1919-cu il martın 29-da Saritsinə M.S.Ordubadinin
adına göndərdiyi məktubda ondan Həştərxana
gəlməyi, nəşriyyatın işində yaxından iştirak etməyi xahiş
edirdi. 1919-cu ilin
mayından yenidən çıxmağa başlayan
"Hümmət" əvvəllər Zaqafqaziya
Müsəlman İşləri Komissarlığı və Qafqaz Müsəlman Kommunist
Təşkilatı "Hümmət"in, 1919-cu ilin noyabrında isə RK Bolşeviklər
Partiyası, "Hümmət" təşkilatı Həştərxan
Bürosunun orqanı kimi
nəşr olunurdu. Qəzet həftəlik
nəşr olunmağa başladı. İlk vaxtlar qəzetə
D.Bünyadzadə redaktorluq edirdi, sonralar bu iş M.S.Ordubadiyə həvalə
olundu. "Hümmət"in nəşri 1920-ci ilin may ayına qədər davam etdi. "Hümmət"in Həştərxan
dövründə 44 nömrəsi
çap olunub”.
Tədqiqatçı bəyan edib ki, 1906-cı ildə Azərbaycan bolşevikləri rus, Azərbaycan və digər dillərdə leqal və gizli
surətdə 7 qəzetin
nəşrini həyata
keçirə bilmişdilər
ki, bunlardan biri də "Bakinski raboçi" olub: “Qəzetin ilk sayı 1906-cı ilin mayın əvvəlində
buraxılmışdı. Onun nəşrinin
təşkilində və
çapa hazırlanmasında
bolşeviklərdən P.A.Çaparidze,
V.P.Nagin, V.A.Radus-Zenkoviç
və başqaları
yaxından iştirak etmişdilər. İlk sayında
qəzet inqilabi işlərdə proletariatın
gücü və rolu, fəhlə sinfi ilə kəndlilərin ittifaqının
əhəmiyyəti ətraflı
şəkildə izah
edilirdi. Həmçinin Bakı fəhlələrinin
ağır maddi vəziyyətinə, xalqın
siyasi hüquqsuzluğuna
dair yazılar dərc edilirdi. Gizli şəraitdə fəaliyyət göstərməyin
çətinlikləri, polis təqiblərinin artması
"Bakinski raboçi"nin birinci nömrəsindən sonra çapına son qoydu.
"Bakinski raboçi"
1908-ci ildə leqal fəaliyyət göstərməyə
başlasa da, yenidən çapını
dayandırmalı oldu
və doqquz illik fasilədən sonra, 1917-ci ilin mayın 5-də yenidən
işıq üzü
görməyə başladı
və ilk sayında Leninin məşhur "Aprel tezisləri"ni dərc etdi. Qəzet öz oxucularına müraciətlə
yazırdı: "Fəhlə
yoldaşlar, yalnız
siz öz qəzetinizə kömək
edə bilərsiniz və kömək etməlisiniz. Biz yardım,
kömək və məsləhət üçün
sizə müraciət
edirik. Dərhal vəsait toplanmasını
təşkil edin.
Bu iş təxirə
salma bilməz. Yubanmaq olmaz. Hər gün, hər
saat qiymətlidir.
Qoy hər bir rayonda,
hər bir zavodda, hər bir emalatxanada, hər bir kontorda,
dostlarınızın işlədikləri
hər bir yerdə vəsait toplanılmasına başlanılsın.
Qısa bir müddətdən sonra qəzetin fondu üçün vəsait toplandı.
Bütün bunlara baxmayaraq
qəzet mövcud çətinliklər içərisindən
çıxış yolları
arayır, nəşrini
davam etdirirdi.
"Bakinski raboçi"
həmin günlər
öz nömrələrinin
birində yazırdı:
"İş ondadır
ki, çörək və başqa aclıqla bərabər indi də biz kağız aclığı
keçiririk. Bütün aclıqlar
kimi, kağız aclığı da burjuaziya üçün yox, proletariat üçündür.
Biz ona görə
aclıq keçiririk
ki, çünki dövlətlilər özləri
üçün ehtiyat
toplayıblar".
Bakı Partiya Komitəsi "Bakinski raboçi" qəzetinin nəşrilə
əlaqədar məsələlərin
həllinə diqqət
yönəldir, bu mətbu orqanın təbliğat imkanlarından
istifadə edirdilər. Ona görə də qəzet Bakı Soveti İcraiyyə Komitəsinin mətbəəsində
4000 nüsxə tirajla
çap olunurdu. Bütün
bunlara baxmayaraq qəzet nədənsə
maliyyə problemlərini
önə çəkir
və yazırdı:
"Bizim qəzetin heç bir əməkdaşı bir qəpik də haqq almır. Gizli mətbuat buraxıldığı
vaxtlarda olduğu kimi, indi də
qəzetimizin əməkdaşları
qətiyyən pul olmadan işləyirlər".
İsmayıl
Şərq 2020.- 29 fevral.- S.11.