Faciələrdən dərs
almalıyıq:
30 ildir televiziyalarımız
çevik qrafiklə işləməyi öyrənməyib
"Medianın üzərinə düşən
budur ki, hüzn günlərində diqqəti buna yönəldə bilsin,
cəmiyyətə bilgi versin.
Faciənin bilinməyən tərəflərinə
işıq salsın. Unudulmuş
detalları xatırlatsın, başqa
ölkələrdə baş vermiş bənzər faciələrlə
bağlı paralellər aparsın"
"Statistik rəqəmlərlə
artıq dünyanı heyrətləndirmək mümkün
deyil. Dünya bundan qaçır artıq. Biz
faciələrimizi musiqili kompozisiyalar
formasında tanıtdıra bilərik"
"Müharibə şəraitində olan bir ölkədə KİV-lərin özünü necə aparacaqlarına dair direktivlər olmalıdır. Mətbuat, televiziya sahəsində böyük inkişaf var, amma ideoloji iş sahəsində durğunluqdur"
Faciələrimizə günlük
yanaşma tərzi davam
edir. İstər 20 Yanvar
faciəsi, istər Xocalı soyqırımı, yaxud da hansısa digər hüzn günlərimiz, işğal
tarixləri olsun, uzaqbaşı bir gecə və bir gün çəkir. Ertəsi gündən
etibarən, xüsusilə də televiziyalarımızda sanki hər şey unudulur və çal-çağır yenidən vüsət alır. Xocalı
faciəsi fevralın 25-26-na keçən gecə baş verib deyə,
fevralın 25-i axşam saatlarında şou-proqramlar dayandırılır və ertəsi
gün də daxil olmaqla başlanır, adət etdiyimiz,
artıq əzbər bildiyimiz “müharibə
filmləri”nin nümayişi. “Dədə
Qorqud”, “Babək”, “Axırıncı
aşırım”, “Vətənpərvər”… bir
az da yeni
filmlər – “Dolu”, “Ağ
atlı oğlan”… Amma
pusquda dayanmış kimi,
fevralın 26-sı saatların 24:00 olmasını gözləyirlər
sanki. Fevralın 26-sı, ya
da 21 yanvar, fərqi yoxdu, kədər bitir.
Bununla heç
də ilin 365 günü
ağlamalı olduğumuzu qəsd etdiyimizi kimsə düşünməsin.
Əlbəttə, hər şeyin öz yeri, vaxtı, məqamı
var. Məsələ, faciə günlərinin
nə qədər davam etdirilməsində
deyil, əsas faciənin hansı formada təqdim olunmasıdır. Yəni,
televiziyalarımız statistik rəqəmlər,
arxiv materialları, müharibə məzmunlu
filmlərin nümayişindən savayı bir
şey düşünə bilmir? Hanı müasir texnologiyalar, onlayn
medianın, internet televiziyası dövrünün yenilikləri? Necə təqdim
edirik dünyaya
soyqırım tarixini,
xalqımızın məruz qaldığı faciələri,
işğal faktlarını? Onlayn media,
telekanallarımız nə zaman yaddaqalan, dünya ictimaiyyətinə
nüfuz edə bilən, diqqət çəkici
proqramlar, məlumatlar, paylaşımlar təqdim
edə biləcək?
Çeviklik lazımdır
Yadınızdadırsa, bir neçə il əvvəl ermənilərin cəbhə boyu təxribatçı hərəkətləri nəticəsində şəhid vermişdik. O zaman telekanalların proqram siyasətinə millət vəkili Qənirə Paşayeva etiraz etmişdi və bildirmişdi ki, cəbhədə baş verən olaylara görə telekanalllardakı əyləncəli verilişlərin yayımı qaldırılmalıdır. Deputat Facebook səhifəsində şəhid olan əsgərlərin ailələrinə başsağlığı vermişdi və telekanalları ucuz şouları efirdən yığışdırmağa səsləmişdi:
"Cəbhədə düşmənin təxribatlarına layiqli cavab verərək şəhid olan qardaşlarımızın hamısına Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Millətimizin başı sağ olsun!
Televiziya və radiolarımızda əyləncə, çal-çağır proqramlarının dərhal dayandırılması lazımdır. Səhər tezdən indiyədək bununla bağlı nə qədər zəng, mesaj gəlib. Bir çox insanlarımız bu kimi proqramların gün ərzində dayanmasını vacib sayırlar. Mən də hesab edirəm ki, bu kimi proqramlar öncədən nəzərdə tutulsa da televiziya və radiolarımız yayımda dəyişiklik edib, çox əyləncə və çal-çağır proqramlarını dayandırmalı, şəhidliklə bağlı müəyyən proqramlar hazırlayıb efirə verməlidirlər".
Görünən bu idi ki,
telekanallarımız 30 ilə yaxındır müharibə
şəraitində yaşamağımıza baxmayaraq
çevik qrafiklə işləməyi
öyrənməyib. Bəlkə sabah ordumuza hücum əmri verildi, o zaman da
telekanallarımızda əvvəlcə xörəklər bişib qurtaracaq, şou-proqramlar başa çatacaq, sonra xüsusi məlumatlar ictimaiyyətə
çatdırılacaq? Ən yeni informasiya vasitəsindən tutmuş
ənənəvi informasiya vasitələrinə
qədər hər kəs bununla məşğul olmalıdır ki, faciələrimiz,
hüzn günlərimiz, işğal
tarixlərimizdə tv-lərdə diqqətçəkən, yaddaşlarda qalan proqramlar hazırlansın. İllərlə
efirlərdə yayımlanan ənənəvi verilişlərlə,
sosial şəbəkədə isə
profillərə Xocalıyla bağlı dəyişiklik etməklə
əsaslı nəyəsə nail
olacağımız çox çətin
görünür.
Media hüzn
günləri ilə bağlı cəmiyyətə bilgi verməlidir
Media eksperti
Zeynal Məmmədli hesab
edir ki, faciələrlə
bağlı əsas müzakirə mövzusu
“biz bundan hansı dərs
aldıq” sualı ətrafında olmalıdır:
- Bütün bu hadisələrdən nə dərs
çıxardıq, onun bir
də təkrarlanmaması üçün
nə edilməlidir, hansı addımlar atılmalıdır?
Xocalı faciəsi, yaxud da
digər matəm, hüzn tarixlərimizlə
bağlı faydalı iş əmsalı
birmənalı olaraq sıfır dərəcəsindədir.
Yalnız duyğulara qapılmaq, duyğulara əsaslanmaq, o
deməkdir ki, Allah eləməmiş,
bir də belə faciə yaşansa,
biz yenə hazır olmayacağıq?! Hesab edirəm ki, televiziyalarda ciddi
araşdırmalar, müzakirələr, debatlar
aparılmalıdır. Bu məsələ
üzərində düşünülməlidir ki, belə faciələrin
qarşısının alınması üçün
cəmiyyət nə etməlidir. Bunlar
hamısı ciddi və vacib
mövzulardır. Yoxsa, soyqırım oldu, faciə baş verdi, deməyin nəticəsi olmayacaq.
Bütövlükdə media faciə
günlərində necə davranmalıdır? Sosial şəbəkələr
fərdi xarakterlidir, hər kəs öz bildiyini yazır, öz bildiyi kimi davranır. Sosial şəbəkədə
aktiv olanlar kimdir, hansı təbəqəyə mənsubdurlar,
hansı yaşdadırlar, bunlar dəqiqləşməmiş
məsələdir. Ümumiyyətlə, sosial
şəbəkə bütün cəmiyyəti
əhatə etmir. Amma
media sosial şəbəkədən
faydalı istifadə edə bilər. Medianın üzərinə
düşən budur ki,
hüzn günlərində diqqəti buna yönəldə bilsin,
cəmiyyətə bilgi versin.
Faciənin bilinməyən tərəflərinə
işıq salsın. Unudulmuş
detalları xatırlatsın, başqa
ölkələrdə baş vermiş bənzər faciələrlə
bağlı paralellər aparsın. Medianın işi
bu olmalıdır. Amma
təəssüf ki, biz
yerli medianı arabanın 5-ci təkəri
rolunda görürük.
Televiziyada faciə, hüzn
tarixlərimiz müxtəlif proqramlarda
vaxtaşırı diqqətdə saxlanılmalıdır. İctimai qınaq, ictimai
rəy məcbur etməlidir ki, televiziyalar başqa cür davransın. Amma başqa cür davranmasa, əhali də bunu
normal qarşılayırsa, burada əlavə şərhə ehtiyac qalmır.
Faciələrimizi fərqli formalarda
çatdırmağı bacarmalıyıq
“Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı bu fikirdədir
ki, statistik rəqəmlərlə
dünyanı heyrətləndirmək artıq mümkün
deyil:
- Fikir verirsinizsə, bir müğənninin ailə üzvlərindən
kimsə rəhmətə gedib, amma o müğənni deyir, toylarını dayandıra bilməz; “xalq bizi gözləyir, bizim oxumağımızı istəyir”. Sanki kimsə ancaq
müğənnilik üçün
yaranıb, bir başqası isə əsgər
olmaq üçün,
şəhid olmaq üçün.
Hüzn
günüdürsə, soyqırım qurbanları
anılırsa, xalq olaraq
hamılıqla eyni ovqatda
olmalıyıq əslində. Medianın vəzifələrinə
gəlincə, elə bir zamanda
yaşayırıq ki, statistik
rəqəmlərlə artıq dünyanı heyrətləndirmək
mümkün deyil.
Dünya bundan
qaçır artıq. Biz faciələrimizi
musiqili kompozisiyalar
formasında tanıtdıra bilərik. Məsələn, “Nəsimi
ili” çərçivəsində
hamının yaddaşına həkk edilən Sami
Yusifin “Məndə sığar iki cahan…” kompozisiyası oldu. Bu kompozisiya
ilə Sami Yusif Nəsimiyə
sanki yenidən həyat verdi.
Dünyamız indi belə fövqəl təqdimatları
bəyənir, baxır. Əlbəttə, ilin
365 gününü ağlaya
bilmərik. Yaxud 31 martda
ağlayıb, 1 apreldə gülmək də normal
deyil, məncə. Sadəcə, hər kəs
vəzifəsini bilməlidir. Bu da faciə tarixlərimizi, hüzn
günlərimizi dünyaya fərqli formada çatdırmaqdan ibarətdir. 1992-ci
ildən bu yana televiziyalarda hüzn
günləri hansı filmlərin nümayiş
olunacağını əzbərləmişik artıq. “Kiflənmiş”
filmləri nə qədər göstərmək olar?! Kanadada yaşayan soydaşlarımız bu günlərdə Azərbaycan musiqisi sədaları altında yürüş etdilər. Hər
kəs də onları təəccüblə, heyrətlə
izləyirdi və maraqlanırdılar ki, bu yürüş nə məqsəd
daşıyır. İnternet əsrində
statistik rəqəmlər paylaşmaqla
diqqət cəlb etmək mümkün olmayacaq. İnternetin bizə
verdiyi imkanlardan
yararlanmalıyıq, diqqət çəkən, maraq və sual doğuran məlumatlar, paylaşımlar edilməlidir.
İstənilən paylaşımı saniyələr
içində ABŞ-da görürlər.
Niyə bu imkandan yararlanmayaq? Yeni yanaşma tərzi olmalıdır. Yoxsa, istədiyimiz məqsədə nail ola bilməyəcəyik.
Faciə tarixləri ilə bağlı xüsusi direktivlər olmalıdır
Televiziya sahəsinə
yaxşı bələd olan «Ədalət»
qəzetinin baş redaktoru,
publisist İradə Tuncay
isə «Şərq»ə açıqlamasında ölkədə
ideoloji təbliğat sahəsində durğunluq olduğunu bildirdi:
- Azərbaycan müstəqilliyini yenidən bərpa etmiş, gənc bir dövlətdir. Və bu dövlətin ideoloji işin düzgün qurulmasına böyük ehtiyacı var. Eşitmişik, Böyük Vətən Müharibəsi illərində sovetlər necə təbliğat aparıb. Hazırda televiziya ən güclü təbliğat ruporudur. Hamı internetdən, sosial şəbəkələrdən danışmağı sevir. Sosial şəbəkələrdə aktiv olan təbəqə var. Amma bununla əhalinin bir hissəsinin məlumat bazası hələ də televiziyalardır. Müharibə şəraitində olan bir ölkədə KİV-lərin özünü necə aparacaqlarına dair direktivlər olmalıdır. Mətbuat, televiziya sahəsində böyük inkişaf var, amma ideoloji iş sahəsində durğunluqdur. Televiziyalar milliləşdirilməlidir. Xüsusi redaktorlar olmalıdır, operativ məlumatların ictimaiyyətə çatdırılması təmin edilməlidir. Ordu, müharibə çox ciddi mövzulardır. Professional heyət lazımdı ki, proqramın içində dəyişiklik edə bilsin. Çevik işləyərək proqramın istiqamətini günün baş mövzusuna uyğun dəyişməyi bacarmalıdırlar. Amma hazırkı televiziyalarda bunu edə biləcək adamlar yoxdur.
Elə ona görə də bir hadisə baş verəndə əlləri ancaq bədii filmlərə çatır. Hüzn günlərində də ən çox yayımlanan bədii filmlər olur.
Məlahət Rzayeva
Şərq 2020.- 29 fevral.- S.7.