Üç həmsədrin Qarabağ düyünü açılmır

Minsk Qrupunun fərsiz və lazımsız diplomatiyasının sonu yoxdur

 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyi odur ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Dağlıq Qarabağ əzəli torpağımızdır və beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir. Bununla əlaqədar aparıcı beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərarlar, qətnamələr qəbul edib və ərazi bütövlüyümüzü dəstəkləyiblər. Lakin bütün bunlara rəğmən, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupu 25 ildir mənasız fəaliyyətlə məşğuldur. Həmsədrlərin bugünədək münaqişə tərəfləri arasında təşkil etdiyi görüşlərin də demək olar ki, hamısı nəticəsiz başa çatıb.

Bu məqam dəfələrlə siyasi şərhçilər, politoloqlar tərəfindən dilə gətirilib və vasitəçilərin missiyası tənqid olunub. Görüşlərin səmərəsiz olması və Minsk Qrupunun fəaliyyətsizliyi məsələsinə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalının açılışında Prezident İlham Əliyev də diqqət çəkib. Dövlət başçısı çıxışı zamanı XİN rəhbərləri arasında keçirilən videokonfransların əhəmiyyətsiz olduğunu bəyan edib və ATƏT-in Minsk Qrupunu sərt tənqid edib: “Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir, həm tarixi ədalətə, eyni zamanda beynəlxalq hüquqa əsaslanır. Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir. Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir”. Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində vasitəçi olan ATƏT-in Minsk Qrupundan konkret bəyanatlar gözlədiyini vurğulayıb: “Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk Qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə Minsk Qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk Qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər!

Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı o dövr keçib. Biz aydınlıq tələb edirik”.

Prezident əlavə edib ki, Ermənistan “Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur: “Qondarma Dağlıq Qarabağ respublikasının saxta seçkiləri nəticəsində seçilməmiş saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Buna adekvat cavab verilir, yoxsa yox?! Axı bu, açıq-aydın təxribatdır. İndiyədək heç kimin tanımadığı bu kriminal Dağlıq Qarabağ rejiminin bir neçə dırnaqarası seçkisi olub, Şuşada toy-bayram keçirilib. Nə üçün buna adekvat reaksiya verilmir? Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq. Bunu mən deyirəm. Amma onlar deməlidirlər, əgər istəyirlərsə ki, bu məsələ sülh yolu ilə həll olunsun”. Dövlət başçısı qeyd edib ki, Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır:

“Mən bu məsələni dəfələrlə qaldırmışam. Bizim bütün beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin üzvlərinə göstəriş verilib ki, bu məsələ onların gündəliyində bir nömrəli məsələ olmalıdır. Bu məsələ ilə bağlı Minsk Qrupunun həmsədrləri açıqlama verir, yoxsa yox?! ATƏT-in axırıncı faktaraşdırıcı missiyası işğal olunmuş torpaqlarda 10 il bundan əvvəl olub. On il keçib. Son bir neçə il ərzində biz onlara təkidlə deyirik ki, yeni missiya getməlidir. Bu 10 il ərzində Ermənistan Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. Bizim şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni sabah deyəcək ki, bu, erməni torpağıdır. Dəfələrlə demişik onlara. Reaksiya var? Yoxdur! Yəni 10 il ərzində faktaraşdırıcı missiyanı göndərmək olmaz? İstəmirlər.

Gedib nə görəcəklər?! Görəcəklər ki, orada məskunlaşma gedir. Amma bunu 10 il bundan əvvəl öz məruzələrində əks etdiriblər. Yəqin ki, indi əks etdirmək istəmirlər. Bu haqda bəyanat verib Minsk Qrupu? Verməyib!”. Prezident vurğulayıb ki, indi biz dözümlülük göstəririk və konstruktiv olmağa çalışırıq. Amma bu gün faktiki olaraq danışıqlar prosesi getmir: “Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq Minsk Qrupunun sanki fəaliyyətdə olmasını göstərir.

Yaxşı, nə qədər olar? Fəaliyyətdə olmaq fəaliyyətdə olmaq deməkdir. Mən demişəm ki, biz danışıqları imitasiya üçün aparası deyilik. Biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik. İndi onlar bir söz çıxarıblar - substantiv danışıqlar. Özləri bu sözü çıxarıblar, aydındır bunun mahiyyəti nədir - bəli, mahiyyət üzrə danışıqlar formatı dəyişmədən və masa üzərində olan danışıqlar predmetinə əlavə etmədən. Belə olan halda, əlbəttə, biz danışıqlarda iştirak edəcəyik. Əks halda mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq”.

Dövlət başçısının diqqət yönəltdiyi məsələni “Şərq”ə dəyərləndirən millət vəkili Elman Məmmədov bildirib ki, cənab Prezident dövlət başçısı kimi bu məsələləri hər dəfə ciddi şəkildə gündəmə gətirib. Lakin deputatın sözlərinə görə, bu dəfə ölkə rəhbəri daha sərt formada fikirlərini bəyan edib:

“Prezident həmsədrlərin fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi ilə bağlı ciddi tənqidlər səsləndirib. Mən 30 ildir Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərin içindəyəm. Bildiyim odur ki, torpaqlarımızın işğal altına düşməsində üç həmsədr ölkənin iştirakı olub. Biri silah-sursatı və əsgəri, o biri maliyyəsi, digəri isə siyasəti ilə Ermənistana arxa çıxıb. Bu, birmənalı reallıqdır. XX əsrin əvvəllərində tarixi torpaqlarımızda ermənilərin dövlət qurması da məhz həmin güclərin səyi nəticəsində reallaşıb.

Torpaqlarımızın vaxtaşırı bizdən alınıb ermənilərə və başqa qonşularımıza verilməsində də bu üç dövlətin rolu olub. Düzdür, həmsədr ölkələrin hamısı ilə yaxşı münasibətlərimiz var. Üç dövlət Azərbaycanla əməkdaşlıq etdiklərini, bizi tərəfdaş kimi gördüklərini bəyan ediblər. Hətta ərazi bütövlüyümüzü tanıdıqlarını vurğulayıblar. Ancaq problem ondadır ki, həmsədrlərin dedikləri ilə söylədikləri arasında ziddiyyət var. Onların əməlləri sözlərini doğrultmur.

Əgər bəyan etdikləri kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, 30 ilə yaxındır işğal altında olan torpaqlarımızla bağlı niyə tədbir görmürlər? 25 ildən çoxdur həmsədrlik edən üç dövlətin bütün bəyanatlarında qırmızı xətlə iki məqam vurğulanır. Hər dəfə bəyan edirlər ki, “münaqişənin müharibə yolu ilə həlli yoxdur və problem ancaq danışıqlar yolu ilə çözülməlidir”. Bir də onu təkrarlayırlar ki, təmas xəttində, cəbhə bölgəsində etimad yaradılmalı, gərginlik azaldılmalı, atəşkəs pozulmamalıdır. Bu fikirlər ona xidmət edir ki, “Azərbaycan öz torpaqlarının işğal altda qalmasına səs çıxartmasın, ermənilərin xətrinə dəyməsin. Ermənilər də bizim ərazilərimiz hesabına “dövlətlərini” genişləndirsinlər. Biz də bunları görə-gərə müharibə arzusuna düşməyək”.

Parlament üzvü vurğulayıb ki, Ermənistan həmsədrlərin onların əvəzinə hər işi gördüklərini, Azərbaycanı müharibədən çəkindirdiklərini bilir və daha da həyasızlaşırlar: “Bunu anlamaq üçün dərin biliyə malik olmaq lazım deyil. Başda BMT olmaqla beynəlxalq təşkilatlar özlərinə hörmət edirlərsə, bir dəfə təcavüzkar Ermənistana təzyiq göstərsinlər. BMT-nin 4 qətnaməsini ermənilər lazımsız kağız parçası sayırlar. Beynəlxalq qurumlar ermənilərə təzyiq etmək əvəzinə bizə absurd tələblər irəli sürürlər.

Əgər rəsmi Bakı həmsədrlərin dedikləri ilə oturub-dursa, bizim torpaqlarımız işğal altında qalacaq. Cənab Prezidentin çıxışındakı sərt məqamlar məhz bu məsələlərlə bağlıdır. Mən bir vətəndaş kimi daha açıq və kəskin formada fikrimi söyləyə bilirəm. Soyqırıma məruz qalmışam və məcburi köçkünəm. Həmsədrlərin dediklərinin tamamilə əksini düşünürəm. Onlar deyirlər ki, münaqişə savaşla həll edilə bilməz, mən də bildirirəm ki, bu problemin sülh yolu ilə həlli mümkünsüzdür. Problemi Ali Baş Komandanın əmri ilə Azərbaycan əsgəri birdəfəlik həll etməlidir”.

E.Məmmədovun sözlərinə görə, dövlət başçısının çıxışında Aprel döyüşlərini xatırlatması düşmənə və onun havadarlarına ciddi mesaj idi:

“Prezidentimiz düşməni müdafiə edənlərə, onları həyasızlaşdıranlara da mesaj verdi. Bəyan etdi ki, artıq su boğazdan yuxarı çıxıb və son həddir. Bizə “dözün”, “səbirli olun”, “müharibə etməyin” deyən həmsədrlərə sual verirəm ki, əgər onların əraziləri işğal edilsəydi, bu cür rahat davrana, sakit ola bilərdilərmi?! Buyursunlar, sualımı cavablandırsınlar. Təkrar edirəm, Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa görüş, danışıq effektli olmayacaq. Vasitəçilər problemin çözülməsini deyil, əksinə, uzun müddət davam etməsini arzulayırlar.

Bu gün 30 yaşındakı bir erməni Qarabağda doğulduğunu söyləyir və həmin torpaqlara iddia edir, oranı öz “vətəni” sayır. Çox dəhşətli mənzərədir. Ermənilərin azğınlığına və həmsədrlərin oyununa son qoymaq üçün hərbi əməliyyatlara başlamaq lazımdır. Əks halda separatçılar onları himayə edən güclərə görə arxayınlaşaraq, zəbt etdikləri ərazilərimizdə mincür oyun çıxarırlar. Bunlara son qoymaq və qarşımızdakı həmsədrlərdən ibarət “çin səddi”ni aşmaq lazımdır”. 

Politoloq Tofiq Abbasov da “Şərq”ə bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri illərdir manipulyasiya ilə məşğul olurlar. Siyasi şərhçinin sözlərinə görə, vasitəçilər fəaliyyət göstərdikləri görüntüsünü yaradaraq səmərəsiz görüşlər təşkil edirlər:

“Həmsədrlər münaqişə tərəfləri arasındakı mənasız təmasları gələcəyə yönəlik “faydalı” addım kimi dəyərləndirirlər. Hesab edirlər ki, görüşlərin dayandırılması gərginliyin artması ilə nəticələnə bilər. Artıq hamı bilir ki, Minsk Qrupu münaqişənin həlli istiqamətində deyil, öz karyeraları uğrunda çalışırlar. Problemin hər hansı formada həlli vasitəçiləri qətiyyən maraqlandırmır. Əslində diplomatiyanın əsas vəzifəsi ondan ibarətdir ki, həlli çətin olan məsələlərdə çıxış yolu, alqoritm tapsınlar və bunu tərəflərə təqdim etsinlər. Hətta yeri gələndə qəbul etdirə bilsinlər. 25 ildən artıq zaman keçib, amma hələ də ermənilərə “gözün üstə qaşın var” deyən yoxdur.

Belə olan təqdirdə biz haqlı olaraq vasitəçilik missiyasını yerinə yetirənləri riyakarlıqda ittiham edirik. Çünki beynəlxalq hüquq və nüfuzlu təşkilatlar Azərbaycanın tərəfindədir. Haqlı tərəf bizik. Minsk Qrupu fərsiz və lazımsız diplomatiya ilə məşğul olur. Bu cür vasitəçiliyə bizim ehtiyacımız yoxdur. Prezident də buna diqqət çəkərək sərt ifadələr səsləndirdi. Vurğuladı ki, həmsədrlər 10 il ərzində işğal olunmuş ərazilərimizlə bağlı heç bir təşəbbüs irəli sürməyiblər. Əlbəttə, bizim imkanlarımız genişdir. Azərbaycan təkcə Qafqaz bölgəsinin yox, dünya miqyasında sözü, çəkisi olan bir ölkədir. Güclü ordumuz var. Ancaq istəyirik ki, həmsədrlər də bu işə qoşulsunlar, missiyalarına uğyun hansısa addım atsınlar.

Əfsuslar olsun ki, ATƏT-in Minsk Qrupu israrla fəaliyyətsizliyini sürdürür. Vasitəçilər dövlət başçısı cənab İlham Əliyevin ittihamlarından düzgün nəticə çıxartmalıdır. Əks halda Azərbaycan onların xidmətindən birdəfəlik imtina edəcək”.

 

İsmayıl Qocayev

Şərq 2020.- 8 iyul.- S.11.