Təbii, mineral
sularımız da Ermənistanın "işğal"ı
altındadır
İstisu "Mrav" adı altında satışa çıxarılır
Ermənistan tərəfi işğal olunmuş Azərbaycan
torpaqlarında qanunsuz fəaliyyətini genişləndirməkdə
davam edir. Ötən illər ərzində ölkəmizin
milli sərvətlərini talayan Ermənistan indi də Azərbaycanın
təbii və mineral sərvətlərini istismar edərək,
dünya bazarında satışa çıxarır. Beynəlxalq
qanunvericiliyə əsasən işğal olunmuş ərazilərdə
qanunsuz fəaliyyət göstərmək qadağan olunur.
Lakin Ermənistan tərəfi beynəlxalq
qanunlara əməl etmir. Bununla
bağlı Azərbaycan tərəfinin müraciət əsasında
ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın
işğal olunmuş ərazilərində monitorinq
keçirib və Ermənistanın qanunsuz fəaliyyəti təsdiq
olunub. Lakin ortada bir nəticə yoxdur.
Qeyd edək
ki, bu yaxınlarda
Dağlıq Qarabağdakı
separatçıların lideri Araik Arutunyanın
iştirakı ilə Xankəndində “Mrav” (Murov) adı
altında mineral su istehsal edəcək zavodun
açılışı olub. 30
işçisi olan zavod Azərbaycanın işğal
altındakı Kəlbəcər rayonu ərazisində fəaliyyət
göstərəcək. Ermənilər
İstisudan toplanan mineral suyu “Mrav” (Murovun ermənicə adı)
brendi altında satacaq.
İlk növbədə, Qarabağda yerləşdirilmiş
işğalçı ordunun hərbçiləri su ilə təmin
ediləcək. Gələcək planda isə suyun Ermənistan
vasitəsilə Rusiya və digər ölkələrə
satışı nəzərdə tutulub.
Təəssüflər olsun ki, ermənilərin
istismarı su ilə bitmir, işğal etdikləri
bütün ərazilərimizdə zəngin təbiətimizi
viran qoyur, sərvətlərimizi amansızcasına talan edirlər. Lakin onlar
başa düşməlidirlər ki, Azərbaycan öz
torpaqlarını mütləq geri qaytaracaq, ermənilərin
törətdikləri vəhşilikləri, talanları
bütün dünyaya bir daha sübut edəcək. Onda
dünya erməni işğalçılarının iç
üzünü bir daha görəcək.
Ermənilərin bu özbaşınalığı
haqlı olaraq Azərbaycan ictimaiyyətində narahatlıq
doğurur. Bizim içməli
su qıtlığından əziyyət çəkdiyimiz bir
vaxtda ermənilər Azərbaycanın
sularından "dədə malı" kimi istifadə edir, hətta
satışa da buraxırlar.
Əslində
erməni faşistləri Azərbaycan torpaqlarını
işğal edərkən nəyin bahasına olur-olsun
şirin su ehtiyatlarını ələ keçirməyə
can atıblar. 200 il bundan əvvəl başlayıb
əsrlər boyu uzanan erməni köçləri bir qayda
olaraq Azərbaycanın su mənbələri ilə zəngin ərazilərində
lövbər salıblar. Bu, son nəticədə ona gətirdi
ki, hazırda Ermənistanda adambaşına düşən
şirin su ehtiyatları Azərbaycanla müqayisədə 3 dəfə
çoxdur! Məhz bu rəqəm ermənilərin
həm ötən əsrlərdəki köç siyasətində
və həm də sonrakı müharibələrdə
şirin su hövzələrini hədəfə
götürdüyünü sübut edir. Tarixi
torpaqlarımızda özünə dövlət quran ermənilərin
şirin su ehtiyatlarının bizdən bu qədər
artıq olması ciddi və narahatedici məqam kimi nəzərdən
keçirilməlidir.
Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin məlumatına görə,
hazırda Azərbaycanda yerüstü şirin su ehtiyatları
30-31 kub kilometr təşkil edir ki, bunun da əsas mənbələri
çaylar, göllər, su anbarları və buzlaqlardan ibarətdir.
Eyni zamanda, şirin su ehtiyatlarının mənbələrinin
70 faizi ölkə
hüdudlarından kənardadır.
Bunun da
ki, təxminən
20 kub kilometri transsərhəd, 10 kub kilometri isə
yerli çayların hesabına formalaşır. Respublikanın istifadəyə yararlı yeraltı
sularının illik istismar ehtiyatları isə 9 milyard kubmetrə
yaxındır. Statistik göstəricilərdən də
göründüyü kimi, ölkəmizin su təminatında xarici mənbələrdən
olan çayların rolu
böyükdür. Erməni işğalında
ən çox xatırladığımız rəqəm
torpaqlarımızın 20 faizinin zəbt edilməsidir. Amma daha vacib bir fakt da ondan ibarətdir ki, bu gün
erməni faşistləri şirin su ehtiyatlarımızın
daha böyük qisminə - yarıdan çoxuna sahib
çıxıblar. Bircə o faktı
qeyd edək ki, indiki Ermənistanın şirin su ehtiyatlarının
80 faizini Göyçə gölü təşkil edir. Erməni faşistlərinin sonuncu təcavüzündən
üzü bəri işğal edilən torpaqlarımızda
Azərbaycana, onun təbiətinə və təbii nemətlərinə
fasiləsiz divan tutulur. Ölkə ərazisinin 20 faizini
təşkil edən bu torpaqlarda su anbarları, çaylar,
göllər və bulaqlar, həmçinin rayon, qəsəbə
və kəndlərə çəkilmiş 5587 km
uzunluğunda içməli su xətləri düşmən
tərəfindən dağıdılıb məhv edilir. Altı rayonun 100 min hektara yaxın əkin sahəsini
su ilə təmin edən "Sərsəng" su anbarı
işğal altında olmaqla yanaşı,
baxımsızlıqdan tam qəzalı və yararsız vəziyyətə
düşüb. Bundan əlavə
Xaçınçay, Qanlıgöl, Arpaçay, Ağdamkənd su
anbarı və onlarla su deposu ermənilərin nəzarəti
altındadır. Azərbaycanın işğal olunmuş ərazilərində
təkcə su anbarları deyil, ekoloji əhəmiyyətə
malik olan Böyük Alagöl, Kiçik Alagöl,
Zalxagöl, Qaragöl və Canlıgöl kimi şirin su
ehtiyatlarından ibarət kiçik göllərin də bu
gün hansı vəziyyətdə olduqları məlum deyil.
Müalicəvi əhəmiyyətə malik olan və Azərbaycanın
mineral sularının ümumi geoloji ehtiyatlarının 40
faizini təşkil edən mineral su bulaqları vəhşicəsinə
daşınır. Kəlbəcərdə Yuxarı İstisu,
Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun,
Mozçay, Qoturlu su yataqları, Laçında Minkənd, Şuşada Turşsu,
İsa bulağı, Qubadlıda,
Zəngilanda, Cəbrayılda ermənilər tərəfindən
insafsızcasına istismar edilən neçə-neçə
belə bulaqların adlarını çəkmək olar. Onu
da nəzərə almalıyıq ki, ermənilər bu
günün özündə belə, ərazilərindən
Azərbaycana axan çayların istiqamətini dəyişmək
üçün ciddi iş aparırlar. Bununla kifayətlənməyərək
Tərtərçay, Xaçınçay, Köndələnçay,
Bazarçay, Həkəri, Bəsitçay, Qarqarçay,
Çaylaqçay, Oxçuçay vasitəsi ilə Azərbaycana ərazilərindən
çirkli sulardan savayı zəhərli maddələr
axıdırlar. Kür çayına Ermənistandan
qovuşan kiçik çayların və Arazın
sularını ermənilər müxtəlif tullantılarla
çirkləndirərək bir çox parametrlərə
görə onları insan həyatı üçün təhlükəli
həddə çatdırırlar. Ən
pisi də odur ki, işğalçı dövlətdə təbii
su mənbələrinin çirkləndirilməsi planlı və
düşünülmüş şəkildə həyata
keçirilir. Bu fakt dəfələrlə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
keçirdiyi monitorinqlərdə öz təsdiqini tapıb.
Bununla erməni tərəfi dildə atəşkəsdən
danışsa da, reallıqda dünyəvi dəyərlərə
məhəl qoymadan Azərbaycana qarşı istənilən
üsullarla müharibə aparmaqdan çəkinmir.
Millət
vəkili Azər Badamov da "Şərq"ə
açıqlamasında işğal altında olan ərazilərə
qeyri-qanuni məskunlaşma və təbii sərvətlərdən
istifadənin beynəlxalq hüquqa zidd olduğunu deyib:
"Prezident və siyasətçilərimiz
beynəlxalq təşkilatda, görüşlərdə ermənilərin
qanunsuz əməllərinə mütəmadi
etirazımızı bildirir və beynəlxalq gücləri
bunun qarşısının alınmasına hərəkətə
keçməyinə çağırış edirik.
Amma çox təəssüf ki, beynəlxalq səviyyədə
ermənilərin özbaşınalığına göz
yumurlar, susqunluqla qəbul edirlər. Bu gün Mrav adı
altında mineral suyun istehsalını da işğalın
davamı hesab edirəm. Biz torpaqlarımızın
işğalı ilə heç vaxt
barışmayacağıq. Torpaqlarımızı
işğaldan azad edəcəyik və düşünürəm
ki, ermənilərin torpaqlarımızda qurduğu bütün
infrastruktur və müəssisələrə Azərbaycan
sahiblik edəcək. Bu da işğaldan azad etdiyimiz torpaqlarda
yenidənqurma işimizi rahatlaşdırar".
Digər millət vəkili Ceyhun Məmmədov
isə təəssüflə qeyd edib ki, ermənilərin
Dağlıq Qarabağdakı sərvətlərimizi
özününküləşdirib talaması birinci hal deyil.
Biz dəfələrlə bu cür xoşagəlməz
halların şahidi olmuşuq. Ermənilər işğal
boyu bizim milli və təbii sərvətlərimizi talayıb,
müxtəlif erməni adları altında xarici bazarlara
çıxarıblar. Kəlbəcərdəki qızıl
zavodu, ağaclarımızın qırılması və s.
kimi maddi və mənəvi sərvətlərimiz müntəzəm olaraq ermənilər tərəfindən təcavüzə
məruz qalır.
Nə yolla olur-olsun Azərbaycana məxsus sərvətlərin erməni adı altında dünya bazarında satılmasına qarşı çıxmalıyıq. Bunun üçün də biz üç istiqamətdə mübarizə aparmalıyıq. Xarici İşlər Nazirliyi, Diaspora Komitəsi və beynəlxalq media vasitəsilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalı, erməni adı ilə satılan bütün məhsulların əslində Azərbaycana məxsus olduğunu sübut etməli, onların işğalçılıq və talançılıq siyasətlərini ifşa etməliyik".
Tədqiqatlar Mərkəzinin
Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi,
politoloq İlyas Hüseynov isə Qarabağ bölgəsinin
mineral su ehtiyatları ilə zəngin olduğunu deyib.
Şuşa şəhərindən 16-18 kilometr məsafədə
yerləşən mineral su mənbələrinin xüsusi əhəmiyyət
kəsb etdiyini vurğulayan politoloq deyib ki, bu suların tərkibində
çox miqdarda dəmir var və müalicəvi xüsusiyyətləri
ilə fərqlənir: "İşğal altında olan təbiətin
bu neməti ermənilər tərəfindən istismar edilir.
Tədqiqatlarımız nəticəsində
Dağlıq Qarabağdakı separatçıların lideri
Araik Arutunyanın iştirakı ilə Xankəndində “Mrav”
(Murov) adı altında mineral su istehsal edəcək zavodun
açılışı ilə bağlı məlumatlara
rast gəldik. 30 işçisi olan zavod Azərbaycanın
işğal altındakı Kəlbəcər rayonu ərazisində
fəaliyyət göstərəcək. Ermənilər İstisudan toplanan
mineral suyu “Mrav” (Murovun ermənicə adı) brendi altında
satacaq. Qeyd etmək istərdim
ki, ilk növbədə, Qarabağada yerləşdirilmiş
işğalçı ordunun hərbçiləri su ilə təmin
ediləcək. Gələcək planda isə
suyun Ermənistan vasitəsilə Rusiya və digər ölkələrə
satışı nəzərdə tutulub. Eyni
zamanda, adıçəkilən zavodun limonad, soyuq kofe və
çay istehsal etməsi də
planlaşdırılır".
Azərbaycanda su problemi yaşanan bir
dövrdə bizim su ehtiyatlarımızın ermənilər tərəfindən
mənimsənilməsini təəssüf doğurucu məqam
kimi dəyərləndirən politoloq hesab edir ki, Ermənistan Azərbaycanın milli
sərvətlərini talamaqda davam edir, beynəlxalq aləm isə
buna göz yumur və adekvat reaksiya göstərmir: "Bu məsələ
mütləq ATƏT-in faktaraşdırıcı
missiyasının, Avropa Birliyi, Avropa Şurası Parlament
Assambleyasının və digər qurumların diqqətinə
çatdırılmalıdır.
Su ehtiyatlarının qənaətbəxş
olması istiqamətində müvafiq addımların
atılması və bu sahədə təhlükəsizliyinin
təmin edilməsi bu gün bütün dünyanın
gündəmində olan məsələdir.
Gələcəkdə bizi hidro müharibələr də
gözləyə bilər. Neft erası su
erası ilə əvəzlənəcək. Bu baxımdan, Ermənistanın işğalı
altında olan su ehtiyatlarımızı geri qaytarmaq, torpaqlarımızı
düşmən tapdağından azad etmək istiqamətində
motivasiya rolunu oynamalıdır".
Şəymən
Şərq 2020.- 11 iyul.- S.11.