"Son ana qədər
gəmidə qalmağa çalışmalıyıq"
Pərvin:
"İndi dünya mənim üçün oğlumdan ibarətdir"
"Mən bir
gün nəsə oxumasam, yazmasam, nəyləsə məşğul
olmasam elə bilirəm o günü yaşamamışam"
Həmsöhbətimiz bu dəfə gənc
xanım oldu - yazıçı Pərvin. Karantin dövrü
başlanandan ziyalılarımızın, ictimai xadimlərin
fikirlərinə önəm vermişik.
Çalışmışıq, cəmiyyətə
ziyalı öyüd-nəsihətini çatdıraq.
Çoxu da ağsaqqal, dünyanın yaxşı-pis
üzünü görmüş insanlar olub. Gənclər niyə
olmasın? Dünyanın hər “üzünü” görməsələr
də, dünyanı gəzirlər axı. Məsələn,
elə Pərvin!.. Səsi-sorağı başqa-başqa şəhərlərdən
gəlir. Gah öz kitablarının təqdimatını
keçirir, gah da təqdimatlara dəvət olunur.
Qısası, gənc yazar Pərvinlə söhbət etdik,
pandemiya dövrünü necə keçirdiyini soruşduq.
Bizim üçün maraqlı idi ki, görəsən, gənc
xanım qarşımızdakı təhlükəni necə
hiss edir.
-İnternetin, sosial şəbəkələrin
gücü ilə dünya çox “balacalaşıb”. Istər
yaxında, istər uzaqda baş verən hadisələrdən
dərhal xəbər tuta bilirik. Bu virus
Çində başlayanda onun fəsadları, o şəhərdə
baş verənlər bizə də gəlib çatdı. Təbii
ki, hamıda ehtiyat, qorxu hissi yarandı. Etiraf edək ki,
ölkəmizdə bu narahatlıqlar çox gec
başladı. Çünki qonşularımızda virus
yayılanda bizdə yoluxma halları demək olar yox idi.
Yoluxma sayı da bizdə gec artmağa başladı. Tədbirlər
görüldü, sərhədlər bağlandı, karantin
rejimi tətbiq edildi. Ağıllı savadlı adamlar başa
düşür ki, qaydalara əməl etmək lazımdı.
Hamı üçün çətindir. Amma yaradıcı
insanlar üçün hansısa çərçivə
daxilində hərəkət etmək xüsusilə çətin
olur. Amma söhbət sağlamlığımızdan, təkcə bizim də yox,
doğmalarımızın, ailəmizin
sağlamlığından gedisə, özümüzü,
doğmalarımızı qorumaqdan savayı başqa bir yolumuz
qalmır. Bu mənada insan özünü, ailəsini,
ümumilikdə xalqını maksimum düşünməyə
başlayır. Maska taxmaq, sosial məsafə saxlamaq... bunlar
işin bir tərəfidi - gündəlik məişət tərəfi.
Yaradıcılıq baxımından isə bu karantin rejimi
yaradıcı adamlar üçün bir fürsət idi.
Şəxsən mən uzun zaman oxumaq istədiyim kitabları
oxumağa, baxmaq istədiyin filmləri izləməyə
başladım, karantinin ilk günlərindən. Həmçinin
də yazılarımla məşğul oldum. Amma təbii ki,
insan nigaranlıq içində çox böyük həyəcan
keçirir. Böyük Mirzə Cəlil yazırdı ki,
“çox çətin işdi, yaman işdi nigaran lıq”. Bu
nigaranlıq hələ də bizim içimizdə var.
Nigaranlıq duyğusu hər işimizə də təsir
edir. Amma mən inanmaq istəyirəm ki, tezlikllə bu mərhələni
keçib gedəcəyik. Normal həyatımıza
qayıdacağıq.
-Şəxsən
siz qorxursunuz?
-Əlbəttə, insan o zaman qorxu hissini itirir
ki, itirməyə nəyisə qalmır artıq. Mənim ailəmdəsə
5 yaşlı oğlum böyüyür. Valideynlərim var,
artıq yaşa dolublar. Təbii ki, söhbət özümdən
gedirsə, riyakarlıq edib deməyəcəm ki, bəli,
öz canımı çox sevirəm, özümü
düşünürdüm. Qətiyyən. Özümə
görə qorxu hissim yoxdur. Valideynlərimlə yanaşı
yaşlı nənəm var. Bizimlə qonşudur. Ona baş
çəkirdim, qulluğunda durmağa, kefini açmağa
çalışırdım. Əzizlərimin zülm çəkməsini,
əziyyət çəkməsini heç vaxt istəmərəm.
Təbii ki, təhlükə varsa, qorxu hissi də var. İstəmərəm
mənim məsuliyyətsizliyim ucbatından kimsə əziyyət
çəksin.
-Neçə
yaşınız var?
-35.
-Yaşınızı səbəbsiz
soruşmadım. Mənimlə razılaşarsınız ki,
uşaq yaşlarında insanda valideynlərini itirmək qorxusu
olur. Çünki valideynlərinə möhtacdır. Bir az
böyüdükcə, bu hiss azalır, çünki
artıq insan özünə güvənməyə
başlayır, yanlış da olsa. Siz gəncsiniz, qorxu hissi
elə də çox olmalı deyil, məncə.
-Qorxu
hissini artıran amillər var. Öz övladına görə
çoxalır bu hiss. Sən hələ
danışa bilməyən, yeriyə bilməyən körpənin
məsuliyyətini daşıyırsan. Onu
böyütməlisən, ayağa qaldırmalısan. Müəyyən yaşdan sonra biz valideynlərimizlə
yerimizi dəyişirik. Bu gün mən
anama tez-tez “qızım” deyirəm, “balaca anam”, “balam” deyirəm,
anama. Bu duyğu məndə erkən
yaşlardan başlayıb. 17-18
yaşından işləməyə,
çalışmağa başlamışam. Valideynlərimi qorumağa
çalışmışam. Onları
itirmək istəməmişəm. Həyat elədir ki,
gücümüz yetməyəcək şeylər ola bilər. Gücsüzlükdən,
gücüm yetməz deyə bir qorxu var...
-Bu aylar ərzində
planlarınızda, iş qrafikinizdə hansı dəyişikliklər
etmisiniz?
-Dostlarım
mənə həmişə, “trudoqolik” deyirlər. Azərbaycan
dilində qarşılığı bu ola
bilər ki, “işinə aludə adam”. Necə ki, spirtli
içkiyə aludəçisinə “alkoqolik” deyilir... “Trudoqolik” belədir ki, yəni, sən
çalışmadan yaşaya bilmirsən. Mən bir gün nəsə oxumasam, yazmasam, nəyləsə
məşğul olmasam elə bilirəm o günü
yaşamamışam. Özümü
qınayıram. İttiham edirəm ki, niyə
bu günü boş keçirdim. Bilirsiz, bağça
yoxdu, iş yoxdu. Mən də evimdə
çalışdım, ailəm bu sıxıntını
hiss etməsin. Mən hər gün bişirdiyim gözəl
yeməklərlə,
mən çox dadlı yeməklər bişirirəm,
bunu çoxları bilir, açdığım süfrələrlə
ailəmi sevindirməklə çalışdım ki, həyatları
rəngarəng olsun. Onlar təlaşlı ovqat
içində yaşamasınlar. Bununla
yanaşı çox gərgin işləyirəm. Hazırda doktorluq dissertasiyası üzərində
çalışıram. Ümid edirəm,
ilin sonuna kimi tamamlayacam. Hekayələr
kitabımı çapa hazırlayıram. Bunu da hər
kəs bilir ki, mən hər il öz ad
günümə - 9 oktyabra özümə bir hədiyyə
edirəm. Ötən il mənim esselər
kitabım çap olundu. Bu il isə istəyirəm
ki, hekayələr kitabım həm Azərbaycan, həm də
rus dilində çap olunsun. 3-4 hekayəm var ki,
redaktə işi qalıb. Həmçinin
İşərişəhər haqqında turistik kitabım
hazırlanır. Bu, İçərişəhər
Qoruq İdarəsinin sifarişidir. Bu
baxımdan mən demək olar ki, karantin müddətində
dayanmamışam. Amma əlbəttə
ki, hər gün gedib auditoriyada tələbələrlə
ünsiyyətdə olmaq, hər gün işə getmək,
canlı çalışmaq tamam başqa duyğudur. Amma nə edək? Vəziyyət
tələb edirsə, belə çalışmağa
borcluyuq.
-Onlayn dərsləriniz olur?
-Birinci
semestrdə 19-20-ci əsr Azərbaycan ədəbiyyatını
tədris edirdim. İkinci semestrdə isə əcnəbi
tələbələrə Azərbaycan ədəbiyyatından
dərs deyirdim. Bilirsiz ki, semestr başlayandan az sonra karantin elan olundu, əcnəbi tələbələr
öz ölkələrinə qayıtmalı oldular. Buna baxmayaraq onlayn dərslərimiz təşkil
olundu, xüsusən də “zoom” proqramı vasitəsilə, dərslər
keçilirdi.
-Dediz,
doktorluq dissertasiyanızı ilin sonuna bitirmək istəyirsiniz,
Bitirərsiniz, inşəllah, amma bu dissertasiyaya koronavirus
damğa vuracaq. 2020 virusla xatırlanacaq daim...
-Azərbaycan Cümhuriyyəti 1920-də süqut etdi,
sovet işğalı başladı. Ümumiyyətlə,
tarixdə 20-ci illər fəlakətli, dağıdıcı
olub. Mən 20-ci illəri
araşdırdım, müəyyən nəticələr əldə
etmişəm. Son aylarda
tanıdığımız nə qədər insan, ictimai həyatda
rolu olan adamlar həyatlarını itirdi. Sağalanların
sonrakı həyatı necə olacaq, bununla bağlı da
nikbin proqnozlar verilmir. Dünyada hər
gün yalnız bədbin proqnozlar verilir. Bədbinliyin
pik nöqtəsindəyik. Düşünürəm
ki, insana güc verən ən əsas keyfiyyət onun
mübarizliyidir. Biz son ana qədər gəmidə
qalmağa çalışmalıyıq. Gəmi
batmaq təhlükəsi ilə üzləşibsə, xilas
yolu dənizə atılmaq deyil. Gəmidə
qalıb onu xilas etməyə çalışmaqdır.
Kapitanlar adətən belə deyir: “dənizə atılan adamın
boğulmaq təhlükəsi daha böyükdür, halbuki, gəmi
batmaya da bilər”. Gəmi batacaq deyə,
özümüzü dənizə atıb intihar etməli
deyilik. Deyirlər, yer üzündə virusa
yoluxmamış adam qalmayacaq. Bu o demək deyil ki, onsuz da öləcəm,
mübarizə aparmağa nə ehtiyac?! Bu,
xaraktercə zəif insanların yanaşmasıdır. Son anadək mübarizə aparmaq, ruhu yüksəkdə
tutmaq lazımdır. İnsan ruhunu nə qədər
yüksəkdə tutarsa, bir o qədər qalib gələcək.
Amma bütün səylərə rəğmən
artıq çıxış yolu yoxdursa, deməli,
yuxarıdan gözəgörünməz qüvvə istəyir
ki, belə olsun. Ancaq istənilən halda
son anadək gəmidə qalmağa çalışmaq
lazımdır.
-İnsanların böyük hissəsi həyat
üçün çarpışır. Çox az
sayda insan ola bilər ki, həyatdan bezsin və ölüm
arzulasın. Demək olar hamı həyatdan
möhkəm yapışır.
-Məni
narahat edən odur ki, bəzi adamlar neqativ ovqatı, pessimist
enerjini ətrafdakılara ötürməyə
çalışırlar. Bu durumu görəndə
düşünürsən ki, belə olmamalıdır.
İnsan yaxşını ötürməlidir,
insanları ruhlandıracaq mesajlar verməlidir.
-Xarici ölkələrdə
çox olmusunuz?
-Saymamışam...
Türkiyə, Rusiya, Ukrayna, Pribaltikada olmuşam.
-Avropada olmamısınız?
-İtaliyada olmuşam.
-Pandemiya sonrasında harasa səfər
etmək planınız var?
-İndi hər kəs özünü, ailəsini, əzizlərini
qorumaq ovqatındadı. Əlbəttə, ümid edirəm ki,
dünya öz məcrasına qayıdacaq. Ən son Türkiyədə olmuşam,
kitabımın təqdimatında. Pandemiya
söhbətləri yeni-yeni başlayanda, 2019-un sonu idi. İstanbul teatrı pyesimi səhnəyə qoymaq istəyir.
Elmi işimlə bağlı elmi-konfranslara
qatılmalıyam. Doktorluq müdafiə edənlər
belə konfranslarda iştirak etməlidir...
-Konfranslar gedəndə maddi məsrəfləri
özünüz qarşılayırsınız?
-2 il öncə Bursada konfrans vardı. Sonra
İstanbulda... Bu, daha çox təşkilatçılardan
asılı olur. Bəzən özləri
qarşılayırlar, təyyarə biletini, otel xərclərini
ödəyirlər. Məsələn,
Bursada belə olmuşdu. Türkiyədə,
bilirsiz, universitetlərin maliyyə imkanları genişdir.
Bəzən təklif ediblər ki, gəlin, xərcinizi
ödəyəcəyik. Fərqli də
olur. Xərclərin bir qismini özün
qarşılayırsan, bir qismini dəvət edənlər.
Önəmli olduğunu, mənim
üçün əhəmiyyət kəsb etdiyini bildiyim
konfranslara bu formada da qatılmışam.
-Konfrans məsələsi araya
düşdü, əsas sizin pandemiya sonrasına
arzularınızı bilmək istəyirdim, çünki
insanlar var, dostlarıyla adicə çay süfrəsi
arxasında əyləşməyin xiffətini çəkir.
Bu səpkili
arzularınızı bilmək istəyirdim.
-İndi yeganə arzum İstanbula getməkdir. Hər il
yayda anamla getmişəm. Yoldaşımla
getmişəm. Anamla İstanbula getməyi,
anamı sevindirməyi alış-veriş etməyi çox
istəyərəm. Bunu arzulayıram.
Günüm teatrda keçirdi. Teatrın
qoxusu üçün, iş
yoldaşlarım üçün darıxıram. Düzdü, mən yoluxmamışam. Amma
daşıyıcı ola bilərəm. Kimisə yoluxdura bilərəm. Ona
görə də məsafə saxlamaq məcburiyyətindəyəm
və dostlarımla görüşmürəm. Hamı arzulayır
ki, hər şey qaydasına düşsün. Əsas arzum ailəmin firavanlığıdı.
Zamanla hər şey olacaq. İndi
dünya mənim üçün oğlumdan ibarətdir.
Allah mənim oğlumu qorusun. Allahdan başqa umacağım yoxdu.
-Oğlunuzun adı nədi?
-Anar.
-Oğlunuza
bu adı Xalq yazıçısı Anara olan hörmətinizə
görə vermisiniz?
-Bu
tarixçəni çox danışmışam...
-Mən tanış deyiləm... Qısaca
deyə bilərsiz.
-Siz mənim
Xalq yazıçısı Anarın
yaradıcılığını tədqiq etdiyimi bilirsiniz, yəqin.
“Anar dünyası” kitabının müəllifiyəm.
Mənim kitablarıma Anar müəllim ön söz yazıb,
mən onun kitablarına ön söz yazmışam... Anar müəllimlə mənim yaradıcılıq
bağlılığım çox əvvəllər
başlayıb. Hələ ailə
qurmamışdım, övladım yox idi, bizim evdə hər
tərəf Anar müəllimin kitabları ilə doluydu.
Ailə qurduqdan sonra həyat
yoldaşımın valideynləri ilə birgə
yaşayırdıq. Biləndə ki,
oğlum olacaq, düşündük ki, yəqin qayınanam nəvəsinə
şəhid qardaşının adının verilməsini istəyər.
Çünki onun adını həmişə
yanğı ilə çəkirdi. Ancaq o özü bizi
çağırdı və dedi ki, uşağın
adını Anar qoyun. Çünki Pərvin
Anar müəllimi böyük bilir, Anar müəllim bizim də
ailəmizin böyüyüdü. Təbii
ki, bu, mənim də ürəyimcə idi və oğlumun
adını Anar qoydum.
Məlahət
Rzayeva
Şərq 2020.- 11 iyul.- S.8.