"Savaş təkcə cəbhədə getmir"
Müşfiq
Ələsgərli: "Ən ciddi məqamlardan biri isə
erməni təxribatçıların azərbaycandilli seqmentlərdə
yaydıqları informasiyalardır"
Azər Həsrət:
"Düşmənlə üz-üzə dayanmış əsgərimizin
əlini zəiflədəcək heç bir xəbər
yayılmamalıdır
Hərbi əməliyyatlar zamanı dövlətin
informasiya təhlükəsizliyinin təmin edilməsi vacib
şərt hesab olunur. Bu baxımdan mediada və sosial şəbəkədə
ordu ilə bağlı dezinformasiyaların yayılmasında
diqqətli olmaq hər bir vətəndaşın borcudur.
Xüsusən, döyüş bölgələrində
baş verən hadisələrə daha həssas
yanaşılmalıdır. Bu gün
ölkəmizdə yüzlərlə xəbər saytı fəaliyyət
göstərir və 2 milyondan çox insan sosial şəbəkə
istifadəçisidir. Bütün bunlar
onu göstərir ki, Azərbaycan dövləti söz, məlumat
və fikir azadlığının təmin edilməsində,
onlayn media və sosial şəbəkələrin
yaradılmasında maraqlıdır. Ancaq təəssüf
ki, geniş imkanlar siyasi proseslərin yönləndirilməsinə
cəhd edən məkrli qüvvələrə də
münbit şərait yaradır.
Bəzi sayt və sosial şəbəkələrdə
həqiqəti əks etdirməyən informasiyalar
tirajlanır, dövlət maraqlarımıza zidd xəbərlər
yayılır.
Halbuki, sosial media istifadəçiləri Azərbaycanın
müstəqilliyi, suverenliyi, ərazi
bütövlüyünü qorumaq istiqamətində dövlətin
siyasətinə dəstək olmalıdır. Jurnalistlərimiz, əsasən sosial şəbəkə
fəalları ölkəmizin mənafeyini qorumalı,
informasiya siyasətini müdafiə etməli, cəbhə xəttindəki
insidentlər haqqında təhrif olunmuş və
yanlış məlumatların yayılmasının
qarşısını almalıdırlar.
Nəzərə alaq ki, düşmən tərəfi də
durmadan dezinformasiya yayır. Biz informasiya müharibəsi
də aparırıq. Yanlış bir məlumatın
milli maraqlarımıza, dövlətimizin mənafeyinə,
Silahlı Qüvvələrimizə nə qədər ziyan
vura biləcəyini unutmayaq.
Məsələ ilə bağlı Azərbaycan Mətbuat
Şurası da jurnalistlərə çağırış
edib.
Şuranın
məlumatında bildirilib ki, dövlət sərhədinin
Tovuz istiqamətində 2020-ci il iyulun 13-nə
keçən gecədən Ermənistan tərəfindən
atəşkəs rejiminin pozulması və bu xüsusda hərbi
əməliyyatların davamlı xarakter alması Azərbaycan
mediasına, ümumən ölkəmizin informasiya məkanına
təsirsiz ötüşməyib:
“Belə ki, aparıcı, ictimai rəyə təsir
göstərən kütləvi informasiya vasitələrimiz cəbhədə
baş vermiş olaylara daha çox diqqət yetirib və
yetirməkdədir. Onlar əsasən rəsmi məlumatların
yayılmasına üstünlük verir, yaxud əldə
etdikləri bilgilərin rəsmi təsdiqinə nail olurlar.
Ancaq təəssüflə onu da bildirməliyik
ki, cəbhə xəttində yaşanan gərginlik müəyyən
KİV-lər, eləcə də sosial şəbəkə
profilləri tərəfindən spekulyasiya predmetinə də
çevrilməkdədir. Bəzən mövcud müstəvidəki
bir sıra paylaşımlarda və təqdimatlarda əsl həqiqətlər
təhrif olunmaqla Milli Ordumuzda guya kütləvi tələfat
olduğuna dair fikirlər qabardılır, insanlarda ruh
düşkünlüyü yaradılmasına cəhd göstərilir,
dövlətimizə və ordumuza qarşı
inamsızlıq aşılanır, habelə digər siyasi
motiv daşıyan fikir və düşüncələr
dövriyyəyə buraxılmaqla respublikamızdakı
asayiş və əminamanlıq mühiti şübhələndirilir”.
Mətbuat
Şurası bütün KİV-ləri, media, jurnalistlik fəaliyyəti
ilə məşğul olan hüquqi və fiziki şəxsləri
durumun ciddiliyini nəzərə almağa
çağırıb:
“Bunun üçünsə rəsmi məlumatlara istinad
mütləqdir. Jurnalistlər ictimai fikir
daşıyıcılarıdırlar və sosial şəbəkələrdə
kifayət qədər izləyiciyə malik olduqlarından,
yaydıqları bilgi cəmiyyətdə dəqiq informasiya
kimi qarşılanır. Hər bir media təmsilçisi
bu amili ciddi şəkildə nəzərə
almalıdır. Həmkarlarımız
daxil olan bilgilərə şübhəli yanaşmalı, dəqiqləşdirmələr
aparmalı, elə mövqe tutmalıdırlar ki,
paylaşımları çaşqınlıq, qeyri-müəyyənlik
yaratmasın. Azərbaycan Mətbuat
Şurasının gözləntisi budur. Onu
da bildirməliyik ki, erməni xüsusi xidmət
orqanlarının təmsilçiləri müxtəlif sosial
şəbəkə profillərində cəbhədəki vəziyyətlə
əlaqədar həqiqəti əks etdirməyən fikirlər
paylaşırlar. Bəzən bu fikirlər
azərbaycanlı adı daşıyan profillər vasitəsilə
yayılır. Bilməyərəkdən,
hisslərə qapılaraq bu paylaşımlara istinad edən
KİV-lər və jurnalistlər də var. Hər bir halda məsələ
ən azı qeyri-peşəkarlıqdır. Ancaq nəzərə alaq ki, burada hüquqi zəmində
diqqət yetirilməli cəhətlər də meydana
çıxa bilər. Jurnalistlər bunu da
düşünməlidirlər. Mətbuat
Şurası bütün bunları nəzərə alaraq bir
daha kütləvi informasiya vasitələrinə, ümumən
jurnalistlərə müraciət edərək onları
yaranmış durumun həssaslığını peşə
prinsipləri baxımından qiymətləndirməyə,
operativ informasiya vermək istəklərini dəqiqlik tələbilə
uyğunlaşdırmağa çağırır”.
Məsələni
“Şərq”ə dəyərləndirən Mətbuat
Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar
İttifaqının rəhbəri Müşfiq Ələsgərli
deyib ki, savaş təkcə cəbhədə getmir, ermənilərlə
aramızda informasiya müharibəsi də davam edir. Onun
sözlərinə görə, ermənilər informasiya
müharibəsində müxtəlif auditoriyaları hədəfə
alırlar:
“İnformasiya savaşında ermənilərin hansı
taktikalardan istifadə etmələri barədə təsəvvürlər
artıq formalaşıb. Auditoriyaları
çaşdırmaq baxımından onlar müxtəlif
metodlardan istifadə edirlər. Yəni,
dünya ictimaiyyətini, Ermənistanın daxili auditoriyasını
və Azərbaycan əhalisini çaşdırmaq
üçün hər birinin xüsusiyyətinə uyğun
fərqli istiqamətlərdə informasiyalar
hazırlayırlar. Hətta belə hallara
da rast gəlirik ki, bəzən məqalələrin
başlıqları rus, ingilis, erməni və Azərbaycan
dillərində eyni məzmunda olsa da, məqalələrin
daxilində mətnlər dəyişdirilir. Müxtəlif auditoriyalara uyğun müxtəlif
tezislərdən istifadə olunur. Yaydıqları
informasiyalarda yalanı elə peşəkarlıqla verirlər
ki, onu həqiqətdən fərqləndirmək çətin
olur. Ən ciddi məqamlardan biri isə erməni
təxribatçıların azərbaycandilli seqmentlərdə
yaydıqları informasiyalardır. İnternet
texnologiyalarının imkanlarından istifadə edərək,
onlar yalan informasiyalarını azərbaycanlı ad və
soyadları ilə açılmış sosial şəbəkə
hesablarından, internet informasiya resurslarından
tirajlayırlar. Azərbaycanlı istifadəçilər
də bunun fərqinə varmadan həmin informasiyaların
üzünü köçürüb paylaşırlar.
Beləliklə, təxribat baş tutur və
yalan informasiyalar, erməni siyasətinə xidmət edən mətnlər
tirajlanır. Etiraf etmək lazımdır
ki, düşmən bu sahədə yaxşı təşkilatlanıb”.
M.Ələsgərli
vurğulayıb ki, Mətbuat Şurasının monitorinqləri
nəticəsində bu yöndə faktları təsdiqləyən
kifayət qədər materiallar toplanıb:
“2016-cı ildə, aprel döyüşləri zamanı
bu kimi hallar ictimailəşdirildi, konkret ünvanlar göstərildi. Həmin vaxt
uyğunsuz materialları internet resurslardan qaldırmaq istəyirdik.
Azərbaycan dilində fəaliyyət göstərən,
rekvizitlərində ünvan olaraq Azərbayandakı konkret məkanları
göstərən saytlarla əlaqə saxlamağa
çalışırdıq. Bəlli
olurdu ki, həmin ünvanlar da, əlaqə vasitələri də,
hətta internet resursun qurucusu barədə verilən məlumatlar
da saxtadır. Onlar Azərbaycandan kənarda
qurulub idarə olunurlar. Yaydıqları
informasiyalarda Azərbaycan ordusunu yalnız məğlub libasda
göstərmirlər, auditoriyanı aldatmaq üçün təzadlı,
zahirən bizim “xeyrimizə” olan informasiyalar da yayırlar.
Məsələn, bir tərəfdən Ermənistanın
hakim dairələrinə istinadla, guya, Azərbaycan hərbi
bölmələrinin mövqeyinin ələ keçirilməsi,
yeni yüksəkliklərin nəzarət altına
alınması barədə iddialarla çıxış
edirlər. Digər tərəfdən isə,
bunun tam əksini - Azərbaycan Ordusunun hansısa məntəqəni
tutması, uğur qazanması barədə paylaşımlar
edirlər. Yəni azərbaycandilli seqmentdə
yaydıqları bu informasiyalarla özlərinin hansısa
diplomatik niyyətlərini tamamlamış olurlar. Belə hallar barədə faktlar kifayət qədərdir.
Sadə vətəndaşın bunlardan baş
açması çətindir. Təəssüf
ki, bizim bəzi jurnalistlərimiz, sosial şəbəkə
istifadəçiləri reallığın fərqinə
varmadan dezinformasiyaları tirajlayırlar”.
JUHİ rəhbəri
qeyd edib ki, əslində indiki mənzərə əvvəlkindən
fərqlənir:
“Zaman-zaman bu məsələləri ictimailəşdirmişik. Bildirmişik
ki, düşmən çirkin təbliğatlardan istifadə
edir. Bunu nəzərə alaraq, Mətbuat
Şurası media təmsilçilərinə və ölkə
ictimaiyyətinə müraciət edib. Jurnalistlərə
tövsiyə edib ki, soyuqqanlılıq nümayiş etdirsinlər,
əldə etdikləri faktları rəsmi qurumlarla dəqiqləşdirdikdən
sonra yaysınlar. İndi təzə bir dəb
düşüb. Görürsən, kimsə
votsapı qoşub cəbhə xəttindən bir adamı
danışdırır. Digər saytlar istinad mənbəyi
kimi onu əsas götürürlər.
Lakin nəzərə almırlar ki, verdikləri
məlumat Azərbaycanın maraqlarına cavab vermir və cəmiyyətdə
ajiotaja səbəb olur. Bunlar yolverilməzdir. Nəzərə
alaq ki, bəzi hallarda sadə vətəndaşın dediklərinə
istinad etmək olmaz. Çünki həmin adam müharibə
qanunlarını, döyüş vaxtı necə
davranmağı bilmir. O səbəbdən “kiməsə
istinad edərək bu xəbəri yaymışam” iddiası məsuliyyətdən
azad etmir. Cənab Prezidentin belə məqamlarda informasiya verilməsinə
dair 2014-2015-ci illərdə xüsusi sərəncamları
olub. Sərəncamlarda göstərilib ki, cəbhə
bölgələrində, döyüş gedən ərazilərdə
əldə edilmiş informasiyalar dəqiqləşdirilmədən
yayıla bilməz.
Bu, hüquqi məsuliyyət yaradır. Jurnalistləri bu məqamlara həssas
yanaşmağa dəvət edirəm. İnsanlar bu cür təxribatların
toruna düşməmək üçün belə həssas
məqamlarda rəsmi dövlət qurumlarının məlumatlarını
izləməli, informasiya almaq üçün Azərbaycanda ənənəsi
olan KİV-lərə istinad etməlidirlər.
"KİV haqqında" qanunda açıq göstərilir
ki, cəbhə bölgələrində bəzi informasiyalar məhdudiyyətlə
verilməlidir. Xüsusən, əhalidə ruh
düşkünlüyü yaradan, hərbi sirr mahiyyəti
daşıyan informasiyaların yayılması qətiyyən
yolverilməzdir. Hamı ehtiyatlı olmalı,
qarşılarına çıxan hər xəbəri
yaymamalıdırlar”.
Jurnalist Azər Həsrət də “Şərq”ə
bildirib ki, düşmənlə üz-üzə
dayanmış əsgərimizin əlini zəiflədəcək
heç bir xəbər yayılmamalıdır:
“Təəssüflər olsun ki, bəzi şəxslər
sosial şəbəkə üzərindən məqsədli
şəkildə Azərbaycan Ordusunu və cəmiyyəti
ruhdan salacaq informasiyaları tirajlamaqla məşğuldur. Hətta
bəzi adamlar Müdafiə Nazirliyinin yaydığı rəsmi
informasiyaları təsdiq etməyə belə ehtiyac duymurlar.
Təsəvvür edin, MN bir informasiya yayır, hansısa
sosial şəbəkə istifadəçisi yazır ki,
“axı Ermənistan tərəfi elə demir”. Sanki
düşmənin söylədikləri həqiqətdir, amma
bizim qurumların məlumatları yanlışdır. Bu,
vicdansızlıqdır, vətənə xəyanətdir,
millətə arxadan bıçaq saplamaqdır.
Düşünürəm ki, belə informasiyalar yayan şəxslərlə
bağlı ciddi tədbir görülməlidir. Gözlərinin
yaşına baxılmamalıdır.
Şəxsən, özüm belə proseslərdə
fəal iştirak edirəm. Dəfələrlə
paylaşım etmişəm ki, Müdafiə Nazirliyinin
yaydığı rəsmi xəbərlərdən başqa
heç nə verməyin. Bu, müharibədir, əlbəttə,
şəhidimiz olacaq.
Şəhid xəbərini də Müdafiə
Nazirliyi verəcək. Hətta kimsə şəhid xəbərini
fatmanisədən eşitsə belə yenə səbr etməli,
rəsmi mövqe ortaya qoyulmadan eşitdiklərini deməməlidir.
Belə vəziyyətlərdə nəzarət güclü
olmalı, rejim sərtləşməlidir. Geniş kütlənin
dezinformasiya yaymasının qarşısını almaq
lazımdır.
Əfsuslar olsun ki, saytlarda gedən
dezinformasiyalarda reytinq toplama arzusundan daha çox düşmənin
əlinə işləmək cəhdi görünür. Bəzi
adamlar inadkarlıqla Ermənistan tərəfinin
paylaşdığı xəbəri təbliğ edirlər.
Bu isə vətənə, dövlətə və ordumuza xəyanətdir”.
İsmayıl
Qocayev
t Şərq 2020.- 15 iyul.- S.11.