Polad Abidə...
Belə oğul
olarmı, Allah?!..
Özünü tanıtmasın, üzünü
göstərməsin və
bir gün Şəhid olub xalqın ürəyinə
girsin, sonra çiyninə qalxsın?!.
Əsgərlər üçün odun doğrayırdı ki, kazarmanı isitsinlər. Əsgərə
deyirdi, oğul bala, mən doğrayıram, sən içəri daşı
“Əziz qardaşım,
Polad! Murovdan - sən leytenant
olandan qorumaq istəyirdik səni.
Bilirdik, bilirdik ki, böyük
adamsan, qeyri-adi zabitsən, ona görə. Sonradan adda-budda görüşsək
də, kimdən səni soruşdum, dedi, Həşimovdan yoxdur!
Əsgərlərin səni böyük qardaşları kimi sevirdilər, zabit yoldaşların sənin üçün canını
verərdilər. Həmişə gizli qalmağı
sevərdin, telefon işlətməzdin, biz də
səni buna görə, hərdən məzəmmət edərdik.
Ancaq, inan, biz də həmişə səni qorumaq, hamıdan gizli saxlamaq istəyirdik. Bu gün
artıq səni gizli saxlaya bilmədik...
İndi səni bütün Azərbaycan tanıdı və sevdi! Arzularına çatasan, həmişə
salamat qalacaq general Həşimov!”
Sosial şəbəkədə bu
statusu oxuduğum an qərar verdim; “İlhamla danışacam!”. Bilirdim, çətin olacaq.
Səsim
qırılacaq. Deməyə söz tapmayacam. İlham danışacaq, mən susacam... Ona zəng etməkdən vaz keçmədim. Generaldan danışacaqdı – Polad
Həşimovdan. Bütün
Azərbaycanın bir andaca bağrına basdığı Polad Həşimovdan! Belə oğul olarmı, Allah!.. Özünü tanıtmasın, üzünü
göstərməsin və
bir gün Şəhid olub xalqın ürəyinə
girsin, sonra çiyninə qalxsın?!.
İlham Tumas – qazi, ehtiyatda
olan zabit, rejissor, çoxsaylı sənədli filmlər, tv-layihələr, kitab müəlliifi, dostumuz, həmkarımız. Birini də əlavə edim; General Polad Həşimovun cəbhə
yoldaşı, ürək
dostu! Ürək sızıltısı, qəlb naləsi də bundandı – ürək dostu daha yanında olmayacaq. Onsuz da az-az eşitdiyi
səsini, az-az gördüyü üzünü
bir də... qiyamətdə görəcək,
inşəllah! Təkcə İlham
Tumas dostuni itirsəydi, təkcə ona təsəlli verərdik. Vətən
oğul itirib! Vətənə “Başın sağ
olsun!” deyirik. Telefonda nə danışdıq?!.
- ...Belə deyirlər;
hərə öz ölüsünə ağlayır. Amma... Azərbaycan ordusunda Raquf Orucov, bir
də Polad Həşimovdu... Mən onları Azərbaycan ordusunun bel sütunu
bilirdim... İnanmıram, bel sütunumuz
sınıb. Mənim
tanımadıqlarım da
var, əlbəttə...
- Necə oğullar itirmişik... Qarabağı necə alacağıq?
(Tələsik özünü
də inkar etdi – M.R.)
- Yox!.. Yox!.. Belə düşünməyin. Qətiyyən belə düşünməməliyik.
Birinin əvəzinə yüzlər,
minlər doğulur.
(Məni də
sakitləşdirməyə çalışdı – M.R.) Biz ki bilirik bunu...
Elə igidlərimiz var!.. Mən
sadəcə, Poladı
tanıyırdım, Raqufu
tanıyırdım... Mən
neçə ildir ağlamırdım... Poladın şəhadət
xəbərini eşidəndə
ağladım. Dayanmadan
ağladım... Axırı,
anam gəldi, dedi, ay oğul, ürəyin partlayar, infarkt olarsan, bəsdi!..
-Paylaşdığınız statusdan
anladım ki, bir yerdə xidmət keçmisiniz, ona görə sizinlə generalımız
haqqında danışmaq
istədim.
-1996-2000-ci illərdə Murovda olmuşam. Mən tağım
komandiri idim, Polad bölük komandiri. Sonra mən keçdim qərargah işinə, qərargahda işləməyə
başladım, sonra ordudan tərxis olundum, o isə qaldı... General oldu!
Poladı necə anladım sizə?.. Öz puluna
televizor alırdı kazarmaya... Əsgərlərin ehtiyaclarını ödəyirdi.
Əsgərlər üçün odun doğrayırdı ki, kazarmanı isitsinlər. Əsgərə deyirdi, oğul bala, mən doğrayıram, sən içəri daşı.
Bir də başını qaldırırdı,
ərkyana “ə mən
doğrayıb qurtarıram,
sən daşımağı
çatdıra bilmirsən?!.” Biz ona “balina” ləqəbini vermişdik. Görünməz idi, balina kimi.
Okeanın dərinliyinə baş vururdu, orada qalırdı, hərdən üzə çıxırdı, azacıq
görünürdü, yenə
dibə baş vururdu. İnanarsınız ki, Poladın
mobil telefonu yox idi?
-Siz deyirsinizsə, deməli elədi...
-O adam mobil
telefon gəzdirmirdi. Bilirsiz niyə? Çünki ehtiyat edirdi
ki, birdən dost-tanışdan, qohum-əqrəbadan
kimsə zəng edər, hansısa əsgərlə bağlı
nəsə xahiş edər. Deyərdi ki, qardaş, əsgər xidmətini eləməlidi!
Ürəyi istəyəndə, kiminləsə mütləq
danışmalı olanda
özü zəng edirdi. Biz Polada heç vaxt zəng vura bilmirdik...
-Qarabağ savaşı barədə fikirləri nə idi?
-Polad Həşimov
əsl hərbçi
idi. Konkret! O hərbçi
idi və vəzifəsini yerinə yetirirdi. Daha nəsə danışsın,
mülahizə irəli
sürsün, nə bilim, proqnoz versin...
Onda Polad Həşimov olmazdı! Bir dəfə Qəbələdə
görüşdük. “Şəlalə” deyilən yerdə mən ürək eləmədim çıxmağa,
o isə dəli kimi dırmandı şəlaləyə, bir
göz qırpımında.
Bir də gördüm yerdə - yanımdadı, su gətirib, dedi, al iç!..
- Vətənin başı sağ olsun, İlham bəy. Bundan başqa heç nə deyə bilmirəm.
- Hamımız üçün
ağırdı...
Qeyd edək ki, general Polad Həşimov
2016-cı il Aprel döyüşləri
zamanı Talış
kəndi istiqamətində
döyüşlər aparan
1-ci ordu korpusunun komandanı olub. 24 iyun
2019-cu ildə Prezident
İlham Əliyevin sərəncamı ilə
Polad Həşimova
general-mayor rütbəsi verilib.
Şəhid general Polad Həşimovla bağlı sosial şəbəkədə xatirələrini
paylaşanlar çoxdur. Birini təqdim edirik:
2010-2011-ci
illərdə komandirim
olmuş general-mayor Polad
Həşimovun xatirəsinə:
- Yanvar ayı idi, qar dizə
çatırdı. Hərbi hissəyə
çatdım. 2-3 gün sonra komandirim Həşimov məni yanına çağırdı. Dedi
ki, nə problemin olsa, heç kəsə yox, birbaşa özümə de. Sənin dostların
çoxdur, bilirəm,
amma ən yaxın dostun mənəm burada.
Tez-tez çağırırdı
yanına. Dərdləşirdik, söhbət eləyirdik.
Hər mövzuda. Həqiqətən sözdə yox, əməldə cəsur,
vətənini sevən
bir insan idi. Əsgərlərin yeməyinə, sağlamlığına
fikir verirdi. Tualetimizə
kimi öz hesabına təmir elətdirirdi. O vaxtki
rəhbərliyin yardımını
gözləmirdi.
Briqada qarşısında
həmişə mikrofonsuz,
əsl natiq kimi danışardı. Ən savadsız
insan belə onun nə demək
istədiyini anlayırdı.
Fikirlərini hərbçilərə rahatlıqla ötürürdü.
Briqadanın həyətində erməni
traktoru var idi. Özü şəxsən kəşfiyyatda olanda sürüb gətirmişdi.
Traktorun arxa şüşəsində
güllə yerləri
var idi. Amma ölümdən qorxmadan briqadaya kimi sürmüşdü traktoru.
Polad idi axı adı.
Polad - güllə keçirməz…
İyun ayında AzTV məndən müsahibə
götürməyə gəlmişdi. Məqsəd hərbi xidmətdən yayınıb türməyə
gedən bir aktivistə qarşı müsahibə almaq idi. Elə komandirin otağında ikən jurnalistə dedim ki, bunu
eləyəsi deyiləm.
Komandir məni kazarmaya göndərdi. Jurnalistləri götürüb harasa getdilər. Gecə yarısı növbətçi
mənə təcili komandirin yanına getmək göstərişini
verdi.
Komandir Həşimovla çay içdik,
otağında mənə dedi ki, narahat olma,
danışdım jurnalistlərlə. Sənə siyasi suallar verilməyəcək.
Zarafatca, həm də ciddi
şəkildə komandirə qayıtdım ki,
sizi efirdə tərifləməyəcəm
ha, çünki buna ehtiyacınız yoxdu.
Güldü, dedi ki, düz eləyirsən.
Ürəyin nə istəyir, o haqda da danış. Sonra məni nümunəvi xidmətə
görə 10 günlük məzuniyyətə
göndərdi. Tapşırıqsız, tərifsiz.
Qayıdandan sonra Briqada düzülüşü
idi. Minlərlə əsgərin
qabağında məni
çağırdı, dedi
ki, doktor (hərbi xidmətə doktoranturanı yarımçıq
buraxıb getmişdim,
ona görə doktor deyə çağırırdı məni),
gedirik posta odun daşımağa. Əsgərlərlə çiyin-çiyinə postlara odun, yemək daşıyırdı
Həşimov.
Yanvarın 1-i evə yola düşmək
vaxtı çatdı. Özü
mənə bir geribilim forması verdi.
Dedi, nə
düşünürsən, onu da yaz. Problemlərdən
danışmağa çəkinmə, təkliflər ver. Yenə zarafatından qalmayaraq
əlavə elədi ki, yaz
doktor, yaz, bəlkə
oxuyan oldu…
İndi isə, bu yazını yazıram. Özü oxumayacaq komandirim. Amma bəlkə başqaları oxudu, qəhrəmanımızın qiymətini öləndən sonra yox, vaxtında verə bildik.
Paylaşdı: Ramazan Səmədov
Bu da qəhrəmanımızın
Abidə anası:
-Döyüş əmri verilərsə mən sizinlə döyüşə bilməsəm də sizə yemək bişirib corablarınızı yumağa hazıram.
Əzizim ana! Bu ürəyin sahibi yalnız və yalnız Polad kimi oğulu dünyaya gətirə bilər. Var ol, yaşa Abidə Ana!
Sənin kimi analar, Polad kimi
oğullarımız olduqca, Vətənin
dizi bükülməyəcək!
Bütün şəhid və qazilərimizin qarşısında baş əyərək:
Məlahət Rzayeva
Şərq 2020.- 16 iyul.- S.8.