Sil gözünü,
şəhid balası
Başqa uşaqlar, həmyaşıdlarınız
ilbəil keçirilən ad günlərində
böyüyəcək, siz artıq böyümüsüz
Gəzməyə aparacaqdı, amma
atan ən tutarlı sözü
Vətənə verib
Şəhid övladları!.. Başqa
tanıtıma ehtiyac yoxdu.
Şəhid adı özündə hər şeyi
ehtiva edir. Kişilik, cəsurluq, igidlik,
qeyrət, dönməzlik, mübarizlik… Onlar Vətən yolunda hər
şeyi qurban verməyə
hazır olanlardır. Can nədi ki! Onsuz da
Vətənə nəzir edilib. Ailədən,
övladlarından da keçirlər
şəhidlik yolunu seçənlər.
Nə bilirik, övladı darvazadan
çıxan atasının ardınca qaçmayıb, “ata, demişdin, bu gün də qalacaqsan?!”, “ata, bəs
bibigilə getməyəcəkdik?!”, “ata,
gəzməyə aparacaqdın bizi!”, “ata, ata!.. söz
vermişdin!..”
Yox, bala!..
Atan ən tutarlı sözü
Vətənə verib. Kişi
sözü verib; səni
qoruyacam. Sinəmi sipər edəcəm.
Düşmən ayağının sinənə dəyməsinə
izn verməyəcəm!.. Kişilər
sözündən dönmür, bala! Bəlkə də sən dünyaya
gəlməmiş, hətta, özü də
dünyaya gəlməmiş mayası yurd sevgisi ilə yoğrulub və əhd-peyman bağlayıb əzəli
və əbədi sevgilisi – Vətənlə.
Axı sən bu əhd-peymandan çox sonra doğulmusan. Necə pozsun
əhdini?!. Əhdlər pozulmaz, bala!.. Sizin üçün
çox çətin olacaq,
şəhid balaları! Başqa uşaqlar, həmyaşıdlarınız ilbəil
keçirilən ad günlərində
böyüyəcəklər. Siz böyümüsünüz, artıq.
“Yaşlı-başlı” igid oğlan, qızlar olmusunuz.
Sizə daha illər lazım deyil. Bir anda
böyüdünüz çünki.
Şəhid atanızın tabutu
başında qarşınızdakı neçə-neçə
illəri arxada qoydunuz
artıq. Yayın qızmarında isti göz yaşlarınız ürəyini
yaxıb-qovurduqca böyüdünüz,
yaşlandınız. Kəpənək balalar…
Bir anda şahinə çevrildiniz. Hə… Vətənə sevdalanmaq belədi. Adi
insanı şəhidə çevirir!
Balasını da şəhid oğlu, şəhid qızına!
İstəsək də sayıb qurtara bilmərik, şəhidlərimizi, şəhid
balalarını. Şükür Allaha!.. Başımızı uca
edirlər. Övladlarının başı şəhid
atalarının cənazəsi önündə əyilir
yalnız. Ataları ilə vidalaşmaq üçün.
Aprel döyüşlərində də çox
gördük, atasını hələ
adını bilmədikləri hiss - qürurla yola salanları.
İndi də görürük.
İyulun 13-dən 14-nə keçən
gecədən Ermənistanın Azərbaycanın sərhəd
bölgəsi Tovuz istiqamətindəki hücumuna Milli Ordumuz layiqli cavab verdi. Şiddətli
döyüşlərdə əsgər və zabitlərimizdən
şəhidlik zirvəsinə ucalanlar oldu. Onlardan biri də Ağstafa
rayonunun Göyçə kəndindən gizir Vüqar Lətif oğlu Sadıqovdur. Şəhidin 3
azyaşlı övladları – bir oğlu, iki qızı
atalarının tabutu başında idi. Şəhid oğlunun
bacısının göz
yaşını kişiyana silməsi heç kimin gözündən
qaçmadı.
Şəhidlərin dəfnində oxşar hallar tez-tez yaşanır. Ata itirmiş övladlara
hamı təskinlik verməli olduğu halda, onlar özlərini böyük adamlar kimi aparıb, təsəlliyə yer qoymurlar. Demək ki, uşaqlar belə tez böyüyə bilirmiş…
Şəhid general-mayor Polad Həşimovun
dəfnində oğlu
belə dedi:
“Mənim atam həqiqətən igid, qəhrəman insan olub. Fəxr edirəm ki,
şəhidlik zirvəsinə
ucaldı”.
Şəhidin tabutuna bükülmüş
Azərbaycan bayrağı
adətə uyğun,
övladına təhvil
verildi.
Erməni hücumunun qarşısını
alarkən şəhid
olanlardan biri də Azərbaycan Ordusunun mayoru Anar Novruzovdur. Şəhidin nəşi doğulduğu
Masallı rayonunun Ərkivan qəsəbəsindəki
qəbiristanlıqda torpağa
tapşırıldı.
44 yaşlı Anar
Novruzov ailəli idi, bir qız,
bir oğlan övladı yadigar qaldı.
Şəhidin tabutuna bükülmüş
Azərbaycan bayrağı
övladına təhvil
verildi.
Tovuz rayonu istiqamətində gedən
döyüşlərdə şəhid olan Ağstafa rayon Köçəsgər
kənd sakini, gizir Babayev Yaşar
Vasif oğlunun isə qız övladı dünyaya gəlib. Körpə dünyaya
şəhid qızı
kimi göz açıb!
Sosioloq Lalə Mehralı «Şərq»ə açıqlamasında
mövzunun çox həssas olduğunu xatırlatdı:
- Şəhid ailələrinin,
yaxınlarının hazırda
keçirdiyi hisslər
bəllidir. Valideynlər övlad, xanımlar
həyat yoldaşı,
uşaqlar ata itirib. Biz hamımız
şəhidlərimizlə fəxr edirik və onların ölməzliyinə inanırıq.
Amma diqqət edin, valideyn övlad itkisinin nə demək olduğunu anlayır, xanım da həyat yoldaşı
itkisini anlayır, qəbul etmək, bu itkiylə barışıb-barışmamaq başqa məsələdir,
amma anlayırlar.
Uşaq isə bunu hələ
anlamır. Təbii, müəyyən
yaş dövrünə
görə uşaq psixologiyası və anlama qabiliyyəti fərqlidir. 3-4 yaşlı körpə ilə, 12-13, həmçinin,
14-16 yaşlı uşağın
psixologiyası da, düşüncələri də,
hadisələrə yanaşma
tərzləri də fərqlidir. 15-16 yaşlı
yeniyetmə və gənc artıq dünyanı müəyyən
qədər dərk edir və az da olsa
bilir ki, yaranan insan bir
gün ölür. Çünki o yaşadək uşaq
artıq kimlərinsə
həyatdan köçdüyünü
görüb.
Kiminsə nənəsi, babası, bəzisinin ana-atası, ya da hansısa
yaxın qohumu dünyadan köçüb. Amma 12-13 yaşlı
uşaq üçün
hansısa bir insanın həyatda olmaması ancaq yoxluq kimi anlaşılır.
O insanın yoxluğu
illər keçdikcə,
zamanla daha aydın anlaşılır.
Fikir vermisinizsə, bu yaş dövründə uşaqlar valideyn itkisi ilə barışa bilmirlər.
Bu olay onların
düşüncələrində dərin izlər buraxır. Çünki elə bir yaş dövründədirlər
ki, ata-ana onlara hava-su kimi lazımdır. Hansısa birinin olmaması uşaqları dərindən
sarsıdır. 3-4 yaşlı körpələrdə
vəziyyətsə tamam
fərqlidir. Dəfn mərasimini
izləyən uşaq
ətrafa baxır, insanları görür, amma baş verənləri
anlamır. Amma rəhmətə
getmiş adamın doğmaları onun övladını dəfnə
gətirməklə nəslin
davam etdiyini, yurdda varisin qaldığını nümayiş
etdirmək istəyirlər.
Bu da bizim
milli xüsusiyyətlərimizdən
qaynaqlanır. Və ehtirama
layiqdir.
Lakin biz təkcə
özümüzü deyil,
körpələri, azyaşlıları
da düşünməliyik. Elə etməliyik
ki, uşağın atasıyla bağlı son
xatirəsi cənazə,
tabutla məhdudlaşmasın.
Şəhid balaları atalarını
əsgər, zabit mundirində, əlində
silah, cəbhə bölgəsində, döyüş
geyimində xatırlamalıdır.
Elə insanlar görmüşəm
ki, cənazədə
meyitin üzünü
açdırıb uşağa
öpdürür. Belədə uşağın psixikasında
ölüm və meyit, hələ tam anlamadığı, lakin qorxulu bir hal
kimi qalacaq. Uşaq psixologiyası ilə oynamaq olmaz. Onsuz da böyüdükcə,
anası, nənə-babası
ona atası haqqında danışacaq,
evdə uşaq atasının zabit geyimində şəklini daim görəcək, getdikcə onu tanıyacaq və sevəcək. Atasının kimliyini bildikcə onunla fəxr edəcək. Azyaşlı uşaq bunların heç birini bilmir və nə baş verdiyindən də xəbərsizdi.
Hər şeyin
bir vaxtı var. Hətta ibtidai sinif müəllimləri kiçik yaşlı uşaqların Şəhidlər
Xiyabanını ziyarət
etmələrini də
məqsədəuyğun saymırlar. İbtidai sinif
şagirdi şəhidliyin
nə demək olduğunu hələ anlamırsa, onun Şəhidlər Xiyabanına
getməsi məntiqə
uyğundurmu? Bu uşaqların yaddaşında
şəhidlər yalnız
qəbir daşları
ilə ehtiva olunur. Uşaqda belə yanlış
təsəvvür yarana
bilər ki, bəs deyirlər, şəhidlər ölmür,
onda biz niyə qəbiristanlığa gəlmişik.
Sizcə,
müəllimlər bunun
fərqini, izahını
uşağa başa salır? Və hətta başa
salmağa çalışsa
da, uşaq onu qavramaq gücündədirmi?
Uşağı o zaman Şəhidlər
Xiyabanına aparmaq lazımdır, nə zaman ki o, şəhidliyin
nə olduğunu anlayacaq. Bu məsələdə
ananın üzərinə
böyük məsuliyyət
düşür.
Ana, nənə-baba, ailənin
həyatda olan digər böyükləri
uşağa izahat verməlidir ki, atası nəyin uğrunda döyüşüb,
niyə şəhid olub. Bu izahatın düzgün verilməsi uşağın özgüvən
hissinin formalaşmasında
əhəmiyyətli rol
oynayır. Əgər izahat
doğru verilərsə,
uşağın yaxşı
vətəndaş olmasına
xidmət edəcək.
Məlahət Rzayeva
Şərq 2020.- 18 iyul.- S.9.