"Düşmənlə
polemika aparmaqdan
çəkinməməliyik"
Vüsalə
Mahirqızı: "Hərbi əməliyyatlar başlasa
Operativ Media Qərargahı yaradılmalıdır"
APA holdinqin rəhbəri gərəkli
addımları sadalayır
Mətbuatın ağrılı yerlərindən
biri də bəzi media
qurumlarının, xüsusən saytların və sosial şəbəkələrin mütəmadi
olaraq dezinformasiya
yaymasıdır. Yalan və
çaşdırıcı məlumat yaymaq
mediada, siyasətdə, iqtisadiyyatda,
idman və hərbi sahələrdə tez-tez istifadə edilən psixoloji
müharibə metodu hesab
olunur. Dezinformasiyanın təsiri
düşündüyümüzdən daha
çoxdur.
Yanlış informasiyalardan çox zaman reytinq toplamaq üçün məqsədyönlü şəkildə istifadə edilsə də, bəzi hallarda müəyyən siyasi qruplaşmalar da öz mənfəətləri üçün dezinformasiyalardan faydalanır. Bu səbəbdən mətbuatda, xüsusən sosial mediada yayılmış xəbərlərin doğruluğuna dərhal qənaət gətirməməli, həqiqiliyini mütləq mühakimə etməliyik.
Unutmayaq ki,
bu gün ölkəmizə
qarşı həm də ciddi informasiya müharibəsi aparılır. Qərəzli
şəkildə sosial şəbəkələr
vasitəsilə həqiqətə uyğun
olmayan yalan xəbərlər
yayılır. Əfsuslar olsun ki, ermənilərin Tovuz rayonu istiqamətindəki hücumundan
sonra yenidən bu arzuolunmaz mənzərənin şahidi
olduq. Düşmən tərəfindən
yaradılan profillərdən müxtəlif məzmunlu və
həqiqət olmayan dezinformasiyalar,
şəkillər yayılır ki, bu da cəmiyyətdə ümidsizlik yaratmağa,
insanlarımızın dövlətə, orduya
inamını sarsıtmağa hesablanır.
Vəziyyət o
həddə çatır ki, Müdafiə
Nazirliyi hər gün
bununla bağlı mediaya
və sosial şəbəkə istifadəçilərinə
çağırış etməyə məcbur olur. Ötən gün
Dövlət Təhlükəsizliyi Xidməti də Azərbaycan-Ermənistan
sərhədində baş verən hadisələrlə
bağlı məlumat yayıb və yanlış xəbərləri
tirajlayanlara xəbərdarlıq edib.
DTX-dan bildirilib ki,
sərhəddəki döyüş əməliyyatları
ilə bağlı ictimaiyyətə müntəzəm rəsmi
məlumatlar verilməsinə baxmayaraq, Azərbaycanın
müdafiə qabiliyyətinə xələl gətirmək, əhali
arasında çaşqınlıq və inamsızlıq yaratmaq üçün
ayrı-ayrı sosial şəbəkələrdə
və media səhifələrində məqsədyönlü
şəkildə hadisələrin mahiyyəti barədə aşkar surətdə yalan
və qərəzli məlumatlar dərc olunur.
O cümlədən guya, ərazilərimizin
bir hissəsinin düşmən tərəfindən
tutulması, itkilərimizin sayının gizlədilməsi, hərbi
mövqelərimizin və texnikanın ələ keçirilməsinə
dair xəbərlər yayılır.
Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, bu cür dəqiqləşdirilməmiş və qərəzli məlumatların, mülahizələrin və paylaşımların heç bir əsası yoxdur: “Azərbaycan xalqı bilməlidir ki, Silahlı Qüvvələrimiz düşmənin hücumlarının qarşısını qətiyyətlə almağa daim hazırdır. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə ən zəruri tədbirlər görülməkdədir. Cəbhə xəttində yaranmış gərgin vəziyyətdə vətəndaşlarımızın soyuqqanlı olmasını, heç bir təxribata uymamasını və dövlətçilik mövqeyindən çıxış etməsini olduqca zəruri hesab edirik.
Azərbaycan Ordusu,
onun döyüş
potensialının zəiflədilməsinə yönələn,
habelə ərazi itkiləri və insan tələfatı
barədə yoxlanılmamış məlumatlar yayan şəxslər haqqında qanunvericiliyə
uyğun ən sərt tədbirlər
görüləcək. Bir daha vətəndaşlarımızdan milli həmrəylik nümayiş
etdirməyi və yalnız rəsmi dövlət
orqanlarının məlumatlarına istinad
etməyi və inanmağı xahiş edirik”.
Media nümayəndələri
də hesab edirlər ki,
informasiya müharibəsində qalib gəlmək, ön cəbhədəki
əsgərlərimizə dəstək olmaq
üçün ancaq
rəsmi qaynaqlardan alınan xəbərlərə
inanmalı və paylaşmalıyıq. Dezinformasiya
yayan şəxslər və saytlar isə sərt formada
cəzalandırılmalıdır.
“APA” Holdinq Media
Qrupunun rəhbəri Vüsalə
Mahirqızı “Şərq”ə açıqlamasında bəyan
edib ki, belə məqamlarda
ayrıca Operativ Qərargah
yaradılmalıdır. Çünki Azərbaycan
müharibə şəraitindədir və gərgin strateji mövqeyə malikik.
Holdinq rəhbərinin sözlərinə
görə, bu, böhran
qərargahı olmalıdır: “Qərargah strateji
məqamlarda fəaliyyət göstərməlidir.
Orada təcrübəli jurnalistlər, piar mütəxəssisləri və politoloqlar təmsil olunmalıdır. Həssas durumlarda ətraflı, geniş müzakirələr aparılmalı və qaynar xəbər mühiti yaradılmalıdır. Bütün informasiyaların da koordinasıyası həmin mərkəzdən təşkil olunmalıdır. Qərargahın əsas işi müvafiq vaxtlarda kommunikasiya qurumlarına təlimatlar hazırlayıb göndərmək, eyni zamanda informasiyaların təbliğinin sosial mediada qurulmasına nəzarət etməkdir. Əlbəttə, burada söhbət hansısa senzuradan, kiməsə təzyiqdən getmir. Amma həssas məqamlarda nəzarət mütləqdir. Hesab edirəm ki, bizim bu cür kommunikasiya qurumuna ehtiyacımız böyükdür. Bu mərkəz həm hökumət qurumları, həm də media ilə sıx işləməlidir. Qarşılıqlı əməkdaşlıq nəticəsində mediamızda yayılan yalan xəbərlərin, böhtanların qabağını operativ şəkildə ala bilərik”.
V.Mahirqızı vurğulayıb ki, hərbi əməliyyatlar
başladığı anda, həmin əraziyə
yalnız hərbi jurnalistlər buraxılmalıdır:
“Təxribat törədilən ərazidə dərhal
polis postları qurulmalıdır.
Müdafiə Nazirliyi il
ərzində bir neçə dəfə
jurnalistlərin iştirakı ilə seminarlar
təşkil edir. Xeyli
jurnalist təlimlərdən keçərək
hərbi jurnalistikanın sirlərinə yiyələnir, onlara xüsusi sertifikatlar verilir. Hesab edirəm ki, ermənilərin
təxribata əl atdığı, hücum
etdiyi bölgələrə sadəcə
Müdafiə Nazirliyinin sertifikat
verdiyi hərbi jurnalistlər cəlb edilməlidir.
Xarici dillərdə yayım həyata
keçirən media qurumları da onlarla paralel
işləməlidir. Məlumatlar ancaq bu cür xəbər
portallarından, özü də xarici dillərdə yayılmalıdır. Qərəzli
media qurumları, xüsusən özlərini
“bloger” adlandıran, xaricdən maliyyələşən
saytlar qətiyyən cəbhə bölgəsinə
buraxılmamalıdır. Hətta kifayət qədər
böyük və nüfuzlu
media qurumunda hərbi jurnalist yoxdursa, haranı,
necə çəkib göstərməli olduğunu
bilən müxbir yoxdursa,
o mətbu orqanın əməkdaşı
da müharibə gedən ərazidən
uzaqlaşdırılmalıdır”.
V.Mahirqızı qeyd edib ki, cəbhə xəttinə, hərbi əməliyyatlar bölgəsinə gedən hərbi jurnalistlərə təlim keçmək vacibdir:
“Nəzərə alınmalıdır ki, təxribat bölgəsində əhali gərgin
vəziyyətdədir. İnsanlar ölüm-dirim savaşı verirlər,
yaşadıqları evlər başlarına uçur.
Əraziyə yollanan jurnalistlər gərgin
insanlarla davranmağın yollarını
bilməlidir. Təlim keçmək həm də jurnalistin öz təhlükəsizliyi
üçün əhəmiyyətlidir. Belə vəziyyətlərdə Prezident
Administrasiyası və Müdafiə Nazirliyini
çıxmaq şərti ilə başqa
rəsmi qurumların nümayəndələri, deputatlar, qeyri-hökumət təşkilatları,
media təmsilçiləri heç bir məlumat verməməlidir.
Ümumi proses
Müdafiə Nazirliyi tərəfindən
aparılmalıdır. Ərazidə internet
və sosial media
platformaları bağlanmalıdır.
Dünyanın inkişaf etmiş ölkələrində bu metodlardan istifadə olunur. Hətta adi iğtişaşlar zamanı panika
yaranmaması, ölkədə çaxnaşma
olmaması üçün müvəqqəti
olaraq sosial şəbəkələri
qapadırlar. Sosial şəbəkə
istifadəçiləri hərbi texnikalarımızın
fotolarını nömrəsinə qədər qeyd edərək paylaşırlar. Postları, texnikaların hərəkətini
videoya çəkib “tik-tok”a, “instaqram”a qoyurlar. Bunlar qətiyyən yolverilməzdir.
Ona görə də hesab edirəm ki, əgər bunların qarşısını
almaq mümkün olmursa, o zaman ərazidə internet, kommunikasiya
minimuma endirilməli, sosial şəbəkələrə
çıxış bağlanmalıdır”.
Vüsalə Mahirqızı bildirib
ki, sosial media və internet şəbəkələrə
Dövlət Təhlükəsizlik
Xidməti tərəfindən
ciddi nəzarət olunur:
“Yalan məlumat yayan bir neçə
şəxs həbs olunub. Qəsdən yanlış informasiyaları
tirajlayan, cəmiyyətdə
çaxnaşma yaratmağa
cəhd göstərən
şəxslər məsuliyyətə
cəlb olunmalıdır.
İnsanlar başa düşməlidirlər
ki, öz fantaziyalarını, arzularını
parkda yanaşı oturduqları dostuna, yoldaşına danışmır.
Sosial şəbəkələr kütləvi
yayım yeridir.
Bir nəfərin virtual dostluğunda
yüzlərlə, minlərlə
adam olur
və nəticədə
dezinformasiya daha böyük auditoriyaya yayılır. Əksər şəxs yalan
xəbəri həqiqət
kimi qəbul edir və ölkə
bir-birinə qarışır.
Yəni
“bir dəli quyuya daş atır, yüz ağıllı çıxara
bilmir”. Hansısa dezinformasiya gedir,
sonra dövlət qurumları və peşəkar media onu təkzib etməklə məşğul olur.
Bilmirik belə məqamlardan düşmənin yalanlarına
cavab verək, yoxsa öz içimizdəki
yalançılarla mübarizə
aparaq”.
Media Qrupun rəhbəri diqqətə çatdırıb
ki, sosial mediada işi düzgün qurmalıyıq:
“Biz “vesti.az” saytının səhifəsində bir elan paylaşdıq və insanlara çağırış etdik. Məlumdur ki,
rusdilli xəbər portallarına Ermənistanın
xüsusi xidmət orqanları, trollar daha çox cəlb olunur. Ermənilər bizim yaydığımız
həqiqətlərin “yalan”
olduğunu sübut etməyə çalışırlar.
Bizimkilər isə admindən
tələb edirlər
ki, erməniləri bloklasın. Xeyr, düşməni
bloklamaq lazım deyil.
Əksinə, biz o xəbərləri rus dilində ona görə yayırıq ki, ermənilər özləri də reallığı görsünlər. İşğalçı Ermənistan hökuməti
öz xalqına doğru-dürüst məlumat
vermir, itkiləri, düşmənin məğlubiyyətini
gizlədir. Göstərmək istəyirik ki, İrəvanın siyasəti
sadə erməniləri
uçuruma aparır.
O səbəbdən ermənilərlə
açıq mübarizə
aparmalıyıq. Düşmənlə polemikaya girməkdən çəkinməməliyik. Rusdilli, ziyalı kütləmiz sosial şəbəkələrdə,
mediada aktiv olmalıdır. İnformasiya müharibəsi belə aparılır”.
V.Mahirqızının fikrincə, insanlarımıza təcili
şəkildə sosial
media davranışı öyrədilməlidir:
“Orta məktəblərdə
sosial media dərslərinə
başlamalıyıq. Xarici məktəblərdə
bu praktikadan istifadə olunur.
Mənim qızım Azərbaycanda
ingilis dilində təhsil verən xarici məktəbdə təhsil alır. Onlara hansı
informasiyanın doğru,
yaxud yanlış olduğu məktəbdə
öyrədilir. Bildirilir ki,
vikipediyada yayılan, yutubda baxılan hər şey doğru deyil. Dəqiq informasiyalar üçün
mütləq rəsmi,
təsdiqlənmiş məlumatlara
baxılmalıdır”.
İsmayıl Qocayev
Şərq 2020.- 18 iyul.- S.11.