3 günlük
müharibənin informasiya tərəfi
Yeganə
Hacıyeva: "İstər internet resurslarda fəaliyyətimiz,
istərsə də xarici ölkələrdə həmyerlilərimizin
dəstək aksiyaları bu məsələdə mövqelərimizin
güclənməsinin sübutudur"
Əhməd Şahidov: "Bütün öhdəlik bizim
üzərimizə düşür"
Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. İşğalçı ölkənin silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son hərbi təxribatlar bunun əyani sübutudur. Güclü Ordumuz bu dəfə də düşmənin hücumlarının qarşısını qətiyyətlə alaraq, qarşı tərəfə sarsıdıcı zərbələr endirdi. Hərbi texnikaları, istehkamları darmadağın edilən düşmən canlı qüvvə ilə 100 nəfərdən çox itki verərək geri çəkildi. Ağır döyüşlər zamanı ordumuz da itkilər verdi. General-mayor Polad Həşimov, onunla bərabər bir neçə zabit və əsgər qəhrəmancasına şəhid oldu.
Bu səbəbdən Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarının
formatını, atəşkəs rejimini kobud şəkildə pozan,
beynəlxalq hüququn, konvensiyaların tələbini
heçə sayan Ermənistanın bu addımları cavabsız
qalmamalıdır. Beynəlxalq təşkilatlar
Tovuzda baş verənlərə
biganə qalmamalı, sadəcə, bəyanat verməklə
kifayətlənməməli, Ermənistana təzyiqlərini
artırmalı, ciddi sanksiyalar
tətbiq etməlidir. Çünki Ermənistanın
cəzalandırılmaması onu daha da
azğınlaşdıraraq, yeni təxribatlara
sövq edir.
Yaxşı olardı ki, vasitəçilik
missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupu həmsədrləri
tərəfləri atəşkəsə əməl etməyə
çağırmaqdansa, işğalçını öz adı ilə çağırsın.
Azərbaycanın dövlət sərhədini pozmağa
cəhd edən Ermənistanın
işğalçılıq siyasəti pislənməli, dərhal
zəbt etdiyi torpaqları azad
etməsi tələb olunmalıdır. BMT və
digər qurumların qəbul etdiyi qətnamələri
indiyədək icra etməyən, əvəzində
Azərbaycana qarşı təcavüzkar siyasətini genişləndirən,
hərbçilərimizi, mülki əhalini
qətlə yetirən Ermənistan törətdiyi bütün bu əməllərə
görə beynəlxalq məhkəmələrdə cavab verməlidir.
Qeyd edək ki,
işğalçı ordunun Azərbaycan-Ermənistan
dövlət sərhədinin Tovuz istiqamətində
təxribatı dünyanın müxtəlif ölkələrində
yaşayan diaspor təşkilatları
tərəfindən şiddətlə qınanılıb.
Xaricdəki diaspor təşkilatlarımız
Ermənistan ordusunun təxribatına çevik reaksiya verərək,
onu pisləyib və baş
verənlərlə bağlı həqiqətləri dünya ictimaiyyətinə
çatdırmağa çalışıblar.
Münaqişənin nizamlanmasına məsul olan ATƏT-in Minsk Qrupunun həmsədr institutu baş verən insidentə hələ münasibət bildirməsə də qonşu dövlətlər və Avropa İttifaqı bəyanatla çıxış edib.
Avropa Birliyinin Xarici
işlər və təhlükəsizlik siyasəti üzrə
aparıcı sözçüsü Peter Stanonun adından
yayılmış bəyanatda deyilib ki, Avropa Birliyi
tərəfləri silahlı qarşıdurmanı
dayandırmağa, gərginlik yaradacaq hərəkət
və ritorikadan çəkinməyə,
vəziyyətin daha da
qızışmaması üçün
dərhal tədbirlər görməyə
çağırıb.
“Bu kontekstdə hər iki tərəf birbaşa kommunikasiya üçün mövcud mexanizmdən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin başçılıq etdiyi formatdan istifadə etməlidirlər. Atəşkəsin bu ciddi pozuntusu ATƏT-in yerdə monitorinqinin mümkün qədər tez bərpasının vacibliyini göstərir. AB tərəfləri atəşkəsə sərt şəkildə əməl etməyə, enerji və resursları koronavirus pandemiyası ilə mübarizəyə yönəltməyə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlar aparmağa, əhalini sülhə hazırlamağa çağırır.
Türkiyənin Xarici
İşlər Nazirliyinin bəyanatında
Ermənistan silahlı birləşmələrinin Azərbaycanın
Tovuz bölgəsinə hücumu
qətiyyətlə pislənilib: “Ermənistanın xəstə
təfəkkürlü millətçilik
anlayışının yeni bir forması olan bu hücumun
qarşısının Azərbaycan tərəfindən qətiyyətlə
alınması təcavüzkar niyyətin cavabsız
qalmayacağını göstərib. Ermənistanın
beynəlxalq ictimaiyyətin diqqətini illərlə qanunsuz işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf
rayonlarından başqa yerlərə
çəkmək və münaqişəyə yeni ölçülər əlavə edərək
problemin siyasi dialoq yolu ilə həllinə
mane olmaq cəhdləri
nəticəsiz qalmaqdadır.
Həddini aşan əməllərlə
sərgüzəştlik etmək Ermənistanın zəifliyini
ortaya qoyur, bölgəmizdəki
sülh və sabitliyə qarşı böyük maneə yaradır. Erməni
tərəfi belə təhlükəli taktikalardan
əl çəkməli, ağıllı və hüquqi yolu seçməlidir.
Ümid edirik ki, Ermənistanın təcavüzünü
ört-basdır etmək səyləri beynəlxalq ictimaiyyət
tərəfindən heç bir şəkildə qəbul edilməyəcək.
Türkiyə ərazi bütövlüyünü
qorumaq mübarizəsində bütün imkanları ilə Azərbaycanın
yanında yer almaqda davam edəcək".
Qeyd edək ki, Ermənistan beynəlxalq hüquq qarşısında məsuliyyət daşıdığı halda hərbi təcavüzkarlığını başqa bir istiqamətdə davam etdirməklə dünya ictimaiyyətinin diqqətini münaqişənin əsl mahiyyətindən, işğal faktından yayındırmaq istəyir.
Politoloq Yeganə
Hacıyeva isə "Şərq"ə
açıqlamasında dövlət sərhədinin Tovuz istiqamətində baş
verən döyüşləri birmənalı olaraq son illərin ən çox beynəlxalq diqqət çəkən
gərginliyi adlandırıb. Politoloqun sözlərinə görə, BMT Baş
katibi Antonio Quterreş , ATƏT-in Minsk
Qrupunun həmsədrləri, ABŞ
Dövlət Departamenti, Avropa
İttifaqı, NATO Baş katibinin
Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi, ATƏT-in
diğər nümayəndələri və s.
Azərbaycan-Ermənistan sərhədinin Tovuz
rayonu hissəsində baş
verən qarşıdurmanı təcili dayandırmağa,
qarşıdurmaya son qoymağa
və vəziyyəti daha da
gərginləşdirməmək üçün
tədbirlər görməyə çağırdılar:
"Məsələyə dünya
ictimaiyyətinin Azərbaycan sərhədində törədilən
bu təxribatla bağlı mövqeyi qaneedicidirmi
prizmasından baxsaq, deyə bilərəm
ki, bu mövqe
daha da ədalətli ola bilərdi. Düzdür,
beynəlxalq hərbi və siyasi qurumlar və nizamlayıcı təsisatlar Azərbaycan-Ermənistan
sərhədindəki gərginliyi pislədilər və tərəfləri
regionun təhlükəsizliyi naminə gərginliyi
azaltmağa çağırdılar.
Çünki bu qurumlara sadəcə regionda sabitlik lazımdır. Bu sabitliyin əldə edilməsinin beynəlxalq hüququn təmin olunması yolu və ya ədalətsiz bir qaydada həyata keçirilməsində maraqlı deyillər. Yəni beynəlxalq aləmdə təcavüzkar və təcavüzə uğramış tərəfi tərəzinin eyni gözünə qoyaraq sabitliyin əldə olunmasının tərəfdarı kimi çıxış edirlər.
Bu cür
yanaşma isə çox
yanlışdır və birmənalı şəkildə Azərbaycanın
maraqlarına uyğun deyil.
Dayanıqlı sülhün
əldə olunması üçün konfliktin ədalətli nizamlanması mühüm olduğu qədər,
sərhəddə qısamüddətli gərginlik də ədalətlə
aradan qaldırılmalıdır. Əks halda gərginliyin dayanması müvəqqəti
xarakter daşıyır".
Azərbaycan
həm real döyüş meydanında, həm də virtual
informasiya müharibəsində Ermənistanın hərbi təcavüzünə
layiqli cavab verdiyini vurğulayan politoloq qeyd edib ki, uzun illər
informasiya müharibəsi ermənilərin xeyrinə idi,
çünki erməni lobbisi 100 illik bir tarixə və
dünyanın bir çox ölkələrində yerli
KİV-lərdə şəxalənmiş bir təcrübəyə
malikdir. Onlara nisbətən daha gənc olan bizim qrup
əvvəlki illərdə bir az zəif kimi görsənirdi.
İndi isə istər internet
resurslarda fəaliyyətimiz, istərsə
də xarici ölkələrdə həmyerlilərimizin
dəstək aksiyaları bu məsələdə
mövqelərimizin güclənməsinin sübutudur".
Azərbaycan Demokratiya
və İnsan Haqları İnstitutunun
rəhbəri, tanınmış hüquq
müdafiəçisi Əhməd Şahidov
bildirib ki, iyulun 12-də Azərbaycan dövlət sərhədinin
Tovuz istiqamətində atəşkəsin
erməni silahlı qüvvələri tərəfindən
pozulması və bu təxribatın 3 gün ərzində davam
etdirilməsi dünya ictimaiyyətinin də
diqqətindən kənarda qalmadı:
"Tovuzda baş verənlər xarici
media orqanlarının əksəriyyətində
tirajlandı. Beynəlxalq təşkilatların əksəriyyəti
dövlət sərhədində baş
verən atışmalara dərhal reaksiya verib, hər iki tərəfi
atəşi kəsməyə çağırdı. Bu müraciətlərin hansı tərəfin
maraqlarına uyğun olduğunu müəyyən etmək başqa bir mövzu predmetidir.
Təəssüf ki, bu dəfə də Azərbaycan-Ermənistan sərhədində
baş verənlərə bir
sıra beynəlxalq təşkilatların və əcnəbi
media kanallarının ikili
yanaşma sərgilədiyinə şahid olduq. Azərbaycan
həqiqətlərinin dünya
mediasında işıqlandırılmasına
çalışıb haqq səsimizi beynəlxalq
aləmdə müdafiə edən dost-qardaş
ölkələrlə yanaşı fürsətdən istifadə
edib. Dünya media orqanları arasında sərhəddə
atəşkəsin pozulmasını Azərbaycanın Ermənistana
"hərbi təcavüzü" kimi təqdim
edənlər oldu.
Sözsüz ki, işğala məruz qalan dövlət olaraq biz haqlı tərəfik. Erməni hücumuna məruz qalan ordu da, kəndlər də,
mülki vətəndaşlar da bizim qanımız,
canımızdır. Ona gör
də, əlimizi əlimizin üstünə qoyub
beynəlxalq təşkilatlardan, aparıcı media
quruluşlarından ədalət gözləməyimiz sadəlövhlükdür.
Azərbaycan, Dağlıq Qarabağla
bağlı bütün gerçəkləri
dünya mediası və ictimaiyyətinə
biz özümüz
çatdırmalıyıq. Buna nə dərəcədə
nail ola bilirik, bu da
ayrı bir məsələdir".
Hüquq müdafiəçisinin
sözlərinə görə, bu gün Amerikada, Kanadada, Çində və ya
başqa bir ölkədə
oturan insanların Tovuz
sərhədində baş verən hadisələrin
gerçək səbəbini ayırd etməsi mümkün deyil.
Xüsusən də pandemiya dövründə
dünya mediasının, beynəlxalq təşkilat
nümayəndələrinin regiona səfəri
imkansızdır:
"Deməli, bütün
öhdəlik bizim üzərimizə düşür. Vətəndaş cəmiyyətləri,
media orqanları, diplomatik
nümayəndəlikləri bu həqiqətləri
hansı formada çatdırsa, dünya da informasiyanı o formada qəbul edəcək.
Hesab edirəm ki, bu yükün
ağırlığını sadəcə dövlətin
üzərinə atmaq düzgün
deyil. Hər bir Azərbaycan
vətəndaşı bu istiqamətdə
üzərinə düşən öhdəliyi yerinə
yetirməlidir. Ermənistan silahlı qüvvələri
tərəfindən dövlət sərhədinin Tovuz istiqamətində baş
verən təxribatla bağlı rəsmi məlumatları sadəcə
Azərbaycan dilində yox, müxtəlif xarici dillərə tərcümə edib sosial şəbəkələrdə
paylaşmalı, əcnəbi medialarda
yayımlanmasına nail
olmalıyıq".
Ə.Şahidov
qeyd edib ki, Tovuzda baş
verənlərlə bağlı üzdə beynəlxalq hüquqa əsaslanan bəyanatlar yayıb, Ermənistana
dolayı dəstək verən təşkilatlar var ki, bunun
başlıca qaynağı erməni lobbisinin
gücünə və xristian həmrəyliyinə
bağlıdır.
Ancaq onların bu ikili siyasəti bizi ruhdan
salmamalıdır. Biz öz
təbliğat siyasətimizi elə qurmalıyıq ki, Azərbaycanın dostları və mövqeyini müdafiə edən dövlətlərin
sayı çoxalsın.
Şəymən.
Şərq 2020.- 21 iyul.- S.11.