Medianın
inkişafında yeni mərhələ başlayır
Dünən
Azərbaycan milli mətbuatının yaranmasının 145 ili tamam oldu. Ölkədə ilk mətbu
orqanın, əsası Həsən bəy Zərdabi tərəfindən
qoyulmuş “Əkinçi” qəzetinin nəşrə
başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda
Milli Mətbuat günü kimi qeyd olunur. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin
sentyabrınadək cəmi 56 sayı işıq üzü
görsə də, onun Azərbaycan milli mətbuatının
təşəkkül tapmasında, inkişafında əvəzsiz
rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə
götürmüş “Əkinçi” az
müddətdə həm ziyalı təbəqə, həm də
sadə insanlar arasında çox məşhurlaşıb. Təsadüfi deyil ki, dövrünün görkəmli
ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq
edib, müntəzəm məqalələrlə
çıxış ediblər.
Lakin
“Əkinçi”nin ömrü uzun sürməyib.
Çar Rusiyası qəzetin insanların maariflənməsində,
ictimai-siyasi proseslərə daha yaxından bələd
olmasındakı rolundan çəkinməyə başlayıb
və sonda qəzetin nəşrini dayandırıb. O
vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri
keçən Azərbaycan mətbuatı daim cəmiyyətin
proseslərə baxışını əks etdirən
güzgü rolunu oynayıb. 1998-ci ilin avqustunda
senzuranın ləğvi isə Azərbaycanda mətbuatın
inkişafına ciddi təkan verib. Hazırda
respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar
nəşr olunur, internet qəzetçilik inkişaf edir.
Müasir dövrdə informasiya texnologiyalarının
inkişafı Azərbaycan mətbuatını qlobal informasiya
şəbəkəsinin bir hissəsinə çevirib. Bütün
dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan
ötməyib. Bu gün yüzlərlə
jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə
təşkil olunan peşə artımı kurslarında
treninq və təkmilləşmə kursları keçirlər.
Mətbuat Şurasının formalaşması media sahəsində
pərakəndəliyi aradan qaldırmağa müvəffəq
olub. Jurnalistlərin Peşə Kodeksinin yaradılması
isə media qurumları arasında problemlərin həllinə
müsbət təsir göstərib. Ulu öndərin
1998-ci il 16 avqust tarixli "Azərbaycan
Respublikasında söz, düşüncə və informasiya
azadlığının təmin edilməsi tədbirləri
haqqında" fərmanı ilə ölkədə kütləvi
informasiya vasitələri üzərində senzura ləğv
edilib.
Bu fərman kütləvi informasiya vasitələrinin
sürətli inkişafına ciddi təkan verməklə
yanaşı, onların rasionallığının
artırılması sahəsində geniş Dövlət
Proqramının əsas istiqamətlərini müəyyən
edib. Prezident İlham Əliyevin 2009-cu ilin martın sonunda
imzaladığı sərəncamla Prezident yanında Kütləvi
İnformasiya Vasitələrinə Dövlət Dəstəyi
Fondu yaradılıb. Fondun yaradılmasında
məqsəd Azərbaycanda fikir, söz və məlumat
azadlığı şəraitini yaxşılaşdırmaq,
o cümlədən buna xidmət edən kütləvi
informasiya vasitələrinə dövlət dəstəyidir.
Məlum
olduğu kimi Prezident 30 iyun 2020-ci il tarixdə
Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə
bağlı sərəncam imzalamışdı. Milli mətbuatın yubileylərinin ölkədə
geniş qeyd olunması, KİV-ə birdəfəlik
yardımların göstərilməsi, mətbuat
işçilərinin sosial müdafiəsinin gücləndirilməsi
tədbirləri, həmçinin milli mətbuatın
inkişafındakı xidmətlərinə görə
jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında
sərəncamlar mətbuata və mətbuat işçilərinə
qayğının tərkib hissəsidir.
Dövlət başçısının Azərbaycan mətbuat
işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə
dair sərəncamları əsasında jurnalistlər
üçün iki yaşayış binası tikilib. 2013-cü və
2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər
üçün tikilmiş binada Milli Mətbuat Günü
münasibətilə mənzillərin paylanması mərasimində
iştirak edib. Dövlət
başçısı 2017-ci ildə mətbuat işçiləri
üçün sayca üçüncü yaşayış
binasının tikintisi ilə bağlı sərəncam
imzalayıb. Azərbaycan Konstitusiyasında
söz və mətbuat azadlığının təməl
prinsip olaraq əksini tapması ölkədə medianın
azad və güclü bir cəmiyyət institutu kimi
formalaşmasına təkan verib. Sözsüz
ki, bütün bu proseslərin əsas
iştirakçıları, əldə olunan nəticələrin
əsas səbəbkarları Azərbaycan jurnalistləridir.
Məlumat üçün qeyd edək ki, Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki
“Azərmarka” MMC milli mətbuatın 145 illiyi münasibətilə
poçt markası dövriyyəyə buraxıb. Nazirlikdən verilən məlumata görə,
markanın üzərində simvolik olaraq zəmidə toxum səpə-səpə
gedən əkinçi təsvir olunub. “Zəmi”
üzərində böyük maarifçi, naşir Həsən
bəy Zərdabiyə məxsus sitatdan bir hissə yerləşdirilib.
Poçt markasının əsas ideyası milli mətbuatımızın
inkişaf toxumunun hələ 145 il əvvəl Həsən bəy
Zərdabi tərəfindən səpilməsini göstərmək,
Azərbaycan mətbuatının banisinə diqqəti cəlb
etməklə bu tarixi yaşatmaq, gələcək nəsillərə
ötürməkdir. Qurumun baş rəssamı
Vüqar Əyyubov tərəfindən hazırlanmış
marka 5000 ədəd tirajla Belarusun “Bobruisk Integrated Printing
House” mətbəəsində çap olunub.
Mətbuatın
145 illiyi ilə bağlı “Şərq”ə danışan
“Novoya vremya” qəzetinin baş redaktoru Şakir Ağayev əvvəlcə
Prezident tərəfindən Əməkdar jurnalist adı ilə
təltif olunduğuna görə, dövlət
başçısına öz təşəkkürünü
bildirib. Baş redaktor bildirib ki, ölkə rəhbəri tərəfindən
bu ada layiq görülməsi böyük etimaddır:
“Hər zaman dövlətimizə, xalqımıza xidmət
etmişik, bundan sonra da məsuliyyətli ad altında öz fəaliyyətimizi
davam etdirəcəyik. 2009-cu ildə KİVDF yaradılandan və
mətbuata maliyyə yardımı ediləndən sonra media
inkişaf yoluna qədəm qoydu. Fond rəhbərliyində
həyata keçirilən dəyişiklikdən və
aparılan islahatlardan sonra mediamız daha da inkişaf edəcək.
Məhz dövlət
başçısının çap mediasına diqqət və
qayğısı nəticəsində qəzetlər
hazırda varlığını sürdürür. Ötən illər ərzində 450-yə yaxın
jurnalist mənzillərlə təmin olunub. Bir çox mətbuat nümayəndəsinə
müxtəlif fəxri adlar, prezident təqaüdləri
verilib. Bunların hamısı medianın
inkişafına stimuldur. Müasir
dövrün tələbləri başqadır. Texnologiya durmadan dəyişir, artıq sosial şəbəkələr
zamanıdır. Dövrü mətbuat
bütün proseslərə çevik reaksiya verməli, reformlara
uymalıdır. Ancaq biz bu sahədə
problemlərlə üzləşirik. Başqa
ölkələrdə sosial mediadan dövlətin, xalqın
xeyrinə istifadə edildiyi halda bizdə bəzi qüvvələr
milli maraqların əleyhinə çalışır. Yerindən duran özünə sayt açır,
sosial şəbəkələrdə profil yaradır və
ağlına gələni yazır. Tovuz
hadisələrində bu mənzərənin yenidən
şahidi olduq. Lakin peşəkar media
öz işinin öhdəsindən layiqincə gəlməyi
bacarır. Koronavirus pandemiyası
dövründə dəfələrlə sübut olundu ki,
medianın maarifləndirmə işinə böyük ehtiyac
var. Xeyli insan ilk vaxtlarda xəstəliyə inanmır, tələblərə
məhəl qoymurdu. Məhz mətbuatın
davamlı təbliğatından sonra vəziyyət müsbətə
doğru dəyişdi. İnsanları
inandıra bildik ki, virus var, təhlükəlidir və onunla
mütləq mübarizə aparmaq lazımdır”.
Ş.Ağayev
mətbuatın çatışmayan cəhətlərindən
də söz açıb:
“Əfsuslar olsun ki, beynəlxalq mediaya
çıxışda geri qalırıq. Bizə
müxtəlif dillərdə fəaliyyət göstərən
çoxsaylı mətbuat orqanları lazımdır. Azərbaycanı kənarda layiqincə təmsil edən,
bir neçə dil bilən jurnalistlərə ehtiyac var.
Dünya televiziyalarında, tok-şoularda iştirak etməyi
bacaran və onların öz dilində cavab verə bilən
media nümayəndələrimiz olmalıdır. Bu
istiqamətdə ciddi addımlar atmalıyıq”.
Demokratik Jurnalistlər Liqasının sədri
Yadigar Məmmədli də “Şərq”ə son illərdə
mətbuatın müəyyən qədər inkişaf
etdiyini deyib. Onun sözlərinə görə, medianın tərəqqisi
göz qabağındadır:
“Onlayn və internet media hər kəsin həyat
tərzinə çevrilib. İnsanlarımız dünya və
Azərbaycan haqqında informasiyanı ilk olaraq sosial şəbəkələrdən
alır. Bu, günün reallığıdır. Tez-tez
vurğulanır ki, sosial şəbəkələr medianı
üstələyir. Ancaq mən belə düşünmürəm.
Sosial şəbəkələrin içində medianın
yeri böyükdür. Mətbuatımız sosial şəbəkələrdən
kənarda deyil. İlk vaxtlarda sosial şəbəkələrdə
fərqli durum müşahidə olunurdu və media ilə arada
ciddi məsafə var idi. Bu aktual məsələ xeyli
müzakirə olundu və nəhayət, çoxları
başa düşdü ki, indiki dönəmdə sosial
platformalara qoşulmadan irəli getmək mümkün deyil. Bu baxımdan ənənəvi qəzetlərimizin,
mediamızın zamanla internet saytları, daha sonra sosial şəbəkələrdə
səhifələri, kanalları yaradıldı. İndi demək
olar ki, hər bir qəzetin elektron variantı var, hər
saytın da feysbukda, tvitterdə, yutubda ayrıca səhifələri
mövcuddur. Bunlarsız mümkün deyil və kompleks
şəkildə həyata keçirilir. Sosial şəbəkələrin
üstün cəhətlərindən istifadə edərək
daha da inkişaf edən mediamız informasiyanın cəmiyyətə
çatdırılmasında müasir tələblərlə
ayaqlaşa bilirlər”.
Y.Məmmədli media ilə bağlı
gözləntilərinin olduğunu da söyləyib:
“Ən əsası reklam bazarının
formalaşmasını istəyirik. Medianın bütün
subyektləri reklamdan gəlir əldə etməlidir. Mətbu
orqanların iqtisadi müstəqilliyi təmin
olunmalıdır. Əks halda qəzetin dayanaqlığı
çox zəif olur. İqtisadi müstəqillik medianın əsas
sütunudur. Ümid edirik, bu istiqamətdə addımlar
atılacaq. Qəzetlərdə reklamın miqdarı az olsa da,
onlayn mediada reklamın vəziyyəti nisbətən
yaxşıdır. Problemlər var, amma ümumən
medianın inkişafı hiss olunur”.
Jurnalist Araşdırmalar Mərkəzinin
rəhbəri Seymur Verdizadə də “Şərq”ə bildirib
ki, Azərbaycan dövlətinin media siyasətini həyata
keçirən məmurların bir-birinin ardınca istefaya
göndərilməsindən sonra mətbuatımızın həyatında
yeni mərhələ başlayıb. JAM sədrinin
sözlərinə görə, tədricən söz və
ifadə azadlığının çərçivəsi
genişlənib, mətbuata yersiz müdaxilələr aradan
qalxıb:
“Yeni dövr yeni ab-havanın yaranmasına səbəb oldu. Mətbuatımız üçün xarakterik olan neqativ meyillərin tədricən ortadan qalxdığını söyləmək mümkündür. Milli mətbuatımızın yaranmasının 145 illiyini bu ovqatda qeyd etmək insanda məmnunluq hissi oyadır, gələcəyə inamı artırır. Şəxsən mən ötən illə müqayisədə daha nikbinəm. Tezliklə Azərbaycan mətbuatının sözün həqiqi mənasında 4-cü hakimiyyətinə çevriləcəyinə inamım artıb. İnanıram ki, peşəkarlıq yenə əsas meyara çevriləcək, jurnalistlər öz vəzifələrinin icrası ilə məşğul olacaq. Məmurların mətbuat üzərindəki təsirini sıfıra endirmək lazımdır. Jurnalist tərəf tutmamalı, hansısa məmurun yanında yer almamalıdır. Müstəqil mətbuat həm dövlətə, həm məmur ordusuna, həm də cəmiyyətə lazımdır. Sovet dövründə kommunistlərin məşhur bir şüarı vardı: - sağlam tənqid müvəffəqiyyətin rəhnidir. Biz ancaq sağlam tənqidin sayəsində cəmiyyətdə tərəqqiyə nail ola bilərik”.
İsmayıl
Qocayev
Şərq 2020.- 23 iyul.- S.11.