Milli mətbuatımız ötən
145 ildə zəngin və şərəfli yol
keçib
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru Əhməd İsmayılovun milli mətbuatın 145 illik
yubileyi münasibətilə AZƏRTAC-a
müsahibəsi.
– Əhməd
müəllim, Azərbaycan milli mətbuatının
145 yaşı tamam olur.
Yubileylə bağlı KİVDF hansı işlərin
görülməsini planlaşdırır və görür?
– Suala görə
təşəkkür edir və
müsahibənin əvvəlində Azərbaycan–Ermənistan
dövlət sərhədinin Tovuz rayonu istiqamətində
torpaqlarımızın müdafiəsi uğrunda
döyüşlərdə qəhrəmancasına şəhid
olan zabit və əsgərlərimizə
Allahdan rəhmət diləyirəm.
Bildiyiniz kimi,
müharibə təkcə cəbhədə,
qoşunların təmas xəttində deyil,
həmçinin informasiya məkanında da davam etməkdədir. Bu gün cəbhədə böyük
şücaət göstərən hərbçilərimizlə
yanaşı, informasiya müharibəsində
qələmlərinin nə qədər güclü
olduğunu bir daha nümayiş etdirən
kütləvi informasiya vasitələrinin
nümayəndələrinə dərin təşəkkürümü
bildirir və hər birini
milli mətbuatımızın 145 illik yubileyi münasibətilə
təbrik edirəm.
Dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamına uyğun olaraq tədbirlər koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müəyyənləşdirdiyi xüsusi qaydalar nəzərə alınmaqla reallaşdırılır. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən iyul ayı ərzində milli mətbuatın 145 illik yubileyi ilə bağlı “Əkinçi”dən başlayaraq bu günümüzədək çap olunan qəzetlərin onlayn sərgisi və Həsən bəy Zərdabinin Zərdab rayonundakı xatirə muzeyinə virtual səyahət təşkil olunur. Sərgi və virtual səyahət KİVDF-nin rəsmi saytı vasitəsilə reallaşır. Bundan əlavə, ötən ayın 23-də fond tərəfindən milli mətbuatın 145 illiyi münasibətilə fərdi jurnalist yazıları müsabiqəsi elan edilmişdi. Müsabiqə qaliblərinin adları elə bu əlamətdar gündə məlum oldu. İlk dəfə idi ki, televiziya və radio əməkdaşlarına da müsabiqədə iştirak etmək imkanı yaradılmışdır və onlar da fəal iştirakçı oldular, qaliblər sırasına yüksələ bildilər. Fürsətdən istifadə edərək, qalib jurnalistləri təbrik edir, müsabiqəyə göstərdikləri böyük maraq üçün təşəkkürümü bildirirəm.
Qeyd etmək istəyirəm ki,
qarşıdakı günlərdə jurnalistlər üçün əcnəbi ekspertlərin
iştirakı ilə təlimlər keçiriləcək, bununla da qələm sahiblərinin
müxtəlif sahələrdə bilik və
bacarıqlarının artırılması istiqamətində
daha bir addım
atılmış olacaq. Eyni zamanda,
vurğulayım ki, sahəvi
jurnalistikanın inkişafına nail
olunması istiqamətində işlər həyata
keçiriləcək. Hazırda bununla
bağlı təhlillər aparılır və ümid edirəm ki,
yaxın gələcəkdə bu istiqamətdə
müsbət nəticəyə nail
olacağıq.
Sualınızla bağlı daha
bir məqamı qeyd
edə bilərəm. 145 illik yubileyə həsr
olunmuş, milli mətbuatın
inkişaf yolundan bəhs
edən sənədli film və videoçarx hazırlanıb. Rəsmi sosial şəbəkə hesablarımız və
eyni zamanda, televiziya kanallarında bu
gündən etibarən videoçarxımız yayımlanmaqdadır,
filmimiz də bu
günə töhfə olaraq nümayiş etdiriləcəkdir.
“Azərbaycan çap mətbuatı tarixinin inciləri” adlı xüsusi yubiley jurnalının nəşr edilməsi də nəzərdə tutulan işlər sırasındadır. Bundan əlavə, qəzet redaktorları üçün dünyada çap mediası sahəsində tendensiyalar və idarəetmə mövzularında xarici mütəxəssislərin iştirakı ilə müzakirələrin aparılması da fondun gündəliyində duran məsələlərdəndir. Qəzetlərin oxunaqlığının artırılmasında dizayn və rəng məsələləri də böyük önəm kəsb edir. Çap mediasının təkliflərinin müzakirəsi üçün redaktorlarla görüşlər keçirilir və bu, davam etdiriləcək. Sevindirici haldır ki, artıq bir sıra redaksiyalar fondun təklif etdiyi yeniliklərə qoşularaq qəzetlərini rəngli formatda çap etdirirlər. Bundan əlavə qeyd edim ki, dünya təcrübəsi nəzərə alınmaqla, “E-qəzet” formatının tətbiqi barədə də təhlillər aparılır və nəticələrə uyğun surətdə təkliflərimiz olacaqdır.
Vurğulamaq istədiyim daha bir məqam da ondan ibarətdir ki, hazırda onlayn media ilə fondun əməkdaşlıq
imkanları təhlil edilməkdədir. Təhlilin nəticəsinə
uyğun olaraq
yaxın gələcəkdə maraqlı və səmərəli
layihələrlə çıxış etməyi düşünürük.
– Tarix
baxımından 145 il az
müddət deyil. Milli
mətbuatın keçdiyi inkişaf yoluna nəzər
salsaq hansı məqamları qeyd etmək olar?
– Əminliklə söyləyə bilərik ki, Azərbaycan mətbuatı ötən dövr ərzində zəngin və şərəfli yol keçib. XIX əsrin sonlarında Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız həmin dövrdə ağır sınaqlara məruz qalsa da, tutduğu şərəfli yoldan dönmədi. Belə bir şərəfli missiyanın həyata keçirilməsində “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”dən başlayan ənənələrə sadiq qalaraq öz mənəvi vəzifələrinin öhdəsindən layiqincə gəldilər. Milli mətbuatımız yarandığı gündən Azərbaycan xalqının ictimai-siyasi həyatında böyük rol oynamağa başladı. Bu, özünü ən çox xalqımızın maarifləndirilməsində, milli şüurun formalaşması və inkişafında, azadlıq arzularının gerçəkləşməsində göstərdi.
XX əsrin sonlarında Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra
ümummilli liderimiz
Heydər Əliyev tərəfindən məlumat və söz azadlığının təmin edilməsi,
kütləvi informasiya vasitələrinin
hərtərəfli inkişafı istiqamətində
ardıcıl tədbirlər həyata keçirilmişdir. Ölkəmizdə senzuranın, mətbuatın
üzərindən dövlət nəzarətinin aradan qaldırılması, mütərəqqi
qanunvericilik bazasının
formalaşdırılması, medianın maddi-texniki
bazasının möhkəmləndirilməsi məhz bu dahi şəxsiyyətin
adı ilə bağlıdır.
Ümummilli liderin
2000-ci il 27 mart tarixli fərmanı ilə ölkəmizdə
milli mətbuatın yubileyinin
dövlət səviyyəsində qeyd
olunması ənənəsinin əsası qoyuldu.
Bu gün
müstəqil, güclü, müasir dövrün
çağırışlarına cavab
verməyi bacaran KİV-lərin
inkişafı Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasətin
prioritetləri sırasına daxildir. Dövlətimizin başçısının
2008-ci il 31 iyul tarixli sərəncamı ilə “Azərbaycan
Respublikasında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
yaradılması, qəzetlərə maliyyə
yardımının ayrılması, milli
mətbuatımızın yaranması gününün
təntənəli şəkildə qeyd
olunması, öz fəaliyyəti ilə
fərqlənən jurnalistlərə fəxri ad
və medalların verilməsi, KİV nümayəndələrinin
sosial vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
atılan addımlar dövlətin medianın inkişafı
məsələlərinə diqqət və
qayğısının əyani təzahürüdür.
–
Əhməd müəllim, qəzetlərə maliyyə
yardımının ayrılmasını qeyd
etdiniz. 2020-ci ilin ikinci yarısı üçün
qəzet redaksiyalarına maliyyə yardımının
göstərilməsinə dair fondun elan etdiyi
müsabiqədə bir sıra müsbət
dəyişikliklər müşahidə etdik.
İstərdik bu barədə məlumat verəsiniz.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu qəzet redaksiyalarına maliyyə
yardımının göstərilməsi üçün
iyun ayının 16-da müsabiqə elan etdi. Bundan əvvəlki qaydalara əsasən müsabiqə elan olunduğu günədək
son 3 il ərzində
müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən
və birdəfəlik tirajı 2500-3000 nüsxədən az olmayan qəzetlər
müsabiqəyə buraxılırdısa, cari
qaydalarda
bu rəqəmlərdə nəzərəçarpacaq
dəyişikliklər yer aldı. Belə
ki, yeni qaydalara əsasən müsabiqə elan olunan günədək
son 1 il ərzində
müntəzəm nəşr olunan və
2000 nüsxəlik birdəfəlik tirajı, 1500 nüsxəlik
abunə və satışı olan qəzetlər
də artıq müsabiqədə iştirak
hüququ qazandılar. Müntəzəm
nəşrlə bağlı tələbin 3 ildən 1 ilə
endirilməsi, birdəfəlik tiraj və
yayımın azaldılması, üstəgəl qəzetlərin
birdəfəlik tirajı və yayımına dair
tələblərin avqust ayı ərzində
50 faizədək azaldıla bilməsi hüququnun tanınması redaksiyalar
üçün yeni imkanlar deməkdir. Müsabiqə
yazılarını peşəkar ekspertlər qrupu
yoxlayıb və qiymətləndirib. Mövzu
seçimində biz qəzetlərə Konsepsiyada əksini tapmış 19 sahə
çərçivəsində sərbəstlik vermişdik ki, hansı mövzuya istəyirlərsə, müraciət
edə bilsinlər.
Təklif edilən mövzulardan
biri də “Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
haqqında həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması, Azərbaycanın
ədalətli mövqeyinin müdafiə
edilməsi” idi. Sevindirici
haldır ki, bu mövzuda azərbaycandilli qəzetlərlə
yanaşı, rusdilli və ingilisdilli qəzetlər də adlarını
qaliblər sırasına yazdıra bildilər. Onu da xüsusi
olaraq qeyd etmək istərdim
ki, son maliyyələşmə
dövrü ilə müqayisədə 1 yox, 2 rusdilli qəzetə
maliyyə vəsaiti ayrılıb.
Beləliklə, qaydalara
uyğun olaraq “Azərbaycan
Respublikasında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
Konsepsiyası”nda təsbit olunmuş sahələr
üzrə layihə-təkliflər təqdim etmiş
qəzet redaksiyalarının müraciətlərinə
baxıldı və 18 qəzet qeyd olunan sahələr üzrə qalib elan olundu.
– Sizin
fikrinizcə, bu gün
mediamız qarşısında duran vəzifələri
yerinə yetirə bilirmi?
– Qeyd edim
ki, media hər zaman ictimai rəyin
formalaşmasında mühüm rol oynayıb və bu gün də bu, belədir.
Düşünürəm ki,
KİV nümayəndələri yeni, dəqiq
informasiya axtarışında hər zaman həvəsli olmalı, müasir
trendləri izləməli, onları tətbiq etməli, beynəlxalq
informasiya məkanında öz
mövqelərini gücləndirməli, lakin
bununla yanaşı, dövlətimizin
maraqlarını daim nəzərə
almalı və müdafiə etməlidirlər.
Xalqımızın dəyərli
ziyalıları, mütəfəkkirləri milli
şüurun və mədəniyyətin
formalaşmasına, inkişafına, məhz, mətbuat vasitəsilə
güclü təkan veriblər. Bu gün ölkəmizdə
televiziya, radio, informasiya agentliyi, xəbər
portalı, qəzet və jurnallarda fəaliyyət
göstərən minlərlə jurnalist
hər gün ölkə ictimaiyyətinin
maarifləndirilməsi istiqamətində yorulmadan,
böyük həvəslə
çalışır.
Azərbaycan Prezidentinin
bugünkü sərəncamları ilə
138 KİV əməkdaşının
mükafatlandırılması, mediaya dəstək
məqsədilə əlavə vəsaitin ayrılması
dövlətimizin başçısının və dövlətimizin
jurnalist əməyinə, ümumilikdə,
mediaya verdiyi yüksək
qiymətin bariz nümunəsidir.
Şərq 2020.- 23 iyul.- S.8.