Jurnalistlər çoxdur,
amma həqiqəti yazanlar azdır
Media kapitanları
peşəkarlıq sirlərindən
danışdı
İndi kimi dindirsən, deyir, jurnalistəm. Nə yaxşı işdir...Təkcə “jurnalistəm”
deməklə bu peşənin nümayəndələrindən,
özü də qələmi itilərindən
birinə çevrilmək
mümkündür... Müşahidələr göstərir ki, belələri çox olsa da, onların
böyük əksəriyyəti
sona kimi mətbuatda qala bilmirlər, necə deyərlər, qələmləri
qırıılır. Səbəb isə qeyri-peşəkarlıqdadır...
Əslində KİV-də, “IV hakimiyyət”, “Cəmiyyətin
güzgüsü” adlarına
layiq fəaliyyət göstərmək heç
də asan deyil. Bu mənada jurnalistikanı unikal sahələrdən biri
hesab etmək olar. Çünki mediada təkcə
nə nəzəriyyə
ilə, nə də təcrübə ilə kifayətlənmək
mümkündür. Başqa sözlə
desək, professionallıq
bu iki amilin
vəhdətini tələb
edir.
“Heç vaxt yalan danışmayan qəzetlər var”
Elə bu məqamda
da medianın qabaqcıl nümayəndələri
arasında iki cəbhə yaranır-nəzəriyyəçilər
və praktiklər.
Onların hər biri nəzəri biliklərlə
sonradan qazanılan təcrübənin paralel
inkişafını qəbul
etsələr də, ümumi fikirlər orijinal və fərqlidir. Məsələn,
BDU-nun Jurnalistika fakültəsinin
professoru Cahangir Məmmədli düşünür
ki, mətbuatın ən ali
məqsədi həqiqəti
demək olmalıdır:
“Əgər mən baş redaktor olsaydım, jurnalistika prinsiplərinə tam sadiq
qalaraq dəqiq, qərəzsiz, tərəfsiz
materiallar təqdim edərdim. Heç vaxt yalan danışmayan qəzetlər
var. Məsələn, “Arqumentı
i faktı” koronavirus pandemiyasında
Bill Geytsin əli olduğunu yazırsa, mən buna inanmaya
bilmərəm”.
Professorun fikrincə, qəzetçilik
hələ uzun illər yaşayacaq.
Bir şərtlə ki, kreativ, yeniliyə
açıq olaq:
“Bəzən çap
mediasının yaxın
zamanda sıradan çıxacağını düşünürlər. Amma belə
deyil. Sizə bir fakt deyim,
məşhur “Vaşinqton
post” qəzeti 6 il əvvəl elektron versiyaya keçəcəklərini elan
etdi. Bu, alınmadı.
Çünki elektron qəzet
çap qəzeti qədər reklam bazarına daxil olub, gəlir gətirə bilmədi.
Transmilli mətbu orqan olan “Vaşinqton
post”un illik
gəliri 9-12 milyarddır.
Vurğuladığım rəqəm çox
ciddi göstəricidir.
Biz dünya təcrübəsindən
istifadə etməliyik.
Əgər mən baş
redaktor olsam, bir neçə məqama xüsusi diqqət yetirərəm.
Qəzetdə dərc olunan
yazını ən maraqlı yerində saxlayar və oxuculara materialın davamının saytda olduğunu bildirərdim.
Yaxud da əksinə. Nəticədə həm qəzet
oxunardı, həm də sayt. “Komsomolskaya pravda” bu təcrübədən
istifadə edir. İkincisi, xəbər janrına xüsusi diqqət yetirərdim. Azərbaycan mətbuatında
öz dəst-xətti
ilə seçilən
“Şərq” bu baxımdan çox səciyyəvidir. Onun geniş
oxucu kütləsi yığması da birbaşa olaraq informasiya bolluğu ilə əlaqədardır”.
“Dünya mətbuatını
öyrənməklə jurnalist
olmaq mümkün deyil”
“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay isə media mühitində uğur qazanmaqdan ötrü ən vacib məsələnin
həvəs olduğu
qənaətindədir:
“Mən jurnalistikada
təcrübənin vacib
olduğuna inanıram. Jurnalistika
həkimlik deyil ki... Fikrimcə, jurnalistikada hər sahəni bitirən adam çalışa
bilər. Təki, həvəs, maraq,
geniş mütaliə,
dil bilgisi və yazmaq qabiliyyəti olsun. Hər şey təcrübədən
irəli gəlir.
Mən jurnalistikada nəzəriyyəni
qəbul etmirəm.
Necə müəllim olacağım
barədə düşünməmişəm.
Amma istənilən praktikaya nəzəriyyədən daha
çox yer verərdim. Dünya mətbuatını öyrənməklə jurnalist
olmaq mümkün deyil”.
“Öyrədilənlərin tətbiqi
məsələsi bəzən
unudulur”
BDU-nun Jurnalistika fakültəsində
uzun illərdir böyük bir jurnalistika nəsli yetişir. Birinci kursa qəbul olan gənclər dörd il
ərzində burada təhsil alırlar. Amma tədrisin keyfiyyətindən
danışmaq asan deyil.
Çünki həmin tələbələrin
bəziləri gələcəkdə
nüfuzlu qurumların
mətbuat xidmətlərində,
tanınmış KİV-də
çalışdıqları halda, bəziləri özlərinə iş tapa bilmirlər. Əgər müəllimlər, tədris
olunan proqram eynidirsə, niyə bu cür ziddiyətli
mənzərə üzə
çıxır? Çatışmayan nədir? “Yeni
nəsil” Jurnalistlər
Birliyinin sədri Arif Əliyevin bu barədə qənaəti maraqlıdır.
O, tədrisdə problemin
olmadığını deyir.
Əsas məsələ
kimi isə yaddaş problemini göstərir: "Əvvəla
onu bildirim ki, məndə müəllimlik bacarığı
azdır. Çox az müddət
BDU-da, "Təfəkkür",
"Xəzər" və
"Qərb" universitetlərində
dərs demişəm.
Eyni proqramı təkrarlamağın
mənim üçün
çətin olduğunu
görmüşəm. Amma həmişə vizual materiallara üstünlük
vermişəm. Çünki belə olan halda deyilənlər daha yaxşı yadda qalır. Jurnalistlər üçün ən vacib məqam
yaddaşdır. Bir çox
hallarda faktların yanlış xatırlanması
problemlərlə nəticələnir.
Ona görə bütün mühazirələrdən, seminarlardan
əvvəl insan yaddaşı haqqında məlumat verirəm”.
A.Əliyevin sözlərinə görə,
gənc jurnalistlərin
bəzən özlərini
istehsalatda göstərə
bilməmələri heç
də təsadüfi deyil. Buna səbəb şəraitin
yaradılmaması və
ya laqeydlikdir:
“Həmçinin, qeyd
edim ki, tələbələr nəzəriyyədə
öyrəndiklərini mütləq
praktikada tətbiq etməlidirlər. Onlara bundan ötrü
şərait yaradılmalıdır.
Müşahidələrə əsasən universiteti
bitirib işləməyə
başlayan gəncin müəyyən çətinliklər
çəkdiyini deyə
bilərəm. Çünki öyrədilənlərin tətbiqi
məsələsi bəzən
unudulur. Bu isə yolverilməzdir.
Obrazlı şəkildə desək, nəzəriyyədə
avtomatın darağına
güllə taxmaq öyrədilir, ondan necə istifadə edilməsi isə təcrübə məsələsidir".
“Tənqid dəqiq yoxlanılmış konkret
faktlara söykənirdi”
BDU-nun Jurnalistika fakültəsinin
professoru Nəsir Əhmədlinin fikrincə,
nəzəriyyə özül
rolunu oynayır.
Onun əsasında formalaşan
isə təcrübədir.
Əgər lazımi biliklər olmasa, praktika istənilən effekti verməyəcək:
“BDU-da işləyə-işləyə
1995-2000-ci illərdə həm də "Müxalifət"
qəzetinin baş redaktoru
olmuşam. Məndən əvvəl qəzetə
tanınmış jurnalistlər - Ağamalı Sadiq Əfəndi və Süleyman
Osmanoğlu rəhbərlik etmişdilər.
Nəzəriyyə ilə praktikanın vəhdəti sayəsində
o vaxtlar həmin nəşr
ölkənin ən populyar qəzetlərindən
biri idi.
Orada çox
kəskin yazılar dərc olunurdu, amma heç birində etika normalarından kənaraçıxma
halları yox idi. Tənqid
dəqiq yoxlanılmış konkret faktlara söykənirdi. Məhkəmə
çəkişmələrimiz olurdu, lakin hər dəfə biz
qalib çıxırdıq. Həmin
dövrdə "Müxalifət" gənc jurnalistlər üçün peşəkarlıq məktəbi
rolunu oynayırdı. İndi
müxtəlif yerlərdə çalışan
tanınmış simaların çoxu məhz
həmin məktəbin "məzun"larıdır. Qəzetin
tərtibindən tutmuş
satışına qədər hər şey
elmi əsaslarla gerçəkləşdirilirdi.
Mənim ən böyük xidmətim ədəbi
dil normalarının göz
bəbəyi kimi qorunması idi. Təəssüf ki,
müəyyən səbəblər üzündən mən oradan ayrılmalı oldum.
Bir müddətdən sonra
iqtisadi sıxıntı ucbatından və
bir sıra başqa
amillərə görə qəzet bağlandı".
Deyilənlərdən
jurnalistikada nəzəriyyənin ya təcrübənin daha
vacib olmasının, doğrudan
da, müzakirəli məsələ olduğu ortaya
çıxır. Deməli, jurnalist olmaq heç də asan deyil.
Bu, insandan
xüsusi istedad, dilin incəliklərinə yiyələnmək,
yüksək müşahidə qabiliyyəti, ünsiyyətciliklə
yanaşı, həm də digər keyfiyyətləri tələb
edir.
Peşəkar jurnalist
yazı texnikasına bələd olmalı, ayrı-ayrı
janrların səciyyəvi xüsusiyyətlərini bilməklə
bərabər, KİV-in hüquqi
tənzimlənməsindən tutmuş, xarici ölkələrin təcrübəsinə
qədər bütün məqamlardan baş çıxarmalıdır.
Unutmaq
olmaz ki, jurnalist cəmiyyətin danışan dili, görən gözü,
eşidən qulağıdır. Bu mənada həmin peşənin
layiqli nümayəndələri informasiya təminatını uğurla
həyata keçirməklə kifayətlənməməli,
eləcə də, “press” sözündən,
sarı jiletlərdən sui-istifadə edənlərə
qarşı kəskin mübarizə aparmalıdır.
Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin dediyi kimi, heç olmaz ki, doğru söz yerdə qala. Həqiqi jurnalistlər, bu ada layiq olanlar Həsən bəyin yuxarıdakı sitatını peşə doktorinası kimi qəbul etməli, medianın lüğəti mənasına (ingilis mənşəli söz olub, “orta”, “aralıq” deməkdir) xalqla hakimiyyət arasında körpü rolunu oynamalıdır. Çünki peşəkarlıq bunu tələb edir.
Kənan Novruzov
Şərq 2020.- 1 iyun.- S.11.