"Bizi xilas edən sovet səhiyyəsinin
peyvəndləri oldu"
Həmid Herisçi: "Dövlət öz işini görür, problem artıq xalqla bağlıdır"
Bəzilərində əminlik yarandı ki, bizim immun sistemimiz
virusa dözümlüdür
Biz qayıtmalıyıq “Semaşko” səhiyyəsinə. Görəcəksiz, özəl klinikalara qarşı ciddi tədbirlər alınacaq.
Bunu başa düşdülər
ki, düşmən Çin deyil, Rusiya deyil. Düşmən virusdur...
Yeni növ koronavirusa yoluxma sayı artır, eyni zamanda karantin
qaydaları yumşaldılır. Paradoks?.. Məntiqi izahı varmı
bunun? Yazıçı-publisist, teleaparıcı Həmid Herisçinin gözü ilə baxmaq istədik mövcud duruma. Azad düşüncəli, sərbəstliyi sevən biri kimi tanınır,
Həmid bəy.
Bu baxımdan fikirləri maraqlıdır.
Həm də azadpərvər biri üçün karantin qaydalarına riayət etmək çətin olmadı ki görəsən?
Zəng edəndə dedi ki, marketdədir,
alış-veriş edir,
söhbətə “yarım
saat sonra” vaxt təyin etdi. Yarım saat ötdü və telefonda artıq onunla danışırıq:
-Marketdə vəziyyət necə idi?
-Nə barədə?
-Sosial məsafə gözlənilirdimi,
maska taxanlar varıydımı?
-Varıydı. Hiss olunur ki, əhalinin bir qismi məsuliyyətini
başa düşür,
bir qisim isə hələ də səhlənkardı.
-Məncə dövlət, müvafiq
qurumlar hazırdı. Öz
vəzifələrini yerinə yetirirlər. Ancaq xalq barəsində bunu deyə
bilmirəm. Səhiyyə təşkilatları, Operativ Qərargah, işçi
qrupları səfərbər qüvvələrdir. Hətta
teleaparıcılar da vəziyyətin ciddiliyini anlayır. Çünki
biz dünyadakı vəziyyəti bilirik. Amma xalqın maarifləndirilməsi
yüksək səviyyədə deyil. Təbliğat
zəifdir. Camaatı başa salmaq lazımdır ki, bu virus necə qorxuludur, təhlükəlidir. Bunu anlamırlar. Məsələ
burasındadır ki, bu
virus mutagendir. Hər coğrafiyada, hər ərazidə başqa mahiyyət alır. Başqa
məzmun daşıyır. Məncə, Güney
Qafqazda bu virusun az
yayılmasının, geniş, kütləvi
hal almamasının səbəbi ilk növbədə mətbəxlə, qidalanma ilə bağlıdır. Azərbaycan mətbəxi başdan-ayağa
təbii antioksidantdı. Həm də, SSRİ dönəmində
biz damğalanmışıq axı. “PSJ”
peyvəndi vurulardı o zaman
yeni doğulan körpələrə,
əhalinin geniş şəkildə peyvəndlənməsi
aparılırdı. Sovet səhiyyəsinin
bizə vurduğu peyvəndlər illər
sonra əhəmiyyətini, lüzumunu göstərdi. Üstəgəl də
bizim milli mətbəximiz
köməyimizə çatdı. Keçmişdə də
belə hallar olub. Neftçala tərəfdə Pirətavan ziyarətgahı
var. Ocaqdı.
Mən onu çəkmişəm. Orda tutiyələr də vardı. Azərbaycanda
tarixən müxtəlif xəstəliklərə
qarşı məlhəm yaratmağı bacarıblar.
-Yadımdadır, bir
neçə il əvvəl ANS telekanalında
silsilə reportajlarınız olurdu, pirlərdə,
ziyarətgahlarda çəkilişlər
aparırdınız...
-Bəli. Həmin o Pirətavanda
yoluxucu xəstəliklərə
qarşı necə məlhəm düzəldiblər,
xüsusən Neftçalanın yodlu
torpağı nə qədər xəstəliklərə məlhəm
olub. Orda torpaq minerallarla zəngindir.
Bundan çox istifadə
ediblər. Təbabətimizdə bunlar olub. Ümumiyyətlə, məncə Güney Qafqaz qitələrarası
bufer zonadır. Neytral
ərazi. Burda qarşıdurmalar da az olur.
Sakit bölgə kimi
tanınır. O cümlədən yoluxucu
xəstəliklər də bu zonada fərqli dinamika
göstərir. Havası sağlamdır. Qafqazın təbiəti
ümumiyyətlə sağlamdır, möcüzədir...
-Deyirsiz,
həm də PSJ peyvəndi hesabına Azərbaycanda yoluxma sayı az oldu. Keçmiş
SSRİ, indiki MDB ölkələrində
də vəziyyət bizdəki kimidi?
-Bəli, bəli. Təkcə biz
deyilik. Digər MDB ölkələrində
də fərqli dinamika göstərdi. Hətta
Baltikyanı respublikalarda, Şərqi Avropa ölkələrində də. Niyə Qərbdə
çox oldu, mən
sizə deyim də. İlk
növbədə qidalanmaya görə.
Yeknəsək, ziyanlı qidalanma. Fast-fud, unlu, şəkərli
yeməklər. Pizzalar, ketçuplar...
Qərbi Avropanın bəlası bundadı.
-Geni dəyişmiş məhsullar...
-Bəli, geni dəyişmiş
meyvələr. Qidalardakı süni
qatqılar. O qədər ziyanlı əlavələr ediblər
ki. İranda Çindən
gətirilən düyü, geni dəyişmiş cücələr.
-Son illərdə bizdə
də təhlükəli hal
başlayıb. Bizim əhali
də fast-fud qidalara meyillənir. Baxırsan kafelər,
restoranlar camaatla doludur, “makdonalds”larda ancaq fast-fud, çipsi, makaron, üstündə ketçup
sifariş edilir.
-Gənc nəsil buna meyillidir. “Moll”lardakı kafelərdə
əyləşirdilər... “Moll”ar da bağlandı...
-Təkrar açıldı
axı...
-...Bilmirəm, indi vəziyyət necədi...
İndi daha çox evə sifariş edirlər, pizza,
dönər... Deyim ki,
mətbəxlərarası mübarizə gedir. Gənc nəsil köklənib
“fast-fud”a, orta nəsil milli mətbəxə. Bunların arasında
Çin səddi yaranıb. Mən qorxuram ki, bu,
gələcəkdə çox
pis nəticə versin. Siz təsəvvür
edin, Bakının ağ şanısının
yarpağından, bax bu vaxtlar, yarpaq
dolması bişirirlər,
yaxşı təbii Azərbaycan ətindən.
Beyləqan əti, üstəgəl ağ şanının
yarpağı... Təbii məlhəmdi
də. Çox xəstəlikləri məhv
edər də... Üstündən də göyərti, pomidor, xiyar. Dünyada məşhurdu e Azərbaycan
göyərtisi... Bizim immun
sistemimiz belə təbii yeməklərlə
möhkəmlənir. Dünyada ən sağlam statistika Qafqazdadı.
Ümumdünya Səhiyyə Təşkilatı
qoyur qabağına statistikanı, baxır, başlayır nəticələr
çıxarmağa. Qafqazın iqlimi ilə başqa yerləri müqayisə etməyin.
Qafqaz ən sağlam iqlim olan coğrafiyadı.
Ən sağlam insan tumu burda saxlanılır.
Dünya
alimləri indi bunu araşdırır.
Amma biz bunu itirə bilərik də. Həmin
“fast-fud”larla. Maariflənmə qaydalarına əməl etməsək, ikinci, üçüncü dalğaya
imkan versək, koronavirusla bağlı, müsbət nəticələri
də itirə bilərik. Biz bunları
onsuz da deyirik də hər verilişdə...
-Bəli, deyirsiz. Amma Həmid bəy, sual doğuran budur; koronavirus təhlükəsi başlayanda
xüsusi karantin rejimi tətbiq olundu. SMS icazə sistemi, metro bağlandı,
iş yerləri və sair. Əyləncə
yerlərinə qadağalar...Yoluxma sayı da az idi. Amma sonra karantin
qaydaları getdikcə,
mərhələli şəkildə
yumşaldılmağa başladı
və yoluxma statistikası da artmağa başladı.
Bir halda ki yoluxma
sayı artır, qaydalar niyə yumşaldılır?
-Bilirsiz, bəzilərində
əminlik yarandı ki, bizim immun
sistemimiz virusa dözümlüdür. Yenə deyirəm,
dövlət öz işini görür.
Burda
problem artıq xalqla bağlıdır.
-Qaydaların yumşaldılmasını deyirəm.
Niyə yumşaldıldı?
-Hadisələr göstərdi
ki, səhiyyənin özəlləşdirilməsi, özünü doğrultmadı.
Biz qayıtmalıyıq “Semaşko” səhiyyəsinə.
Görəcəksiz, özəl klinikalara
qarşı ciddi tədbirlər alınacaq.
Bunu başa düşdülər
ki, düşmən Çin deyil, Rusiya deyil. Düşmən mikrobdu. Təbiətdi. Hərbi xərclərdə də sağlamlıq sahəsinə
daha çox vəsait ayrılacaq.
NATO kimi hərbi
birləşmənin səhiyyə
sektoru var. İndi mikrobiologiyaya daha çox önəm verilir. Ola bilsin
ki, çipləşdirmə
prosesinə başlansın.
Məsələn, heyvanlarla bağlı
çipləşdirmə aparılır.
İnsanlarla bağlı da
çipləşdirmə aparıla
bilər. Buna müsbət baxanlar da var, mənfi
baxanlar da. ABŞ-da bunun
təcrübəsi var. Mərkəzi
Kəşfiyyat İdarəsi
belə işlərlə
məşğuldur. Kütləvi
çipləşdirmə aparılsa,
o dəqiqə bilinəcək
bu adam
sağlamdı, ya yox. Bunlar layihələrdir. Kağız üzərində
asandı, həyata keçirmək çox çətindi...
-Həmid bəy, mən sualı təkrar edirəm; Karantin qaydalarının yumşaldılması
lazım idimi, labüd idimi?
-Labüd idi. Çünki dövlət öz
işini gördü.
Qaldı,
əhalinin qaydalara riayət etməsi. Amma kütlələr məsuliyyətsizlik
edirlər. Müvafiq qurumlar
xəbərdarlıq edir,
həkimlər həyəcan
içindədir. Xalq isə
səhlənkardı.
-Sizi azadlıq sevər insan kimi tanıyırıq.
Sərbəstliyi sevirsiz. Çətin
deyil ki, sizin üçün qaydalara riayət etmək?
-Onsuz da mən
çoxdan təcrid şəraitində yaşayırdım.
Əksinə, bu, mənim
ənənəvi həyat
tərzimə uyğundur.
Uzun müddət tənha həyat tərəfdarı
olmuşam.
-Tənha yaşamaq başqadı, sərbəstliyə
məhdudiyyətlər qoyulması
başqa.
-Mən düşüncələrimdə,
fikirlərimdə sərbəstəm.
Küçəyə çıxmaq, əyləncələr,
təqdimatlar... belə
şeylərdən uzaq
olmuşam. Artıq bunların
da sonu çatdı.
Kütləvi tədbirlər, kitab
təqdimatlarına çağırırdılar.
İndi onlar da keçirilmir.
İndi, görürsüz
də, onlayn müşavirələr, onlayn
dərslər... Yəni, nədən
ki mən həmişə qaçmışam
– görüşlər, mərasimlər
- indi o qaydalar qüvvədədir. Bu göstərir ki, mən zəmanəni qabaqlamağı bacarıram. İndiki bu vəziyyəti
mən artıq 10-15 ildi yaşayıram.
-Belə çıxır ki, özünüzü gələcəyə
hazırlamısınız?
-Yox, bu, kortəbii
olub. Bu mənim
təbiətimdi. Təbiətim həyəcan siqnallarını
əvvəlcədən çalır.
İmmun sistemimizdə
təhlükələri əvvəlcədən
hiss etmək var. Bu mənim
ənənəvi həyat
tərzim olduğu üçün çətin
deyil. Heç kimlə görüşmürəm,
heç bir məclisə getmirəm, ictimai vəzifəmi yerinə yetirirəm.
-Maskadan istifadə edirsiz?
-Küçəyə çıxanda,
marketə gedəndə,
bəli.
-Sizcə, bizim camaat niyə
maskaya “çəpəki”
baxır və həmçinin çəpəki
taxır - çənələrinin
altına salırlar?
-Göstərmək istəyirlər
ki, “mən fərqliyəm”. Bu bizim xalqımızda var da: istəsəm taxaram, istəməsəm
taxmaram. Bu, çox təhlükəlidi.
Dünyanın ən inkişaf
etmiş ölkəsi
Amerikanı görürsünüz
də. Həyat göstərdi ki,
onların bu inkişafı qara qəpiyə də dəymir, heç qara dollara da
dəymir. Bizim sosialist keçmişimiz,
sovet səhiyyəsi –
Semaşko səhiyyəsi
kütləvi xəstəliklərə
hazırlıq, böyük
xəstəxanalar, ucuz
xidmət – bunlar özünü doğrultdu
da... Özəl səhiyyənin sanki
otel-mehmanxana sistemindən
bir fərqi yoxdu. Bilmirsən, həkimdi, yoxsa
biznesmendi. Məncə, Azərbaycan səhiyyəsi
daha yaxşı nəticə göstərdi,
nəinki Qərb səhiyyəsi. Çünki Qərb səhiyyəsi ancaq kommersiya səhiyyəsidir. Bu nəticə də hasil oldu ki,
sovet səhiyyə sistemini dağıtmaq olmaz. Sovet səhiyyəsi örnək
alınasıdı. Hadisələr göstərdi ki, örnək oldu da.
Məlahət Rzayeva
Şərq 2020.- 1 iyun.- S.7.