Bəşəriyyət sosial şəbəkələrdə neqativ halların artmasından əziyyət çəkir

İnformasiya selinin qarşısında dayanmaq olmur

 

Bundan sonra onlayn platformalar, sosial media  istifadəçilərin istehsal etdiyi kontentə, məzmuna müdaxilə etmək gündəmə gəlir

Sosial şəbəkələrə senzura tələbi getdikcə güclənir. Bir gün bunun baş verəcəyini təxmin etmək elə də çətin olmasın gərək. Zatən, insan öz əliylə - beyninin məhsulu ilə ortaya çıxardığı bir çox yeniliklərdən, texnologiyalardan zaman keçdikcə zərər görür. Təfərrüata varmayaq. İnformasiya yayımı sahəsinə baxsaq, kifayətdir.

Qədim dövrlərdən papirus kağızlarına edilən qeydlər zamanın dəyirmanında üyüdülə-üyüdülə zəmanəmizdə noutbuk, planşet, smartfonlarda nəinki dəqiqə, saniyələrlə yenilənən informasiya dövrünə gəlib çıxdı. Və artıq bu informasiya selinin qarşısında dayanmaq çox zordur. Bəzənsə hətta mümkün də deyil. Doğru, zəruri informasiya paylaşımları olsa, nə vardı ki!.. Problem bundadır ki, xəbər paylaşmaq üçün əlində kiçicik imkanı olan özünü “Xəbər yayımçısı” elan edir və ağına-bozuna baxmadan cəmiyyətə informasiya ötürür. Daha bu informasiyanı yaymaq olarmı, doğrudurmu, şayiə deyil ki, kimlərə zərəri ola bilər… düşünmürlər. Təki, ilk xəbər yayan o, olsun və oxucu sayı artsın. Məsələ, konkret subyektlərlə bağlı olsa, yenə dərd yarıdır. Amma iş o zaman ciddiləşir ki, təsdiqlənməmiş, şayiə xarakterli informasiyalar artıq dövləti və milli təhlükəsizliyi təhdid etməyə başlayır. Belə olan halda “sosial şəbəkələrə senzura” tələbləri də haqlı görünür.

ABŞ qabağa düşdü

Sosial şəbəkələrin “əlini-qolunu bağlamaq” cəhdi ABŞ Prezidenti Donald Trampdan gəldi. Ötən ayın sonları ABŞ prezidenti “Onlayn senzuradan müdafiə barədə” sərəncam imzalayaraq 1996-cı ildə ölkəsində qəbul edilən “Kommunikasiya Müdafiə Aktı”nın 230-cu paraqrafının ləğvilə bağlı qərar qəbul etdi. 24 il əvvəl qəbul edilən həmin paraqrafa görə texnoloji şirkətlər öz sosial şəbəkələrində, platformalarında yayılan informasiyaların məzmununa görə məsuliyyət daşımırdılar. Trampın məlum qərarından sonra isə sosial şəbəkələrdə yayılan dezinformasiyaya görə, həmin platformalar birbaşa hüquqi məsuliyyət daşıyacaqlar. 

ABŞ prezidenti hesab edir ki, “Twitter” ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi aləti” kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir.  Sərəncama görə, “Twitter”, “Facebook”, “İnstagram” və “YouTube” kimi sosial şəbəkələr informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə insanların baxışlarını istədikləri istiqamətdə formalaşdırmağa çalışır və fikirlərə münasibətdə selektiv yanaşmalar tətbiq edirlər. Prezident Donald Trampın sosial şəbəkələrin nəzarətdə saxlaması ilə bağlı qərarı məmnunluqla qarşılanır. Çünki sosial şəbəkələrin məsuliyyətsizliyi o qədər real təhlükəyə çevrilib ki, artıq bu özbaşınalığa son qoymaq lazımdır.

Elə bu da Azərbaycan mediasında sosial şəbəkələrə qadağa qoyulması müzakirələrinə rəvac verib. Ən müxtəlif fikirlər, iddialar səslənir.  

Bir çoxları hesab edir ki, ABŞ-da olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrə münasibətdə  süzgəc sistemindən istifadə olunmalıdır, Trampın sosial şəbəkələrlə bağlı verdiyi qərar Azərbaycanda da tətbiq olunmalıdır, Azərbaycanda da bu proses mütləq qanunlaşdırılmalıdır. Azərbaycanda da bütün sosial şəbəkələrə mütləq mənada nəzarət olmalıdır. Çünki sosial şəbəkələrdə çoxsaylı yalan informasiyalar yayırlar. Əsas müzakirə mövzularından biri də sosial şəbəkələrin statusunun müəyyənləşdirilməsidir.  

Müşviq Ələsgərli: “Təəssüf ki, sosial şəbəkələr qanunla tənzimlənmir”

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli müzakirə olunan məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib və qeyd edib ki, burada mübahisəli məqamlar var ki, beynəlxalq müstəvidə hələ qiymətini almayıb:

- Beynəlxalq  jurnalist təşklatları tələb edirlər ki, sosial şəbəkələr də informasiya yaydıqlarına görə, informasiya yayımı haqqında qanunla tənzimlənməlidir. Eyni zamanda, KİV kimi vergi ödəməlidirlər və s. Təəssüf olsun ki, bu gün sosial şəbəkələr o qanunla tənzimlənmir.  Qanunla tənzimlənmədiyinə görə də öz işlərini istədikləri kimi görüb, qarşılığında çox böyük gəlirlər götürürlər. Beynəlxalq təşkilatların hesablamalarına görə bunların illik dövriyyəsi 900 milyard dollardan yuxarıdır. Bu qazancın isə gəlirini belə ödəmirlər. Yaydıqları informasiyaya görə də məsuliyyət daşımırlar. Hələlik ki, tənzimlənmə yoxdur. Ona görə də bəşəriyyət  sosial şəbəkələrin bir sıra neqativ  hallarından əziyyət çəkir. İndiyə qədər tənzimlənməsi üçün fikir bildirənlər kiçik ölkələr idi. Sosial şəbəkələrdə neqativ halların artmasından sonra, böyük ölkələr də narahat olmağa başlayıblar. Keyfiyyətli Jurnalistika uğrunda Qlobal Platforma"nın (KJUQP) təmsilçisi Jeremy Dear yazır ki, texnoloji nəhənglərin qurduqları "sosial şəbəkələr" təmərküzləşir, öz aralarında şəbəkələşir, müstəqil güc mərkəzinə çevrilir və iqtisadi, siyasi mühitə, maliyyə məkanına müdaxilə edirlər. Jeremy Dear nümunə olaraq GAFAM-ı (Google, Apple, Facebook, Amazon, Microsoft) göstərir. Platforma təmsilçisinin açıqlamasına görə, bir əldən idarə olunan GAFAM-nın ümumi gəlirləri təqribən 900 milyard dollar dəyərindədir. Hüdudsuz maliyyə imkanlarına malik olan bu birliklər öz ambisiyalarına əks gələnləri əzib keçirlər. Onlar dünyanın siyasi-iqtisadi düzənini dəyişməkdə iddialı görünürlər. Qurmaq istədikləri yeni düzən isə ədalətsizdir; əldə etdikləri gəlirlər başqalarının halal haqqıdır. KJUQP-nın hesablamalarına görə, GAFAM qrupuna daxil şirkətlər, xüsusilə "Google" və "Facebook" jurnalistləri, peşəkar KİV-ləri istismar edir, onların məhsullarından böyük qazanc götürürlər. Müstəqil media, yerli KİV-lər xəbəri istehsal edirlər, amma həmin xəbərləri sosial şəbəkələr yayırlar, nəticədə sosial şəbəkələr milyardlıq sayı olan auditoriyaya, həmçinin maliyyə gəlirinə sahib çıxırlar. Xəbərin əsas istehsalçısı olan peşəkar KİV-lərə gəlməli olan reklamlar sosial şəbəkələr üçün axır. "Facebook" və "Google" bütün rəqəmsal reklam dövriyyəsinin təqribən 61 faizinə sahibdirlər. Qarşılığında isə heç normal vergi də ödəmirlər.

Sosial şəbəkələrin qaydasız davranışları təkcə vergi məsələsinə aid deyil. Qlobal rəy sorğusu iştirakçılarının cəmi 23 faizi sosial şəbəkələr üzərindən yayılan xəbərlərin doğruluğuna inanırlar. Digərləri isə sosial şəbəkələri "fake xəbər" yayıcısı adlandırırlar. Sosial şəbəkələr barəsində universal normativ standartların olmaması burada feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına şərait yaradır. Sosial şəbəkələr üzərindən ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil edilir, siyasi kataklizmlər formalaşdırılır. Azərbaycan da xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir.

M.Ələsgərli nəzarət mexanizminin gücləndirilməsi məsələsinə də toxunub və bildirib ki, sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir:

- Son günlərin hadisələri, ABŞ Prezidenti Donald Trampla bağlı yaşanan gərginlik göstərir ki, KJUQP-nin arqumentləri gerçəkdir: texnologiya nəhənglərinə, "sosial şəbəkə" idarəçilərinə qarşı çıxmaq, ədaləti bərpa etmək, onları qanunlar çərçivəsində fəaliyyətə məcbur etmək nəinki ayrı-ayrı kiçik dövlətlərin, hətta böyük ölkələrin də imkanları xaricindədir. Məsələn, bir zamanlar Donald Trampın əsas informasiya dəstəkçisi olan "Twitter", indi "xidmətinin qarşılığını almaq" iddiasına düşüb. İstədiyini almayanda güc göstərir, Trampı təzyiq altında saxlamağa çalışır. "Twitter" administrasiyası Trampın tvitlərini gizlətməyə, bloklamağa başlayıb, onlara "saxta, yalan ola bilər" işarəsi əlavə edir. Ciddi hadisədir. "Sosial şəbəkə" idarəçiləri əvvəllər kiçik ölkələri hədəf seçir, böyük dövlətlərin yanında yer tuturdularsa, indi vəziyyət dəyişib. Artıq "sosial şəbəkə" idarəçiləri özləri böyük gücdürlər, dünyanın super dövlətini, onun rəhbərini də hədəf alırlar. Tramp "sosial şəbəkələri" xəfifə alıb, üzərlərinə gedib. Twitter də daxil olmaqla, sosial şəbəkələrin fəaliyyəti ABŞ qanunlarına, xüsusilə Kommunikasiya Etikası Qanununun konkret bəndinə uyğun gəlmir. Bu qarşıdurmada sosial şəbəkə idarəçiləri haqsızdırlar; əgər elan etdikləri kimi, informasiya yayımı da, sadəcə, texniki təminatçıdırlarsa və məzmuna qarışmırlarsa (onlar digər ölkələrdə qarışıqlıq salanda belə deyiblər), onda Trampın tvitlərinin məzmununa müdaxilə edə, onları bloklaya bilməzlər. Hansısa siyasi tvitə yalan, böhtan, saxta işarəsi qoymaq sosial şəbəkə platformasının funksiyasına daxil deyil. Amma görünən budur ki, siyasi məzmuna müdaxilə edirlər, dövlətlərə, dövlət başçılarına təzyiq göstərirlər.

Azər Həsrət: “Məsuliyyətsizlik o qədər çoxdur ki…”

Siyasi şərhçi, jurnalist Azər Həsrət "Sherg.az"a açıqlamasında sosial şəbəkələrdə özbaşınalıqların qarşısının alınmasının zəruri olduğunu bildirib:

- Trampın radikal yanaşması onu göstərir ki, artıq bu adam da sosial şəbəkələrlə bacarmır. Sosial şəbəkələr günümüzün əsas güc mənbələrindən birinə çevrilib. Məsuliyyətsizlik o qədər çoxdur ki, hər kəsin şərəfi və ləyaqəti, işgüzar nüfuzu təhlükə altındadır. Sosial şəbəkələr daxili qanunvericilikdən kənar fəaliyyət göstərir. Dəfələrlə ictimai-siyasi şəxslərə, incəsənət xadimlərinə təzyiqlər edilib. Elə Trampın özü də bir neçə dəfə bu cür hücumlara məruz qalıb. Ona görə də sosial şəbəkələrin fəaliyyəti tənzimlənməlidir. Əgər insanlar özləri məsuliyyət hiss etmirlərsə, bu, məcburi olmalıdır. Artıq sosial media hərc-mərcliyinə son qoyulmalıdır! Bunun üçün isə sosial platforma yaradıcıları yeni tətbiqlərdən istifadə etməlidirlər.

A.Həsrət hesab edir ki, Azərbaycan da analoji addımlar atmalıdır: 

- Trampın həmin sərəncamı konkret olaraq sosial şəbəkələr, birbaşa “Twitter”lə bağlıdır. Burada xüsusi olaraq sosial şəbəkələrin üçüncü tərəfin, yəni istifadəçilərin istehsal etdiyi kontentə müdaxiləsinin qarşısının alınması istəyi var. Söhbət ondan gedir ki, sosial şəbəkələr özlərini tərəfsiz platforma kimi təqdim edir və onların siyasəti də istifadəçilərin istehsal etdiyi kontentə müdaxilə etməməyə yönəlib. Lakin  mayın 26-da Donald Trampın özünün “Twitter”də etdiyi bir paylaşıma həmin sosial şəbəkə administrasiyasının  birbaşa müdaxiləsi cəhdi oldu.

Konkret olaraq, Trampın məktubla səsvermə ilə bağlı narahatlığını şübhə altına alan bir yarlıq yapışdırıldı. Bu da birbaşa Trampın paylaşımına edilən müdaxilə idi. Ona görə də belə bir sərəncam verildi ki, onlayn platformalar, sosial media  istifadəçilərin istehsal etdiyi kontentə, məzmuna müdaxilə etməsin. Yəni burada artıq söhbət onlayn platforma sahiblərinin tətbiq etdiyi senzuranın qarşısının alınmasından gedir.

Azərbaycan tərəfi də bu mənada Trampın atdığı addımı alqışlamalı və analoji addım atmalıdır. Neçə gündür ki, bu məsələ ilə bağlı Azərbaycan ictimai rəyində Tramp dəstəklənir. Yəqin ki, Azərbaycan da analoji addım atacaq.  

 

Məlahət Rzayeva

Şərq  2020.- 5 iyun.- S.11.