"Məni həmişə
öz dərsinə vurğunluq
yaradan müəllimlər valeh
edib"
Fuad Əlişov: "Amma, görünür, taleyin planları başqa imiş…"
Yaxşı film böyük komanda zəhmətinin bəhrəsidir. Kollektivi
düzgün şəkildə
ruhlandıra bilən rejissor ən çətin layihələrlə
belə uğur qazanar
Koronavirus pandemiyası ilə mübarizə apardığımız
çətin günlərdə
mənən xoş əhval-ruhiyyəli yazılara
ehtiyac duyuruq. “Sherg.az” da bu amili
nəzərə alaraq
müsbət ab-havalı
müsahibələr təqdim
etməyə çalışır.
Bugünkü qonağımız isə tanınmış rejissor Fuad Əlişovdur.
- Fuad müəllim, yaradıcılıq
işləriniz davam edirmi?
- Xüsusi karantin rejimində, bir çox sahələrdə
olduğu kimi video istehsalında da işlər dayanmışdı.
Bu günlərdə yavaş-yavaş
bərpa etməyə
çalışırıq, əsasən də, reklam işlərini…
- Maraqlıdır,
karantin dövrünü
nələr qazanaraq başa vurdunuz?
- Yaradıcı adam üçün
karantin günləri əvəzedilməz mərhələ
idi. Son aylar
düşünmək üçün
intellektual qida verirdi. Təkcə oxuduğum kitabları,
baxdığım filmləri
deyil, həm də ölkəmizdə,
dünyada, bəşəriyyətin
həyatında izlədiyim
dəyişiklikləri nəzərdə
tuturam. Karantin dövrünün passiv rejimi insanların
ən dərin düşüncələrini üzə
çıxardı. Onları silkələdi,
həyata yenidən dəyər verməyə
məcbur etdi. Məncə,
düşünən və
yaradan insanlar bu mərhələdən
qaynaq kimi istifadə edəcəklər.
- Yeni layihələriniz, işləriniz
varmı?
- İdeyalar çoxdur,
onları daha yaxşı süzgəcdən
keçirmək və
formalaşdırmaq lazımdır. Xüsusi karantin
rejimi insanlara psixoloji cəhətdən
müxtəlif formada təsir etdi. Bunu “həzm etmək” və düzgün nəticələr çıxarmaq
üçün vaxta
ehtiyac var.
- Bir rejissor kimi karyeranızla
bağlı nə kimi xəyallarınız var?
- İşimə karyera
kimi baxmamağa çalışıram. Çünki belə görəndə,
məcburən sənə
maraqlı gəlməyən
layihələri də
üzərinə götürməli
olursan. Yaradıcılıq isə daxili
aləmin güzgüsüdür.
Yaş artdıqca insanı kiçik həcmli proyektlər (klip, müxtəlif çarxlar)
bir ifadə vasitəsi kimi çərçivədə saxlayır.
Ona görə də xəyallar, təbii olaraq, tammetrajlı filmlərlə bağlıdır.
Maraqlı fikirlər var,
lakin onları reallaşdırma yollarını
tapmaq asan deyil.
- Sizcə, rejissorluq peşəsi nə tələb edir?
- Rejissor çoxsaylı xüsusiyyətlərə malik
olmalıdır. Qorxuram, sadalamağa
başlasam söhbətimiz
bitməz (təbəssüm
edir). Rejissor layihənin aparıcı
qüvvəsidir. O, saysız-hesabsız
qərarların, sonu gəlməyən kompromislərin
və nəticənin
məsuliyyətini üzərinə
götürməyi bacarmalıdır.
Yaxşı film böyük komanda
zəhmətinin bəhrəsidir.
Kollektivi
düzgün şəkildə
ruhlandıra bilən rejissor ən çətin layihələrlə
belə uğur qazanar. Bundan əlavə, hərtərəfli
təhsili, özünəməxsus
dəsti-xətti olmalı,
istehsalın texniki tərəfini bilməlidir.
Dünya
kinosunda yaranan meyillərdən xəbərdar
şəkildə işləməlidir.
Bu cəhətlərin hər birinin vacibliyi haqqında ayrı-ayrılıqda danışmaq
olar. Hələ ünsiyyət qurma
bacarığını və
bunu gülümsəyərək
etməsini demirəm.
Yumor çəkiliş meydançasında
tez-tez yaranan münaqişə vəziyyətlərindən
çıxmağa və
ya yorğunluğu aradan qaldırmağa kömək edir.
- Maraqlıdır,
övladlarınızın incəsənət sahəsində
çalışmasını istərdinizmi?
-Gələcəkdə övladlarımın
hansı sahədə
istedadlarını göstərib,
hansı peşəni
sevəcəklərini bilsəm,
dünyanın ən xoşbəxt valideyni olaram. Onları dərhal istiqamətləndirməyə
başlayardım. Təəssüf ki, məndə gələcəyi görmək
qabiliyyəti yoxdur.
Hər valideyn kimi, onların sağlam, xoşbəxt, təhsilli böyüməsi üçün
çalışıram. Hələ ki, dərsləri, əlavə
kursları, təhsildən
kənar maraqları var… Səbrlə, bütün bunların
içərisindən öz
istəklərini və
istedadlarını kəşf
edəcəkləri günü
gözləyirəm.
- Görəsən,
Fuad Əlişov rejissor olmasa hansı peşə sahibi olardı?
- Məni hər zaman müasir düşüncəli, şagirdlərlə
səmimi ünsiyyət yaratmağı bacaran,
öz dərsinə vurğun
edən müəllimlər valeh edib. Bəxtimdən həyatımda 2-3 müəllimim
belə olub. Hətta birinə əməlli-başlı
vurulmuşdum. İş
o yerə çatmışdı ki, məktəbi bitirəndə hər biri öz istiqamətlərində
təhsilimi davam etməyi məsləhət
gördü. Seçim
etməkdə çətinlik çəkirdim. Onda fikrimdən keçdi ki, bəlkə elə müəllim olum?! Amma, görünür,
taleyin planları başqa
imiş…
- Mədəniyyət
naziri vəzifəsindən azad olunanda, deyildi ki, ən çox qayğıdan kənarda qalan sahələrdən biri
kinodur. Fikrinizcə, doğrudan
da belədirmi?
- Həyatımın bir hissəsini müxtəlif keçid dövrlərində yaşamışam. Sosializmdən kommunizmə addımladıq, lakin gedib çıxa bilmədik. Sonra müstəqillik qazanıb, demokratik dövlət qurmağa başladıq… Psixoloji cəhətdən hazırlıqlı idik. Bilirdik ki, belə zamanlarda səbrli olmaq lazımdır. Həmin dövrdə mədəniyyətimizin digər sahələrində olduğu kimi, kinoda da durğunluq yaşanırdı. Kinostudiyamızda qulaq batıran sükut var idi. Tək-tük hallarda fərdi pullarla çəkilən filmlər olurdu. Belə şəraitdə kino istehsalının dövlət tərəfindən nəzarətə götürülməsi məntiqli və gözlənilən addım idi. Əminəm ki, kinonun dirçəlib inkişaf etməsi üçün Mədəniyyət Nazirliyinə müvafiq göstərişlər verilib, vəsaitlər ayrılıb. Amma son hadisələr göstərdi ki, o pulların səsi mədəniyyətimizə aid olmayan yerlərdən gəlir. Nəticədə isə oğurlanan maliyyə vəsaitindən qat-qat dəyərli şeylər mənim və həmkarlarımın ən enerjili, ambisiyalı, xəyallarla dolu illəri oldu…
- Yeni
dövr kino, film sahəmizin inkişafı nə səviyyədədir?
- Kino
bir biznesdir. Ona görə bu sahədə
pul qazanmaq, incəsənət
əsəri yaratmaq istəyini kölgədə
qoyur. Amma həmin
reallığın da xoşagəlməz
şərtləri var. Burda
pul qazanmağın ən asan
yolu kütləyə istədiyini göstərməkdir.
Hazırda tamaşaçının niyə “yüngül”
kino axtarması da
ayrıca diskussiya mövzusudur.
Bir şeyi etiraf etməliyik ki, milli kino-biznesimiz yeni yola başlayıb. Bu yolun
başlanğıcında müəyyən
yanlışlıqların olması təbiidir. İti çıxışları ilə
tanınan sovet dövrünün
fiziki Sergey
Kapitsanın belə bir ifadəsi var idi: “Mədəniyyəti
xalqa məcburən də olsa
yeritmək lazımdır. Əks təqdirdə, bizi xaos gözləyir”.
Dövlətin kino sahəsini nəzarətə
alması, həm də onu ehtiva
edir ki, Mədəniyyət
Nazirliyi zövqlü,
aktual mövzuda filmlər
çəkdirib, təbliğ edərək cəmiyyətə
göstərməlidir. Yoxsa kino biznesində uzun
müddət xaosun şahidi
olacağıq...
- Bəs nə üçün müasir
Azərbaycan filmləri dünya
auditoriyasına çıxa bilmir?
- Kinonu çəkmək kifayət deyil, onun intensiv şəkildə PR-nı da aparmaq lazımdır. Bunun üçün satış menecmenti olmalıdı. Ölkəmizə maraq artmalıdır, bu da filmin izlənməsinin səbəblərindən biridir. Kino sahəsində müasir düşüncə tərzi ilə işləyən, beynəlxalq təcrübədən yararlanan idarəetmə lazımdır. Çəkilən filmlərin sayı artırılmalıdır. Keyfiyyət artan kəmiyyətin nəticəsində özünü göstərəcək. Kino məktəbimiz nə qədər işlək və aktiv olsa, o qədər də tərcrübəsi, səriştəsi artacaq. Onu da qeyd edim ki, yaradıcı azadlığı təmin edilməlidir. Kino dünyasının ən tanınmış əsərlərinə nəzər salsanız, görərsiniz ki, onlar heç də hamar, ziddiyyətsiz mövzulara həsr edilməyib. Kino və incəsənət dilemma, həqiqət axtarışı, fərqli baxış, xəyal dünyası, interpretasiya aləmidir. Bu aləmi milli səviyyədə yaratmalıyıq. Həm də Azərbaycan kinosunun ənənəvi dəsti-xəttini qorumalıyıq. Azərbaycan kino sahəsinin növbəti inciləri məhz belə aləmdən çıxacaq.
Samirə Ərəbova
Şərq 2020.- 9 iyun.- S.13.