Onlayn Media
Klubu jurnalistikaya xeyir gətirəcək
Beynəlxalq səviyyəyə
çıxışımız təşkilatın əsas
istiqamətlərindən olacaq
Azərbaycan
mediasının müxtəlif istiqamətlərində fəaliyyət
göstərən insanların bu və ya digər məsələlərlə
bağlı bir araya gəlməsi, peşəkar müzakirələr
aparması, ümumilikdə işin keyfiyyətinin yüksəldilməsi
üçün çalışması faydalıdır
Ötən həftə yeni media təşkilatı -
Onlayn Media Klubu yaradılıb. Təşkilatın
yaradılması təşəbbüsü və fəaliyyət
istiqaməti barədə Modern.az-a danışan
“Konkret.az”ın baş redaktoru və Onlayn Media Klubunun həmtəsisçilərindən
olan Fadil Paşayev bildirib ki, bu addım müasir medianın inkişafına
töhfə vermək üçün atılıb.
F.Paşayev vurğulayıb ki, 23 ildir jurnalistika ilə məşğul
olan şəxs kimi jurnalist və redaktor heyətinin işini,
medianın problemlərini yaxşı bilir: “168 saat” qəzetindən
tutmuş “Naxçıvan” və “Azad Azərbaycan” kimi tarixi
olan qəzetlərdə çalışdım.
Faiq
Hüsiyev, Varis Yolçuyev kimi jurnalistlərdən dərs
aldım. Müstəqillik dövrünün
azad mediasında formalaşdım. 13 il
Azərbaycan Televiziyasında işlədim. Son iş yerim isə
AzTV-nin Mərkəzi Asiya ölkələri üzrə
bürosu oldu. Eyni zamanda, Azərbaycanın
Qazaxıstandakı səfirliyində mətbuat xidmətinin
katibi oldum. Orta Asiya mediası ilə
çox yaxın təmaslarım yarandı. Eləcə də Azərbaycanın media sahəsində
kifayət qədər tanıdığım adamlar da var.
Onların arasında elələri var ki, ya bir yerdə işləmişəm,
ya da ayrı-ayrı vaxtlarda sıx təmaslarımız olub.
Yəni yaşadığım ömür,
çalışdığım sahədə keçirdiyim hər
an mənə xeyli təcrübə qazandırıb. Bütün bu təcrübəmlə medianın
yenidən dirçəldilməsinə öz töhfəmi
vermək istədim”. F.Paşayev qeyd edib ki, Onlayn Media
Kubunun əsas ideyası “Demokrat.az”ın baş redaktoru Vasif Həsənli
və “Pravda.az”ın baş redaktoru İlkin Pirəli və
onun tərəfindən irəli sürülüb: “Vasif və
İlkinlə bu ideya barədə çox müzkirələr
apardıq. Yeni, azad, nüfuzlu və ictimai fikrə
təsir imkanları olan təşkilata ehtiyac
yarandığını hiss edirdik. Qərara gəldik
ki, yeni nəfəslə, yeni əməkdaşlıq
formatı ilə mediada aparılacaq islahatlara, müstəqil
medianın formalaşmasına öz köməyimizi göstərə
bilərik və bu, ümid edirəm böyük miqyasda ola bilər. Əlbəttə, mövcud
jurnalist qurumlarının cəmiyyətdə müəyyən
nüfuzu var və ola bilər ki, bu
qurumların fəaliyyəti hansısa çərçivədə
həyata keçirilir. Məsələn,
Parlament Jurnalistləri Birliyini qeyd etmək olar”.
Baş
redaktorun sözlərinə görə, yeni təşkilat bu
sahəyə yeni nəfəs gətirəcək:
“Hazırda Klubun hüquqi cəhətdən təşkilatlanması
istiqamətində işlər aparılır. Güman edirəm
ki, sentyabr-oktyabr aylarında tam fəaliyyətə
başlayacağıq. Ona qədər
qarşımızda duran bir çox işlər var. Yeni
konsepsiyalar üzərində çalışırıq, təşkilatlanma
işi tam sürətlə getməlidir. Bir
sıra görüşlərimiz, müzakirələrimiz var
ki, bu işlər hələ ləng gedir. Əlbəttə ki, bu da Bakıda sərt karantin
rejiminin tətbiqi ilə əlaqədardır. Amma buna baxmayaraq, onlayn şəraitdə kiçik
toplantılarımız olur və digər
danışıqlarımız davam edir. İstənilən
təşkilatın, qurumun ofisi olmalıdır. Çünki təşkilat özü bir canlı
orqanizm sayıla bilər. Təşkilatın
işlək qurumu ofisdə olsa da, onlayn əlaqələrə
önəm veriləcək. Çünki
ideya müəllifləri özləri sayt rəhbərləridir
və onların başqa işləri də var. Təşkilat
paralel olaraq idarəetmə sistemində daha konstruktiv
metodları tətbiq edəcək. Əlbəttə,
bütün bunlara zaman lazım olacaq və bu proses müəyyən
mərhələdən sonra baş verəcək. Buna qədər isə ofisin olması mütləqdir.
Məqsədimiz mövcud onlayn medianın
bütün parametrlər üzrə inkişafını
şərtləndirməkdir.
Hesab edirəm ki, fəaliyyət planımızın əsas
istiqamətlərində özümüzü göstərə
biləcəyik. Digər təşkilatlarla, eləcə də
jurnalist təşkilatları ilə, həmçinin çox
peşəkar media işçiləri ilə sıx əməkdaşlıq
etməklə və yeni layihələri icra etməklə nəzərdə
tutduğumuz işləri həyata keçirməkdə
iddialıyıq. Bu gün xüsusən,
sosial mediada, o cümlədən sosial şəbəkələrdə
xaos hökm sürür.
“KİV-lərin effektivliyi haqqında” konsepsiya
hazırlamaq lazımdır. Mətbuatla dövlət
arasında münasibətlərin
formalaşdırılmasına diqqət yetirilməlidir.
Müstəqil medianın inkişafı
üçün yeni layihələr həyata keçirilməli,
medianın cəmiyyətdəki nüfuzu özünə
qaytarılmalıdır”. O bildirib ki, jurnalistikada dələduz
adamların ifşa edilməsi ilə bağlı maarifləndirmə
işlərini aparan istənilən quruma və təşkilata
dəstək verəcəklər: “Jurnalist icmalarının
nümayəndələrinin iştirakı ilə təcrübələrimizi
bölüşəcəyik. Mediaya yeni nəfəs
gəlib. Bütün bunlar bizə deməyə
əsas verir ki, yenidən təşkilatlanmalıyıq.
Bölgələrimizdə fəaliyyət
göstərən jurnalist həmkarlarımız var ki, illərdir
öz problemlərini həll edə bilmirlər. Bu sahədə xeyli işlər görməliyik”.
Yeni media
təşkilatı ilə bağlı “Şərq”ə
danışan ideya müəlliflərindən biri, “Demokrat.az”
saytının baş redaktoru Vasif Həsənli bildirib ki,
hazırda medianın durumu qənaətbəxş deyil və
bu sahədə ciddi problemlər var. V.Həsənlinin sözlərinə
görə, media sahəsində mövcud olan müxtəlif təşkilatlar
problemlərin həlli istiqamətində lazımınca
işləyə bilməyib:
“Yeni təkan lazımdır. Artıq hər sahədə
olduğu kimi, mediada da təşkilatlanma üçün yeni
mərhələ başlayıb. Doğrudur,
koronavirus pandemiyası bu işləri bir qədər ləngitdi.
Əslində, Prezidentin sabiq köməkçisi
Əli Həsənovun vəzifədən getməsindən
sonra geniş miqyasda islahatlar olmalı idi. Dediyim
kimi, COVID-19 infeksiyasının yayılması və ondan
doğan fəsadlar bu işləri arxa plana keçirdi. Amma biz yeni klub yaratmaqla bir neçə məsələni
gündəmdə saxlayacaq, onların həlli istiqamətində
ciddi səylə çalışacağıq. Bundan əlavə, KİV-in effektivliyini artıracaq
yeni konsepsiya hazırlayacağıq. Qurum
yeni əməkdaşlıq platformasına çevriləcək.
Beynəlxalq statuslu jurnalistlərlə,
dünyanın tanınmış media orqanları ilə
sıx əməkdaşlıq edəcəyik. Bölgə jurnalistikasının inkişafına mənəvi
və yaradıcı dəstək olacağıq. Yeni nəsil
peşəkar jurnalistlərin hazırlanmasında ali təhsil ocaqları ilə birgə layihələr
həyata keçirəcəyik. Sosial mediada, xüsusən
sosial şəbəkələrdə hökm sürən
xaosun zəiflədilməsi ilə bağlı təşəbbüs
qrupları yaratmaq, müvafiq qurumlar qarşısında təkliflərlə
çıxış etmək və s. planlarımız var.
Gördüyünüz kimi işlər çoxdur. Hesab edirəm ki, yeni təşkilatın
yaranması, formalaşması bu problemlərin həlli
baxımından ancaq jurnalistikaya xeyir gətirə bilər”.
Baş
redaktor Onlayn Media Klubunun yaradılması təşəbbüsünün
haradan qaynaqlandığına da münasibət bildirib:
“Hələ bir neçə il öncə peşəkar
həmkarlarımız olan “Pravda.az” saytının baş
redaktoru İlkin Pirəli və “Konkret.az” saytının
baş redaktoru Fadil Paşayevlə medianın problemləri ilə
bağlı ciddi müzakirələrimiz olub. Təxminən
parlament seçkilərindən sonra bu barədə
düşünürdük. Ancaq işlərin
çoxluğundan ertələnirdi. Yəqin
siz də mənimlə razılaşarsınız ki, mediada
kifayət qədər problemlər var. Xüsusən onlayn
media sahəsində qanunvericilik bazasında təkmilləşmə
işləri aparılmalıdır. Jurnalist
peşəsinin nüfuzunun qaytarılması, jurnalist məsuliyyətinin
artırılması məsələləri hələ
öz həllini tapmayıb. Bu gün onlayn
media məlumatlandırma və əyləndirmə
funksiyasını yerinə yetirir. Amma
maarifləndirmə işləri çox bərbad vəziyyətdədir.
Misal üçün, ötən onillər ərzində
“reket” jurnalistikaya (əslində onlara “dələduz”
jurnalistika desək daha düzgün olar) həsr edəcəyimiz
mübarizəni biz maarifləndirmə işlərinə
yönəltsəydik, kifayət qədər uğur
qazanardıq. Belə problemləri təfsilatı
ilə sadalasaq, burada bir kitab söz demək olar. Yeni təşkilatlanmaya, xüsusən onlayn media
olaraq çox ciddi ehtiyac olduğu açıq-aşkar hiss
olunur”.
Vasif Həsənli
yeni Klubun fəaliyyət istiqamətindən də söz
açıb:
“Əvvəlcə qeyd edim ki, bütün
dövlət strukturları, o cümlədən peşəkar
jurnalistlərlə əməkdaşlıq zəruridir. O
baxımdan Klubun əhatə dairəsini genişləndirməliyik.
Qarşıda duran mühüm vəzifələrdən biri də
tanınmış, sözükeçən, cəmiyyətdə
nüfuzu olan media simaları ilə sıx təmaslar
yaratmaqdır. Gənc jurnalsitlərlə işləyəcək
əlavə bölməmiz olacaq. Mətbuat Şurası, “Yeni
Nəsil” Jurnalistlər Birliyi, Parlament Jurnalistləri Birliyi, Azərbaycan
Jurnalistlər İttifaqı, İdman Jurnalistləri
Assosiasiyası və digər təşkilatlarla birgə layihələr
işləmək arzusundayıq. Eyni zamanda beynəlxalq səviyyəyə
çıxışımız təşkilatın əsas
istiqamətlərindən olacaq. Hazırda təşkilatlanma
işi gedir. Bu, ayrı bir prosesdir. İşlərimiz həddindən
artıq çoxdur, fəaliyyət proqramımız zəngindir.
İnşallah nəticəni zaman göstərəcək”.
Təşəbbüslə bağlı fikirlərini
“Şərq”ə bölüşən Mətbuat
Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
jurnalistlərin keyfiyyət dəyişikliklərinə nail
olmaq üçün yeni təşəbbüslərin irəli
sürülməsini alqışladığını deyib. Jurnalist hesab edir ki, Azərbaycan mediasının
müxtəlif istiqamətlərində fəaliyyət
göstərən insanların bu və ya digər məsələlərlə
bağlı bir araya gəlməsi, peşəkar müzakirələr
aparması, ümumilikdə işin keyfiyyətinin yüksəldilməsi
üçün çalışması
faydalıdır:
“Onlayn Media Klubu adı altında
fəaliyyət göstərəcək həmkarlarıma
uğurlar diləyirəm. Ümid edirəm, qarşıya
qoyduqları vəzifələrin öhdəsindən gələ
biləcəklər. Əlbəttə, istərdim ki, həmkarlarımız
təşkilatlanma üçün çox yubanmasınlar.
Zaman gözləmir və hazırda dünyada hadisələr
sürətlə inkişaf edir. Birləşmək, klub
yaratmaq, hansısa ictimai təşəbbüs ortaya qoymaq təqdirəlayiq
addımdır. Lakin daha öncə Azərbaycanın ümdə
problemləri ilə məşğul olmaq lazımdır. Son
günlər ölkə rəhbərliyinin və üzdə
olan ictimai-siyasi xadimlərin üzərinə gələn dəstə
var. Onların çoxu xarici ölkələrdən
sığınacaq alaraq söyüş kampaniyası ilə
məşğul olurlar. Həmkarlarımız ilk növbədə
təsis etdikləri Onlayn Media Klubu vasitəsi ilə həmin
şəxslərin qarşısını sanballı əks
arqumentlərlə almalıdırlar.
Onların susdurulması üçün intellektual
potensiallarını cəlb etməlidirlər. Hazırda bu
sahədə ciddi boşluq var və əfsuslar olsun ki,
qarayaxmalara cavab verən tapılmır. Bunu
etmək əvəzinə Azərbaycan daxilində bəzi
jurnalistləri gözdən salmağa
çalışırlar”.
A.Həsrət
qeyd edib ki, jurnalistika sahəsində təşkilatların
sayı həddindən artıq çox olsa da, ortada əməli
iş yoxdur:
“Səhv etmirəmsə, bir vaxtlar 50-yə yaxın təşkilat
var idi. Əminəm ki, bu gün hansı jurnalistdən
soruşsaq, heç 5 təşkilatın adını çəkə
bilməyəcək. Həmin qurumların
fəaliyyəti gözə görünmür. Ümumiyyətlə, hansı işlə məşğul
olduqları bəlli deyil. Sadəcə bir neçə təşkilat,
o cümlədən keçmişdə rəhbərlik etdiyim
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi
İctimai Birliyi, Jurnalistlərin Həmkarlar İttifaqı və
s. qurumlar beynəlxalq platformalarda davamlı şəkildə
iştirak ediblər.
Çoxsaylı və adlarını heç kimin bilmədikləri
digər jurnalist təşkilatları isə bu cür
mühüm məsələlərlə məşğul
olmayıblar.
O səbəbdən hesab edirəm ki, yeni qurulacaq təşkilatlar
məsələnin bu tərəfinə çox ciddi diqqət
yönəltməlidirlər”.
İsmayıl
Qocayev
Şərq 2020.- 23 iyun.- S.11.