Azərbaycan
Xalq Cümhuriyyətinin yadigarı...
"AzərTac"ın
yaranmasından 100 il ötür
Agentlik
Şərqdə ilk xəbər yayıcısı kimi çətin
və şərəfli yol keçib
Azərbaycan
Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın fəaliyyətə
başlamasından 100 il ötür. Bir əsrlik tarixə malik agentliyin fəaliyyətinə
nəzər salmaq, təbii ki, çox çətindir. Çalışacağıq, “Azərtac”la
bağlı bu 100 ildəki fəaliyyətinin ən önəmli
tərəflərinə işaq salaq. Bu məqsədlə
100 illik yubiley ərəfəsində “Azərtac”da yer
almış geniş məqalədən istifadə edəcəyik.
Öncə bundan başlamalıyıq ki, "AzərTac"
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. “AzərTac” suveren dövlətin
xəbər agentliyi kimi ilk məlumatını 1920-ci il martın 2-də yayıb.
Azərbaycanın ilk milli informasiya
yayımçısı olan "AzərTac" 100 ildə
çətin, lakin şərəfli yol keçib, hər bir
tarixi mərhələdə üzərinə düşən
missiyanı peşəkarlıqla yerinə yetirib. 1920-ci il
martın 1-də fəaliyyətə başlayan agentliyə
bir əsrlik tariximizin salnaməsini yazmaq şərəfi nəsib
olub.
“AzərTac”
üçün yeni ofis binası
“AzərTac”ın inkişafı və dövlət
informasiya agentliyi kimi formalaşması ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Agentlik
hazırda səkkiz dildə fasiləsiz informasiya yayır,
mötəbər xəbər qaynağı kimi qəbul
olunur. Xarici ölkələrdə və
bölgələrdə geniş müxbir şəbəkəsinə
malikdir.
“AzərTac” bu gün dünya informasiya məkanında
layiqli yer tutur, beynəlxalq və regional media qurumlarında fəal
təmsil olunur. Bu istiqamətdə səmərəli fəaliyyətin
nəticəsi olaraq 2016-cı ildə Prezident İlham Əliyevin
himayəsi, birinci xanım Mehriban Əliyevanın dəstəyi,
Heydər Əliyev Fondunun və "AzərTac"-ın təşkilatçılığı
ilə Bakı Dünya Xəbər Agentliklərinin V Konqresinə,
Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri
Təşkilatının (OANA) XVI Baş Assambleyasına ev
sahibliyi edib. 2016-2019-cu illərdə hər iki
quruma sədrlik edən "AzərTac" Azərbaycanın
adını dünya mətbuat tarixinə yazdırıb.
Agentliyin
fəaliyyətinin bəzi məqamlarını diqqətə
çatdırırıq:
"AzərTac" 50-yə yaxın xarici xəbər
agentliyi ilə əməkdaşlıq müqaviləsi
imzalayıb, 150-dək agentliklə informasiya mübadiləsi aparır.
2016-2019-cu illərdə
Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və
Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına
(OANA) sədrlik edib.
Hər gün 8 dildə 700-ə yaxın informasiya, video
və foto xəbər hazırlayaraq öz kanalları ilə
yayır.
Agentliyin beş veb-resursu və iki veb-servisi (interaktiv xəritə),
üç mobil tətbiqi, fotosaytı və zəif görənlər
üçün resursu fəaliyyət göstərir.
Otuzdan çox sosial şəbəkə və messenger
profili var.
2019-cu ildə mobil cihazlar vasitəsilə informasiya
resurslarına müraciət 50 faiz, videolara baxış 75 faiz
artıb.
“YouTube” kanallarında videoxəbərlərə
baxışların 83 faizi mobil cihazların payına
düşür.
Ölkə üzrə ilk ixtisaslaşmış videoxəbər
studiyası 2010-cu ildə "AzərTac"-da tətbiq
olunmağa başlayıb. Agentlik hazırda beş
dildə (Azərbaycan, ingilis, rus, fransız və alman) video
yayır.
İnfoqrafika, slaydşou, videoqrafika, “360” videolar
hazırlanır.
Agentliyin veb-resurslarında, sosial şəbəkələrdəki
səhifələrində və üzvü olduğu beynəlxalq
media təşkilatlarının portallarındakı xəbər,
foto və videolarına baxışların sayı 73 faiz
artıb.
Xarici ölkələrdə 21 müxbir məntəqəsi
fəaliyyət göstərir.
Ötən
il "AzərTac"-ın üzv
olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq
etdiyi milli informasiya agentliklərinin saytlarında 15 minə
yaxın xəbəri, videosu və fotosu yayılıb.
Azərbaycanın ilk xəbər qaynağı olan
agentlik əlamətdar yubileyini yaxın aylarda yeni ofisində
qeyd edəcək. Prezident İlham Əliyevin və birinci
xanım Mehriban Əliyevanın diqqət və
qayğısının nəticəsi olaraq "AzərTac"
üçün müasir memarlıq üslubunda inşa edilən
binanın tikintisi başa çatıb. Dövlətimizin
başçısının tapşırığına əsasən
yeni binada ən müasir informasiya-kommunikasiya texnologiyaları
quraşdırılacaq, dünya standartlarına uyğun
iş şəraiti yaradılacaq.
“Anemon”
jurnalı
Türkiyənin elmi nəşrlərindən olan “Anemon”
jurnalı Azərbaycan Dövlət İnformasiya Agentliyinin –
"AzərTac"-ın 100 illik yubileyi ilə bağlı məqalə
dərc edib.
“Xalq qəzeti”nin əməkdaşı, Əməkdar jurnalist
Namiq Əhmədovun “Azərbaycan Xalq Cümhuriyyəti:
"AzərTac"-ın yaranma zərurəti və
keçdiyi yol” adlı məqaləsində bu günlərdə
100 yaşını qeyd edən, Şərqdə ilk xəbər
agentliklərindən biri olan "AzərTac"-ın
keçdiyi çətin və şərəfli yoldan
danışılır.
Məqalədə agentliyin fəaliyyət dövrü
üç mərhələdə təqdim olunur. Birinci mərhələ
1920-ci ilin mart–aprel aylarını ("AzərTac" ilk xəbərlərini
bu qısa dövrdə yaymağa başlayıb), ikinci mərhələ
təxminən 70 illik sovet dövrünü, nəhayət,
üçüncü mərhələ müstəqillik illərini
əhatə edir. Sovet hakimiyyəti illərində
yeddi dəfə ad dəyişikliyinə məruz qalan "AzərTac"-a
tarixi adı dövlət müstəqilliyimizin bərpasından
sonra qaytarılıb. 1993-cü ildə
Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışı "AzərTac"-ın da fəaliyyətində
yeni inkişafa səbəb olub, Prezidentin imzaladığı
fərman və sərəncamlarla agentlik dövlət himayəsinə
götürülüb, fəaliyyətinin təkmilləşdirilməsi,
maddi-texniki bazasının
yaxşılaşdırılması üçün ciddi tədbirlər
görülüb.
Müəllif diqqətə çatdırır ki,
"AzərTac"-ın beynəlxalq əlaqələrinin
qurulması və formalaşması da dövlət müstəqilliyinin
bərpasından sonrakı illərə təsadüf edir. Müasir Azərbaycanın
siyasi, iqtisadi və sosial həyatının bütün sahələrində
baş verən hadisə və yenilikləri daha geniş
coğrafiyada və operativ işıqlandıran agentliyin xəbərləri
hazırda dünyanın 100-dən çox ölkəsinə
yayılır. "AzərTac" buna həm
xaricdə fəaliyyət göstərən müxbir məntəqələri,
həm də təmsil olunduğu beynəlxalq media
qurumları, əməkdaşlıq etdiyi xarici informasiya
agentlikləri vasitəsilə nail olur. Azərbaycan
tarixinin bir əsrlik salnaməsini yazan "AzərTac"
ölkəmizin dinamik inkişafı və artan nüfuzu
fonunda dünya arenasına inamla çıxır, beynəlxalq
informasiya məkanında mövqeyini getdikcə möhkəmləndirir.
Məqalədə agentliyin fəaliyyəti yüksək
dəyərləndirilir, xüsusən Azərbaycanda informasiya
siyasətinin formalaşmasındakı xidmətlərindən
bəhs olunur.
Anadolu
Agentliyi “AzərTac”ı təbrik etdi
Yubiley günlərində “AzərTac” dünyanın hər
yerindən təbriklər aldı. Əlbəttə,
qardaş Türkiyədən gələn təbriklər bizim
üçün xüsusi önəm daşıyır.
"Anadolu"
Agentliyinin baş direktoru Şenol Kazancı təbrikində
yazır ki, iki dövlət, bir millət olan Türkiyə və
Azərbaycanın milli xəbər agentlikləri
"Anadolu" Agentliyi və "AzərTac"C arasında
beynəlxalq əməkdaşlıq, həm ikitərəfli,
həm də üzvü olduğumuz beynəlxalq təşkilatlar
çərçivəsində güclənərək davam
etməkdədir.
Dünya miqyasında jurnalist fəaliyyətləri həyata
keçirən "Anadolu" Agentliyinin ofislərinin məqsədli
şəkildə hücuma məruz qaldığı və
müxbirlərinin yaralandığı hadisələr
zamanı, qlobal jurnalistika prinsipləri çərçivəsində
beynəlxalq mətbuata etdiyimiz qınama
çağırışlarına operativ və tutarlı
cavablar verən xəbər agentliyi "AzərTac" olub. Buna görə
"Anadolu" Agentliyinin çətin anlarında dəstəklərini
əsirgəməyən başda siz, dəyərli həmkarlarım
olmaqla, bütün "AzərTac" kollektivinə ən dərin
minnətdarlığımı bildirirəm. Azərbaycan
və Türkiyənin tarixi qardaşlığına bir
nümunə kimi, Qurtuluş Savaşı illərində
yanımızda olan, səsimizi dünyaya çatdırmaq
üçün Mustafa Kamal Atatürk ilə birgə
mübarizə aparan və həmçinin 1925-ci ildə
"Anadolu" Agentliyi İdarə Heyətinin sədri
olmuş hüquqşünas, siyasətçi və jurnalist Əhməd
Ağaoğlunun ölümünün 81-ci
ildönümündə fürsətdən istifadə edib onu
yad etmək istəyirəm.
Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Sergey
Mixaylov təbrikində qeyd edir ki, mən cəsarətlə
qardaş adlandırdığım "AzərTac"
agentliyini bu böyük yubiley münasibətilə ürəkdən
təbrik edirəm. 100 il böyük tarixdir. Ötən
il TASS-ın 115 illiyinin tamam olmasına
baxmayaraq, biz sizdən azacıq yaşlıyıq. Bununla belə,
100 il hər bir təşkilat
üçün çox əhəmiyyətli tarixdir. Əlbəttə, bu, Azərbaycan informasiya agentliyi
üçün də başlıca tarixdir. Çünki informasiya resursu üçün əsas
məsələ ilk növbədə onun imicidir. "AzərTac"
isə praktiki olaraq qüsursuz imic qazanıb və keşməkeşli
informasiya bazarında onun 100 il mövcud
olması buna çox yaxşı sübutdur.
Biz "AzərTac"-la əsl strateji tərəfdaşlarıq. "AzərTac"
bizim təklif etdiyimiz bütün layihələrə həmişə
böyük və məzmunlu dəstək verir. Düşünürəm ki, TASS-la "AzərTac"-ın
münasibətlərini təsvir etmək üçün
yanvarın sonunda Bakıda, Heydər Əliyev Mərkəzində
həyata keçirdiyimiz sonuncu iri layihənin adından istifadə
edə bilərik. Biz "Onları Bakı
və Moskva sevir" adlı böyük fotosərgi
açdıq. Layihənin adı "AzərTac"-la
qarşılıqlı münasibətlərimizi çox
gözəl xarakterizə edir. "AzərTac"-ı
Moskvada, TASS-ı Bakıda sevirlər. Qoy
bundan sonra da belə olsun.
“AzərTac”
ən qədim xəbər agentliklərindən biridir
Dünya
Xəbər Agentlikləri Konqresinin prezidenti Maksim Minçevin
də təbriki diqqətçəkən idi:
“…Bu
illər ərzində sizin agentliyiniz dünyada ən
nüfuzlu və hörmətli agentliklərdən birinə
çevrilib. Biz əminik ki, siz qarşıdan gələn illərdə
də son dərəcədə peşəkar və
düzgün fəaliyyət göstərməyə davam edəcəksiniz.
Sizə nüfuzlu və çox mühüm işinizdə
uğurlar, tərəqqi və böyük nailiyyətlər
arzulayırıq. Biz həmçinin ümid edirik ki, "AzərTac"
və BTA qarşıdan gələn illərdə də
öz yaxın dostluq əlaqələrini məhsuldar və
qarşılıqlı faydalı şəkildə davam etdirəcək.
Əziz dostlarım, təbriklər.
Misirin
Yaxın Şərq Xəbər Agentliyinin İdarə Heyətinin
sədri, baş redaktoru Əli Həsən: “Misirin Yaxın
Şərq Xəbər Agentliyinin İdarə Heyətinin sədri,
Baş redaktoru kimi mən Əli Həsən dost Azərbaycan
xalqını, xüsusilə Azərbaycan Dövlət Xəbər
Agentliyinin kollektivini və şəxsən İdarə Heyətinin
sədri Aslan Aslanovu agentliyin yaranmasının 100 illiyi
münasibətilə səmimi qəlbdən təbrik etməkdən
şərəf duyuruq.
"AzərTac"
dünyada ən qədim və ən çox inkişaf edən
agentliklərdən sayılır. Agentliyin xəbərlərini
izləyirəm. Qeyd edim ki, onlar yüksək səviyyədədir.
Bizim MENA agentliyimiz də dost Azərbaycan dövləti
haqqında məlumatları "AzərTac" vasitəsilə
əldə etməyə çalışır. Azərbaycanda
baş verən hadisələr barədə xəbərləri
"AzərTac"-dan götürür və MENA agentliyinin
saytında hər gün müxtəlif dillərdə
yayırıq. "AzərTac"-a davamlı inkişaf,
yüksəliş, dost Azərbaycan xalqına uğurlar
arzulayıram.
Yaponiyanın
Kyodo xəbər agentliyinin prezidenti Toru Mizutani isə təbrik
məktubunda bunları yazıb:
-
…2016-cı ildə "AzərTac" Dünya Xəbər
Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri
İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI
Baş Assambleyasına ev sahibliyi edib. Sizin xəbər agentliklərinin
inkişafına verdiyiniz töhfəni yüksək dəyərləndirirəm.
Rəqəmsallaşmanın
dünya miqyasında sürətlə inkişaf etdiyi
dövrdə smartfonlar yeni rahat vasitələr təqdim edirlər.
Bu, istifadəçilərə böyük miqyasda məlumatları
paylaşmağa kömək edir. Eyni zamanda dünyada “feyk
nyus” kimi problemlər ortaya çıxır. Artıq xəbər
agentliklərinin ədalətli və dəqiq xəbərin
çatdırılması kimi funksiyası bütün
dövrlərdən daha vacib olmağa başlayıb.
Azərbaycan
Dövlət İnformasiya Agentliyini 100 illik yubileyi münasibətilə
təbrik edirəm və "AzərTac"-ın yalnız xəbər
agentliklərinə yox, dünya mətbuatı və
jurnalistikasına verəcəyi töhfələri görməyi
ümid edirəm”.
Məlahət Rzayeva
Şərq 2020.- 3 mart.- S.11.