"Sonu yaxşılıqla bitən kitablar yollayın... "

"Şərq"in əməkdaşları Bakı Kitab Mərkəzində nələri gördü?

Əvvəlcədən təyin etdiyimiz vaxtda görüşür və respublikanın əsas kitabxanalarından biri olan Bakı Kitab Mərkəzinə yola düşürük.  2018-ci il sentyabr ayının 1-də Bakı Kitab Mərkəzi rəsmi olaraq açıq elan olunub.

Heydər Əliyev fondunun təşəbbüsü və dəstəyi  ilə yaradılmış və kitab satışına tamamilə fərqli bir konsepsiya ilə başlayan  Bakı Kitab Mərkəzində Azərbaycan, rus, türk, ingilis, fransız, alman, ərəb və digər dillərdə istənilən janrlarda kitablar təqdim olunur.  Üzeyir Hacıbəyov və Qoqol küçələrinin kəsişməsində yerləşən Mərkəzin sahəsi təxminən 2500 kvadratmetrdir. Bakı Kitab Mərkəzində mütəmadi olaraq müxtəlif kitab təqdimatları, məşhur yazıçı, şair, həmçinin sevilən mədəniyyət və incəsənət xadimləri ilə görüşlər, ustad dərsləri, uşaq və yeniyetmələrdə mütaliəyə həvəsi artırmaq üçün tanınmış insanların iştirakı ilə oxu günləri, dil kursları, beynəlxalq təşkilatlar və xarici səfirliklər ilə bərabər tədbirlər təşkil olunur.

Mərkəzdəki bütün tədbirlər və aksiyalar haqqında zalda canlı anonslar səslənir, müxtəlif yerlərdə quraşdırılan monitorlarda yeni kitablar haqqında məlumatlar verilir. Sensor ekranlarda Mərkəzdə satılan bütün kitablar haqqında məlumat almaq olar. 

Bakı Kitab Mərkəzinin əsas məqsədi həmvətənlərimizdə mütaliəyə marağın və həvəsin artırılmasıdır. Sadaladığımız amillər bu ünvanı kitabsevərlər arasında tez bir zamanda məşhurlaşdırdı. Elə biz də Bakı Kitab Mərkəzinin bu populyarlığını əsas götürərək məhz bu ünvana üz tutduq və bu kitab mağazasını əhali arasında sevdirən xüsusiyyətləri müəyyənləşdirməyə çalışdıq.

 Təxminən bir saatdan sonra Bakı Kitab Mərkəzinin əzəmətli giriş qapısının qarşısında  idik. İçəri keçirik. Rəsmi geyimli işçilər bizi təbəssümlə qarşılayaraq “Xoş gəlmisiniz” deyirlər. Gödəkçələrimizi soyunub asılqandan asırıq. Havanın kifayət qədər soyuq olmasına baxmayaraq, içəridə xeyli insan var. İki mərtəbəli binanın birinci mərtəbəsində  Azərbaycan və xarici dillərdə dünya bestsellerləri, incəsənətə aid olan gözəl albomlar, turist bələdçilər, musiqi kitabları və notlar da satılır. Sol tərəfdəki kafedə oxuculara, alıcılara müxtəlif içkilər, o cümlədən çay, qəhvə təklif olunur. Bəzilərinin burada saatlarla vaxt keçirdiyini nəzərə alsaq kafenin onlar üçün əsl tapıntı olduğunu deyə bilərik.

Həm kitabları vərəqləyir, həm də ətrafı müşahidə edirik.  İnsana elə gəlir ki, burada olmayan kitab yoxdur. Oxucular müvafiq rəfə yaxınlaşaraq istədikləri kitabı asanlıqla tapır, ya bir küncə keçib oxuyur, ya da kassaya pulunu ödəyib çıxırlar. Əlbəttə, kömək üçün işçilərə müraciət edənlər də var. Onlar həvəslə alıcıların suallarını cavablandırır, mümkün qədər yardım etməyə çalışırlar.

Təsadüfən gözümüz yaşıl üzlü bir kitaba sataşır. Əli Əmirlinin “Ağdamda nəyim qaldı?” əsəridir. İkimiz də qəribə formada mütəəssir oluruq.

 Bizdən bir az aralıdakı iki gəncin dialoqu diqqətimizi çəkir.

- Yaxşı kitabdır.

- Hə.

- Bəlkə, alasan?

  Yoldaşı kitabı çevirib qiymətinə baxır və “Yox, pulum çatmaz” deyir. Doğrudan da, son illər kitabların qiymətində bahalaşma hiss olunur. Ola bilsin, keyfiyyət də əvvəlkinə nisbətən yaxşıdır. Ancaq hər halda kitabın qiyməti elə olmalıdır ki, hər kəs ala bilsin. Düşünürəm ki, Bakı Kitab Mərkəzi bu məsələyə xüsusi həssaslıqla yanaşmalıdır. Axı bura öz fəaliyyəti digər kitab mağazalarına nümunə olmaqda davam edir.

 Ovalvari pilləkənlə ikinci mərtəbəyə qalxırıq. Burada müxtəlif dillərdə, ən müxtəlif janrlarda və mövzularda kitablar tapmaq mümkündür. Oxucuların rahatlığı üçün hər şey nəzərə alınıb. Onların elə buradaca kitabları oxumaları üçün dəhlizə kreslolar, döşəkçələr qoyulub. Bayaqdan bəri əlimizdə gəzdirdiyimiz qəzetləri kresloların birinin üzərinə qoyur və gəzməyə başlayırıq. Hə, hərəmizin əlində bir nüsxə qəzet var - “Şərq” və “525”. Bəlkə də, təəccüblü görünə bilər. Amma ikimizin BDU-nun Jurnalistika fakültəsinin tələbəsi olduğumuzu nəzərə alsaq qəzet oxumağımız, qəzetlə gəzməyimiz, hətta, az qala, nəfəs almağımız normaldır. Həm də çap mediasının qayğısına biz qalmayandan sonra kim qalacaq? 

  Cütlüklər gözə dəyir. Döşəkcələrdə, pəncərələrin eyvanlarında oturur, başlarını biri-birlərinin çiyinlərinə qoyaraq eyni kitabı oxuyurlar. Gözləri eyni sətirlərin üzərində gəzir. Bir də baxırıq ki, mühafizə işçisi belə cütlüklərdən birinə yaxınlaşır və dilucu “Bir az aralı oturun” deyir... ictimai yerdə gənclərin belə hərəkətlərinin birmənalı qarşılanmaması təbiidir. Hərçənd ki, bulvar da ictimai yerdir...

 Rəflərdən birinə düzülmüş kitabların qiymətini görəndə bayaq şahidi olduğumuz dialoqa şükür edirik. Əlli, altmış manata, bundan da baha qiymətə olan kitablar var. Amma nəfis tərtibatda, gözoxşayan dizaynda. Belə kitablardan biri də dahi bəstəkar, publisist Üzeyir Hacıbəyovun “Seçilmiş əsərləri”nin toplusudur. Yadımıza Üzeyir Hacıbəyovun jurnalistlik fəaliyyətindən həmişə ağızdolusu danışan bir müəllimimiz-dosent Aygün Əzimova düşür. Kitabı əlimizə alıb mündəricata baxırıq. 56-cı səhifədəki “Bir qədər qəzetəcilik dərsi...” məqaləsinin ilk cümlələrini yenicə oxumağa başlamışdıq ki, mühafizə işçisinin səsini eşidirik. Bizim qəzetlərimizi əlində göyə qaldıraraq möhkəm səslə soruşur: “Bunlar kimindir?”. Cəld üstünə qaçır və “Bizimdir” cavabı veririk. Heç nə demir. Təbəssüm etməklə kifayətlənir. İkimizin də ağlından eyni şey keçir: “Niyə qəzet oxuyanlara belə təəccüblə baxırlar?”. Axı Üzeyir Hacıbəyov və onun kimiləri məhz mətbuat vasitəilə bu millətin gözünü açımağa müvəffəq olublar. Nə bilək, bəlkə, doğrudan da, dövr dəyişib. İndi hər yerdə texnologiya hökmranlıq edir. Qarşımızdakı böyük ekran da bunu sübut edir. Belə ki, məhz texnoloji yenilik vasitəsilə alıcılar istədikləri kitabın adını daxil edib, onun qiyməti, mövzusu ilə maraqlana, neçənci mərtəbədə, hansı rəfdə olduğunu öyrənə bilər. Yəni daha saatlarla gəzməyə ehtiyac yoxdur.  Dediyimiz fikri təsdiqləyən ikinci bir məqam isə bir küncdə ona yaxın kompüterin istifadəçilərin ixtiyarına verilməsidir. Bakı Kitab Mərkəzinə gələn hər kəs bu kompüterlərdən rahatlıqla istifadə edə bilər. Hətta burada dərs hazırlayanlar da az deyil. Niyə də olmasın? Kitablar, ensiklopediyalar, lüğətlər, kompüterlər, rahat yer, çay, kofe... Yəni əksi üçün heç bir səbəb yoxdur.

 Gəzə-gəzə həm də fotolar çəkirik. Çalışırıq ki, ən maraqlı kadrları smartfonlarımızın yaddaşına köçürə bilək. Yarım semestr boş-boşuna fotojurnalistika keçməmişik ki?.. Təxminən eyni anda  ikimiz də üzümüzü çevirib bir-birimizə baxırıq. Bu böyük kitabxanada Rəşad Məcidin “Qələmsiz yazılanlar” kitabını görməyimiz ikimizi də sevindirir. Aylar əvvəl “525”-in redaksiyasında bu kitabdan hərəmizə bir nüsxə hədiyyə etmişdi. O vaxt “Qələmsiz yazılanlar”ın həm də “fal kitabı” olduğunu deyərək təsadüfi bir səhifəni açıb, təsadüfi bir sitatı oxumağımızı istəmişdi. İndi qeyri-iradi biz də “falımıza baxmaq” istədik. Qarşımıza çıxan sitatda Rəşad Məcidin Mətbuat Şurasının sədri Əflatun Amaşovla birlikdə hansısa bir tədbirdə iştitak etməsi qeyd olunub. Maraqlıdır...

 Dediyimiz kimi, burda ən müxtəlif mövzulara dair kitablar tapmaq mümkündür. Bizdən on beş metr aralıdakı rəflərə sarı gedəndə burada “Jazz” kitablarının yanında “Azərbaycan muğamı”, “Fikrət Əmirov”, “Tofiq Quliyev” kimi toplular marağımıza səbəb olur və bizi fərəhləndirir. Həm də ona görə ki, Bakı Kitab Mərkəzinə gələn əcnəbilər də məhz bu kitablar  vasitəsilə Azərbaycan incəsənəti, mədəniyyəti və ədəbiyyatı ilə yaxından tanış ola bilərlər.

 Pəncərədən çölə boylananda artıq havanın qaraldığını hiss edir və vaxt itirmədən birinci mərtəbəyə düşürük. Gördüyümüz bir kitab isə sanki qeyri-ixtiyari formada bizi tutub saxlayır. Həmişə yaradıcılığına və keşməkeşli həyatına heyran qaldığımız məşhur türk şairi Nazim Hikmətin “Seçilmiş əsərləri”nin üz qabığından Nazim elə boylanır ki... Kitabı əlimizə alıb, vərəqləyirik. Həbsdə ikən yazdığı şeirlər, atasına, Bakıya, sevgililərinə həsr etdiyi misralar insanı düşündürür. Bir şeirini isə ikimiz də özümüzdən asılı olmayaraq səsli şəkidə oxuyuruq:

 

“Sonu yaxşılıqla bitən kitablar yollayın mana,

Qanadları qırılan təyyarə

Sağ-salamat enə bilsin meydana.

Doktor gülərək çıxsın əməliyyatdan,

Kor uşağın açılsın gözləri

Güllələnərkən xilas edilsin partizan,

On il gözlənilsin məktub

Gəlsin bir səhər quşlarla məktub

Əldən-ələ gəzsin şairin əsəri,

Qovuşsun sevgililər,

Toy-düyün qurulsun həm də

Kimsə həsrət çəkməsin artıq

Çörəyə, gülə, Günəşə, hürriyətə

"Sonu yaxşılıqla bitən kitablar yollayın mana",

Çünki inanıram qəhrəman tariximiz

Eynən orda olduğu kimi,

Yaxşılıqla bitəcək mütləq”.

 

 Geri qayıdanda bütün yol boyu bu misraları pıçıldayırıq...

                                                                                     

   Kənan Novruzov,

   Günel Abbas

Şərq  2020.- 3 mart.- S.15.