"İdmanımızda tərəqqi,
idman mətbuatında geriləmə var"
"Ümumilikdə ölkədə
120 idman jurnalisti çalışır"
Qabil Mehdiyev: “İdman jurnalistikası
çətinliyinə görə yalnız hərbi
jurnalistikadan geri qalır”
Həmişə
olduğu kimi, bu il də martın 5-i
ölkəmizdə Bədən tərbiyəsi və idman
günü kimi qeyd olunur. Prezident İlham Əliyevin
2004-cü il martın 4-də imzaladığı Sərəncama
uyğun olaraq, artıq 15 ildir ki, idman ictimaiyyətinin
nümayəndələri bu əlamətdar gündə
birlik, həmrəylik nümayiş etdirirlər. Əlbəttə, bu, ölkəmizdə bədən
tərbiyəsi və idmana göstərilən diqqət və
qayğıdan xəbər verir.
“İdman, bədən tərbiyəsi, hər bir
sivilizasiyalı xalqda, ölkədə olduğu kimi, Azərbaycan
xalqının da, Azərbaycan vətəndaşlarının
da həyat tərzinin mühüm bir hissəsidir” deyən ulu
öndər Heydər Əliyevin bu sahədəki siyasəti
bu gün onun layiqli davamçısı İlham Əliyev tərəfindən
layiqincə davam etdirilir. Təbii ki, idmançılarımızın
uğurlarının işıqlandırılmasında,
onların beynəlxalq aləmdə tanınmasında idman mətbuatımızın
da üzərinə böyük iş düşür. 1932-ci ildən nəşr olunan və böyük
bir tarixi yol keçən “İdman” qəzeti də belə
media orqanlarından biridir. 5 Mart - Bədən
tərbiyəsi və idman günü münasibətilə qəzetin
baş redaktoru, Azərbaycan İdman Jurnalistləri
Federasiyasının prezidenti, Əməkdar jurnalist Qabil
Mehdiyevlə həmsöhbət olduq.
- Qabil
müəllim, necə düşünürsünüz,
martın 5-i ölkəmizdə Bədən tərbiyəsi və
idman günü kimi qeyd olunmasının əhəmiyyəti
nədən ibarətdir?
- Hələ
25 il əvvəl, yəni 1995-ci ildə
ümummilli lider Heydər Əliyev ilk dəfə
idmançıları qəbul etdi, onların problemləri, qayğıları
ilə maraqlandı. Heydər Əliyev hakimiyyətə
gəldikdən və ölkəmizdə ictimai-siyasi sabitliyi təmin
etdikdən sonra onun qəbul etdiyi ilk şəxslər məhz
idmançılar oldu. Bu, onun idmana olan
qayğısı, marağı ilə əlaqədər idi.
Ulu öndər həmin tədbirdə idmana qayğını
öz üzərinə götürəcəyini dedi və
biz sonrakı illərdə həmişə bu
qayğını hiss etdik. Növbəti illərdə
ümummilli lider ölkədə idmanın və bədən
tərbiyəsinin inkişafı istiqamətində müxtəlif
fərman və sərəncamlar imzaladı. Azərbaycanda idmanın maddi-texniki bazası
yaxşılaşdırıldı. 2005-ci ildə
Prezident İlham Əliyev bu siyasətin davamı olaraq hər il martın 5-nin ölkədə Bədən tərbiyəsi
və idman günü kimi qeyd olunması haqqında Sərəncam
imzaladı. İndiyədək bu əlamətdar gün hər
il ən geniş miqyasda paytaxtda
keçirilirdi. Lakin keçən il
respublikanın ikinci ən böyük şəhəri Gəncə
bu idman bayramına ev sahibliyi etdi. Bildiyiniz kimi, Gəncə
ötən il Avropanın idman paytaxtı
seçilmişdi. Bu il isə Bədən
tərbiyəsi və idman günü Naxçıvan Muxtar
Respublikasında daha böyük təntənə ilə qeyd
olunacaq. Bu, həm ümummilli liderin ilk dəfə
idmançıları qəbul etməsinin 25, həm də
prezident İlham Əliyevin imzaladığı sərəncamın
15 illiyi münasibətilədir. Ölkənin
idman ictimaiyyətinin əksər tanınmış
simaları həmin tədbirdə iştirak edəcək.
Bununla yanaşı, 5 mart - Bədən tərbiyəsi
və idman günü ilə bağlı, bir gün öncədən
başlayaraq paytaxt Bakıda da silsilə tədbirlər
baş tutacaq. Onu da qeyd edim ki, belə bir
günün təsis edilməsi və qeyd olunması həm də
idmançıların öz hamilərini - ulu öndərin
qayğısını unutmamaları baxımından əhəmiyyətlidir.
Hərçənd ki, idmançılar hər
an ümummilli lideri xatırlayır və onu yad edirlər.
- Azərbaycan gənc dövlət
olsa da, bu gün bütün dünyada idman ölkəsi kimi
tanınır. Siz ixtisasca politoloqsunuz. Maraqlıdır
ki, bir politoloq kimi ölkəmizin beynəlxalq aləmdə
qazandığı bu uğuru necə qiymətləndirirsiniz?
- İdman sağlamlıq, fiziki tərbiyə olmaqla
yanaşı, həm də siyasətin bir qoludur. İlham
Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti
seçildikdən sonra bizim bu sahədəki
uğurlarımız daha da artdı. Bir
vaxtlar başqa ölkələrə gedən
idmançılarımız vətənə
qayıtdılar. Hətta əcnəbi
ölkələrin vətəndaşları da Azərbaycanın
şərəfini qorumaq istədilər. Nəticədə
həmin idmançıların azarkeşləri də Azərbaycanı
tanıdılar, ölkəmiz haqqında məlumatlı
oldular. İlk dəfə olaraq 1992-ci ildə Azərbaycan
öz bayrağı altında planetin ən ali
idman yarışında - Olimpiya Oyunlarında iştirak etdi. İlk dəfə olaraq cüdoçumuz Nazim
Hüseynov olimpiya qızılını qazanmışdı.
1996-cı ildə Atlanta Olimpiadasında isə
Azərbaycan tam müstəqil dövlət olaraq öz Olimpiya
komandası ilə təmsil olundu. Əgər Atlantada Azərbaycan
bir medal qazanmışdısa, növbəti dəfələrdə
bizim medallarımızın sayı daha da artdı. İndi isə biz səkkiz olimpiya çempionumuzla fəxr
edirik. Bundan başqa, 34
idmançımız olimpiya gümüşü və
bürüncü qazanıb. 25 il ərzində
Azərbaycan idmançıları Avropa və dünya
çempionatlarında, kubok yarışlarında, nüfuzlu
beynəlxalq yarışlarda 11 346 medal qazanıblar. Bu, böyük nəticədir. Necə
deyərlər, artıq imzalar içində imzamız var.
Beynəlxalq aləmdə dəfələrlə bizə etimad
göstərilməsi də dünya dövlətləri tərəfindən
Azərbaycanın idman ölkəsi kimi tanınmasını
bir daha sübut edir. Bu gün Azərbaycan
beynəlxalq aləmdə böyük diplomatik uğurlar qazanmaqdadır.
Bu işdə Azərbaycan Prezidenti cənab
İlham Əliyevin uğurlu siyasi gedişi, şəxsən
beynəlxalq tədbirlərdə fəal iştirakı,
ingilis dilində həqiqətləri dünya ictimaiyyətinə
çatdırmaq bacarığı böyük rol oynayır.
Bildiyiniz kimi, beynəlxalq tədbirlər zamanı
dövlətin himni bir ölkə
başçısının səfərləri zamanı, bir
də idmançıların qələbələri şərəfinə
səsləndirilir. Bu faktın özü
idmanın bir diplomatiya, siyasət olaraq dövlətə
faydasının ən əyani göstəricisidir.
- Bu işdə idman jurnalistlərimizin
öhdəsinə hansı vəzifələr
düşür?
- Təbii
ki, biz daha fəal olmalı və fəaliyyətimizlə
idmançılarımıza həm də dəstək verməliyik.
İdman jurnalistləri
idmançılarımızın üzləşdiyi
haqsızlıqlarla əlaqədər lazım olduqca beynəlxalq
idman təşkilatlarına müraciət etməli, təmsilçilərimizin
hüquqları, haqları uğrunda mübarizə
aparmalıdırlar.
- Ümumiyyətlə, ölkədə
idmanın hazırkı durumunu necə qiymətləndirirsiniz?
- Sovet
dövründə idman jurnalistikamız çox inkişaf
etmişdi. Hətta idman jurnalistlərimizin
yazıları Rusiyanın populyar mətbu orqanlarında dərc
olunurdu. Əfsuslar olsun ki, müstəqillik
əldə etdikdən sonra idmanımız tərəqqi tapsa
da, idman mətbuatımızda müəyyən geriləmələr
oldu.
- Buna səbəb nə oldu?
- Bir
neçə amil dediyim məsələyə təsir etdi. Əvvəla, dünya təcrübəsinə
baxsaq, görərik ki, çox ölkədə idman
mediası təşkilatlanmış formada fəaliyyət
göstərir. Bizdə isə belə
deyil. İkinci bir tərəfdən idman
jurnalisti daim beynəlxalq aləmdə olur. Buna görə onun xarici dil, o cümlədən rus
və ingilis dilini bilməsi vacibdir. İdman
jurnalistikamızdakı mövcud
çatışmazlıqların əsas səbəbi yerli
media nümayəndələrinin xarici dil bilməməsidir. Uzun illər “İdman” qəzetində müxbir kimi,
sonralar isə rəhbər vəzifələrdə
çalışmış, idman mətbuatımızın
ağsaqqallarından biri - Əməkdar jurnalist Oqtay Bayramov
ispan dili mütəxəssisidir. O, əvvəllər
Kuba səfirliyində tərcüməçi işləmişdi.
Ona görə də yarım əsri keçən
jurnalistlik fəaliyyətində daim tərcümələr
etmiş, idman mətbuatında uğur qazana bilmişdi.
- Qabil müəllim, bu sahədə
çalışanların kifayət qədər idman biliklərinin
olmaması da səbəb kimi göstərilə bilərmi?
- Bəli,
bu məsələ də əsas problemlərdən biridir. Ölkə media sistemində idman sahəsində
ixtisaslaşmış iki telekanal, 3 qəzet, 4 jurnal, 70-ə
yaxın sayt var. Bu KİV-də ümumilikdə 100-120 idman
jurnalisti çalışır. Amma
onlardan təxminən 40-ı peşəkardır. Qalanları isə idmanı kifayət qədər
bilmədiklərinə, terminlərdən, baş verən
tendensiyalardan xəbərsiz olduqlarına görə uğur
qazana bilmirlər. Bir çox idman jurnalistləri
var ki, ancaq futboldan yazırlar. Bu, çox
böyük problemdir. Məsələnin
iki səbəbi var. Birincisi, digər idman federasiyalarına
nisbətən, AFFA-nın maliyyə vəziyyəti daha
yaxşıdır. İkinci səbəb
isə ondan ibarətdir ki, demək olar, hamının futboldan
başı çıxır. Lakin elə idman növləri
var ki, heç kim onun haqqında
danışa, şərh edə bilmir.
- Ümumiyyətlə, idman
jurnalistikasını jurnalistikanın digər sahələrindən
fərqləndirən səciyyəvi xüsusiyyətləri nələrdir?
- Mən
vaxtilə ictimai-siyasi mövzuda da yazmışam. Bir müddət hərbi müxbir də olmuşam və
25 ildir idman mətbuatındayam. Müqayisə
aparsaq, əminliklə bu sahəni çətinliyinə
görə hərbi jurnalistika ilə müqayisə etmək
olar. Yəni idman jurnalistikası
medianın hərbidən sonra ən çətin sahəsidir.
İdman jurnalistikası çox ağır sahədir.
Təsadüfi deyil ki, idman jurnalistikasına
maraq göstərənlərin əksəriyyəti kişilərdir.
Doğrudur, idman jurnalistikası ilə məşğul
olan qadınlar da var. Bu maraq onlarda idmana olan sevgilərindən
yaranıb. Amma nəzərə almaq
lazımdır ki, idman jurnalistikası ilə məşğul
olan şəxs idmanın bir və ya bir neçə
növündən deyil, bütün növlərindən xəbərdar
olmalıdır. Dediyim kimi, idman
jurnalistikası çətinliyinə görə yalnız hərbi
jurnalistikadan geri qalır. Bununla belə bəzən
idman jurnalistikasını ümumi mediadan ayıranlar var. Mən
dəfələrlə belə halların şahidi olmuşam.
Məsələn, bu yaxınlarda Milli Məclisə
seçkilər zamanı bəzi ictimai-siyasi saytlar namizəd
jurnalistlərlə bağlı yazılar dərc edirdilər.
Lakin ölkədə kifayət qədər
tanınmış üç idman jurnalisti namizədlər
arasında olsa da onlardan bəhs olunmamışdı. Mən belə addımları düzgün hesab etmirəm
və idman jurnalistikasının ümumi media ailəsindən
təcrid olunmasını qəbul edə bilmirəm.
- Sizcə, bu yanlış tendensiya nə
ilə bağlıdır?
- İnanın ki, bilmirəm. Bu yanaşma tərzini
başa düşmürəm. Əslində
idman mediası ölkədə ən böyük sahə
jurnalistikasıdır. Təsadüfi deyil
ki, idman sahəsində ixtisaslaşmış iki telekanal var.
Başqa belə bir sahə varmı? Bu,
idman jurnalistikasına olan tələbatdan və bu sahənin
nüfuzundan xəbər verir.
- Bu yaxınlarda Azərbaycan İdman
Jurnalistləri Federasiyası təsis edildi. Siz
bu qurumun prezidenti seçildiniz. Təşəbbüs
necə yarandı?
- Azərbaycanda
idman mediasının 90-dan çox yaşı var.
Respublikamızda ilk idman nəşri olan “İdman” qəzeti
1932-ci ildə işıq üzü görür. Ondan da bir neçə illər öncə ictimai qəzetlərdə
idman xəbərləri dərc edilirdi. İdman
mətbuatımızda ilk vaxtlar qeyri-azərbaycanlılar
üstünlük təşkil edirdilər. Ancaq sonradan öz millətimizin nümayəndələri
də bu sahədə fəallaşmağa başladılar.
Nəticədə mərhum Mirpaşa Miriyev, Oqtay Atayev,
Aqşin Kazımzadə, Vahid Sənani, hazırda öz fəaliyyəti
ilə nümunə olan Oqtay Bayramov və digərlərinin
köməyi ilə idman jurnalistikamız inkişaf etdi. Onu da qeyd edim ki, Mirpaşa müəllim “İdman” qəzetinin
ilk azərbaycanlı redaktoru olub. O, 1951-ci ildən etibarən,
37 il bu vəzifədə
çalışıb. Lakin təşkilatlanma,
başqa sözlə desək, idman jurnalistlərini birləşdirən
bir qurum yox idi. Mən 20 ildir ki, “İdman”
qəzetinin baş redaktoruyam. Ötən
illər ərzində “İdman” qəzetinin təşəbbüsü
ilə idman jurnalistlərini iki dəfə bir araya
toplamışıq. Bir dəfə "dəyirmi
masa", bir dəfə də elmi-praktiki konfrans keçirilib.
Amma sonradan düşündük ki, bu, bizim qəzetin
təşəbbüsü ilə olmalı deyil. Nəticədə belə bir qurumun yaradılması
zərurətə çevrildi. Gənclər və
İdman Nazirliyinin, şəxsən nazir Azad Rəhimovun dəstəyi
ilə qısa zamanda təşkilatlanmağa nail ola bildik. Biz bu qurumun köməyi
ilə lazımi hallarda beynəlxalq aləmdə öz
sözümüzü deyə biləcəyik. Azərbaycan İdman Jurnalistləri Federasiyası
qısa zamanda öz fəaliyyəti ilə əbəs yerə
yaranmadığını sübut edəcək.
Fevralın 20-də Azərbaycan İdman Jurnalistləri
Federasiyasının ilk iclası keçirildi. Tədbirdə
ölkəmizin idman media orqanlarının nümayəndələri,
tanınmış jurnalistlər, veteran jurnalistlər, eləcə
də idman qurumlarının mətbuat katibləri iştirak
etdi. İdman jurnalistikamızı narahat edən
məsələlər müzakirə edildi və maraqlı təkliflər
səsləndi. Maraqlıdır ki, “Qol.az” saytının
redaktoru Aydın Bağırov təklif etdi ki, hər il fevralın 20-sini idman jurnalistlərinin qeyri-rəsmi
günü kimi qeyd edək. Hər kəs bu təklifi
bəyəndi. İnanıram ki, rəsmi
olmasa da, qeyri-rəsmi formada idman jurnalistləri
gününü qeyd edə biləcəyik. Bu da bir tarixdir.
- Azərbaycan İdman Jurnalistləri
Federasiyası ilə Azərbaycan İdman Jurnalistləri
Assosiasiyasının fəaliyyəti toqquşmayacaq ki?
- Düşünmürəm. Azərbaycan
İdman Jurnalistləri Assosiasiyası 25 ildir ki, fəaliyyət
göstərir. Mən də vaxtı ilə bu qurumun
İcraiyyə Komitəsinin üzvü olmuşam. Sadəcə,
həyata keçirmək istədiyimiz tədbirləri bu
qurumun fəaliyyətində görmədiyim üçün
yeni federasiyanın yaranmasını məqsədəuyğun
hesab edirəm. Düşünürəm ki, Azərbaycan
İdman Jurnalistləri Federasiyası daha dinamik və təsirli
təşkilat olacaq. Ancaq assosiasiya ilə qətiyyən əks
mövqedə deyilik.
- Federasiyanın əsas
məqsədləri nələrdir?
- Bayaq da dediyim kimi, Azərbaycan idman
mediasının əsas problemlərindən biri xarici dilli
jurnalistlərin olmamasıdır. Biz bu məsələni həll
etmək üçün jurnalistlərin müxtəlif
kurslarda xarici dillərini təkmilləşdirmələrinə
şərait yaradacağıq. Ancaq etiraf etmək
lazımdır ki, bu, həmişə arzuolunan səviyyədə
nəticə vermir. Yəni təkcə sertifikat almaqla kifayətlənmək
olmaz. Jurnalist xarici dili mükəmməl bilməlidir.
İkinci bir tərəfdən, bildiyiniz kimi, Azərbaycan Bədən
tərbiyəsi və İdman Akademiyasının magistr pilləsində
xarici mütəxəssislər tərəfindən “İdman
jurnalistikası” ixtisası tədris olunur. Lakin bununla belə,
veteran jurnalistləri, necə deyərlər, bu işdə
saç ağardanları gənclərlə
görüşdürməyi də əhəmiyyətli hesab
edirəm. Gərək onlar öz təcrübələrini gənclərlə
bölüşsünlər. Eyni zamanda xarici ölkələrlə
qarşılıqlı əməkdaşlıq da hədəflərimiz
sırasındadır. Ümumiyyətlə,
çalışacağıq ki, idman jurnalistikamızın
inkişafı üçün əlimizdən gələn hər
şeyi edək.
Digər tərəfdən idman
mediamızın səviyyəsini də yüksəltməyə
çalışacağıq. Bir çox hallarda idman
mediasında təhqirlərə yol verilir. Əlbəttə,
tənqid olmalıdır. Amma təhqirə, şantaja və
böhtana yol vermək olmaz. Federasiya olaraq, buna qarşı
mübarizə aparacağıq və idman mediasını təsadüfi
insanlardan təmizləməyə
çalışacağıq. Federasiyanın tərkibində
müxtəlif komissiyalar fəaliyyət göstərir və
hər birinin qarşısına konkret vəzifələr
qoymuşuq. Beynəlxalq təcrübənin öyrənilərək
ölkə idman mediasında tətbiqinə
çalışırıq. İnanıram ki, qısa
müddətdə nümunəvi media təşkilatı
formalaşdırmağa nail olacağıq.
- Bəs yaxın
gələcək üçün əsas planlar nələrdir?
- Mirpaşa Miriyevin və Aqşin Kazımzadənin adına mükafatlar təsis edəcəyik. Mirpaşa müəllimin adına mükafat idman jurnalistlərinin səsverməsi ilə hər il bir idman xadiminə, Aqşin müəllimin adına mükafat isə idman xadimlərinin səs verməsi ilə hər il bir idman jurnalistinə təqdim ediləcək. Bundan başqa, ilin sonuna kimi müxtəlif treninqlərin, təcrübə proqramlarının həyata keçirilməsi planlaşdırılıb. Düşünürəm ki, 2020-ci ilin tədbirlər planı daha geniş olacaq.
Kənan Novruzov
Şərq 2020.- 5 mart.- S.11.