“Süleyman Rüstəmi unutmaq bizə şərəf gətirməz...”
Hər şairin yaradıcılığını öz dövrünün
şərtlərinə görə təhlil etmək
lazımdır
"Bir gün yadınıza düşərsəm, məni,
Bu doğma ellərdə axtararsınız.
Beş-altı nəğmənin müəllifini,
Sevən könüllərdə axtararsınız".
Martın 12-si bu misraların müəllifi, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Süleyman Rüstəmin doğum günü idi. Xalq şairinin anadan olmasından 114 il ötüb. Yazıya şairin "Axtararsınız" misrası ilə başlasaq da, doğum günündə şairi axtaranlara rast gəlmədik. Onun məzarını cəmi 3 nəfər ziyarət edib. Sosial şəbəkələrdən əldə etdiyimiz foto fonunda qeyd edək ki, ziyarətçilər AzTU-nun "Azərbaycan dili və pedaqogika" kafedrasının müəllimləri - filologiya üzrə fəlsəfə doktoru Həbib Mirzəyev, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əskərzadə və mən - filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı olub. Qalanları isə deyəsən xalq şairini unudub. "Bu bizim vətəndaşlıq borcumuzdur. Unutsaq, unudularıq!" deyən M.Borçalı hesab edir ki, indi Azərbaycan ədəbiyyatının təbliğat və təşviqat kampaniyasının başında Azərbaycan ədəbiyyatından xəbəri olmayanlar durduğu üçün Süleyman Rüstəm unudulmuş ola bilər: "Gənclərimizin böyük əksəriyyəti ədəbiyyat oxumurlar, ədəbiyyatımızdan tamamilə xəbərsizdilər, ordan-burdan eşitdikləri 2-3 cümlə ilə başlayırlar klassiklərə öz qabiliyyət və bacarıqlarına uyğun "qiymət" verməyə. Həmin gəncdən soruşmaq lazımdır ki, sən Süleyman Rüstəm zamanında yaşasaydın, Təbriz haqqında heç olmasa 2-cə sətir yaza bilərdinmi??? Onun Cənub şeirləri milli ruhun oyanışında çox böyük rol oynayıb. Süleyman Rüstəmin adı Azərbaycan ədəbiyyatı tarixinə həkk olunub. Onu necə unutmaq, xidmətlərini yox saymaq olar!?"
Nə yazıq ki, Azərbaycan ədəbiyyatının gənc nümayəndələri, yeni nəsil yazarları onun poeziyasını qəbul etmir. Fəal kommunist olan şair Süleyman Rüstəm müsavatçıları, yaxud Məhəmməd Əmin Rəsulzadəni tənqid edən şeirlər də yazıb deyə az qala onun adını Azərbaycan ədəbiyyatından silmək istəyirlər.
Halbuki heç bir şairi sosializmdə yaşadığı, yaradıcılığında Sovet dövrünün tələbinə uyğun rejimin təbliğinə yer ayırıb, Leninə, Stalinə, sovet beynəlmiləlçiliyinə şeirlər yazdığı üçün günahlandırmaq olmaz, onun yaradıcılığını bir heç saymaq olmaz.
"Ey nazlı vətən,
mən sənə öz könlümü verdim,
Qarşında günahkarsa,
Süleymanı bağışla!" məgər onun bu misraları öz vətəninə, xalqına bağlı olduğunun sübutu deyilmi?
Yazar Qan
Turalının da dediyi
kimi, Süleyman
Rüstəm Səməd Vurğun, Mikayıl Müşfiqlə birgə
Azərbaycan sovet poeziyasının əsasını qoyan görkəmli
bir şairdir: "Onun
unudulması, xatirəsinin anılmaması bizə heç bir halda şərəf gətirmir. Hər şairin
yaradıcılığını
öz dövrünün
şərtlərinə görə təhlil etmək lazımdır. Bizdə isə son zamanlar təəssüfləndirici
bir tendensiya
yaranıb. Sovet
repressiyasının bütün
günahını, totalitar rejimin cinayətlərini o
dövrün görkəmli şair və yazıçılarının
üzərinə atırıq.
Repressiya kimi böyük bir prosesi bir neçə şairin, yazıçının
üstünə atmaq düzgün
deyil. Hətta bu cinayətin
səbəbkarı Stalinlə belə yekunlaşmır. Öz dövrünün məşəqqətlərinə,
məhrumiyyətlərinə rəğmən
Süleyman Rüstəm Azərbaycan ədəbiyyatına
xidmət edib. Nə qədər ki bu xalq,
bu dil var,
şairin "Ana və
poçtalyon" şeiri
də bizimlə olacaq. Dünyanın hansısa ölkəsində baş verən müharibənin əks olunduğu filmə baxanda,
əsər oxuyanda oğul
yolu gözləyən ana
obrazı bizə daima bu şeiri xatırladacaq. Şair böyük məharət
və həssaslıqla cəbhədən – oğlundan
məktub gözləyən ananın iztirabını təbii,
təsirli qələmə alıb. Süleyman
Rüstəmin yaratdığı Ana və
poçtalyon obrazları müharibə
illərində min bir
zillət çəkən Vətən övladlarının unudulmaz surətləridir. Bu
surətlərdə çoxunun həyatı
var idi.
Həyatın
mənası haqqında düşüncələrə dalanda S.Rüstəmin "Çiçəklər
aləmində" şeiri, Cənubi Azərbaycanın
həsrətini çəkəndə onun "Təbrizim"
şeirlər silsiləsi gözlərimiz önündə canlanacaq.
Özümüzdən biixtiyar
yaddaşımıza həkk olunan misralar dilimizdə səslənəcək. Ömrünün
əsas hissəsində əlinə qələm almayan, yazıb-yaratmayan şairin
bu sükutu belə onu anlamağımız üçün
kifayət qədər əhəmiyyətli bir
məqamdır".
Qeyd edək ki, Süleyman
Rüstəm 1906-cı il martın 12-də
Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz
açıb. Kasıb həyat tərzi, çətin
uşaqlıq keçirməsinə baxmayaraq,
ədəbiyyata, poeziyaya böyük
maraq göstərib, fəhlə, kəndli
əməyinə, torpağa və zəhmətə
qiymət verməyi poeziyasında işıqlandırıb. 83
il ömür sürən
şairin həyatının 65 ildən çox müddəti əhatə
edən yaradıcılığı yüzlərlə şeir, poema, dram əsərlərindən ibarətdir. 1923-cü
ildən 1989-cu ilədək xalqın həyatında baş verən ictimai-siyasi
hadisələrdən tutmuş, xalqın
mənəvi durumunadək bu poeziyada hər şey öz əksini tapıb.
Süleyman Rüstəm həm
də cənub mövzusunda yazmaqla Azərbaycan poeziyasına poetik çələng gətirib. O, cənubda yaşayan
soydaşlarımızın ağır həyat tərzini görüb və könlündən keçənləri
kağızlara köçürüb.
“Ələmdən nəşəyə” kitabı ilə kifayət
qədər sevilən Süleyman Rüstəm
mübariz, optimist,
düşmənə qarşı barışmaz bir şair kimi
tanınıb, yaddaşlarda həmişə
yaşayacaq.
Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir qoşmasın. Xəzər dənizi haqqında ən çox şeir yazan da məhz Süleyman Rüstəm olub.
İkinci Dünya müharibəsi Süleyman Rüstəm yaradıcılığından təsirsiz keçməyib. O, bu mövzuda bir-birindən maraqlı və mükəmməl əsərlər yaradıb.
Bədii yaradıcılıqla, tərcümə
ilə müntəzəm məşğul olan
Süleyman Rüstəm həm də
müxtəlif məsul vəzifələrdə
çalışıb. Bir neçə
çağırış həm Azərbaycan, həm də keçmiş SSRİ Ali Sovetinin deputatı olub.
Onun xalq, vətən qarşısındakı xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilib. Şairin 90, 100 və 110 illik yubileyləri təntənə ilə qeyd olunub, adına Bakıda küçə var, televiziya və radio da onun haqqında verilişlər hazırlayıb, bir neçə dəfə kitabları da çap olunub, xanəndələr, muğam ifaçıları Süleyman Rüstəmin qəzəllərini oxuyurlar. Əsərləri müxtəlif xarici dillərə tərcümə olunub.
Şəymən
Şərq 2020.- 14 mart.- S.10.