"Yubileylər dahilər üçün keçirilməlidir..."

Eyvaz Borçalı: "Bizim kimi adamlar sadəcə öz işimizi görmüşük"

"Vəfat edəndən sonra kim yada salar, xatırlayar, bu, başqa məsələ. Yoxsa ki, yubiley tədbiri keçirirlər, adamı əyləşdirirlər səhnədə. Çıxan tərifləyir"

"Heç kimdən nəsə ummuram. Bircə narazılığım təqaüddəndi. 287 manat təqaüd alıram. İndiki zamanda bu pulla necə dolanmaq olar?.."

Şair, publisist, tərcüməçi, Azərbaycanın Əməkdar incəsənət xadimi, "Azərbaycanfilm" kinostudiyasının sabiq rəhbəri, “Borçalı” Cəmiyyətinin sədri… ən əsası – “Mozalan” satirik kino-jurnalının baş redaktoru. Təbii ki, söhbət Eyvaz Borçalıdan gedir.

Eyvaz müəllim bu vəzifələri artıq daşımır, təqaüdçüdür. 82 yaş – bir ömür üçün sadə ölçü deyil. Üstəlik o ömrü daim çalışaraq, Vətənə, cəmiyyətə yararlı fəaliyyət göstərərək keçirirsənsə, həm də şərəfli ömür adlanmağa layiq olur. Dəyərli ziyalımız Nəriman Əbdürrəhmanlı Eyvaz Borçalı haqda gözəl material paylaşmışdı. Ustadın 82 yaşını təbrik edirdi. “Biz niyə geri qalaq ki?!” qənaəti ilə Eyvaz müəllimə telefon açdıq. Distant-söhbət etdik. Keşmişdən, indidən, koronavirusdan, karantindən başladıq, kinomuzun durumunadək gəlib çıxdıq. Ənənəvi “necəsiniz” sualına isə bir az gileyli cavab verdi:

- Necə olacam?.. Ev dustağıyam. Dustaq necə olar?!..

- Eyvaz müəllim, inşallah bu günlər keçib gedər. Evdə qalmaq sizin üçün xeyirdi…

- Əlbəttə, orası düzdü.  82 yaşındayam. Xroniki xəstəliyim də var. Bayıra çıxmağa icazə yoxdu, evdəyəm. Daim evdə oturmaq da insanı yorur, bezdirir. İstəyirsən, küçəyə çıxasan, şəhəri görəsən. Görmə qabiliyyətim də zəifdi. Gözlərimdən əməliyyat olunmuşam…

- Eyvaz müəllim, elə insanlar var, qocalıqdan, qocalmaqdan qorxur, özlərini hansısa vasitələrlə cavan saxlamağa çalışırlar, amma qocalığın da axı öz özəllikləri var. Hər yaşın öz gözəlliyi olduğu kimi.

- Mən bunları təbii sayıram. Bu, olmalıdır. İnsan dünyaya gəlir, körpəlikdən qocalığa qədər uzun bir yol keçir. Xəstəlik də olacaq, gözlər də zəifləyəcək. Mən belə şeyləri özümə dərd eləmirəm. Qocalıq yaşına çatmağın üstünlüyü budur ki, insan müdrikləşir. Ömrü də nə qədər ölçüb-biçib veribsə, bu artıq “Yuxarıdakı”nın işidi.

-Karantin günlərini necə keçirirsiniz?

-Evdəyəm. Bu ev dustaqlığı zamanında keçmişə qayıdıb olanları xatırlayıram. Ən çox da yuxularıma gəncliyimdə gördüyüm dağlar gəlir. Borçalı yaylaqları, Cəlaloğlu yurdu. Böyük Güllü dərəmiz vardı. Çoxlu bulaqlar. Onları xatırlayanda Şuşa, Cıdır düzü yadıma düşür…

-Xatırladığınız o xoşbəxt zamanlarda indi bir kədər də var…

-Bəli. Daha çox təəssüf edirəm ki, Azərbaycanın demək olar bütün rayonlarını gəzdim, bircə Kəlbəcəri gərmədim.

(çox təəccübləndim – M.R.)

-Nə danışırsız? Doğrudan?..

-Hə.. Planımda olurdu həmişə, Kəlbəcərə gedim, İstisuya. Amma qismət olmadı… Aşıq Şəmşirin yurdunu görməyi o qədər çox arzulamışam ki… Mən Aşıq Şəmşir haqqında kitabın redaktoru olmuşam.

-Səfərləriniz yəqin işlə bağlı olub.

-İşlə də bağlı olub, qələm dostlarımla gəzməyə də getmişik. Qələm əhli gəzintiyə meyilli olur axı. 4-5 nəfər yığışıb getmişik. Vaqif Nəsib, Rəfiq Zəka, Vaqif Səmədoğlu…

“Mozalan”ı çəkmək üçün də çəkiliş qrupu ilə rayonlara gedirdik. Sənədli süjetlərin çəkilişində özüm mütləq iştirak edirdim. “Mozalan”dakı süjetlərin hamısının mətnini özüm yazırdım.

- Eyvaz müəllim, “Mozalan” satirik kino-jurnalı sovet dövrünün məhsulu idi. Bəzən deyirlər ki, sovet vaxtı tənqidə icazə verilmirdi, neqativ cəhətləri efirə vermək olmazdı və sair. Yəni, sovetlərdə hər şey nümunəvi olmalıydı. Amma məsələn, “Mozalan”da necə tənqidlər var və bu gün bəzən televiziyada  Mozalan”dan parçalar efirə verilir, baxırsan, sanki müasir dövr üçün çəkilib. O zaman sizin çəkib göstərdiyiniz tənqidi məsələlər eynilə indi də var.

-Düzdü. Mən nə qədər “Mozalan”ın baş redaktoru oldum, 13 ildən çox jurnala rəhbərlik etdim, bir dəfə   kimsə mənə demədi ki, bunu çəkmə, onu göstərmə. Çünki biz elə sübutlar, faktlar ortaya qoyurduq ki, inkar etmək mümkün olmurdu. Əsaslı tənqid edirdik, faktla, sübutla. “Mozalan” mərhum Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdə fəaliyyətə başlamışdı. İnanın, Heydər Əliyev jurnalın bütün nömrələrinə baxırdı, çünki ölkədəki nöqsanların aradan qaldırılmasını istəyirdi, bunun üçün çalışırdı. Sənədli çəkiliş etməyə gücümüz çatmayanda bədii çəkirdik, tənqidləri, nöqsanları ümumiləşdirib bədii formada təqdim edirdik. Sonra məni kinostudiyaya direktor təyin etdilər, düzünü deyim, heç istəmirdim bu vəzifəni. Sonra görürdüm ki, “Mozalan” daha əvvəlki “Mozalan” deyil. Əsas xətdən yayınıb. Azərbaycanda satirik kino-publisistikanın əsası “Mozalan”la qoyulub. 1974-cü ildə mənə və jurnalın məsul katibi Sadıq Babayevə “Qızıl Qələm” mükafatı verildi. O “Qızıl Qələm  indikilərdən deyildi.

- Kinostudiyadan söz düşmüşkən, hazırkı filmləri bəyənirsiniz?

-Teleserialları nəzərdə tutursunuz?

 -Teleserial, ya filmlər. Fərq etməz.

-Yeni filmləri çox da izləməmişəm. Xəbərim yoxdu. Teleserialların bəzilərinə hərdən gözucu baxıram. Vəziyyət məni çox narahat edir. Kinomuzun səviyyəsi çox düşüb.

- Səbəb nədi, sizcə?

-Əvvəla, kinoya az fikir verilir. Məsələn, bir neçə dəfə Rusiya istehsalı filmləri izləmişəm, onlar səviyyəni saxlayıblar. Bilirsiz, keçid dövründə kinostudiyanı məhv etdilər. Mən rəhbər olduğum dövrdə kinostudiyanın 2000 işçisi vardı. Indi 60-70 işçi qalıb. Onlar da əmək haqlarını vaxtlı-vaxtında ala bilmir. Kinomuzun dirçəlməsi üçün yaxşı maliyyə və uzun zaman lazımdı.

- Adətən belə deyirlər ki, yaxşı rejissor yoxdu, yaxşı senari yoxdu, yaxşı filmlər çəkilmir. Razısınız?

-Bir misal çəkim. Əvvəllər yaxşı mahnıları kimlər yazırdı?

- Görkəmli bəstəkarlarımız…

- Film də elədi. Bəstəkarlarımızın yaratdığı o gözəl mahnıları niyə sevirik, bu gün də sevə-sevə, ürəyimiz riqqətə gələ-gələ dinləyirik, çünki onlarda xalqın ruhu vardı. Filmlər də belə olmalıdır…

-Eyvaz müəllim, icazənizlə müdaxilə edim. Mən fikir verirəm ki, sovet dövründə çəkilmiş filmlərin əksəriyyətində hansısa bir milli element olub həmişə. Baxmayaraq ki, sovet ideologiyası idi, hər şey buna uyğunlaşmalı idi, amma rejissorlar, senaristlər milli bir element, nəsə bir nüans əlavə edirdilər və bununla da o filmin Azərbaycana məxsusluğunu təsdiqləyirdilər. Məsələn, “Tütək səsi”ndəki “Ruhani” havası. Hansı azərbaycanlı ondan təsirlənməz?!.

- Bəli!.. Çünki o, İsa Muğannanın təkidi, təsiri ilə oldu. Filmi çəkən kimdi? Rasim Ocaqov! Bu şəxslər ayrı-ayrılıqda tamam fərqli insanlardır, amma birləşdikdə möhtəşəm bir iş ortaya qoyurdular. Kino millətin ruhudur. Bu adamların ikisində də o ruh vardı!  “Bəyin oğurlanması” filminin senarisi Mövlud Süleymanlıdı. Kim çəkib? Rəhmətlik Ceyhun Mirzəyevlə Vaqif Mustafayev.

- Filmə baxmaqdan doymaq olmur…

- Çünki milli ruh var. Mən kinostudiyanın direktoru olanda belə məqamlara fikir verirdim. Kənardan aktyor dəvət edilməsinə qarşı çıxırdım, tələb edirdim ki, öz aktyorlarımız filmlərə çəkilsin. Çünki azərbaycanlı obrazını məhz azərbaycanlı yaratmalıdır. Senarilər Bədii Şuraya çıxarılırdı, müzakirə olunurdu, təsdiqlənəndən sonra Moskvaya göndərilirdi.

- Eyvaz müəllim, bir filmimiz də yadıma düşdü, bu yaxınlarda efirdə nümayiş olunmuşdu - “Xoşbəxtlik qayğıları”. Bir ailənin yaşayışı, ananın qayğılarıdı, amma o qədər millidir ki. Ananın cehiz qayğısı, qızlarının xoşbəxtliyi üçün hər çətinliyə qatlaşması… O qədər təbii görünürdü ki.

- Amma indiki filmlərdə qışqır-bağır, şit hərəkətlər, mebel reklamı. Evin xanımı, gəlin ocaqda yemək bişirmir, kolbasa-sosiskanı reklam edir ki, acmışıq, bundan yeyəcəyik. Adət-ənənələrimiz, xeyir-bərəkət, evin odu-istisi belə-belə ixtisara düşür və itib gedir. Bu məsələlərə diqqət edən yoxdur ki, bu filmlərlə nəyi təbliğ edirik, nəyi kənara itələyirik.

- O zamanlar qəbul etmədiyiniz senarilərə görə yəqin sizdən narazı olanlar da vardı.

- Bir şair var, adını çəkməyəcəm, mənə senari təqdim etmişdi, hər gün də axşan zəng edib, kefimi soruşurdu. Senarini oxudum, gördüm, yox, qəbul ediləsi deyil. Özünə dedim. Ondan sonra zənglər kəsildi…

- Eyvaz müəllim, doğrudur, karantindir, gəlib-gedən olmayıb yəqin, amma yenə də soruşum; ad gününüzü necə keçirdiniz?

-Mən ümumiyyətlə uşaqlıqdan ad günü nədir, bilməmişəm. 65 yaşm tamam olanda Anar müəllim dedi ki, gəl sənə yubiley keçirək. Dedim, sağ olun, istəmirəm. Mənim fikrimcə, yubileylər dahilər üçün keçirilməlidir. Bizim kimi adamlar sadəcə öz işimizi görmüşük. Vəfat edəndən sonra kim yada salar, xatırlayar, bu, başqa məsələ. Yoxsa ki, yubiley tədbiri keçirirlər, adamı əyləşdirirlər səhnədə. Çıxan tərifləyir. Heç kimdən nəsə ummuram. Bircə narazılığım təqaüddəndi. 287 manat təqaüd alıram. İndiki zamanda bu pulla necə dolanmaq olar?.. İşləyirəm, Puşkini yenidən tərcümə etmişəm. Mədəniyyət Nazirliyinin dəstəyi ilə kitab nəşr olunub. Lermantovu tərcümə etmişəm. Puşkinin “Ruslan və Lyudmila” poemasını, sağ olsun, Şahbaz Xuduoğlu “Qanun” Nəşriyyatında nəşr edib.  “Yevgeni Onegin”i yenidən tərcümə etmişəm. Tərcümələr vardı, amma məni qane etmirdi. Elə bil, moltanı dilində yazılıb. Puşkin ruslar üçün hansı dəyərdədirsə, rus dilinin atası hesab edirlər, dili necə axıcıdırsa, Azərbaycan dilində də onun şeirləri, poemaları elə tərcümə edilməlidir ki, axıcı olsun. İstənilən dildən tərcümə elə formada edilməlidir ki, həm müəllifin dilinə hərmət olsun, həm də tərcümə edilən dilə. Mən kinostudiyaya rəhbərlik edəndə tələblərimdən biri də bu olurdu ki, filmlər Azərbaycan dilində çəkilsin. Çünki bəzən filmləri rus dilində çəkirdilər, sonra Azərbaycan dilində səsləndirirdilər. Bu isə lazımi effekt vermirdi. Dil gözəlliyini itirirdi.

- Eyvaz müəlim, sizə can sağlığı arzulayırıq. İnşallah karantin də bitər, “azadlığa” çıxarsınız.

- Nə edək… Qaydalara əməl etməliyik. Çoxu gedib, azı qalıb.  Mən də kollektivinizə uğurlar arzulayıram. 

 

Məlahət Rzayeva

Şərq  2020.- 7 may.- S.11.