"İnsanların
günahı yoxdur, günah fətva verənlərdədir"
Nəriman Qasımoğlu: "Cədvəl
şərti bir şeydir, mən Quran ayəsinə tabe
oluram"
Ramazanda təkcə yemək-içməkdən
imtina ilə kifayətlənməməli, həmçinin
danışığa da diqqət edilməlidir. Bir qisim
insanlar var ki, sussalar, danışmasalar yaxşıdı...
İnsan ənənələrdən
asanlıqla əl çəkə bilmir. Ona elə gəlir
ki, nəyisə dəyişsə, uğursuzluğa düçar
olacaq. Qorxur, çəkinir. Və çox şeyi necə
varsa, eləcə, saxlamağa, qorumağa cəhd edir. Amma
dünyamızda yeniliklər edən, cəmiyyətə
yenilik gətirən elm adamları da olub hər dövrdə.
Bəli, qınaqlarla üzləşib, cəmiyyətdən kənarlaşdırılanlar
da olub.
Şükür ki, Azərbaycan ictimaiyyəti alimi kənara itələyəcək dərəcədə korazehin deyil. Bu gün şərqşünas alim, dəyərli ziyalımız Nəriman Qasımoğlu ilə həmsöhbət olduq. Bəlkə oxucumuz təxmin etdi, niyə belə gendən giriş etdik mətləbə. Nəriman Qasımoğlu "Qurani-Kərim"i yenidən, tamam fərqli və alışmadığımız üslubda tərcümə edən alimdi. Müzakirələrə də kifayət qədər açıqdı. Bunu sosial şəbəkədə müşahidə edirik. Bizim üçün anlaşılmaz olanları izahları ilə açır. Nəriman müəllimə, bu Ramazan günlərində Ramazanla bağlı izahlarını dinləmək üçün müraciət etdik. Əslində, koronavirus, pandemiya... bunlardan da danışmaq istəyirdik. Amma razılaşmadı: “qlobal məsələləri kənara qoyaq” dedi. Danışdıqları isə bizcə, elə əsl qlobal məsələlər idi. Dünyanın bu təlatümlü vaxtında müsəlmanların Ramazan, orucla bağlı yekdil qərara gələ bilməməsi, qlobal məsələ deyil, bəs nədir?!. Söhbətə keçək.
-Nəriman müəllim, öncə Ramazan
ayınızı təbrik edirik. Allah tutulan orucları qəbul etsin...
-Çox sağ olun.
-Nəriman müəllim, “Qurani-Kərim”də
orucla bağlı konkret ayə var. Sizin qarşınızda
Qurandan sitat gətirməyim hörmətsizlik olar...
-Qətiyyən, buyurun.
-... Konkret ayə, səhv etmirəmsə belədir
ki, “ağ sap qara sapdan seçilincəyə qədər
yeyin-için”. Amma hər dəfə biz
şahid oluruq ki, Ramazan ayı ilə bağlı cədvəl
tərtib olunur və orada göstərilən vaxtla müqayisədə
ağ sap-qara sap nədi, göz-gözü görməyən
vaxt oruca başlayırıq. İmsaq vaxtı göstərilən
zaman hardasa gecəyə düşür.
-Mən bir az arxaya, Ramazanın
başlanğıcına gedim - orucluq nə zaman
başladı. Ramazan ayının başlanması Türkiyədə
aprelin 24-ü, Azərbaycanda isə 25-nə elan edilmişdi.
Amma mən və bəlkə daha kimlərsə aprelin 23-dən
oruca başladı. Nəyə görə, 23-ü? Ona görə
ki, Ramazan ayı məhz aprel ayının 23-ü daxil oldu.
Kosmik hesablamalara görə tam aydın oldu ki, saat neçədə,
neçə dəqiqədə Ramazan ayı başlanır.
Bu dəfə Ramazanın vaxtı dəqiq təsbit
olunmuşdu. Ayın 23-ü səhər saat 6-dan sonra oruc
tutulmalıydı. Çünki o vaxt başlandı yeni təqvim
ayı. Sadəcə, müsəlman dünyası ayın
görünməsini gözlədi, buna uyğun da
proqnozlaşdırdılar. Ramazan ayı ilə bağlı
"Qurani-Kərim"də şahidlik məsələsi var.
Həm də aya – göy cisminin görünməsinə deyil,
məhz təqvim ayının daxil olmasına şahidlikdən
söhbət gedir. "Qurani-Kərim"də bu haqda
açıq-aydın qeyd olunur. İmsaq vaxtı ilə
bağlı da açıq-aşkar ayə - ağ sap qara
sapdan seçilincəyədək – olmasına baxmayaraq yenə
də cədvəl tərtib edir və səhvə yol verirlər.
Ağ sapın qara sapdan seçilməsi zamanı toranlıq
vaxtı deməkdir. Ala-toranlıq deyimi var bizdə. Həmin
toranlıq vaxtından söhbət gedir. Amma baxırsan ki, ala
toranlıqdan əsər-əlamət yoxdu, tam
qaranlıqdı. Və imsaq vaxtı təyin edilib. Anlaya bilmirəm
niyə belə qərar veriblər? Tək bizimkilər yox.
Başqa ölkələrdə də belədir.
-Səhv etmirəmsə, iftar zamanı üçün
də belə deyilir ki, “axşamadək orucunuzu
tamamlayın...”
-Bəli, belə ifadə edilir. Madam ki, imsaq səhər
toranlıq vaxtıdı, iftar da toranlıq vaxtı
açılmalıdı. Əvvəllər mən də
gözləyirdim ki, qaranlıq düşsün, sonra orucumu
açım. İndi iftar vaxtı düzgün təyin
edilir. Bir neçə il əvvəl iftar zamanı da az qala
qaranlığa qalırdı. İndi axşam toranı
zamanı iftarlar açılır. Amma imsaq – oruca başlanma
vaxtının nədən bu cür təyin edildiyi yenə də
mənim üçün qaranlıq qalır. Mübahisə
sübh vaxtı ilə bağlıdır. Çünki
görünür, səma tam qaranlıqdı.
-Bəs belədə bizim orucumuz pozulmurmu?
Günaha girmiş olmuruqmu?
Şübhə içində qalırıq...
-Niyə şübhə içində
qalırsınız? Quranda nə yazılıb ona riayət
edin. İmsaqı Qafqaz Müsəlmanları İdarəsinin
tərtib etdiyi vaxtdan 1-2 dəqiqə gec bağlayanda günaha
girəcəksiz?!
-Axı cədvəl insanı təsir altında saxlayır. Məsələn, bu gün (13 may) imsaq vaxtı cədvəldə 03:41 dəqiqə yazılıb. Saata baxdım ki, 41-dən 1 dəqiqə keçib, 2 udum su içməyi özümə rəva görmədim...
-Bu doğru deyil. Cədvələ
bağlılıq yaranır insanlarda.
-Siz də sözsüz yaşlı insanlardan
eşitmisiniz, deyirlər ki, əvvəllər saat yoxuydu,
göyə baxırdıq,
vaxtı ona görə ayırd edirdik.
-Ən düzünü onlar eləyiblər.
Toranlıq vaxtına qədər yeyib-içmək olar.
Quranda yazılıb bu. “Ağ sap qara sapdan seçilincəyədək”.
Bu, əlamətdir. Aydın bilinir ki, hansı zamana işarədir
– toranlıq vaxtına. Amma QMİ cədvəl tərtib edib,
mən fikrimi bildirdim, sözümə baxmadılar. Mən də
öz bildiyim kimi edirəm. Çünki Qurana arxayınam. Mən
Quran ayəsinə tabe oluram. Cədvəl şərti bir
şeydir.
-Ona görə deyirlər, dünya müasirləşdikcə, işlər yüngülləşməli olduğu halda, əksinə, çətinləşir. Halbuki, peyğəmbərimizdən belə bir hədis rəvayət edilir ki, asanlaşdırın, zorlaşdırmayın...
-Bu, “Qurani-Kərim”də ayədir: Rəbbiniz
sizin üçün çətinləşdirmək istəməz,
asanlaşdırmaq isətəyər.
-Neçə ildir belədir, Ramazanın
başlanması və bitməsi müxtəlif günlərə
müəyyən edilir. Bəziləri 2-3 gün öncə
oruca başlayırlar. Hətta 3 aylar başladıqda bəzi
müsəlmanlar oruc tutur, Ramazanı oruclu
qarşılayırlar. Amma elə insanlar var cədvələ
tabe olub, göstərilən gündə başlayırlar. Belə
çıxır ki, qəza etmiş oluruq.
-Insanların nə günahı var bunda.
Günahkar onu belə rəsmiləşdirənlərdədir.
Fətva verirlər 25-i, hərçənd 23-ü
başlayıb artıq. Sizə deyim ki, Ramazandan əvvəlki
aylarda – Rəcəb, Şəbanda oruc tutmaqla bağlı
Quranda buyruq yoxdur. Bu, ənənədir. Kim istəyir, oruc
tutur. Orucun nə zaman tutulması ilə bağlı
"Qurani-Kərim"də konkret ayə budur ki, Ramazan
ayında oruc tutulmalıdır. Və başqa bəzi hallarda
da oruc tutmaq var.
-Yəni,
hansısa bir günah işə görə tövbə etmək
və oruc tutmaq?
-Bəli. Məsələn, bir xəta üzündən, texniki səbəbdən, istəmədən, kimsə kiminsə ölümünə səbəb olursa, ya qan bahası ödənməlidir, ya bir kölə azad etməli, yaxud məhbus azad etməlidir və sairə. Belə hallarda 2 ay fasiləsiz oruc tutmaq tövsiyə edilir. Kölə azad edəsi deyil, məhbus azad edəsi deyil. Bəlkə qan pulu ödəməyə də imkanı, gücü yetmir. Nəyə gücün çatırsa, onu elə. Heç nəyə gücün, imkanın çatmırsa, özünə ki, gücün çata bilər. Yəni, oruc tut. Belə məsələlər var. Quranda.
-Digər dinlərdə
də oruc tutmaq var. Başqa dinlərdə də eyni
qaydadırmı?
-Yox, fərqlidir. Digər dinlərin mənsubları
islamdakı kimi tam oruc saxlamırlar. Onlarda müəyyən
qidalarla bağlı oruc tutulur. Deyək ki, yalnız su
içmək olar və ya konkret hansısa qidaları qəbul
etmək olar, ya olmaz. Yəni, başqa dinlərdə sübhdən
axşamadək tamamilə yemək-içməkdən imtina
etmək yoxdur. Ümumiyyətlə, oruc sözünün
lüğəti mənası imtinadır. Imtinaya təkcə
yemək-içmək daxil deyil. Bu imtinada danışmaqdan da
imtina – susmaq var. "Qurani-Kərim"də ayə var, Zəkəriyyə
peyğəmbər 3 gün susmaq orucu tutdu. 3 gün
danışmadı. Ramazanda təkcə yemək-içməkdən
imtina ilə kifayətlənməməli, həmçinin
danışığa da diqqət edilməlidir. Bir qisim
insanlar var ki, sussalar, danışmasalar yaxşıdı...
Bunun başqa hikmətləri də var e... Bəlkə
susduğun zaman insan gözəl
ilhamlı anlar yaşaya bilər. Təfəkkürü
genişlənər...
-Demək istəyirsiz, elə insan var, danışdıqca günaha batır, yaxşısı budur, sussun.
-Müəyyən müddətə. Gecədən
səhərədək danışsın... Yəni, bu potensial da var Quran
məntiqində. Bunu da təqdim edir insanlara Quran. Allah belə bir seçim də verir bəndəsinə;
bunu da edə bilərsən.
-Həzrəti Məryəmə də Allahdan buyruq gəlir
ki, danışma, de ki, orucam. İsa əleyhissalam
doğulduğunda. Soruşurlar, bu uşaq hardandı, o
da işarə edir ki, danışa bilmərəm, orucam...
-Bəli.
Bu, susmaq orucudur. Oruc
sözü ərəb dilində “siyəm”dir. Lüğəti
mənalarından biri yenə də susmaqdır.
-Nəriman müəllim, siz
Ramazanın başlanma vaxtından danışdınız,
amma bayram günü də 1 il əvvəldən
müəyyənləşdirilir. Astronomik hadisə niyə
belə qrafikləşdirilir, cədvələ, qəlibə
salınır?
-Bu, ancaq islam dünyasındakı fikir
ayrılıqlarına görə belə müəyyənləşdirilir.
Bir qrup, konkret olaraq İran deyir ki, mən sizinlə
bir olmayacam. O birisi də deyir, mən Ayı səndən
tez gördüm...
-Dəhşətdi.
-...Bir başqası da göydə Ayı axtarır, hərçənd
ki, astronomik hesablama sənə saniyəsinədək vaxtı
dəqiq deyir.
Bu, keçmiş dövrlərdən
günüməzədək, təəssüf ki, hələ
də qalmış ənənə, daha doğrusu, siyasiləşmiş
ənənədir. Müsəlmanlara belə
problemlər yaradır.
-Halbuki, Nəriman
müəllim siz də təsdiqləyərsiniz, "Qurani-Kərim"də
Allah (c.c) birləşin, bir-birinizdən ayrılmayın,
bir-birinizə möhkəm yapışın (təxminən
belə) buyurur. Özü də Ramazan kimi mübarək, rəhmət,
bərəkət, bağışlanma ayında müsəlman
dünyasının belə duruma düşməsi həqiqətən
ürək ağrıdıcıdır...
-Bunu
artıq dövlət siyasətinə çevirirlər. Tarixin yaratdığı siyasətin girovundadır
bu insanlar.
-Coğrafi məkan olaraq, saat
qurşaqları baxımından aramızda belə bir böyük məsafə
var ki, Ramazan ayı deyək ki, Türkiyədə bir vaxtda,
bizdə başqa vaxtda başlayır?
-Ayın
görünməsi məsələsini bir kənara qoymaq
lazımdı. Şahidlik göy cisminə yox, təqvim
ayına olmalıdır. Ərəb dilində qəmər
sözü də var – göy cismi olaraq Ay, həm də təqvim
ayı mənasında “şəhr” sözü var. Amma biz həm
göy cismini, həm də təqvimə ay deyirik. Məsələn, sentyabr ayı, oktyabr ayı və
sair. Ramazanın başlanması da təqvim
ayına görə təyin edilməlidir. Ay – göy
cismi səmada, nə bilim üfüqdə... göründü və sair, bunlar bəhanədir.
Yalnız astronomik hesablamalarla təqvim
ayının nə zaman daxil olduğu dəqiq bilinir. Müsəlman dünyası bununla hesabını
aparmalıdır. O biri məsələ hədislərdən
gələndir. Amma saat fərqi, bəli var.
Başqa-başqa coğrafi məkanlarda saat fərqinin
olması təbiidir. Fərqli “n” dairələrdir,
çünki. Ona görə oruc məkana
görə fərqli zamanlarda başlayır. Bütün dünya eyni zamanda orucunu bağlayıb,
eyni zamanda iftar aça bilməzlər, təbii. Namaz vaxtları da buna görə fərqlidir.
-Bəs fitrə zəkatı necə
çıxarılmalıdır? Adətən
minimum hədd götürülür – 3 kiloqram buğdanın
dəyəri. Bununla bağlı konkret
göstəriş varmı?
-"Qurani-Kərim"də fitrə zəkatı ilə
bağlı heç nə yoxdur. Sadəcə, bunu
zamanla belə müəyyənləşdiriblər. Miqdar zamana görə dəyişə də bilir.
Kimin imkanı nəyə çatırsa, onu
verir. Təbii ki, səxavətlə
davranmaq daha yaxşıdır. "Qurani-Kərim"də
bayramla bağlı da heç nə yoxdu. Sadəcə,
peyğəmbər (ə) zamanından daxil olub. Yaxşı, bəyənilən haldır. Ümumiyyətlə, Ramazanı bütövlükdə
bayram kimi keçirmək lazımdı. Amma
xüsusi olaraq yığışmaq, bayram etmək, belə əmr,
göstəriş Quranda yoxdur.
-Sizin
“Oxu” kitabınızın satışı təşkil
olunurmu?
-“Libraf” mağazalar şəbəkəsi yayır, bəli.
-Necə düşünürsüz,
yeni variantda tərcüməniz, ola bilərmi
ki, bizim alışdığımız "Qurani-Kərim"i
zaman keçdikcə əvəzləsin və ondan daha
çox öyrənilsin?
-Bu, tamamilə yeni tərcümədir. Əvvəlki Quranda mötərizədə verilən şərhlər hamısı şəriətdən gələn, hədislərin təsiri ilə yaranandı. Üslub fərqi də var. Hesab edirəm ki, gələcəkdə mənim tərcüməmim üzərində dayanılacaq. Bu tamamilə yeni tərcümədir, uydurma deyil. "Qurani-Kərim"dəki sözlər potensialdı. Daim yenilənir. Bu, canlı kitabdır axı. Onunla ünsiyyətdə olanda görürsən ki, hər dəfə sənə yeni bir söz deyir. Ənənəvi tərcümələrin nöqsan cəhəti budur ki, Quranda olmayan məsələləri insanların beyninə yeridirlər. Belə səhv siyasət qoyulub. Ənənə belə qoyulub. Bununla da islamı çox pis təqdim edirlər. Belə şeylər kənara qoyulmalıdır. Quran özü mətləbləri bizə açır. Təzə informasiyalar verir. Gülməlisi budur ki, ərəblərdə Quranın orijinalı olduğu halda və bu orijinal onlara yeni sözlər dediyi halda onlar qəbul etmir. Mənim söhbətim olub onlarla. Görmüşəm ki, qəbul etmirlər. Beyinlərində tıxanma var, millətçi bir tıxanma. Bu da ondan ibarətdir ki, peyğəmbər ərəbdir, peyğəmbərin hədisləri var, yəni, onlar özləri üçün ikinci bir din formalaşdırıblar.
-Amma tərcümədəki mötərizələr
izah kimi qəbul olunur. Bu baxımdan ki, elə insanlar var,
anlamazlar, nəticə çıxara bilməzlər, ona
görə izah edilir.
-"Qurani-Kərim"də ayə var ki, “bundan hər kəsə pay düşür. Hər kəs anlaya biləcəyi səviyyədə öz payını ala bilər. Düşünürəm, mən də tərcüməmin üzərində çalışmalı olacam. Çalışacam çılpaq mətn kimi təqdim edim, mənim orda rolum görünməsin. Elə ayələr var, mən də anlamıram və orda 3 nöqtə qoymuşam. Məsələn, “biləcəksiniz”. Nəyi biləcəyik? Orda nöqtələr qoymuşam. Quranı açıq mətnlə oxumaq oxuyan insanda hansısa bir assosiasiya yarada bilər, hansısa xəyala apara bilər, düşüncə formalaşdıra, hansısa mətləbi aça bilər. Quranın gözəlliyi, böyüklüyü bundadı.
-Siz düşüncə sərbəstliyi, düşüncə
azadlığının tərəfdarısınız.
-Mütləq. Çünki düşüncə
sərbəstliyi, düşüncə azadlığı
yeni-yeni hikmətlərin açılmasına kömək
edir. Nəticə budur. Amma əvvəlki tərcümələrdə
izahlar oxuyanı qaranlıqda saxlayır.
-Bəlkə
yönləndirir?
-Yönləndirmir, məhz qaranlıqda
saxlayır. Məsələn, daşqalaq edilmək məsələsi,
nəyə görəsə. Olmayan şeyləri Quran tərcüməsində
mötərizələrə salıblar.
-Sonda arzunuz, istəyiniz,
cəmiyyətə mesajınız nədir?
-Ancaq can sağlığı.
Məlahət
Rzayeva
Şərq 2020.- 14 may.- S.7.