Tofiq müəllimə
çox borcluyuq
Onun kimi şəxsiyyət,
pedaqoq bizə təkcə jurnalistika dərsi verməyib, eyni zamanda həyat
dərsi keçib
18 may Əməkdar
mədəniyyət işçisi,
tanınmış jurnalist,
professor Tofiq Rüstəmovun
doğum günüdür. O, 1936-cı il mayın 18-də Quba şəhərində
anadan olub. 1953-cü ildə 1 nömrəli şəhər
beynəlmiləl orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin Jurnalistika şöbəsinə qəbul
olub. Ali təhsilini
fərqlənmə diplomu
ilə başa vurduqdan sonra (Nizami təqaüdçüsü)
1958-1960-cı illərdə dövrünün ən nüfuzlu qəzetlərindən
sayılan "Uçitelskaya
qazeta"nın Azərbaycan SSR üzrə
xüsusi müxbiri işləyib. Respublikada xalq maarifinin
inkişafına, məktəb
həyatına həsr
olunmuş bir çox yazıları Ümumittifaq oxucusuna çatdırıb.
Jurnalistlik fəaliyyətinin 10 ilini Azərbaycan SSR Dövlət Televiziya və Radio verilişləri
Komitəsində çalışıb,
tərcüməçilikdən informasiya verilişləri
Baş redaksiyasının
baş redaktoru vəzifəsinədək uzun
bir yol keçib
(1960-1970). Eyni zamanda ADU-nun qiyabi
aspiranturasında təhsilini
davam etdirib. Onun Azərbaycan radiosunda səslənən
tərcümələri və
orijinal verilişləri
daim dinləyicilərin
rəğbətini qazanıb.
Bu illərdə efirdə
ilk addımlarını atan
Azərbaycan radiosunun tarixini əks etdirən "Efirdə addımlar" və
"Şaqi v gfire"
kitabları işıq
üzü görüb.
Şəxsi təşəbbüsü
və axtarışları
sayəsində dönə-dönə
xatırlanan və ərsəyə gələn
"Ulduz" radiostansiyasıının
proqramlarına görə
Respublika Jurnalistlər
İttifaqının "Qızıl
qələm" mükafatına
layiq görülüb.
1967-ci ildən Azərbaycan
Dövlət Universitetində
elmi-pedaqoji fəaliyyətə
başlayıb, ADU-nun partiya
– sovet mətbuatının
nəzəriyyəsi və
təcrübəsi kafedrasının
müəllimi, baş
müəllimi işləyib.
1970-ci ildə "M.S.Ordubadinin
jurnalistlik fəaliyyəti"
mövzusunda dissertasiya
müdafiə edərək
filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Ordubadi yaradıcılığına dərin
maraq və böyük ehtiram göstərən T.Rüstəmovun
sonrakı illərdə
qocaman yazıçı
– jurnalistə həsr
etdiyi tədqiqatları,
"Alovlarda bərkiyən
qələm" monoqrafiyası,
M.S.Ordubadinin həyat və yaradıcılığına
həsr olunan (Azərbaycan və rus dillərində) fotoalbom kimi sanballı araşdırmaları
işıq üzü
görüb, Bakı,
Moskva, Kiyev, Maxaçqala şəhərlərində
nəşr olunmuş
digər əsərləri
elmi ictimaiyyət tərəfindən yüksək
qiymətləndirilib.
Professor T.Rüstəmov uzun illər ədəbi redaktənin nəzəriyyəsi və
təcrübəsi sahəsində
uğurlu elmi-tədqiqat
işi aparıb. Bu araşdırmaların nəticəsi
kimi ayrı-ayrı illərdə jurnalistika fakültəsinin tələbələri
və kütləvi informasiya vasitələri işçiləri üçün
hazırladığı iki
kitabı – "Ədəbi
redaktənin əsasları"
(Bakı, 1975) və
"Ədəbi redaktə
nəzəriyyəsi və
təcrübəsi" (Bakı,
1981) dərs vəsaitləri
çap olunub.
Onun elmi tədqiqatları Azərbaycan
jurnalistikası təşəkkülü
və inkişafı,
televiziya və radio jurnalistikası, tərcümə
sənəti və ədəbi redaktənini tarixi, nəzəriyyəsi
və təcrübəsi
sahələrini əhatə
edir. Televiziya və radioda
müntəzəm çıxış
edib, ictimai – siyasi verilişlər hazırlayıb, tərcümələr
edib.
Jurnalistikanın nəzəriyyəsi və
təcrübəsi sahəsində
nüfuzlu mütəxəssis
kimi tanınmış
Tofiq Rüstəmov
1979-cu ildə Jurnalistika
fakültəsinin dekanı
seçilib, 10 ilə
yaxın bu vəzifədə özünü
tədris və elmi işin istedadlı təşkilatçısı
kimi göstərib. Jurnalistika fakültəsində
tərcümə nəzəriyyəsi
və praktikası üzrə ixtisaslaşma kurslarının yaradıcılarındandır. 1987-ci ildən
isə tərcümə,
televiziya və radio jurnalistikası kafedrasının
professoru olub. 1988-1989-cu illərdə o, ADU partiya komitəsinin katibi, 1989-1990-cı illərdə
Azərbaycan KP MK ideologiya
şöbəsi müdirinin
birinci müavini, Azərbaycan Respublikası
Ali Soveti Xalq deputatı olub.
1990-1995-cı
illərdə "Kommunist"
qəzetinin redaktoru,
"Xalq qəzeti"nin baş redaktoru vəzifələrində
işləyib.
T.Rüstəmov Azərbaycan KP MK üzvü,
Azərbaycan Jurnalistlər
İttifaqı İdarə
heyətinin katibi,
SSRİ-nin dövlət
universitetləri Elmi–metodik
birliyinin, jurnalistika şöbəsinin üzvü,
Azərbaycan Kommunist Partiyası XXXII qurultayının
və Sov.İKP XXVIII
qurultayının nümayəndəsi
olub. 1982-ci ildə Azərbaycan SSR Əməkdar
mədəniyyət işçisi
fəxri adına
layiq görülüb.
Müxtəlif vaxtlarda
jurnalistika fakültəsi
Elmi Şurasının
sədri, fakültə
partiya bürosunun, universitet Elmi şurasının üzvü,
Azərbaycan Jurnalistlər
İttifaqı yanında
Jurnalist Sənətkarlığı
İnstitutunun rektoru olub. Nəzəri, elmi, metodik "Dil-ədəbiyyat" jurnalı
baş redaktorunun müavini, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının jurnalistika
doktoru, Azərbaycan Kütləvi İnformasiya
İşçiləri Həmkarlar
İttifaqının "Ustad"
Ali Jurnalistika mükafatı
laureatıdır.
T.Rüstəmov rəngarəng publisist
məqalələrin, bir
neçə radio pyesin,
Mərkəzi Televiziyanın
sifarişi ilə çəkilmiş telefilmlərin
senari müəllifi, Aleksandr Bestujev-Marlinskinin
"Molla Nur" povestinin, Lev Ginzburqun "Novı mir" jurnalında nəşr olunan və böyük əks-səda
yaradan
"O dünyada görüşlər"
(Münhen dəftərindən)
sənədli hekayətinin,
İsveçrə yazıçısı
Fridrix Dürrenmattın
"Böyük Romul"
və B.Caqarovun "Prokuror" komediya və pyeslərinin, digər bədii və bədii-publisist əsərlərin tərcüməçisi
kimi tanınıb.
Tofiq Rüstəmov haqqında xatirələrini "Şərq"ə
bölüşən qocaman
jurnalist, Ahıl Jurnalistlər Məclisinin
sədri Məzahir Süleymanzadə müəllimini
əsl şəxsiyyət və
qüdrətli ictimai-siyasi
xadim kimi xatırlayıb:
«Hər birimizin qəlbində Tofiq müəllimin xüsusi yeri var. Onun haqqında günlərlə,
hətta həftələrlə danışsaq
belə xatirələrimiz
bitməz. O, əsl pedaqoq və jurnalist kimi yaşadı və ömrünü başa vurdu. Tofiq Rüstəmov Azərbaycan
jurnalistikasının ən
ləyaqətli adamlarından
biri olub.
Əslində o təkcə müəllim
kimi deyil, ictimai-siyasi xadim kimi də yüksək
zirvələr fəth
edib. Zəngin biliyi, geniş
dünyagörüşü, mahir natiqlik bacarığı və təşkilatçılıq qabiliyyəti olan Tofiq Rüstəmov yaxşı idarəçi
idi. O, uzun müddət fakültənin
dekanı, kafedra müdiri olub. Jurnalistlər onun haqqında
danışanda, onun ləyaqət jurnalistikasından,
etik qaydaları öyrədən jurnalistikasından
danışırlar. Tofiq
müəllim Azərbaycan
jurnalistikasının, pedaqoqikasının
banilərindən sayılan
insan idi.
O həm öz biliyini, savadını Azərbaycan mətbuatının
inkişafına sərf
elədi, həm də bir çox
jurnalistlərin yetişməsində,
həyatı mənimsəməsində çox böyük fədakarlıq
göstərib. Bu mənada mənim tələbə yoldaşlarım
və bizdən sonrakı nəsil Tofiq müəllimin adını böyük hörmətlə çəkir,
onun xatirəsini ehtiramla yad edir.
Bu gün həyatda və jurnalistika
sahəsində nəyə
nail olmuşuqsa, mətbuatdan
danışanda adımız
çəkilirsə, buna
görə Tofiq Rüstəmova borcluyuq.
Bu həm də Tofiq müəllimin adının anılması,
ruhunun şad olmasıdır. Bizim heç bir
məsələyə başdansovdu
yanaşmaq, qeyri-peşəkar
münasibət göstərmək
haqqımız yoxdur. Biz hər addım
atmazdan əvvəl onun ruhunun bizi izlədiyini düşünürük. Hədsiz iftixar hissi keçiririk
ki, Tofiq müəllim kimi şəxsiyyət,
pedaqoq bizə təkcə jurnalistika dərsi verməyib, eyni zamanda həyat dərsi keçib".
BDU-nun professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli də qəzetimizə açıqlamasında Tofiq
Rüstəmovun Azərbaycan
jurnalistikası tarixində
iz qoymuş tarixi şəxsiyyətlərdən
biri olduğunu deyib:
"1958-ci ildə BDU-nun Jurnalistika
şöbəsini bitirən kimi, o zaman onun
22 yaşı varmış, Moskvada nəşr
olunan nüfuzlu "Uçitelskaya qazeta"nın Azərbaycan SSR üzrə xüsusi
müxbiri təyin edilib.
İki il burada işlədikdən sonra
uzun müddət Azərbaycan radiosunda çalışıb, tərcüməçilikdən
baş redaktorluğa qədər şərəfli bir yol keçib.
Praktik jurnalistikanın, demək olar, bütün mərhələlərini uğurla keçdikdən sonra
T.Rüstəmov məzunu olduğu
şöbəyə elmi-pedaqoji işə
dəvət olunub, "M.S.Ordubadinin
publisistikası" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik
dərəcəsi alıb, bu mövzuya həsr olunmuş
"Alovlarda bərkiyən qələm"
adlı dəyərli monoqrafiya
yazıb. Həm orta,
həm də ali məktəbdə azərbaycanca
oxumasına baxmayaraq rus
və alman
dillərini mükəmməl bilib. Bir pedaqoq kimi
onu məşhurlaşdıran əsas fənn
"Ədəbi redaktə" olub, bu sahədə iki kitab və çoxlu elmi məqalə nəşr etdirib.
Doktorluq dissertasiyası müdafiə etmədən
professor elmi adına layiq görülüb.
T. Rüstəmov 10 ildən artıq Jurnalistika fakültəsinin dekanı olub. Professor
Yalçın Əlizadə ilə birlikdə Tərcümə,
televiziya və radio
jurnalistikası kafedrasını yaradıb.
Tofiq müəllimin əsas fəaliyyət sahələrindən
biri tərcüməçilik olub, bir müddət Azərbaycanda
yaşamış rus
yazıçısı Aleksandr Bestujev-Marlinskinin "Molla
Nur" povestini, Lev Ginzburqun "O dünyada görüşlər" (Münxen dəftərindən) əsərini,
İsveçrə yazıçısı Fridrix
Dürrenmattın "Böyük Romul" və B.Caqarovun "Prokuror"
dramlarını ustalıqla dilimizə çevirib".
Nəsir müəllimin sözlərinə
görə, T.Rüstəmov həm də bacarıqlı ictimai-siyasi xadim kimi yadda qalıb,
1989-1990-cı illərdə Azərbaycan KP MK ideologiya
şöbəsi müdirinin birinci müavini, Azərbaycan
Respublikası Ali Sovetinin
Xalq deputatı olub:
" 1990-1995-cı illərdə respublikamızın əsas
qəzeti olan "Kommunist"
qəzetinin (indiki "Xalq qəzeti"nin) baş redaktoru vəzifələrində
işləyib.
Tofiq müəllim çox vətənpərvər, səmimi, dostcanlı bir insan idi. 1990-cı ilin 20 Yanvar hadisəsi hamımız kimi ona da çox üzücü təsir bağışlamışdı, ömrünün sonuna qədər özünü bu faciənin ağır yükü altında hiss edirdi. 1998-ci ilin elə həmin günü, 62 yaşın içində ikən, dünyasını dəyişib. Professor T.Rüstəmov xalqımızın, o cümlədən tələbələrinin, müəllim yoldaşlarının, bütün onu tanıyanların xatirəsində yaşamaqda davam edir. Allah rəhmət eləsin!".
Şəymən
Şərq 2020.- 19 may.- S.12.