Haqq səsi oldular

Türk mediası ilk gündən ön cəbhədədir

 

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında qardaş ölkənin jurnalistləri misilsiz fədakarlıqlar göstərdilər

Uzun illərdir ki, Azərbaycan xaricdəki erməni diasporunun apardığı qara piar təbliğatı ilə üz-üzədir. Məqsəd Azərbaycanı ləkələmək və erməni işğalına bəraət qazandırmaqdır. Hətta mənfur düşmən 27 sentyabrdan sonra öz etdiklərini qanlı olayları, guya, Azərbaycanın onlara qarşı törətdiyi ilə bağlı dünya ictimaiyyətini çaşdırmağa çalışıb. Ancaq Türkiyə mediasının böyük dəstəyi ilə terrorçu ermənilərin bu yalanları ifşa olunub. Bu günləri Türkiyə mediasının Azərbaycanın haqq işinə verdiyi dəstək çox təqdirəlayiqdir.

Qardaş ölkə KİV-ləri cəbhədəki vəziyyətlə bağlı həqiqətləri ən yeni xəbərlərlə dünya ictimaiyyətinə çatdırır. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı informasiyaları operativ qaydada ictimaiyyətə təqdim edirlər. O cümlədən düşmən ordusunun biabırçı məğlubiyyəti, Paşinyan hökumətinin rəzil vəziyyətinə geniş yer ayrılır. Hətta qardaş ölkə mediası Prezident İlham Əliyevin mesajları əsasında təhlillər aparır, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyənin ali rəhbər şəxslərinin Qarabağ münaqişəsi ilə bağlı qətiyyətli mövqelərini geniş formatda yayırlar.

Məlumatlarda, o cümlədən Türkiyə ictimaiyyətinin Azərbaycana göstərdiyi həmrəyliyə, xalqımızın namərd düşmən hücumlarına qarşı qətiyyətli dayanışına da diqqətlə yanaşılır. Məlumatlarla Anadolu, İHA, DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Büngü TV, CNN türk telekanallarının, habelə “Akşam”, “Təqvim”, “Sözçü”, “Yeni çağ” və s. nüfuzlu qəzetlərin saytlarında tanış olmaq mümkündür.

Sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları nəticəsində bölgədə yaranmış gərgin vəziyyət Türkiyə mətbuatının əsas xəbər mövzusuna çevrilib. Türkiyə mətbuatı gündəlik dərc olunan informasiyalarda Azərbaycan Prezidenti İlham Əliyevin bütün fəaliyyətini, mövcud vəziyyətlə bağlı keçirdiyi görüşləri, xarici mediaya verdiyi açıqlama və müsahibələri geniş işıqlandırır.

Bu isə Azərbaycan həqiqətlərinin daha geniş ictimaiyyətə çatdırılmasına təkan verir. Azərbaycanda cəbhəboyu ərazilərdə olan Türkiyənin “Haber Global” televiziyasının çəkiliş heyəti əsgərlərimizin döyüş ruhunu, əzmini öz gözləri ilə görüb. Azərbaycan ordusuna dəstək məqsədilə hazırlanan reportajlar isə demək olar ki, bütün Türkiyə mediasında tirajlanıb. Erməni hərbçilərinin Azərbaycan əsgərlərindən qorxması və cəbhədə öz mövqelərini, silah-sursatlarını qoyub qaçmalarına dair videomateriallar isə bir daha sübut edir ki, bizim ordumuz məğlubedilməzdir. Bununla yanaşı “A Haber” xəbər agentliyində gedən məlumatda türk xalqının Azərbaycana dəstəyi açıq şəkildə qeyd olunub. Qələbə sevincini bizimlə bölən qardaş ölkədə, Qalata qülləsində üçrəngli, şanlı Azərbaycan bayrağının rəngləri əks olunub.

“CNN Türkinformasiya agentliyi artıq Ermənistan-Azərbaycan sərhədində bir aydan çoxdur ki, davam edən qızğın döyüşlərdə Azərbaycan ordusunun əldə etdiyi uğurlar barədə geniş material hazırlayıb. Eyni zamanda qardaş ölkənin çəkiliş qrupu Tərtər istiqamətində gedən döyüşlərə könüllü olaraq qoşulan Azərbaycan əsgərləri ilə həmsöhbət olub.

“TRT Avaz”-da dərc edilən materialda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Azərbaycanda qismən səfərbərlik elan etməsi ilə bağlı məlumat dərc edib. Bütün bunlar nəinki türk xalqının mənən yanımızda olduğunu, eyni zamanda Türkiyə mediasının da informasiya mübarizəsində Azərbaycana dəstək olduğunun nümunəsidir.

Həmçinin “Sabah” qəzetində dərc edilən “Türkün şanlı bayrağı dikildi” başlıqlı məqalədə Dağlıq Qarabağın işğaldan azad olunması məqsədilə Azərbaycanın əks-hücum əməliyyatlarından bəhs edilib. Qardaş ölkə KİV-ləri cəbhə bölgəsində baş verən bütün prosesləri addım-addım izləyərək müzəffər ordumuzun rəşadətini dünya ictimaiyyətinə olduğu kimi çatdırır. Düşmənin məkrli fəaliyyəti, Azərbaycanın dinc əhalisinin, yaşayış məskənlərinin, fərdi evlərin, mülki obyektlərin hədəf alınması böyük nifrətlə qarşılanır. Bildiyimiz kimi, ermənilərin Gəncəyə xain raket hücumunu ilk dəqiqədən sonadək son dərəcə peşəkarcasına bütün dünyaya çatdırmaqda Türkiyə telekanallarının əməyi danılmazdır. CNN Türk-ün müxbiri Fulya Öztürk, Haber Global-ın əməkdaşı Osman Girgin və TV 100-ün müxbiri Burak Ersemiz haqlı səsimizi bütün dünyaya çatdırmaqda böyük səy göstəriblər.  Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev Türkiyə mediasının operativ fəaliyyətinə görə təşəkkür edib: "Türkiyənin media nümayəndələri gecə-gündüz döyüş meydanlarında öz həyatlarını risk altına atırlar və bu görüntüləri dünya daha çox Türkiyə mediası vasitəsilə görürbilir. Gəncənin, Bərdənin namərdcəsinə bombalanmasından sonra buraya ilk gələn bizim Türkiyədən olan qardaşlarımızdır. Ona görə bu, bir daha Türkiyə-Azərbaycan birliyini göstərir. Hər zaman mən əziz qardaşımla bu barədə danışanda biz bilirdik ki, bu birlik sözdə deyil, əməldədir və bunu bu gün bütün dünya bilir".  Hətta Prezidentin köməkçisi Hikmət Hacıyev Bərdədə “CNN Türk” kanalının müxbiri Fulya Öztürklə görüşüb. O, jurnalistə göstərdiyi şücaətə görə təşəkkür edib. H.Hacıyev Gəncə hadisələri və cəbhəyanı bölgələri lazımi anda görüntüləyən operator Halil Kahramana da minnətdarlığını bildirib.

Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Şərq"ə açıqlamasında vurğulayıb ki, sentyabrın 27-də ermənilərin törətdikləri növbəti təxribat nəticəsində Azərbaycan əks-hücum əməliyyatına başlayıb. Ekspert diqqətə çatdırıb ki, həmin andan etibarən Azərbaycan həm cəbhə, həm diplomatiya, həm də informasiya cəbhəsində çox ciddi savaşlar aparır:

"Tam əminliklə deyə bilərik ki, hər iki cəbhədə nəticələr uğurludur. Demək olar ki, Azərbaycan ermənilərin 30 il müddətində qurduğu yalançı informasiya siyasətini, informasiya təbliğatını dağıda bilib. Cənab Prezidentin 25-ə yaxın dünyanın ən aparıcı beynəlxalq kütləvi informasiya vasitələrinə verdiyi geniş müsahibələri ilk növbədə dövlətimizin haqq səsinin arqumental şəkildə dünyaya çatdırılmasında öz mühüm təsirini göstərdi".

M.Ələsgərli qeyd edib ki, Ali Baş Komandanımızın çıxışlarının məntiqli və inandırıcı olmasının nəticəsidir ki,  hətta xarici jurnalistlər Azərbaycan rəhbərindən götürdükləri müsahibələr əsasında Ermənistan rəhbərliyinə ünvanlayacaqları sualları həmin tezislər üzərindən qurublar:

"Bu çox yaxşı əlamətdir. Amma burada biz Türkiyə mediasının adını birmənalı şəkildə qeyd etməliyik. Çünki beynəlxalq transmilli KİV-lərin Azərbaycana gəlib, burada həqiqətlərin işıqlandırılması müəyyən cəhdlərin və təşəbbüslərin nəticəsidir.

Amma Türkiyə mediası ilk gündən Azərbaycanın yanındadır. Onlar bizim haqq işimizə daim dəstək veriblər. Həqiqətlərin dünyaya obyektiv, təmənnasız, dürüst şəkildə çatdırılmasında dəstək verirlər. Burada türk jurnalistlərinin hadisə yerindən operativ şəkildə dəfələrlə informasiya verdiklərinin şahidi olmuşuq. Onlar informasiyaları həm Türkiyə cəmiyyətinə, həm də öz əlaqələri vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Türkiyə mediasının bu baxımdan imkanları çox genişdir. Eyni zamanda biz türk həmkarlarımızın bir qardaş kimi hisslər yaşadığını görürük. Bu hisslərin nə qədər emosional, nə qədər ürəkdən, dərin könüldən olduğunun şahidi oluruq.  Türkiyə mediasının başqa ölkə mediasından fərqi odur ki, Türkiyə mediası burada fasiləsiz, obyektiv işləyir və öz dəstəyini birmənalı şəkildə fasiləsiz göstərir. Türkiyə mediası Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Bu baxımdan Türkiyə mediasına öz dərin minnətdarlığımızı bildiririk”.

Jurnalist Siyavuş Əmirli "Şərq"ə açıqlmasında bildirib ki, Azərbaycan əsgərinin əzmi nəticəsində işğaldan azad olunan mövqelərimiz, strateji yüksəkliyimiz barədə çox sayda məlumatların Türkiyə mediasında dərc olunması heç kəsə sirr deyil:

"Türkiyə mediası Azərbaycana dəstək məqsədilə mütəmadi olaraq münaqişə vəziyyətini diqqətdə saxlayır. Bundan başqa Anadolu agentliyi Azərbaycan həqiqətlərini dünya birliyinə 12 dildə çatdırır. TRT HABER, A HABER, NTV və digər telekanallar operativ məlumatları və müəllif proqramları ilə tamaşaçıları məlumatlandırır. Bir sözlə, Azərbaycan mövzusu Türkiyə mediasının ana xəbəridir. Mətbuat çevik qaydada Ermənistanın informasiya təxribatlarına reaksiya göstərərək və saxta məlumatları ifşa edir. Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə dair müəllif verilişləri və ekspert müzakirələri fasiləsiz olaraq ekranlarda görünür.

Azərbaycan və Türkiyənin media nümayəndələri arasında birlik həmişə olubdavam edəcək.

 

Aynurə Pənahqızı

Şərq  2020.- 3 noyabr.- S.11.