"İlham Əliyevin ətrafında sıx birləşmək
qardaşlıq borcumuzdur"
Mahmudəli
Çöhrəqanlı: "Həmsədrlər
gözümüzün içinə baxa-baxa “otuz il daha
gözləyin” deyirlər"
"İşğalçını xilas
etməyə çalışırlar"
Azərbaycanda başlanan Vətən savaşı dünyada yaşayan soydaşlarımızı da Qarabağ ətrafında həmrəy etdi. Dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılar Vətənə gəlib ordu sıralarına yazıldı, gələ bilməyənlər isə Qarabağ həqiqətlərini yaşadıqları ölkədə təbliğ etməyə başladılar. Apardığımız haqq davası cənubdakı soydaşlarımızın diqqətindən də kənarda qalmadı. Azərbaycanın ədalətli müharibəsinə ilk dəstək verənlər məhz güneyli soydaşlarımız oldu.
Təbriz, Urmu, Ərdəbil, həmçinin Tehranda on minlərlə insanın iştirakı ilə Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirildi. Yüzlərlə yazıçı, şair, alim soydaşımız birgə bəyanat yayaraq dövlətimizə, qəhrəman ordumuza dəstəklərini bildirdilər. Öz qüvvələri hesabına bir neçə dəfə İrandan Ermənistana silah-sursat daşımasından şübhələndikləri maşınların qarşısını almağa çalışdılar. Təəssüf ki, haqq səsini ucaldan yüzdən çox azərbaycanlı fəal fars rejimi tərəfindən həbs edildi, təzyiqlərə məruz qaldılar. Buna baxmayaraq, güneyli qardaşlarımızın qətiyyətli mövqeyi rəsmi Tehranın ikili mövqeyinin nisbətən Azərbaycanın xeyrinə dəyişməsinə səbəb oldu.
Proseslərlə bağlı “Şərq”in suallarını cavablandıran Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri, publisist, filologiya elmləri doktoru, professor Mahmudəli Çöhrəqanlıdır. Hazırda Amerikada yaşayan GAMOH lideri bəyan edib ki, Qarabağın azadlığı uğrunda apardığımız haqlı mübarizə dünyanın fərqli nöqtələrində yaşayan bütün azərbaycanlıları bir araya gətirib.
Çöhrəqanlı
vurğulayıb ki, bir
aydan çoxdur
işğalçı ermənilərə qarşı savaş və dövlət-xalq birliyi dost-qardaşımızı sevindirib, düşmənlərimizin ürəyinə
qorxu salıb: “Şükürlər olsun ki, artıq hər kəs
Dağlıq Qarabağ münaqişəsinin
həllinin işğalda rolu
olan Minsk qrupu həmsədrlərinin, xüsusən
Rusiya və Fransanın iştirakı ilə
çözülməyəcəyini dərk edir.
Bunun nəticəsidir ki,
ermənilərin davamlı təxribatına və diversiya hücumlarına qəti cavab verən Azərbaycan dövləti “öz göbəyini özü
kəsərək”, prinsiplərini bütün
dünyanın diqqətinə çatdırdı”...
- Ordumuzun
qarşısına çıxmağa cəsarət etməyən
erməni quldurları mülki əhalimizi
hədəf alır, şəhərlərimizə raket atırlar. Beynəlxalq aləmin erməni
vandalizminə ciddi reaksiya
verməməsini necə dəyərləndirirsiniz?
- Bir
məqamı xüsusi qeyd
edim ki,
işğalçı Ermənistan dövləti
Qarabağı Rusiyanın yardımı olmadan
əsla zəbt edə bilməzdi. O zaman Rusiya açıq
şəkildə Azərbaycandan rus
qoşunlarının çıxarılmasının
intiqamını alırdı. Günümüzdə də Azərbaycan
türkünün, Araz
çayının güneyindəki 35-40 milyonluq
türkün oyanış prosesi,
Türkiyə və Azərbaycanın siyasi-iqtisadi,
sosial və hərbi sahədə sıx
əməkdaşlığı İran və
Rusiya kimi ölkələri
xeyli narahat edir. O səbəbdən bu iki dövlət son zamanlar Azərbaycana
qarşı kampaniyanı genişləndirirlər. Ötən
gün Azərbaycan Prezidenti
İlham Əliyev müsahibəsində bir məqama toxundu və sual etdi ki,
kasıb Ermənistan bu qədər hərbi
texnikanı, silah-sursatı haradan,
hansı pulla alır?
İşğalçı Ermənistanı hansı
dövlətlərin silahlandırdığı bizə məlumdur.
Ona
görə də Tərtər, Gəncə, Bərdə və
digər rayonlarımızın erməni silahlıları tərəfindən
ballistik raketlərlə hədəf
alınmasında, aralarında günahsız uşaq
və qadın olmaqla mülki
insanların qətlində Rusiya və
İranın da əli var.
Çünki bu
iki ölkə dünyanın gözü qarşısında təcavüzkar
Ermənistanı silahlandırır, ermənilərin cinayətlərinə
imkan yaradır. Heç zaman
irqçilik etməmişik, amma qətiyyətlə deyirik
ki, türkün
türkdən başqa dostu,
qardaşı yoxdur. Əlbəttə, türk deyəndə Azərbaycanda, güneydə
və Türkiyədə, ortaq Vətəndə
yaşayan qardaşlarımızı nəzərdə
tuturuq. Onların hamısı türk millətinin ayrılmaz
parçasıdır.
- Ordumuzun
rəşadəti sayəsində Qarabağın cənubu, İranla sərhəd 132 kilometr
ərazi düşməndən təmizləndi.
Separatçılarla İranın əlaqəsinin kəsilməsi
nə qədər mühüm məsələdir?
- İrandakı fars rejimi hər vaxt Azərbaycan Respublikasının varlığından, güclənməsidən narahatlıq duyub. Bizə qarşı əlindəki bütün imkanlardan istifadə edib ki, Azərbaycan türkləri bir araya gələ, Azərbaycan bütöv ola bilməsin. Lakin şanlı Azərbaycan Ordusunun xüsusi qəhrəmanlıq və strateji dahiliklə yürütdüyü hərbi əməliyyatlar nəticəsində İranla sərhəd rayonlar erməni separatçılarından təmizləndi. Azərbaycan Ordusunun Xudəfərin (Həsrət) körpüsünü azadlığa qovuşdurması Tehranda ciddi narahatlıqla qarşılandı. SEPAH və İran İnqilabı Mühafizləri Korpusu özlərinə təhlükə gördükləri üçün sərhədə çoxlu sayda ağır hərbi texnikalar, əsgəri birliklər cəm etdi. Millətimiz hər zaman ayıq-sayıq olmalıdır. Şükürlər olsun ki, hər iki tayda Azərbaycan türkləri dost və düşmənlərini yaxşı tanıyır. Birliyimiz, vəhdətimiz düşmənlərimizin ən qorxulu röyasıdır. İran hələ də rejiminin Ermənistana rəsmi sərhədi vasitəsi ilə lojistik və silah dəstəyi edir.
- Güneyli
qardaşlarımız torpaqlarımızın işğaldan
azad edilməsini böyük
sevinclə qarşılayır, döyüşləri qürurla seyr edir, əsl qardaşlıq nümayiş
etdirirlər. Soydaşlarımızın Azərbaycana dəstək
aksiyaları qaneedicidirmi?
- Azərbaycan türkü qədər torpağı, Vətəni
və milləti düşmən əliylə onlarla
yerə parçalanan başqa
millət, hətta türk boyu
tapmaq imkansızdır. Millətimizin
içində böyük həsrət,
Vətən və torpaq yanğısı
var. Qarabağın
azadlıq hərəkatının başladılması hər
iki tayda millətimizi
ümidləndirdi, həyəcanlandırdı. Güneyli soydaşlarımız meydanlara enərək düşmənə etiraz, qardaşa kömək
və yardım harayını uca səslə
dilə gətirdilər. Xalq Vətənimizin
birliyinə susayıb. Artıq Tehranda da soydaşlar “Qarabağ Türkündür”
deyə hayqırır və müqəddəs Bütöv Azərbaycan
bayrağımızı dalğalandırırlar. Biz də ümidliyik, millətimiz
artıq oyanıb. Güneyimiz gələcəyini
öz əliylə cızmağa
hazırlaşır.
- İran ilk vaxtlar fərqli mövqe sərgiləsə də, bir müddət sonra nisbətən “yumşaq” bəyanatlar səsləndirməyə başladı. Amma yenə də Tehranın mövqeyi birmənalı qəbul olunmur və qeyri-səmimi qarşılanır...
- İran
rejimi öz mənfəətlərini
qorumaqda inanılmaz dərəcədə
bacarıqlıdır. Tehran hökuməti Azərbaycan rəsmilərinin
gözlərinin içinə baxa-baxa deyir ki, Qarabağ
məsələsində sülhün tərəfdarıdır,
amma pərdə arxasında işğalçı
ermənilərə hər cür silah və lojistik dəstəyi
verir. Həqiqətən regionda sülh istəyən
ölkə niyə işğalçıya silah-sursat
göndərsin?! Biz Güney
Azərbaycan Milli Oyanış Hərəkatı
(GAMOH) olaraq hərəkətimizi
sıfırdan qurmuşuq və bu gün öz
fəaliyyətimizi davam etdiririk.
Artıq oyunlar açıq
oynanılır.
- Bəs, Rusiyanın bir
qədər “neytral” qalmasını necə
şərh edərdiniz?
- Rusiya bilir ki, birinci Qarabağ savaşındakı kimi öz hərbi qüvvələri ilə Azərbaycana qarşı savaşması imkansızdır. Mövcud dünya şərtləri bunun üçün münasib deyil. Qardaş Türkiyə isə dağ kimi Azərbaycanın yanındadır. Güneyimiz də 1990-cı illərin əvvəllərindəki bölgə deyil, xalqımız meydandadır. Nüvə silahı olan qardaş Pakistan açıqca Azərbaycanın yanında olduğunu bildirir. Ən önəmli məqamlardan biri odur ki, Azərbaycan hökuməti tam milli mövqe sərgiləyərək bütün ideologiya sahiblərini, siyasiləri, küskünləri bir yerə toplayıb. Açıq deyim ki, əvvəllər Azərbaycan iqtidarını tənqid edənlərdən olmuşam. Ancaq bu gün savaş halında olan Azərbaycanımızın yanında olmaq, dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşmək hamımızın qardaşlıq borcudur. Qardaşımızı güclü vaxtında tənqid etsək də, dar günündə dəstək çıxmağın, düşmənə qarşı çiyin-çiyinə mücadilə aparmağın məsuliyyətini dərk edirik. Bunu qavrayacaq milli şüura sahibik. Rusiya hər zaman Ermənistanın yanındadır. Moskva boş yerə “atəşkəs” anlaşmasını ortaya atmır, məqsəd işğalçıya nəfəs verməkdir. Gülüstan və Türkmənçay müqavilələrinin fikir babası olan Rusiya bu gün də Azərbaycan güclənməsin, birləşməsin deyə əlindən gələni əsirgəmir.
- Beynəlxalq aləmdən, həmsədr ölkələrdən
“atəş çağırışları gəlir, yeni format məsələləri
müzakirə olunur. Sizcə, hərbi əməliyyatlar
sona qədər davam
etməlidirmi?
- Otuz
gündə hərbi əməliyyatlarla işğaldan
azad etdiyimiz
torpaqları son 30 ildə ATƏT-in Minsk qrupu niyə qaytara bilmədi? Rusiya və
Fransa dövlətləri Ermənistan varkən
heç zaman Azərbaycanın
lehinə addım atmayacaq. Çünki
bu iki dövlət
Qarabağın işğalında ən azı Yerevan hakimiyyəti qədər rol oynayıb. Biz demirik ki, mütləq qan axıdılsın, savaş
davam etsin, ancaq reallıq ortadadır. Həmsədrlər
gözümüzün içinə baxa-baxa “otuz il daha gözləyin”
deyirlər. Minsk qrupu
torpaqlarımızın işğalda
qalmasında maraqlıdır və bunu “sülh” kimi qələmə
verir. Ancaq beynəlxalq
qanunlara və BMT-nin məlum
qətnamələrinə əsaslanaraq,
torpaqlarımızı azad etməyə başlayanda dərhal ortaya
atılır və işğalçını xilas etməyə çalışırlar. Ona görə də belə ədalətsiz
sistemdə işimizi özümüz
görməli, başlatdığımız prosesi
sona çatdırmalıyıq. Onsuz da proseslərin ən
sonunda hansısa formada
atəşkəs imzalanacaq. Xankəndində
üçrəngli bayrağımız sancıldığı
zaman savaş bitəcək.
Dünyada 140 milyona
yaxın türk var. Bir olub, düşmənə qarşı ortaq fikir və bəyanımızı
uca səslə hayqıra bilsək,
düşmən iradəmizə sayğı göstərməyə
məcbur qalacaq. Əks halda
ədalətsiz və tərəfli “sülh”
yeni doğacaq daha böyük savaşların
carçısıdır. Biz ədalətli
atəşkəs və barış istəyirik. Son olaraq, şəhid olan bütün əsgər,
zabit və mülki
şəxslərimizi hörmət və rəhmətlə yad edirik. Türk
şairi Mehmet Akif Ersoy demişkən:
“Sabahsız Vətənin batması haqdır, sən sahib çıxarsan əgər, bu Vətən batmayacaqdır”. Gələcək
millətimizindir.
Şərq 2020.- 3 noyabr.- S.7.