Böyük qayıdış planı
hazırlanmalıdır
Azərbaycan ərazilərinə Ermənistan tərəfindən istiqamətlənmiş silahlı təxribat əməllərinə cavab olaraq ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatlarının başladığı vaxtdan bugünədək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətləri, həmçinin həm yerli, həm də xarici media orqanlarına müsahibələrində böyük qayıdışla bağlı dövlət proqramlarının hazırlandığını bildirib. 30 il ərzində Azərbaycan hökuməti qaçqın və köçkünlərin problemlərinin həlli, onların daha rahat yaşayışı və sosial təminatı məqsədilə nəhəng layihələr həyata keçirdi. Cənab Prezident o zamanlar da işğal olunmuş torpaqlarımızın hər bir qarışının azad ediləcəyini və məcburi köçkünlərin doğma yurdlarına qayıdacağını inamla söyləyirdi.
Bununla yanaşı, insanların normal
yaşayışı, həyat səviyyəsinin
yaxşılaşdırılması heç
bir vaxt sonraya - işğalın sona
çatması dövrünə saxlanmadı. Məcburi
köçkünlər üçün
yeni qəsəbələr salındı,
paytaxtda, paytaxtətrafı qəsəbələrdə,
eləcə də cəbhəyanı bölgələrdə.
Bu ərazilərdə insanlarımız məskunlaşdı,
təsərrüfatlarını yaratdılar, dirçəldilər,
bəzi hallarda bəlkə əvvəlkindən
də üstün həyat səviyyəsinə
sahib oldular. Lakin xalqımız bir gün doğma yurd yerlərinə qayıdacağına
inamını, ümidini itirmədi.
Çalışdılar; tarlalarda, əkin sahələrində, həyətyanı təsərrüfatlarda,
yeni qəsəbələrdə
yaradılmış istehsal sahələrində.
Həyat axarına düşdü. Məcburi
köçkünlər üçün
iş yerləri yaradıldı, məcburi
köşkün ailələrin
övladları təhsil haqlarından azad
edildi, istədikləri formada təhsil aldılar. Məcburi
köçkünlərə aylıq müavinətlər, əvvəlki
iş yerləri qanunamüvafiq
qaydada saxlanılmaqla əmək
haqları ödəndi. İndi isə
köçkünlər böyük
qayıdış ərəfəsindədir. Və işğaldan azad edilmiş ərazilərdə sosial
proqramların icrası qarşıda mühüm
vəzifə kimi durur.
Hansı işlər görüləcək, doğma
yurd yerlərinə qayıdışla
bağlı?
Sosial müdafiə, aktiv məşğulluq
Məlumdur ki,
30 il ərzində məcburi
köçkünlər arasında müxtəlif peşələrdə,
müxtəlif sahələrdə, idarə və müəssisələrdə
çalışan, həmçinin məskunlaşdıqları
yerlərdə fərdi təsərrüfatlarını yaradan, sahibkarlıqla məşğul olanlar var. Doğma yurdlara qayıtmaq üçün
təbii ki, nə qədər səbirsizlənsələr
də, illərlə alışdıqları həyat şəraitindən
ayrılmaq, çalışdıqları iş
yerlərini dərhal tərk etmək də yəqin bir qədər çətin olacaq.
Ailənin maddi gəlirləri
baxımından. Qayıdış həyata keçirildikdə,
bu insanların maddi təminatı
da olmalıdır. Bunun
üçün də mütləq iş yerləri olmalıdır. Azərbaycan
hökuməti bütün bu amilləri nəzərə alıb.
“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin möhtəşəm tarixi qələbələri davam etdikcə, işğaldan azad edilən doğma yurd yerlərimizin də sırası genişlənir. Ölkəmizin digər bölgələrində olduğu kimi, azadlığına qovuşan həmin ərazilərimizdə də geniş miqyasda sosial müdafiə və aktiv məşğulluq proqramları icra olunacaq. Bu istiqamətdə müxtəlif istiqamətlərdə tədbirləri əhatə edən təkliflər üzrə artıq işlərə başlanıb”.
Bu fikirləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirliyin Kollegiya iclasında bildirib.
O qeyd edib ki, ildən-ilə geniş vüsət alan sosial müdafiə və aktiv məşğulluq proqramlarında hər zaman həssas qruplardan biri kimi, məcburi köçkünlərə də üstünlük verilib. Həmin vətəndaşlar işğaldan azad edilmiş yurdlarına qayıtdıqdan sonra da onların sosial-iqtisadi dəstək tədbirləri ilə əhatə olunması işləri aparılacaq. Son illərdə özünüməşğulluq proqramının dəstəyi ilə minlərlə köçkün ailəsinin kiçik təsərrüfatları, müəssisələri yaradılıb. Onlar artıq öz təsərrüfat və müəssisələrini də doğma yurd yerlərinə aparmaq əzmindədirlər. Ümumən, işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı və istehsal yönümlü çoxsaylı ailə təsərrüfatlarının yaradılmasında da özünüməşğulluq proqramı öz töhfəsini verəcək.
Nazir, həmçinin qeyd edilən zonalarda DOST mərkəzlərinin, peşə-tədris və reabilitasiya, sosial xidmət müəssisələrinin yaradılacağını deyib. Bununla bağlı da layihələndirmə işlərinin aparılmasının nazirlik üçün prioritetlərdən biri olduğunu qeyd edib.
S.Babayev ölkəmizdə
hərbi vəziyyət dövründə əmək, məşğulluq,
sosial müdafiə sahəsində əhaliyə
xidmətlərin yüksək səviyyədə təşkilinə
xüsusi diqqət yetirildiyini
bildirib. O, xüsusilə pensiya,
müavinət və təqaüdlərin, sosial
yardımların ödənişlərinin
vaxtlı-vaxtında icra edildiyini
və bundan sonra da bu sahənin diqqətdə
saxlanmalı olduğunu qeyd
edib.
İş yerlərinin qorunması sahəsində də
işlərin davam etdiyini,
elektron sistem üzərindən
daimi nəzarət həyata keçirildiyini deyib.
Əmək müqavilələrinə əsassız yerə,
həmçinin ciddi səbəb olmadan xitam verilməsi
halları baş verdikdə işəgötürənlərlə
sosial dialoq müstəvisində
belə halların qarşısının
alındığını diqqətə
çatdırıb.
Hərbi vəziyyət dövründə əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Hazırlanmış 21 peşə və 21 kvalifikasiya standartı da təqdim edilərək müzakirə olunub və Kollegiya tərəfindən həmin standartların təsdiq edilməsi qərara alınıb.
Bu isə o deməkdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
timsalında Azərbaycan hökuməti hərbi vəziyyətdə
necə gərgin işləyirsə, böyük
qayıdış zamanı da bütün sosial və iqtisadi resursların cəlbinə nail olacaq.
Vahid Tədbirlər
Planı hazırlanıb
Qeyd edək ki, noyabrın 2-də Bakıda Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv ölkələrin rəhbərlərinin növbədənkənar iclası keçirildi. İclasda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd etdi ki, işğaldan azad olunan ərazilər üzrə Vahid Tədbirlər Planı hazırlanıb və bu sahədə Azərbaycan Türk Ticarət və Sənaye Palatasına üzv ölkələrlə əməkdaşlıq etməyə hazırdır.
Növbədənkənar iclas "Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü" mövzusuna həsr olunmuşdu. Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasına üzv dövlətlərin rəhbərləri tərəfindən bəyanat qəbul olunub. İclasdan sonra keçirilən brifinqdə bəyanatın məzmunu barədə məlumat verən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, bəyanata əsasən, Azərbaycanın işğaldan azad olunan ərazilərinin inkişafına yönələn proqram hazırlanacaq: "Proqram çərçivəsində kənd təsərrüfatı, turizmin inkişafı, türkdilli ölkələrin bu istiqamətdə təcrübəsi istifadə olunacaq. Burada həmçinin, qarşılıqlı investisiya qoyuluşu nəzərdə tutulur ki, bu istiqamətdə bu gün razılaşma əldə olunub". Özlüyündə bu tədbir və qəbul olunan bəyanat da Azərbaycan hökumətinin işğaldan azad edilən ərazilərlə bağlı dəqiq proqrama sahib olduğunu göstərir.
“Qarabağ Azərbaycan
iqtisadiyyatının əsas “motor”u olmalıdır”
İqtisadçı Natiq Cəfərli
“Şərq”ə açıqlamasında qeyd
etdi ki,
qayıdışla bağlı bir
neçə mərhələdən ibarət yeni
Baş Plan
hazırlanmalıdır:
- İşğaldan azad edilmiş ərazilərdə
ilk növbədə müdafiə və
təhlükəsizlik məsələlərinə ciddi önəm verilməlidir. Elə bir həddə ki, erməni
separatçıları Qarabağa hər
hansı təhlükə törətməyi
ağıllarından belə keçirə bilməsinlər.
İkincisi, ərazilərin minalardan, mərmilərdən,
silah-sursat qalıqlarından, müharibənin
izlərinin təmizlənməsi, üçüncüsü,
infrastruktur layihələrinin icrası, kommunikasiya xətlərinin çəkilməsi
və bərpası, dördüncü mərhələdə
isə insanların köçürülməsinə
hazırlıq, yaşayış evlərinin, gərəkirsə
yeni qəsəbələrin
salınması, tikinti işlərinin
başlanması. Buna paralel
olaraq biznes
imkanlarının yaradılması vacibdir.
Çünki insanlar
məskunlaşdıqları yerdə işlə təmin edilməli,
çalışmalı, gəlir əldə etməlidirlər.
Bunun üçün
də mütləq uzunmüddətli, “0” vergi
sistemi tətbiq edilməli, investorların
cəlbi həyata keçməlidir. Təbii ehtiyatlardan,
münbit torpaqlardan
istifadə, aqrar sahənin sənayeləşdirilməsi,
yəni təkcə becərmə və məhsul
yığımı deyil, məhsulun
emalı, fabrikat istehsalına imkanlar yaradılması vacib
məsələdir.
Bu məqsədlə də
həmin ərazilərdə mütləq istehsal
müəssisələri yaradılmalıdır. Yəni, çox böyük, kompleks bir yanaşma
vacibdir. İqtisadi
fürsətlər üçün imkanlar genişləndirilməlidir. Elə proqramlar həyata keçirilməlidir ki, Qarabağ torpaqları
hər zaman olduğu kimi yenə də Azərbaycan iqtisadiyyatına
töhfə versin. Bu
mənada hesab edirəm ki,
böyük qayıdış planına ehtiyac yaranacaq.
N.Cəfərli
bildirdi ki, Qarabağ torpaqlarının düşmən
tapdağından azad edilməsi həmin ərazilərdə
iqtisadi inkişafa ağ səhifədən başlamaq
imkanı yaradır:
- Məlum məsələdir ki, işğal illəri ərzində müxtəlif bölgələrdə məskunlaşmış köşkün ailələr özlərinə müəyyən qədər şərait yaradıb, fərdi təsərrüfatlar, kiçik biznes sahələri yaradıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olublar. Mövcud biznes sahələrinin, yaxud təsərrüfatların işğaldan azad edilmiş ərazilərə təkrar köçürülməsi o qədər də effektli olmaz. Bu ərazilərdə yeni biznes strukturları və təsərrüfat sahələri yaratmaq daha sərfəli olar, nəinki köhnələri bərpa etmək.
Orta hesabla Qarabağda 1,5-2 milyon əhali
yaşayacaq. Bu regionun
özünün ali məktəbləri,
tələbə şəhərcikləri
olmalıdır. Mən bir
dəfə bu təklifi irəli sürmüşəm ki, Hadrut rayonunda böyük tələbə
şəhərciyi salınmalı
və beynəlxalq təhsil mərkəzləri
ilə əlaqələr
qurulmalıdır.
Bu, bizə əlavə
siyasi dividend gətirər. Ümumiyyətlə, işğaldan azad edilən və yaxın zamanda azad ediləcək ərazilərdə dayanıqlı,
qalıcı və cəlbedici şərait yaradılmalıdır. O qədər
yaxşı infrastruktur
olmalıdır ki, hətta paytaxt əhalisi və digər regionların əhalisi də Qarabağa can atsın.
Onsuz da xalqımız Qarabağa can atır. Bunun iqtisadi dayaqları da təmin edilərsə, daha çox insanımız orada məskunlaşacaq, iş yerləri əmələ
gələcək, iqtisadi
gəlir əldə ediləcək.
Bunlarla yanaşı əlbəttə ki,
məcburi köçkünlərə hazırda verilən
müavinətlər azı 1 il qüvvədə
qalmalıdır, məskunlaşma başa
çatıb insanların maddi təminatı
əlçatan olanadək. Ən əsası, biz
daha çox investisiya cəlbinə köklənməliyik ki, yaxın 10 ildə Qarabağda
iqtisadiyyatın bərpası mümkün
olsun və Qarabağ
iqtisadiyyatın “motor”u
rolunu oynasın.
Şərq 2020.- 4 noyabr.- S.11.