Prezident informasiya
cəbhəsində tək
döyüşür
Artıq bir aydan çoxdur ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Şanlı Ordusu torpaqlarımızın azad olunması uğrunda gedən əks-hücum əməliyyatını böyük qətiyyət və şücaətlə davam etdirir. Ön cəbhədə olduğu kimi, ölkəmizin informasiya cəbhəsində sentyabr ayının 27-dən başlayaraq Prezident İlham Əliyev dünyanın ən aparıcı media qurumlarına müsahibələr verir, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırır və dünya Azərbaycan həqiqətlərini birbaşa ölkənin birinci şəxsinin dilindən eşidir. Lakin Azərbaycan Ordusu cəbhədə yeni uğurlar əldə etdikcə, Qərbin xüsusi mətbəxlərində hazırlanmış təxribatçı jurnalistlər daha qərəzli suallar verir.
Buna baxmayaraq, cənab Prezident qarşısındakının kim olduğunu, onun qərəzli niyyətini görsə də, onların jurnalist etikasından uzaq davranışları qarşısında peşəkar siyasətçiyə, dünya səviyyəli liderə məxsus böyük səbr, qətiyyət, soyuqqanlılıq nümayiş etdirir, onlara tarix, beynəlxalq hüquq dərsi keçir. Cənab Prezidentin xarici mediaya verdiyi müsahibələrində dəfələrlə təkrarlanan bir çox feyk xəbərləri təkzib etməli olduğunu görürük. Məsələn, Yaponiyanın “Nikkei” qəzetinə, Fransanın “Le Figaro”, Amerikanın “Fox News” informasiya agentliyinə müsahibələrində cənab Prezident atəşkəsi Azərbaycanın yox, Ermənistanın pozduğunu vurğulamasına baxmayaraq, Almaniyanın “ARD” televiziyasının müxbirinin bu barədə sualı təkrarlaması onun qeyri-peşəkarlığının və qərəzli yanaşmasının əsl bariz nümunəsidir. Həmçinin, müsahibə ərzində “ARD” televiziyasının müxbirinin bu qəbildən olan bir neçə feyk informasiyaları xüsusi qərəzliklə vurğuladığının şahidi olduq. Belə ki, Azərbaycanın Müzəffər Ordusu hər gün yeni kəndləri, qəsəbələri, şəhərləri düşmən işğalından azad etdikcə, Qərb jurnalistləri cənab Prezidentə daha da məkrli, qərəzli, jurnalist etikasından kənar münasibət nümayiş etdirirlər. Amma ön cəbhədə Müzəffər Ordumuz düşmənin atəş nöqtələrini sərrast atəşlə susdurduğu kimi, cənab Prezident informasiya cəbhəsində də öz qətiyyətli cavabları ilə feyk informasiyaları darmadağın edir və düşmən Azərbaycan Respublikasının Prezidentinin qətiyyəti, savadı qarşısında geri çəkilir.
Azərbaycan arsenalında olan İsrail və Türkiyə dronları barədə jurnalistin təxribat xarakterli sualına cənab Prezidentin cavabı belə olub: "Azərbaycan arsenalında olan İsrail dronlarına arxayın olaraq müharibəyə başlamayıb. Bu dronlar əvvəldən də var idi. Həmçinin, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Azərbaycanın kaset bombalardan istifadə etməsi haqda iddiası yalandır. Ordumuzun yetərincə müasir silahları var və belə bir əlavə silaha ehtiyacı yoxdur". Jurnalistin “nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır” sualına cənab Prezidentin artıq dillər əzbəri olan cavabı qarşısında təxribatçı jurnalist başa düşdü ki, sahiblərinin onun qarşısına qoyduğu vəzifəni yerinə yetirə bilmədi: “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir”.
Bütün bunlarla yanaşı, cənab Prezident “dünya üzrə əksər tarixçilər” ifadəsinin yanlış olduğunu vurğulayaraq, hər dəfə müsahibələrində Qərb jurnalistlərinə bəsit tarixi həqiqətləri izah etdi, onlara mənbələrlə işləmək dərsi keçdi. Ali Baş Komandan İlham Əliyev açıqlamasında bir daha vurğuladı ki, Ermənistan Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə 750 min azərbaycanlı etnik təmizləməyə məruz qalıb. Bu bir faktdır ki, Qərb jurnalistləri ilə müsahibələrdə cənab Prezident İlham Əliyev tam bir master-klass keçdi. Bununla yanaşı, müsahibələr həmin KİV-lərin qərəzini və peşəkar jurnalistikadan uzaq olduqlarını göstərdi. Beləliklə, bir daha Qərb media standartları deyilən təbliğatın mənasızlığı sübut olundu.
Tanınmış jurnalist,
Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli
"Şərq"ə açıqlamasında
vurğulayıb ki, Azərbaycanda
müharibə şəraitində informasiya
müharibəsi yüksək səviyyədə təşkil
olunub. O bildirib ki, bu prosesdə Ali Baş Komandanın xarici mediaya verdiyi müsahibələrin böyük
üstünlüyü olub:
"Azərbaycan xalqı ilə həqiqətən qürur duyuram. Bu məqamda Azərbaycan xalqı yumruq kimi birləşərək mübarizəyə birlikdə başladı. Azərbaycan Ordusunun rəşadəti xalqın inamını daha da artırdı. Bu prosesdə Azərbaycan Prezidenti əsl yeni siyasi liderlik nümayiş etdirdi. Heç bir dövlət başçısında belə siyasi iradə görünməmişdi. Azərbaycan Prezidenti bu döyüşlərdə əsl sərkərdə, siyasi lider kimi tanındı. Bu, qürurvericidir. Prezidentin bu cür siyasi liderliyi bütün əhalini ətrafında birləşdirə bildi. Ali Baş Komandan İlham Əliyev Ermənistanı siyasi-diplomatik sferada da küncə sıxışdıraraq, dünya ictimaiyyətinin gözü önündə işğalçı hökuməti məğlubiyyətə uğradır. Dövlət rəhbərimiz diplomatik cəbhədə inamla döyüşür, ölkəmizə qarşı beynəlxalq təzyiqlərin qarşısını peşəkarlıqla, qətiyyətlə alır".
C.Məmmədli diqqətə
çatdırıb ki, Azərbaycan bu gün yalnız döyüş meydanında deyil,
diplomatik cəbhədə və informasiya müharibəsində də
düşmən üzərində böyük
üstünlük qazanıb:
"Ölkə
başçısının bu üstünlüyü dünyanın nüfuzlu televiziya
kanallarına, eləcə də qəzet və informasiya agentliklərinə müsahibələrində
tam təsdiqini tapıb. İlham
Əliyev müsahibələrində münaqişənin tarixi, indiki vəziyyəti
və Azərbaycanın ədalətli mövqeyi
barədə müfəssəl açıqlamalar səsləndirməklə,
ölkəmizə qarşı köklənmiş qüvvələrə
layiqli cavablar verir və xalqımızın haqlı
mübarizəsində erməni havadarlarına tutarlı mesajlar göndərir. Prezident İlham
Əliyevin müsahibələri Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinin diqqətinə
çatdırılmasında, xüsusilə də erməni
yalanları fonunda beynəlxalq aləmin
Dağlıq Qarabağ və ona bitişik ərazilərdə
gedən hərbi əməliyyatlar barədə ətraflı
və müfəssəl məlumatların verilməsində
böyük əhəmiyyət
daşıyır. Eyni zamanda
Prezident İlham
Əliyevin Qərb jurnalistlərinin qərəzli suallarına
məntiqli və düşünülmüş
cavabları ictimaiyyətdə böyük
rəğbət hissi ilə
qarşılanır. Məsələn, dövlət
başçımız oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin ikibaşlı suallarına məntiqli
cavab verərək, müsahibinin
söhbəti hansısa istiqamətə yönləndirməyə
cəhd göstərməsinin qarşısını dəqiq
faktlarla aldı. Hamımıza məlumdur
ki, bütün bu illər ərzində Azərbaycan
haqqında iftiralar, yalanlar,
uydurmalar baş
alıb gedirdi. Ancaq Ali Baş Komandanın bu müsahibələrində xarici
mətbuatda dolaşan bu
saxta xəbərləri darmadağın etdi. Bu artıq bir reallıqdır ki, əgər təxminən 15-20 gün bundan qabaq dünya
mediasının böyük hissəsi Azərbaycanın
haqq işini
tanımırdısa, Prezidentimizin verdiyi müsahibələrindən sonra dünya mediası indi Azərbaycanın haqq işini dəstəkləyir və
anlayır ki, Azərbaycan beynəlxalq səviyyədə
tanınan torpaqlarını erməni
işğalçılarından azad edir. Mən hər zaman
deyirəm ki, hər kəsin uğur qazanması üçün
talismanı var. Amma bu gün İlham
Əliyev bütün xalqın, millətin
"talisman"ıdır. Mənim bu uzun ömrümdə bu aydan qiymətli ayım olmayıb. Təbii ki, yaxın vaxtlarda Prezidentimizin bu əsrarəngiz
müsahibələri haqqında bir kitab çap edəcəyik.
Jurnalistika fakültəsində təhsil alanlar praktiki olaraq həmin müsahibələrdən yararlanacaqlar".
Media eksperti
Səbuhi Abbasov "Şərq"ə
açıqlamasında vurğulayıb ki,
ölkə Prezidentimiz müdrik
və qətiyyətli siyasi lider kimi informasiya
meydanında ölkəmizin mövqeyini
müdafiə edir, haqq
səsimizi dünyaya çatdırır:
"Sevindirici haldır ki, bu gün
informasiya müharibəsinin önündə
Ali Baş Komandan İlham Əliyev
dayanır. Dünyanın bir neçə
nüfuzlu media
qurumlarına türk, ingilis,
rus dillərində verdiyi
müsahibələrdə əslində düyündə qalan Azərbaycan həqiqətlərinin
açılmasında mühüm əhəmiyyətə
malikdir. Bildiyimiz kimi, düşmən tərəfinin çox ciddi informasiya resursları var.
Müəyyən beynəlxalq informasiya mərkəzlərinə
çıxışları var. Onlar çalışırlar ki,
yalan məlumatları dünya
ictimaiyyətinə çatdırsınlar. İlham
Əliyevin beynəlxalq medialara verdiyi müsahibələrin ən önəmli
tərəfi erməni yalanlarını ifşa
etməkdir. Azərbaycana qarşı qərəzli olan informasiyalar bu müsahibələr vasitəsilə bir növ yoxa
çıxmış olur. Məsələn,
hər zaman Azərbaycana qarşı qərəzli
mövqeyi ilə seçilən “Amnesty İnternational” və
“Human Rights Watch” kimi beynəlxalq hüquq təşkilatlarının da mövqelərində dəyişiklik də
ölkə Prezidentinin dəqiq faktlara söykənən müsahibəsindən,
real həqiqətlərə əsaslanan
təbliğatından sonra baş verdi. Bu təşkilatlar Ermənistanın Azərbaycanın
Bərdə şəhərini kaset
bombalarından atəşə tutduğunu
təsdiq etdilər. Almaniyalı jurnalist
isə ölkə Prezidentimizlə müsahibəsində, guya, bu təşkilatların
Azərbaycanın hüquq çərçivəsində
qadağan edilmiş silahlardan istifadə etməsi ilə
bağlı məlumatlarının olduğunu
iddia edirdi. Media prinsiplərinə
zidd, dəqiqləşdirilməmiş faktlarla müsahibi ilə polemikaya girməyə cəhd edən Qərbin
aparıcı KİV-lərindən gəlmiş jurnalistlərin
Azərbaycanın haqq-ədalət işinə kölgə salmaq niyyətləri bu dəfə
də puç oldu.
Artıq dünya ictimaiyyəti
Ermənistanın terrora xidmət edən
hərəkətlərinə biganə qalmır,
işğalçı dövlətin Gəncədə, Bərdədə,
Tərtərdə törətdiyi faciələri bəşəriyyətə
qarşı yönələn cinayət kimi
qəbul edir. Hərb
meydanında, informasiya məkanında
qazanılan qələbələr bir daha sübut edir ki, Azərbaycan haqq yolundadır.Tezliklə, işğal
altında olan bütün
torpaqlarımız işğaldan azad olunacaq, üçrəngli
bayrağımız Xankəndində, Şuşada
dalğalanacaq".
Pənahqızı, Aynurə.
Şərq 2020.- 6 noyabr.- S.11.