Ulduzunu, ayını göydə mələklər
öpər
"Sənin rəngin söylə neyçün
böylə al?!"
Azərbaycanda dövlətçilik ənənələrinin
və atributlarının bərpası, müsəlman şərqində
ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması ilə əlaqədar olub. 1918-ci ildə Azərbaycan
öz müstəqilliyini elan etdikdən sonra onun əsas
dövlət atributlarından, simvollarından biri olan
bayrağın necə olması mühüm əhəmiyyət
kəsb edirdi.
Azərbaycan
Cümhuriyyəti ilk dəfə müstəqilliyini elan etdikdən
sonra bayraq haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilib. Həmin qərarda Azərbaycanın
ilk dövlət bayrağı qırmızı rəngdə,
orta hissəsində ağ aypara və səkkiz
guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul
edilmişdir. O zaman Əhməd Cavad bu bayrağı belə tərənnüm
edirdi:
Gül rəngində
bir yarpağın,
Ortasında
bir hilal,
Ey al
bayraq, sənin rəngin
Söylə neyçün böylə al?!
Bu sətirlər Əhməd Cavadın Cümhuriyyətə,
onun atributlarına, xüsusilə bayrağa ilahi bir sevgisindən
irəli gəlirdi.
Məncə, bu şeir ümumiyyətlə Azərbaycan
bayrağına yazılmış ilk şeirdir.
Azərbaycanın ictimai fikrinin ən görkəmli şəxsiyyətlərindən
biri Əli bəy Hüseynzadənin redaktorluğu ilənəşr
edilən “Füyuzat” jurnalının və
füyuzatçıların indiki üçrəngli
bayrağın Azərbaycanın dövlət bayrağı
kimi qəbul edilməsində müstəsna xidmətləri
olub.
Əli bəy
Hüseynzadə “Füyuzat” jurnalında dərc etdiyi məqalələrinin
birində yazırdı: “Bizə fədai lazımdır! Türk hissiyatlı, islam etiqadlı, Avropa qiyafəli
fədai.” Sonradan bu fikir təkmilləşdirilərək,
aşağıdakı ifadə formasını aldı:
“Türkləşmək, islamlaşmaq, müasirləşmək”.
Əli bəy Hüseynzadənin bu ideyası Cümhuriyyəti
quranların timsalında öz hərarətli tərəfdarlarını
tapdı və Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət
bayrağında Azərbaycan vətəndaşının
ideya-mənəvi dəyəri kimi simvollaşdı. 1918-ci il
noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyətinin hökumət
başçısı Fətəli xan Xoyskinin məruzəsi
əsasında Azərbaycanın üçrəngli, ay-ulduzlu
bayrağı dövlət bayrağı kimi təsdiq edildi və
1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin
Parlamentinin açılışı zamanı binanın
üzərində dalğalanmağa başladı. Elə o vaxtdan da “üçrəngli göy
qurşağımız” şeirimizin mövzusuna, şairlərimizin
ilham mənbəyinə çevrildi.
Bayrağımız
poeziyamızda özünün ən gözəl təcəssümünü
növbəti dəfə böyük Azərbaycan dramaturqu,
görkəmli ədəbiyyat adamı Cəfər
Cabbarlının “Azərbaycan bayrağı” şeirində
tapıb:
Mələklərin qanadımı üzərimə
kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun
yarpağı!
Göy yarpaqlı, al çiçəkli yaşıl
otlar topasımı?
Xayır, xayır? Çiçək solur, otlar yerdə
tapdanır.
...Fəqət
bizim bayrağımız ucaları pək seviyor,
Yulduzlardan,
hilaldan da yüksəklərdə fırlanıyor...
Şeiri oxuduqca şairin bayrağa olan məhəbbətinə,
sevgisinə heyrət edirsən. Sanki şair sözlə
bayrağımızın şəklini çəkir, oxucunu
düşünməyə, fikrə dalmağa məcbur edir, xəyal
səni uzaqlara aparır. Sanki müəllif
bayrağa aid söz qoşmayıb, süjet yaradıb, bir film
çəkib.
Şairin poetik dühası qarşısında heyrətə
gəlirsən. Belə bir şeir bayrağa, həm də
təkcə bayrağa yox, Azərbaycana, onun dövlətinə,
xalqına, dilinə, adət-ənənəsinə sonsuz məhəbbətdən
yaranıb.
Lakin min təəssüf
ki, 1920-ci il aprelin 28-də Azərbaycan bolşeviklərtərəfindən
işğal edildi və Azərbaycan Xalq Cümhuriyyəti
süqut etdi. Azərbaycanın üçrəngli
bayrağı da o zamandan yasaq edildi. Zaman keçdi... Xalq onu ən qiymətli bir nemət kimi qəlbinin ən
dərin guşələrində əzizlədi, saxladı.
O zaman bayrağımız təkcə qəlblərdə
yaşamadı, həm də şeirlərimizdə,
bayatılarımızda, mahnılarımızda yaşadı.
Azərbaycanımızın
böyük sənətkarı, təkrarsız səs və
ifa tərzinə malik, həm şeir yazan, həm də musiqi
bəstələyən, indi xatirələrə
dönmüş Xan Şuşinskinin
(İsfəndiyar Aslan oğlu Cavanşirov) məşhur
“Şuşanın dağları” mahnısı (sözləri
də, musiqisi də onundur) bu qəbildən olan nəğmələrdəndir.
Qırmızı Sovet İmperiyası dövründə
xalqların milli-mənəvi dəyərlərini, milli
dövlətçilik tarixini məhv etməyə yönəlmiş
siyasət xalqa sırınanda Xan Şuşinski dövlətçilik
rəmzlərimizi mahnıda və şeirdə vəsf etdi.
Şuşanın
dağları başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı.
Xan necə məharət və ustalıqla Azərbaycanın
üçrəngli milli sancağını Şuşanın
dağları ilə, Şuşalı bir gözəlin
timsalında vəsf etmişdir. Başı dumanlı
dedikdə Xan bayrağımızın mavi rənginə,
qırmızı qoftalı dedikdə qırmızı rənginə,
yaşıl tumanlı dedikdə yaşıl rənginə
işarə vururdu. Bəlkə də mahnının
ikinci misrasındakı qaş-göz işarəsi ayparaya və
ulduza, tel isə onun gözəlliyinə işarə idi:
Ay
qız, bu nə qaş-göz, bu nə tel,
Ölərəm
dərdindən onu bil,
Bir
danışmasanda, barı gül.
Nəhayət
1991-ci il noyabrın 18-də Azərbaycan
öz müstəqilliyininin bərpasını bəyan etdi və
ikinci dəfə öz sevimli, üçrəngli
bayrağına qovuşdu.
Lakin bu
tarixə hələ bir illik zaman kəsiyi qalmış bir
vaxtda, Qırmızı
İmperiyanın qırmızı şalvar vaxtında,
xalqların milli azadlıq hərəkatlarının qanla
boğudulduğu bir dönəmdə xalqımızın
böyük oğlu, misilsiz dövlət xadimi və xalq
adamı, Ümummilli liderimiz Heydər Əliyevbir zamanlar
xalqın mütərəqqi ziyalılarının arzu və
istəyindən doğan, sonradan yasaq edilmiş üçrəngli
bayrağımızın yenidən dövlət rəmzi kimi
qəbul edilməsində misilsiz xidmət göstərdi.
1990-cı il noyabrın 17-də Ümummilli liderimiz Heydər
Əliyevin təşəbbüsü ilə Naxçıvan
Muxtar Respublikasının Ali Məclisində, Heydər
Əliyevin sədrliyi ilə keçirilən sessiyada
üçrəngli, ay-ulduzlu bayrağımız
Naxçıvan Muxtar Respublikasının dövlət
bayrağı kimi təsdiq edilmiş və Azərbaycan
Respublikasının Ali Məclisinə həmin bayrağın
dövlət bayrağı kimi qəbul edilməsi tövsiyə
edilmişdi.
Azərbaycan bayrağı haqqında daha bir yaddaqalan əsəri
Xalq şairi Bəxtiyar Vahabzadə yaratmışdır.
Üçrəngli
bayrağın kölgəsində mən,
Qaraca torpağı vətən görmüşəm.
Zəfər
güllərini dövri-qədimdən,
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir,
bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
Son
zamanlar bayrağımıza həsr edilmiş, ən çox
populyarlıq qazanan şeirlərdən biri Ramiz
Qusarçaylının “Azərbaycanın bayrağı” şeiridir.
Çağdaş Azərbaycan poeziyasının dəyərli
nümayəndələrindən biri, müxtəlif
mövzularda insanı düşünməyə vadar edən,
dərin məna yüklü şeirlər yaradan Ramiz
Qusarçaylının bayrağımızın məna və
məzmununu açmağa, onu vəsf etməyə qüdrəti
çatıb.
Özü də necə:
Şənini
vəsf eləməyə yetər, qüdrətim yetər,
Ulduzunu,ayını göydə mələklər
öpər,
Hər rəngində
“ya qazi, ya şəhid” bir mən bitər,
Sən ey
İstiqlalımın əbədiyyət sancağı, –
Azərbaycan
bayrağı! Azərbaycan bayrağı!
Bu yazıda şeirlərindən
nümunə gətirilən şairlərin hamısı
bayrağımızın rənglərini, aypara və ulduzunu
öz əsərlərində tərənnüm etmişlər.
Bu da təsadüfi deyil. Çünki
həm rənglər, həm də aypara və ulduz mənalar
daşıyır.
Bayrağımızda
rənglərin düzülüşü, onların mənası,
aypara və səkkizguşəli ulduzun izahı kifayət qədər
şərh edilmişdir.
Aypara və səkkizguşəli
ulduzun bayrağımızda yer almasının mənası
daha dərindir.
Ümumiyyətlə,
insanlar yarandığı gündən göy cisimlərini
müqəddəsləşdirib, ətraf mühitdə
baş verən hadisələri Günəşin, Ayın,
ulduzların düzülüşü ilə müəyyənləşdiriblər.
Ona görə də
Günəş də, Ay da, ulduzlar da insanlar üçün
müqəddəsləşib, mifləşib. Bu səbəbdən onlar Ayı, Günəşi,
ulduzu öz yazılarında, daş kitabələrdə, abidələrdə,
qəbir daşlarında, pul kisələrində və nəhayət
bayraqlarında əks etdirmişlər. Bu
baxımdan Azərbaycanda mövcud olmuş dövlətlərin
bayraqlarında Ay, ulduz və Günəşə rast gəlinir.
Maraqlıdır ki, xristianlarda aypara həm də Müqəddəs
Məryəmin simvolu kimi qəbul olunur.
Türklərdə ayparanın simvollaşması
Osmanlı İmperiyasının banisi Osman Qazinin yuxusu və qələbəsi
ilə bağlıdır.
Aypara və səkkizguşəli ulduzun islamdan çox qədimlərə
getməsinə baxmayaraq, indi bu simvolları daha çox islamla
bağlayırlar.
Ayparanın İslamda müqəddəsləşməsi
Məhəmməd Peyğəmbər tərəfindən edilən
“Şəqqül-Qəmər” möcüzəsi ilə
bağlıdır. Aya baxanda salavat çevrilməsi Peyğəmbərin
ruhunu şad etmək və onun çöhrəsini gözəllik
simvolu kimi bədirlənmiş Aya bənzətməklə
bağlıdır.
Deyilənlərdən belə nəticəyə gəlmək
olur ki, bayrağımızdakı Ay və səkkizguşəli
ulduz təsvirləri türkçülük və
islamçılıqla əlaqədardır və bu simvollar
bir də bayrağımızla birlikdə bir daha müqəddəsləşmişdir.
Müstəqil Azərbaycanımızın üçrəngli,
ay-ulduzlu bayrağının keşməkeşli tarixinin
bugünkü möhtəşəm səhifəsini
Prezidentimiz İlham Əliyev yazır.
Prezidentimiz öz əməli fəaliyyəti və qələbələri
ilə hər sahədə olduğu kimi, dövlətçilik
sahəsində də, dövlət rəmzlərimizə,
bayrağımıza münasibətdə də yeni tarix
yaradır.Bu gün Cənab prezidentimiz İlham Əliyevin
apardığı üğurlu ciyasət nəticəsində
hər bir Azərbaycan vətəndasında,xüsusilə gənclər
arasında byrağa heç vaxt olmayan bir sevgi və məhəbbət
formalaşmışdır.
İndi ölkəmizin elə bir bölgəsi, rayonu
yoxdur ki, orada Azərbaycanın Dövlət Bayrağı əzəmətlə
və vüqarla dalğalanmasın.
Ulu Öndərimiz Heydər Əliyev deyirdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.” Bayrağımızın vüqarla dalğalanması Ümummilli liderimizin bu kəlamlarının göstəricisidir.
Prezidentimiz İlham Əliyev deyir: “Azərbaycan tarixin müxtəlif dönəmlərində heç zaman indiki kimi qüdrətli və güclü olmamışdır.”
Azərbaycan güclü olduqca, onun dövlət bayrağı daha möhkəm dayaqlar üzərində dayanaraq, daha yüksəklərə, Aya, ulduzlara, Günəşə yüksələcəkdir.
Necə ki, Azərbaycan bayrağı dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının binası üzərində, dünyanın 150-dək çox ölkəsindəkiAzərbaycan səfirliklərinin və nümayəndəliklərinin binası üzərində qürurla dalğalanır, idmançılarımız dünyanın məşhur idman meydanlarında, Azərbaycanın Dövlət Himninin sədaları altında ən yüksək zirvəyə qalxmaqla bərabər yüz minlərlə insanı özü ilə bərabər ayağa qaldırır, Azərbaycanın kosmik fəzadakı süni peykləri ilə birlikdə dövrə vurur!
Və nəhayət Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi artıq üçrəngli bayrağımız 30 il həsrətlə gözlədiyimiz işğaldan azad edilmiş şəhər və kəndlərimizdə--Füzulidə,Cərayılda,Zəngilanda,Qubadlıda,200-dən çox yaşayış məntəqəsində dalğalanır.Əminik ki, bayrağımızın Cənab Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusunun Şuşada ,Xankəndində,Laçında və Kəlbəcərdə dalğlandıracağı gün lap yaxındadır.
Ramiz
Göyüşov,
YAP Binəqədi
rayon təşkilatının sədri
Şərq 2020.- 7 noyabr.- S.13.