“Azərbaycana bu uğur çox
yaraşır”
Xalqımız çox böyük zəfər qazanıb və bu qələbə münasibətilə böyük sevinc hissi keçirir. Mən bu möhtəşəm Qələbənin qazanılmasında Azərbaycan xalqının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun böyük xidmətini xüsusilə qeyd etmək istərdim.
Bu sözləri Azərbaycan
Milli Konservatoriyasının rektoru, Xalq artisti
Siyavuş Kərimi Qarabağ
münaqişəsində erməni
işğalçıları üzərində əldə
edilən Qələbəni şərh edərkən deyib.
Xalq
artisti nitqinə davam edərək deyib: “Etiraf edək ki, son
200 ildən artıq bir dövrdə Azərbaycan xalqı sahib
olduğu əraziləri itirə-itirə gedirdi və buna
görə hətta bir sıra dairələrdə öz
torpaqlarını müdafiə edə bilməyən zəif
və gücsüz xalq imici formalaşdırmışdı.
Lakin son ay yarımda baş verən hadisələr
xalqımızın əsl gücünü, iradəsini və
birliyini ortaya qoydu. Müdrik dövlət
başçısının rəhbərliyi altında
müzəffər ordumuzun çox qısa vaxtda öz
gücünü nümayiş etdirərək 30 ilə
yaxın erməni qəsbkarlarının tapdağı
altında olan tarixi torpaqlarını işğaldan azad etməsi
bunun bariz nümunəsidir. Bu, çox qürurverici və
iftixar hissi doğurur! Məhz bu möhtəşəm Qələbədən
sonra xalqımız başını dik tuta bilər. Prezident,
Ali Baş Komandan İlham Əliyevin çox böyük səyləri,
uzun illər ərzində apardığı düzgün, məqsədyönlü
və ardıcıl siyasəti nəticəsində ordu
quruculuğu, ölkəmizin müdafiə qabiliyyətinin
möhkəmləndirilməsi sahəsində çox
böyük işlər görüldü. Hələ
2003-cü ildə İlham Əliyev ölkə Prezidenti
seçiləndən sonra söylədiyi “Mən bütün
azərbaycanlıların Prezidenti olacağam” sözlərini
öz işi, əməli ilə doğrultdu. O, öz fəaliyyəti
ilə ölkəmizin bütövlüyünə xidmət
edən rəhbər olduğunu sübut etdi. İndi ölkəmiz
siyasi, iqtisadi, sosial, həm də hərbi sahədə
çox güclü bir dövlətə çevrilib. Bu
gün dünyanın hər yerində “mən Azərbaycanlıyam”
sözlərini səsləndirmək qəlbimizi fərəh
hissi ilə doldurur”.
Siyavuş Kərimi bildirib: “Qarabağ torpaqları uğrunda davam edən 44 günlük müharibə Azərbaycanın hərbi gücünü ona şəkk edənlərə sübut etdi. Azərbaycan əsgəri Vətənə olan çox böyük sevgisi, məhəbbəti ilə və heç nədən qorxmadan ölümün üstünə getmək məharəti ilə əzəli torpaqlarımızı fədakarlıqla azğın düşməndən azad etdi. Ermənilərin neçə illərdən bəri “keçilməz sədd” haqqında formalaşdırdığı yalançı mif elə döyüşlərin ilk günündə iflasa uğradı. Sonrakı uğurlu döyüş əməliyyatları ordumuzun qarşısıalınmaz gücünü bir daha nümayiş etdirdi. Alınmaz qala hesab edilən Şuşa uğrunda Azərbaycan əsgər və zabitinin göstərdiyi şücaət yəqin ki, uzun illər hərb tarixində öyrənilməyə, nümunə götürülməyə layiq örnək kimi araşdırılacaqdır. Bu müharibədə uca dağlar qoynunda yerləşən qədim Şuşa qalasının milli qüvvələrin nəzarəti altına götürülməsi ən peşəkar və təcrübəli hərbçiləri də heyrətləndirən səhifələrdən biri oldu”.
Həmsöhbətimiz müsahibəni bu sözlərlə yekunlaşdırıb:
“Müharibə itkisiz olmur.
Müqəddəs yolda əbədiyyətə
qovuşan şəhidlərimizə Ulu Tanrıdan rəhmət, valideynlərinə,
yaxın və doğmalarına səbir diləyirəm. Bizə
bu böyük sevinci bəxş edən Müzəffər Ali Baş Komandana,
əsgərlərimizə, bu yolda əməyi keçən hər kəsin
ünvanına hamımızın çoxlu
təşəkkür və minnətdarlığı var. Yaşa, var ol, Azərbaycan! Sənə
bu uğur çox yaraşır! Sən buna
layiqsən!”
Pənahqızı, Aynurə.
Şərq 2020.- 11 noyabr.- S.13.