Müharibə bitdi, öndə media savaşı var
"Düşmən tərəfi
daim öz əlaltılarından istifadə edərək Azərbaycanın
adına xələl gətirməyə
çalışacaq"
Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
Ordusu Ermənistanın ardıcıl təxribatlarının
və yeni işğal planlarının
qarşısını almaq, işğal altında olan
torpaqlarımızı azad etmək məqsədilə
sentyabrın 27-dən etibarən zəfər
yürüşünə başladı. Azərbaycan
Ordusu qısamüddətli əməliyyatlarda inanılmaz
uğurlar əldə etdi. 44 gün davam edən hərbi
əməliyyatlar çərçivəsində Azərbaycan
Ordusu Ermənistanın 30 il ərzində
qurduğu silahlı qüvvələrini darmadağın etdi.
Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli
rayonlarını, Xocavənd rayonunun böyük hissəsini,
Laçın rayonunun bir sıra kəndlərini
işğaldan qurtardı.
Bu müddət ərzində ümumilikdə, 5 şəhər,
4 qəsəbə, 300 kənd, çoxsaylı strateji yüksəkliklər
işğaldan azad edildi. Noyabrın 8-də isə 28 illik həsrətdən
sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət
kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad
edildi. Bundan sonra Ermənistan Azərbaycan
qarşısında kapitulyasiyasını elan etmək məcburiyyətində
qaldı. Azərbaycan, Rusiya və Ermənistan
liderləri Dağlıq Qarabağda 44 gündür davam edən
döyüşlərin dayandırılması barədə
birgə bəyanat imzaladı.
Bu bəyanat bir çox dünya mediasının diqqət
mərkəzində oldu və bu barədə bir çox məqalələr
dərc edildi.
Həmin məqalələrdə Ermənistanın
acı məğlubiyyəti, Azərbaycanın isə qələbə
sevincinə geniş yer ayrıldı. Məsələn,
ABŞ-ın tanınmış “The New York Times” qəzetində
Azərbaycanın Ermənistan üzərində qələbəyə
və atəşkəsə həsr olunmuş məqaləsi
dərc edilib. Məqalədə Rusiyanın vasitəçiliyi
ilə bağlanan sazişdə Azərbaycanın Ermənistan
ilə onilliklər boyu danışıqlarda əldə etməyə
çalışdığı, xeyli güzəştlərə
nail olduğu bildirilir.
Ermənistanın baş naziri, döyüş
meydanında faktiki məğlubiyyətini etiraf edən Nikol
Paşinyan işğal edilmiş ərazilərin
qaytarılmasını və digər tələblərini qəbul
edərək Dağlıq Qarabağda müharibənin
dayandırılması barədə saziş imzalayıb. Rusiya Prezidenti Vladimir Putin,
Azərbaycan Prezidenti İlham Əliyev və baş nazir Nikol
Paşinyan tərəfindən imzalanan saziş Azərbaycanın
Dağlıq Qarabağ regionundan erməni
işğalçı qüvvələrinin
çıxarılmasını nəzərdə tutur. Məqalədə deyilir ki, atəşkəs barədə
Rusiya, Fransa və ABŞ ilə bundan əvvəl
bağlanmış üç saziş uğurla nəticələnmədi.
Budəfəki saziş isə Cənubi Qafqazda təhlükəsizlik
xəritəsinin daha daimi və radikal şəkildə yenidən
çəkilməsini nəzərdə tutur. Nizamlanma Azərbaycanın vətən müharibəsində
onu dəstəkləyən Türkiyənin regionda rolunu
möhkəmləndirdi. Müəllif
yazır ki, azərbaycanlılar üçün
münaqişənin nizamlanması 1994-cü ildə başa
çatan birinci Qarabağ müharibəsi zamanı öz evlərini
itirən yüz minlərlə məcburi
köçkünün doğma ocaqlarına qayıtmasına
şərait yaradır. Sazişin
imzalanması elan olunduqdan bir neçə saat sonra Yerevanda
Paşinyan rejiminə qarşı etiraz aksiyaları baş
qaldırdı. Kütlə hökumətin
binasına daxil olaraq, baş nazirin kabinetinin qapısı
üzərində Paşinyanın adı yazılan lövhəciyi
qoparıb atdı. Məqalədə qeyd olunur ki, Ermənistan
təqribən 30 il ərzində BMT Təhlükəsizlik
Şurasının Ermənistan silahlı qüvvələrinin
işğal edilmiş Azərbaycan ərazilərindən dərhal
çıxarılmasını tələb edən və məcburi
köçkünlərin doğma ev-eşiklərinə
qayıtmalarını nəzərdə tutan qətnamələrinə
məhəl qoymayıb.
Qazaxıstanın
“tengrinews.kz”, “inbusiness.kz”, “kaztag.kz”, “azattyq-ruhy.kz”
saytlarının və digər kütləvi informasiya vasitələrinin
yaydığı məlumatlarda da birgə bəyanat
haqqında məqalə dərc edilib. Məqalədə
Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq
Qarabağda hərbi əməliyyatların
dayandırılması ilə bağlı xalqa müraciət
etməsi də qeyd olunub. Eyni zamanda,
bildirilir ki, Dağlıq Qarabağda Rusiya sülhməramlıları
yerləşdiriləcək. Materiallarda Azərbaycan
Prezidentinin çıxışından sitat da gətirilib:
“Qarabağ münaqişəsi bizim regionda, Avrasiya məkanında
ən uzun münaqişələrdən biridir və bu
gün sona çatmaqda olan münaqişə tarixi hadisədir,
ilk növbədə, Azərbaycan torpaqları çoxillik
işğaldan azad olunur”.
Azərbaycan xalqının qələbə sevinci,
Prezident, müzəffər Ali Baş Komandan İlham
Əliyevin xalqa müraciəti ərəb mətbuatının
diqqət mərkəzində olub. Səudiyyə Ərəbistanının
“Əl-Ərəbiyə”, Qətərin “Aljazeera”,
İordaniyanın “Almamlaka”, Misirin “MBC Masr”, “Extranews” və
“Nilenews”, “Skynews Arabic”, “İ24 Arabic” televiziya
kanallarının efirində Azərbaycan xalqının qələbə
sevinci, dövlətimizin başçısının xalqa müraciəti
haqqında geniş reportajlar yayımlanıb. Ərəb
televiziya kanalları, həmçinin Ermənistanın məğlubiyyəti,
ermənilərin Yerevanda Paşinyanın kabinetinə hücum
etməsi barədə də süjetlər veriblər. Misirin MENA və “Asiaelyoum”, Tunisin TAP xəbər
agentliklərinin saytlarında Azərbaycan Prezidenti İlham
Əliyevin xalqa müraciətini və ermənilərin
Yerevanda iğtişaşlar törətməsi barədə
yazılıb. Tarixi qələbəmiz
haqqında materiallar ərəb ölkələrinin
nüfuzlu qəzetlərində də işıq üzü
görüb. “Arabnews”, “Əl-Əhram”, “Jordantimes”,
"Əl Cəzirə" nəşrlərinin səhifələrində
müzəffər Ali Baş Komandanımızın xalqa
müraciəti və ermənilərin təslim olması barədə
yazılar dərc edilib.
Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi
yaydığı məlumatda Dağlıq Qarabağda hərbi
əməliyyatların dayandırılması barədə
razılaşmanı Ermənistanın məğlubiyyəti
adlandırıb. Azərbaycan Prezidenti İlham Əliyevin
noyabrın 10-da xalqa müraciəti əsasında
hazırlanmış məlumatda qeyd edilir ki, dövlət
başçısı Dağlıq Qarabağ münaqişəsinin
qurtardığını bəyan edib.
Azərbaycan
prezidentinin xalqa müraciətinin geniş əks olunduğu xəbərdə
bildirilir ki, dövlət başçısı Ermənistanın
baş naziri Nikol Paşinyanın bu bəyanatı öz istəyi
ilə deyil, məhz Bakının dəmir yumruğunun
hesabına imzaladığını vurğulayıb. Məlumatda Ali Baş Komandanın sentyabrın 27-dən
başlamış döyüşlər zamanı Azərbaycan
Silahlı Qüvvələrinin Ermənistan ordusunu əzərək
təqribən 300-dək yaşayış məntəqəsini
azad etməsinə dair fikrini də qeyd edib. Yazıda Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin tarixi barədə də məlumat
verilir. Bildirilir ki, 30 ilə yaxın
müddətdə Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış torpaqlarının 20 faizi Ermənistan
ordusunun işğalı altında idi. Misirin
“Eghad” portalı və “Asiaelyoum” informasiya agentliyi də
Prezident İlham Əliyevin xalqa müraciəti haqqında xəbərlər
yayıb. “Prezident İlham Əliyev
müharibənin qələbə ilə başa
çatdığını bəyan etdi” sərlövhəli
xəbərdə qeyd olunur ki, Azərbaycanın dövlət
başçısı şanlı qələbənin
döyüş meydanında qazanıldığını,
300-ə yaxın yaşayış məntəqəsinin
işğaldan azad edildiyini vurğulayıb.
Avstraliyanın "7news.com.au”, "sbs.com.au”, "news.com.au”,
"smh.com.au”, "9news.com.au” saytlarının və digər
kütləvi informasiya vasitələrinin yaydığı məlumatlarda
birgə bəyanatda onun iştirakçı ölkələrin
xalqları tərəfindən necə qarşılanması əksini
tapıb. Məlumatlarda Azərbaycanın
dövlət başçısının Rusiya prezidenti ilə
keçirdiyi videokonfrans formatında görüşündə
səsləndirdiyi fikirlərə xüsusi diqqət yetirilib.
BDU-nun professoru Qulu Məhərrəmli "Şərq"ə
açıqlamasında bildirib ki, bir çox media
orqanlarında birgə bəyanatla bağlı məqalələr
dərc olunub.
Q.Məhərrəmli qeyd edib ki, dünya mediasında dərc
olunan məqalələrin hamısının tarixi əhəmiyyəti
böyükdür:
"Dünya mətbuatında 44 gündür davam edən
döyüşlərin dayandırılması barədə
birgə bəyanatın imzalanması barədə məqalələr
dərc olundu.
Əlbəttə ki, bu çox təqdirəlayiqdir
və tarixi əhəmiyyəti böyükdür. Amma diqqətə çatdırım ki, dərc
olunan məqalələrinin hamısı bizi qane etmir. Təbii ki, bunun da tam obyektiv səbəbləri var.
Çünki Azərbaycana rəğbət bəsləyənlər
də var, qərəzli yanaşanlar da. Amma
bütün bunlara baxmayaraq hesab edirəm ki, müharibənin
dayandırılması və hər halda müəyyən
razılaşdırılmanın ortada olması çox
normaldır. Ümumiyyətlə, bu bir
faktdır ki, hərbi əməliyyatların aparılması
Azərbaycan üçün çox böyük
üstünlüklər qazandırdı.
Həmin üstünlüklərdə ortaya
çıxan bəyannamədə özünü göstərdi. Bunlar əlbəttə
ki, tarixi faktlardır. Bu gün cəbhədə
tarixi uğurlar əldə etmişik. Amma
nəzərə almalıyıq ki, informasiya müharibəsi
illərlə davam edəcək. Düşmən tərəfi
daim öz əlaltılarından istifadə edərək Azərbaycanın
adına xələl gətirməyə
çalışacaq.
Bildiyimiz kimi, bəzii dövlətlər
ölkəmizə qarşı qərəzli münasibətlər
sərgiləməkdədir. Bundan sonra əsas məsələ
odur ki, dünya mətbuatı bütün bunları necə
işıqlandıracaq? Aydındır ki, Azərbaycana ənənəvi
qərəzli münasibəti olan ölkələrdən biri
Fransadır. O özünü ermənilərin himayədarı
kimi ifadə etsə də, xüsusi olaraq bu proseslərə
onun nə təsiri var, nə də ki söz sahibidir. Fransa artıq
özünü ATƏT-in Minsk qrupunda əks əməliyyatların
başladığı bir dövrdə tamamilə gözdən
salmış bir dövlətdir.
Onun bu müddət ərzində ölkəmizə qarşı mətbuatda qarayaxma siyasətini aydın şəkildə gördük. Ona görə də onun ölkə mətbuatında ölkəmizə qarşı müsbət rəy, münasibət sərgiləməsi absurddur. Həmçinin Azərbaycanın haqq səsini işıqlandıran KİV nümayəndələrinin orada erməni lobbisi tərəfindən dəfələrlə hədələrə məruz qaldıqlarının şahidi olduq. Yerdə qalan digər ölkələr isə əsasən, faktları necə görürlərsə, o cür də mediada izah edirlər. Ona görə də bizim kimdənsə xüsusi tələbəmiz olmamalıdır ki, bunu obyektiv işıqlandır. Hesab edirəm ki, bundan sonra bir çox ölkələrin KİV-ləri artıq Rusiyanın davranışlarına münasibət bildirəcək, onun davranışlarına daha çox yer ayıracaqlar.
Çünki göründüyü kimi həm
Azərbaycan, həm də Ermənistan üzərindən
Rusiyanın təsir imkanları hələ də var".
Şərq 2020.- 12 noyabr.- S.11.