Səfərbərlik milli birliyimizi gücləndirir
Vətən
çağıranda hamı gözünü qırpmadan irəli
atılır
Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinə
qarşı uğurlu əks-hücum əməliyyatları həyata
keçirdiyi bu günlərdə xalqımızın dövlətimiz
və Ali Baş Komandanın ətrafında necə sıx
birləşdiyinə şahidlik edirik. Prezident
İlham Əliyevin işğal altındakı torpaqların
düşmən tapdağından azad edilməsi istiqamətində
göstərdiyi qətiyyət və dəyişməz
mövqe, ümumilikdə dövlət siyasəti vətəndaşlar
tərəfindən birmənalı şəkildə dəstəklənir.
30 ildir qələbə günü həsrəti
ilə yaşayan, mənfur, hiyləgər
qonşularımızın atəşkəs rejimini daim
pozmaları nəticəsində şəhid olan əsgər
və zabitlərimizin valideynləri, doğmaları hər
zaman “Vətənə övladımız da, özümüz
də fəda” deyib torpaqların işğaldan azad olunması
üçün Ali Baş Komandanın
çağırışını gözlədiklərini, əmrinə
hazır olduqlarını bildiriblər.
O gün
nəhayət, yetişdi. Hazırda rəşadətli
ordumuz cəbhə boyu hücumdadır və Vətən
torpağını işğaldan azad edir. Qeyd edək ki, istər 2016-cı ilin Aprel
döyüşlərində, istərsə də “Tovuz
müharibəsi” adı ilə tarixə yazılan
döyüşlər zamanı hamı bir nəfər kimi
orduya könüllü yazılmağa can atır, bu məqsədlə
saysız-hesabsız müraciətlər edilirdi.
Lakin həm ölkə başçısı, eyni
zamanda Azərbaycan Müdafiə Nazirliyi də
könüllülərin orduya
çağırılmasına hələ ki ehtiyac
olmadığını və zərurət yaranacağı təqdirdə
səfərbərlik elan ediləcəyini bildirirdi.
Qismən
səfərbərlik bayrama çevrildi
28 sentyabr
2020-ci il tarixində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ölkədə
qismən səfərbərlik elan edilməsi haqqında Sərəncam
imzaladı.
Sərəncamda
qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 25-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. Azərbaycan Respublikasında qismən səfərbərlik
elan edilsin.
2. Azərbaycan Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara
uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik
üzrə hərbi xidmətə
çağırılmasını və hərbi-nəqliyyat
vəzifəsindən irəli gələn tədbirlərin həyata
keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən
qüvvəyə minir.
Ordumuzun döyüş əməliyyatlarına
başlamasını illərdir gözləyən
xalqımız, hər bir Azərbaycan vətəndaşı
səfərbərlik çağırışını
böyük ruh yüksəkliyi ilə qarşılayıb.
Bu, cəbhə bölgəsinə yola salınanların
və qismən səfərbərliyə cəlb edilənləri
yola salmağa gələnlərin əhval-ruhiyyəsindən
hiss edilir. Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin yaydığı məlumatda
bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik
elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli sərəncamının
icrası ilə bağlı təsdiq edilmiş plana uyğun
olaraq yerli struktur bölmələrində hərbi vəzifəlilərin
səfərbərlik üzrə yola salınması prosesi
başlanıb.
Qismən səfərbərliyə cəlb edilmiş Azərbaycan
vətəndaşları ölkəmizin ərazi
bütövlüyü uğrunda döyüşlərdə
iştirak etmək üçün böyük ruh yüksəkliyi
və coşqu ilə Xidmətin qeydiyyatda olduqları idarə,
şöbə və bölmələrinə gəlirlər.
Hərbi
vəzifəlilərin, onları yola salan valideyn və
yaxınlarının ruh yüksəkliyi bir daha onu göstərir
ki, xalqımız işğal olunmuş ərazilərimizi
düşməndən azad etmək üçün ordumuzun həyata
keçirdiyi uğurlu hərbi əməliyyatlarla qürur
duyur və ümumi qələbəmiz naminə nəbzi Vətən
ilə vuran Prezidentimiz, Ali Baş Komandanımız İlham
Əliyevin Sərəncamını təntənə ilə
qarşılayır.
Çoxmillətli ölkəmizdə hər kəs Vətənin
müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən
əlavə, özünə mənəvi borc bilir. Bu gün hər bir
çağırışçının dilində əsas
şüar bunlardır: “Biz birlikdə güclüyük!”,
“Biz zəfər çalacağıq!”. Çünki bizim işimiz haqq işidir.
Bildirilir
ki, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi
vəzifəlilər əsgərlər, matroslar,
çavuşlar, gizirlər və miçmanlar 35 yaş,
zabitlər isə hərbi rütbəsindən asılı
olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan
Ordusunun komplektləşdirilməsinə cəlb edilir, hərbi
vəzifəlilərin hərbi hissələrə təhvil
verilməsini təmin etmək üçün müvafiq tədbirlər
uğurla davam etdirilir.
Xalq
dövlətinə və əsgərinə güvənir
“Son günlər böyük sayda Azərbaycan vətəndaşı
könüllü olaraq ölkəmizin ərazi
bütövlüyü uğurunda döyüşlərdə
iştirak etmək üçün Xidmətə müraciət
edirlər”.
Bunu mətbuat konfransında Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur
Abdullayev deyib.
"Bu hal onu göstərir ki, vətəndaşlarımız
elan olunmuş qismən səfərbərlik tədbirində
böyük ruh yüksəkliyi ilə iştirak edəcək".
“Torpaqlarımızın işğaldan azad edilməsi
uğrunda Azərbaycan Ordusunun düşmənə
qarşı apardığı döyüşlərdə əldə
etdiyi uğurlar xalqımızda döyüş ruhunun yüksəlməsinə
səbəb olub. Azərbaycan əsgərinin uğurundan
ruhlanan on minlərlə həmvətənimiz Müdafiə
Nazirliyinə müraciət edərək Ordumuzla birlikdə
könüllü olaraq döyüşlərə qatılmaq
istədiyini bildiriblər”.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin
məlumatında qeyd edilir.
“Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan əsgərinə
mənəvi dəstək olduqlarına görə təşəkkür
edir və döyüşlərə qoşulmaqla şəxsi
heyətin yanında olmaq istəyən hər kəsə dərin
minnətdarlığını çatdırır.
Bildiririk ki, könüllü döyüşlərə
qatılmaq arzusunda olan döyüş və müharibə təcrübəsinə
malik vətəndaşlarımız hərbi hissələrə
deyil, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinə
müraciət etsinlər. Qələbə bizimlədir! Vətən torpaqları işğaldan azad ediləcəkdir”.
Niyə qismən səfərbərlik? Hərbi
ekspert Üzeyir Cəfərov bu haqda danışıb. Hərbi ekspert bildirib ki, “Səfərbərlik
haqqında” qanunun 3-cü maddəsində göstərilir ki,
səfərbərlik ümumi və qismən elan edilir. Ümumi və qismən səfərbərlik
bir-birindən fərqlənir. Qismən səfərbərlikdə
yalnız ehtiyac olan ixtisaslar üzrə
çağırış olur. Söhbət
təbii ki, hərbi ixtisaslardan gedir. Tibb
işçiləri də qismən səfərbərliyə
cəlb edilir. Ümumi səfərbərlikdə
isə artıq müəyyən yaş həddinə
bütün əli silah tuta bilən vətəndaşlar
çağırılır. Hazırda Azərbaycanda
qismən səfərbərlik elan edilib, bu da onu deməyə əsas
verir ki, Azərbaycan Ordusu güclüdür, canlı qüvvə
sarıdan heç bir çatışmazlıq yoxdur, sadəcə,
konkret ixtisaslar üzrə hərbi kadrların cəlbinə zərurət
yaranıb.
Toplanışa
cəlb olunanların iş yerləri və əmək
haqları saxlanılır
Azərbaycan dövlət siyasətində vətəndaşların
sosial rifah halının yüksəlməsi, həyat şəraitlərinin
yaxşılaşması prioritetdir. Bunu ən gərgin
günlərdə - koronavirus pandemiyasının hələ
bitmədiyi hazırkı dövrdə də
görürük. O cümlədən Azərbaycan
dövləti qismən səfərbərliyə cəlb edilənlərin
iş yerlərinin saxlanması və əmək
haqlarının ödənməsi məsələsində də
prinsipial mövqe tutur.
"Ölkə
qanunvericiliyinə əsasən, toplanışa cəlb
olunanların istər özəl, istərsə də dövlətə
məxsus iş yerləri saxlanılır və onların əməkhaqqı
da verilir”.
Bunu orduya
çağırılanların iş yeri problemindən
danışan "Tərxis Olunmuş Hərbiçilərin
Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri
Emin Həsənli deyib. O bildirib ki, son zamanlar sosial şəbəkələrdə
təlimdə olanların iş yerləri ilə bağlı
çoxlu suallar yaranıb:
"Hərbi qanunvericiliyə uyğun olaraq, ehtiyatda olan
hərbi qulluqçuların toplanışı çox
böyük ruh yüksəkliyi yaradıb. Bunun da əsas məqsədi
odur ki, onlar müasir texnikalarla yaxından tanış
olsunlar, bilik və bacarıqlarını artırsınlar. Digər
ölkələrdə belə toplanışlar keçirilir.
Ölkəmizdə əvvəllər də hərbi
toplanışlar keçirilib. Bu, gələcəkdə də
davam edəcək. Ancaq sosial şəbəkədə
hərbi toplanışa çağırılanların
iş yerləri məsələsi barədə suallar
yayılıb. Ölkə qanunvericiliyinə əsasən,
toplanışa cəlb olunanların istər özəl, istərsə
də dövlətə məxsus iş yerləri
saxlanılır və onların əməkhaqqı da
verilir. Ehtiyatda olan hərbi qulluqçular vətəni qorumaq
kimi şərəfli bir iş üçün Müdafiə
Nazirliyinin göstərişi ilə toplanışlara cəlb
olunublar.
Tərxis Olunmuş Hərbiçilərin
Gəncləri Maarifləndirmə İctimai Birliyi prosesi
yaxından izləyir və bu xüsusda problemlə
qarşılaşan ehtiyatda olan qulluqçular bizə və Səfərbərlik
Xidmətinin istənilən şöbələrinə
müraciət edə bilər. Düzü, inanmıram
belə şey olsun, olsa da, bu məsələlər öz
yerini tapar.
Təşkilat olaraq, dövlət və özəl
müəssisələrin rəhbərlərinə təşəkkür
edəcəyik. Təklif edəcəyik ki, təlimlərdən
gələn işçilərinə bir aylıq məvacib
versinlər. Onlara xüsusi qayğı göstərilsin. Həmin
kollektiv də bununla qürur duysun ki, onların üzvü həmin
təlimlərdə iştirak etdilər. Nəzərə
almaq lazımdır ki, təlimə gedən şəxs
işdə 8 saat qalırdısa, toplanışa 24 saat ayaq
üstə qalaraq, ailəsindən uzaqda vətəni,
xalqı üçün gedib”.
E.Həsənlinin sözlərinə görə,
bölgələrdə hər gün onlarla insan təlimlərə
getmək üçün müraciət edir: "Baş
redaktorlar, hərbi ekspertlər və digər ictimaiyyət
nümayəndələri Səfərbərlik Xidmətinin fəaliyyətini
çox yüksək qiymətləndirir.
Qurum yarandığı gündən həm
çağırış sistemində şəffaflıq
gerçəkləşdi, həm də ehtiyatda olan
qulluqçuların qeydiyyatı aparıldı. Hərbi
qulluqçular hərbi ixtisaslar üzrə müəyyənləşdirildi.
Məhz toplanışlar da həmin ehtiyatda olan
hərbi qulluqçuların ixtisaslara bölünməsi nəticəsində
asanlaşdı. Ehtiyatda olanların yaşadıqları,
getdikləri yerlər, iş yerləri, hətta cib
telefonlarına qədər hər şey öyrənilir.
Bunun üçün xidmətin rayonlar üzrə
şöbələrində bununla məşğul olan zabit və
gizirlər var. Toplanışların və
çağırışların həyata keçirilməsində
ən böyük amil xalqımızın vətənpərvərliyidir.
Buna görə də, gənclərimiz qısa bir müddətdə
səfərbər oldular.
Hətta Səfərbərlik Xidmətinin bölgələrdəki şöbələrinə hər gün onlarla, yüzlərlə müraciət olur ki, bizi niyə bu təlimlərə aparmırlar. Bir daha qeyd edim ki, müxtəlif ixtisasda olan hərbi qulluqçular bu prosesə cəlb olunur. Təlimə çağırılanlardan bəziləri deyir ki, ailələrimiz məlumatlandırılmayıb. Bütün təlimə çağırılanlara ailələri ilə əlaqə saxlamaq üçün şərait yaradılır. İctimai birlik olaraq, daim toplanışda olanlarla yaxından əlaqə saxlayırıq və görürük ki, onlarda böyük ruh yüksəkliyi var. Hərbi təşkilat olaraq, daim bu prosesləri izləyəcəyik. Dövlət və bayraq elə mövzudur ki, hər kəs bu barədə əlindən gələni etməlidir”.
Məlahət
Rzayeva
Şərq 2020.- 1 oktyabr.- S.11.