"Azərbaycanın birliyi düşmənlərimizi
qorxudur"
"Birliyimizin hesabına Azərbaycan qalib gəlir"
Nurəddin Mehdixanlı: "Biz biri-birimizin yanında olanda güclüyük, qarşı duranda isə bizi məğlub
edirlər"
“Sevinirik ki, Azərbaycan ordusu əks-hücuma keçib. 30 ilə yaxındır işğalda olan torpaqlarımızda təmizlənmə,
anti-terror əməliyyatı aparılır. Bu, Azərbaycanın beynəlxalq
hüquqa söykənən
haqqıdır. Biz özgənin torpağında
vuruşmuruq. Öz ərazimizdə
terror qruplaşmalarına, Ermənistanın
işğalçı hərbi
birləşmələrinə qarşı mübarizə
aparırıq. Xalqımız 30 ildir gözləyir. Birləşmiş Millətlər Təşkilatından
tutmuş, ATƏT-in Minsk Qrupuna
qədər hamısı
Azərbaycan xalqına
qarşı ədalətsiz,
riyakar siyasət aparırdılar. Xalqın da,
dövlətin də səbri bir yerə qədərdir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında
tanınmış aktyor,
Xalq artisti Nurəddin Mehdixanlı söyləyib. O, düşmənin
daim təxribat törətməyə çalışdığını
vurğulayıb:
“2016-cı ilin aprelində
Tovuz istiqamətində
də təxribata əl atdılar. Ermənistanın
baş naziri dedi ki, Qarabağ
Ermənistan deməkdir.
Parlamentimizi ora yerləşdirəcəyik,
Şuşanı paytaxt
edəcəyik. Bundan əlavə,
qondarma andiçmə
mərasimləri keçirdilər.
Paşinyanın arvadı əvvəlcə
sülh mələyi kimi görünüb, sonra əlinə silah götürüb Azərbaycana qarşı tuşladı. Bütün bunlar
dünyanın gözü
qabağında baş
verirdi. Azərbaycan nə qədər
dözməli idi?!
Nəhayət, dövlət
başçısı əks-hücum
əməliyyatı barədə
əmr verdi.
Bu gün ordumuz
ona verilən əmri yerinə yetirir. Kimsəyə borcumuz, yaxud
da hesab vermək kimi bir niyyətimiz yoxdur.
Çünki heç bir
dövlət öz
ərazisinin illər boyu işğal altında qalmasını qəbul etməz. 20 faiz torpağımız
işğal altındadır.
Bir milyon məcburi
köçkün var. Həmin
ərazilərin yeraltı
və yerüstü sərvətləri
talanır. Məktəblərimiz, məscidlərimiz uçurulub, dədə-baba
qəbiristanlıqlarımız dağıdılıb. Buna
nə qədər dözmək olar?!
Ancaq bir həqiqət var ki, güc göstərməsən
səninlə hesablaşmırlar. Böyük mədəniyyət,
dözümlülük məsələni
sülhlə həll etmək bir nəticə vermədi.
Ona görə Makedoniyalı İsgəndər kimi bu düyünü qılıncla doğramalıydıq.
Ali Baş Komandan
qılıncı çəkdi
və o düyünü
doğradı. Vəssalam! Bizə bu problemin hərb
yolu ilə həllinin olmadığını
söyləyirdilər. Biz də illərdir
dözürdük. İndi göstəririk
ki, məsələnin
yalnız bir həll yolu var. O da hərbdir, gücdür”.
Nürəddin bəy indi Azərbaycanda böyük
ruh yüksəkliyinin
olduğunu da bildirib:
“Hamı biri-birini
təbrik edir. Şəhərdə evlərdə, binalarda, şəxsi və ictimai nəqliyyat vasitələrində Azərbaycan
bayrağı dalğalanır.
İnsanlar xoşbəxtdir. İllərdir təbəssümə,
sevincə həsrət
qalmışdıq. Vətəndaşlar başıaşağı gəzirdi,
fikirli, dərdli görünürdü. Soruşurdun necəsən?
Cavab verirdilər ki, heç nə, yaxşıyam. Amma indi
üzlərində işıq
var, xoşbəxtdilər.
Bu xoşbəxtliyi xalqa
bağrından qopub, onun uğrunda savaşan, qanını tökən ordusu verdi”.
Aktyor Azərbaycan xalqının
hazırda göstərdiyi
həmrəylik məqamına
da toxunub: “Bu məsələdə iqtidar,
müxalifət və
bütün ayrılıqlar
aradan götürülüb.
Əlli siyasi partiya bəyanat verdi ki,
biz Ali Baş Komandanın
yanındayıq, əmrini
gözləyirik. Azərbaycanda
hər kəsin bir arzusu var:
Dağlıq Qarabağ
və onun ətrafında işğal
olunmuş ərazilər
azad edilsin.
Ali Baş
Komandan son məlumatı
versin ki, bütün torpaqlarımız işğaldan
azad olundu. Hamı o xəbəri gözləyir. İnanıram ki, olacaq. Onu
da deyim ki, bu günlərdə
gözlədiklərimizdən dəstək gəlmədi. Amma gözləmədiklərimizdən dəstək
gəldi. Təbii ki, Türkiyə qardaşımızdır,
canımızdır. Pakistan da həmçinin.
Məsələn,
24 saat Türkiyə televiziyaları
verilişlərini bu məsələyə həsr edirlər.
Türkiyənin bütün şəhərlərində
insanlar ayaqdadır. Cənab Prezidentə müraciət edirlər ki, icazə verin, gələk
savaşaq. Amma indi Azərbaycan ordusu kifayət qədər güclüdür. Öz problemini həll etməyə qadirdir.
Bizim sadəcə mənəvi dəstəyə
ehtiyacımız var.
Sağ olsun
qardaşlarımız da o
dəstəyi göstərirlər. Ermənistanın
arxasında kimlərin olduğu da açıq şəkildə
ortalıqdadır. Azərbaycan xalqı bunu
unutmayacaq! Son bir ildə Azərbaycanın içərisində
milli etnik zəmində,
dini müstəvidə qarşıdurma yaratmağa çalışdılar.
Min cür
oyunla təxribat törətməyə can atdılar. Çünki
Azərbaycanın birliyi düşmənlərimizi
qorxudur. Bu gün o birliyin
hesabına Azərbaycan qalib gəlir. Biz biri-birimizin yanında olanda
güclüyük, qarşı duranda isə bizi məğlub
edirlər.
Tarixdən gələn həqiqətdir! Ona görə birliyimizi
qorumağı arzu edirəm. Qarabağ Azərbaycanındır. Bu xalq tarixinə sahib çıxır. Dostlarımız,
qardaşlarımız sağ olsun. Allah əsgərimizi
qorusun. Savaşdır, itkilərimiz də var.
Heç istəməzdik ki, itki olsun.
Amma biz vətənə
ana deyirik. Ananın
namusunu, şərəfini
oğul qorumalıdır.
İndi
o hadisə baş verir. Çox istəyirik ki,
əsgərimizin başından
bir tük əskik olmasın. Amma torpaq o zaman vətən olur ki, ora sənin
qanın axır.
Allah ordumuzu müzəffər
edər. Sizlərlə bərabər qələbə
xəbərini eşidəcəyik”.
Samirə Ərəbova
Şərq 2020.- 1 oktyabr.- S.13.