"Vallah, orduya qəbul etsələr,
mən də gedərəm"
Cavanşir Quliyev: "Ordumuz əməliyyata başlayanda
rahatlıq hissi keçirdim
ki, ölməyib o günü görəcəm"
"Mən Prezident İlham
Əliyevin “Rossiya-I” telekanalına
müsahibəsini izlədim. Prezident dedi ki, sonadək gedəcəyik,
torpaqlarımızı işğaldan azad edəcəyik. İşğal
olunmuş torpaqlar Azərbaycana
qaytarılmalıdır. Bu məni çox sevindirdi"
"Əsgər marşı" sevilir deyə sevinmirəm. Çünki
məndən sonra davamı
olmalıydı. O “Əsgər marşı” 30 il
əvvəl yazılıb! 30 ildir
yazılmış marş yenə də
birincidirsə, bu, yaxşı hal sayılmır. Mən istəyirəm ki, ondan qat-qat
yaxşı marşlar yazılsın"
Quzey Kıbrıs Türk Cümhuriyyətinə - Cavanşir Quliyevə telefon
açdıq. Görkəmli, ən əsası, sevimli sənətkarımızdı Cavanşir bəy. İllərdir Vətəndən
uzaqda yaşayır, gözümüzdən
iraq düşüb,
qəlbimizdən əsla. Cavanşir bəyin
bəstələrinin hamısı yüksək sənətkarlıq
nümunəsidir (bəlkə özü
təvazökarlıq edib razılaşmayacaq
- M.R.). Amma dəqiq bilirik
ki, Cavanşir Quliyevə
xalqın sevgisini qazandıran
başlıca əsəri “Əsgər
marşı”dır. Ötən
əsrin sonları Qarabağ müharibəsinin
qızğın vaxtlarında yazılmış bu marş ordumuza
ruh yüksəkliyi verirdi.
Kiçikdən-böyüyə hər kəsin
dilinin əzbəri idi.
Üzərindən 30 ilə yaxın müddət keçməsinə
baxmayaraq bu gün də “Əsgər marşı” ən çox sevilən və ifa
olunan əsərdir. İlklər həmişə
daha çox sevimli və unudulmaz olur. Cavanşir bəyin
“Əsgər marşı” da Azərbaycan
xalqı üçün həmişə
əvəzsiz olacaq. Ondan
daha yüksək sənətkarlıqla
yazılacaq əsərlər olsa belə.
Olsa əgər...
Telefon zənginə cavab verəcəyinə inamımız az idi. Beynəlxalq
çıxışlarda problem yarana bilər, həmçinin Cavanşir
bəy də bizimlə həmsöhbət olmaq
istəməyəcəkdi bəlkə. İşinin
çoxluğundanmı, ya sadəcə,
danışmağa meylli
olmadığı üçün. Amma cəhd etdik və
alındı. Cavanşir bəy əksinə,
söhbətə meylli idi
– Ordumuzun uğurlu döyüş əməliyyatları onu da
ruhlandırmışdı. Əhvalı xeyli
yaxşı idi. Döyüşlərin
başlanacağını, torpaqlarımızın işğaldan azad edilməsinə
başlanacağı günü illərdir
ki, gözlədiyini dedi:
- Bizim hamımızın çoxdan gözlədiyimiz bir
şey oldu. Azərbaycan
Ordusu nəhayət, işğal
altındakı torpaqlarımızı güc
vasitəsilə geri almaq
qərarına gəldi. Bunu biz illərdir gözləyirdik və deyirdik ki,
danışıqlar yoluyla torpaqları işğaldan azad etmək
mümkün olmayacaq.
Mən şəxsən heç vaxt inanmamışam ki, bu münaqişə sülh
yoluyla həll olunacaq.
Amma artıq Ordumuz
hücumdadır və işğal
altındakı torpaqlarımızın azad
edilməsinə başlanılıb. Təbii, məmnunluq hissi keçirirəm.
Həmçinin əminlik hissi
də var ki, Qarabağ işğaldan azad ediləcək. Bu əminlik
hissi, ordunun da əmin olması cəmiyyətə də təsir
edir. Gənclərin cəbhəyə yola salınmasıyla bağlı kadrlara baxıram, hər kəsdə böyük ruh yüksəkliyi
görürəm.
Birinci Qarabağ
savaşında, 1992-93-cü illərdə belə deyildi. Hazırkı ruh yüksəkliyinin də vətəndaşların
orduya, döyüşlərə can atmasının səbəbi məncə budur ki, artıq insanlar işğala sülh yoluyla son qoyulmayacağını anladılar. İnşallah, ordumuz, gənclərimiz
döyüşlərdə qalib olacaq, mən ordumuza qələbə
arzulayıram. Azərbaycan Ordusu yeni, müasir silahlara sahibdi, yeni döyüş
taktikası, yeni kombinasiyalar...
- Cavanşir
bəy, Ordumuzun üstünlüyü
hiss olunur, eləmi?
- Əlbəttə! Birinci Qarabağ savaşındakı ordu
ilə hazırkı ordu arasında böyük fərq var. Ordu təkmilləşib. O zaman
sovetlərdən yeni
ayrılmışdıq, ordu quruculuğu yeni-yeni
başlayırdı.
Həm də biz müharibəyə
hazırlıqsız idik, çünki
müharibə olacağını düşünmürdük.
Arxayınlıq hissi vardı. Amma ermənilər illərlə müharibəyə,
işğala
hazırlaşırmış demə! Savaşdakı müvəqqəti
məğlubiyyətdən sonra Azərbaycan
anladı ki, ordu qurmaq lazımdı və bu
məsələyə ciddi yanaşmağa başladı.
Azərbaycan ordusu
hazırda Ermənistan ordusundan üstündü və biz
indi daha hazırlıqlı
və daha ciddiyik. Son günlər cəbhədə aparılan əks-hücum
əməliyyatları da bunu
göstərir. Şəhidlərimiz, itkilərimiz var, amma başqa
çarə yoxdu. Torpaqlarımızı
almalıyıq. Arzu edirəm ki, itkilərimiz az olsun. Vallah, orduya qəbul etsələr, mən də gedərəm.
Amma yaşıma görə
qəbul etməzlər. Gənclərimiz gedir
döyüşə. Getməlidirlər də. Məsələ
Vətənsə, heç kim tərəddüd etməməlidi. Biz də orduya
aparılmasaq da, arxa cəbhədə,
Vətəndən kənarda olsaq da, nə lazımdırsa edəcəyik. İnşallah, uğur bizim tərəfimizdə olacaq.
Mən Prezident İlham
Əliyevin “Rossiya-I” telekanalına
müsahibəsini izlədim. Prezident dedi ki, sonadək gedəcəyik,
torpaqlarımızı işğaldan azad edəcəyik. İşğal
olunmuş torpaqlar Azərbaycana
qaytarılmalıdır.
Bu məni çox
sevindirdi. İndiyədək belə deyilmirdi. Amma indi açıq söylənilir. Bu, mənə inam verir ki, işğal
olunmuş torpaqlarımızın hər
qarışı azad ediləcək.
Türkiyənin Azərbaycana mənəvi dəstəyi də
əlavə ümid verir.
Azərbaycana dəstək vermək istəyirlər, amma Azərbaycan tərəfi bildirdi
ki, ordumuzun əlavə
köməyə heç bir
ehtiyacı yoxdur. Azərbaycan ordusu özü
torpaqlarımızı işğaldan azad etmək iqtidarındadı.
- Cavanşir
bəy, siz efirlərdə, ümumilikdə
incəsənət sahəsində vətənpərvərlik
təbliğatının aparılmasının vacib olduğunu demisiniz. Əvvəllər bu
məsələdə boşluq vardı, biz də narazı qalırdıq,
telekanalların bu istiqamətdəki efir siyasətindən. Amma
son zamanlar müsbət
dəyişiklik görürük. Vətənpərvərlik
məzmunlu proqramlar hazırlanır, məsələn,
ifaçılarımızın yeni döyüş ruhlu
mahnılar ifa etdiyini,
kliplər çəkdirdiklərini görürük.
İzləmək imkanınız olubmu Azərbaycan
efirini?
- Siz dediniz, bu,
məni çox sevindirdi. Mənə sizin mövqeyiniz
bəs etdi. Siz deyirsinizsə, deməli, həqiqətən dəyişiklik
var. Azərbaycan televiziyalarını
izləmək imkanım
yoxdu, internetdən izləyə bilərəm.
Buna da hər zaman imkan olmur. Mən əvvəllər
də demişəm, indi də təkrar
edirəm, hər hansı mövzu ilə səmimi şəkildə məşğul
olunursa, o zaman nəticə də olacaq.
Amma sifariş
olanda keyfiyyət aşağı olur. Səmimilik yoxdursa,
keyfiyyət də yoxdur. Buna incəsənətdə
“sol ayağı ilə
yazdı” deyirlər.
Yəni,
başdan-getdi. Ürəkdən, qəlbən deyil. Son hadisələr tərpətdisə sənətçiləri,
deməli, bu işlə ciddi məşğul olmağa
başlayacaqlar.
- Necə deyim, nə yazılsa da, nə bəstələnsə
də sizin “Əsgər marşı”nın yerini verməyəcək...
- Mən bəlkə buna sevinməliyəm, mənim bəstəm bu qədər sevilir deyə, amma sevinmirəm. Çünki məndən sonra
davamı olmalıydı.
O “Əsgər marşı”
30 il əvvəl
yazılıb! 30 ildir
yazılmış marş
yenə də birincidirsə, bu, yaxşı hal sayılmır. Mən istəyirəm ki,
ondan qat-qat yaxşı marşlar yazılsın. Bir dövlət
bir marşla keçinməməlidi.
- Cavanşir bəy, niyə keçinməməli
ki? Dövlət himnimiz 100 il
əvvəl yazılıb.
Necə gözəldi!
Bu gün də
ona hədsiz sevgi var, sevilir.
- Yoox, himn barəsində “gözəl” ifadəsini işlətmək doğru
deyil. Himnin gözəl olmaq
kimi bir missiyası yoxdur. Himn bədii əsər deyil, siyasi atributdur.
Dövlət bayrağı kimi.
Biz “dövlət bayrağımız gözəldir”
deyə bilmərik.
3 rəngli bayraqdır,
ay, səkkizguşəli ulduz.
Dünyanın neçə dövlətinin
bayrağında bizim bayrağımızdakı rənglər
var. Müsəlman dövlətlərinin
bayrağında aypara
var, ulduz var... Eləcə də dövlət
himnləri. İnternetdə 200-ə yaxın dövlətin himni var, səsləndirib
qulaq asa bilərsiniz. Əksəriyyəti sizə bəsit görünəcək.
Məsələn, Braziliya kimi böyük bir dövlətin himninə qulaq asıb “a, nə bəsitdir” deyə bilərsiniz. Çünki dövlət himnlərinə
də, dövlət bayraqlarına siyasi atribut kimi yanaşırlar.
Sadəcə, bu himn, bu bayraq bizim
olduğu üçün
onu sevirik. Yadınızdadı, bir vaxt dövlət himnimizin dəyişdirilməsi müzakirələri
açmışdı bəzi
deputatlar. Biri də dedi ki,
himnimiz “darıxdırıcıdı”.
Sanki dövlət himni
oynaq olmalıdır, sədaları altında rəqs etsinlər. Himn “Tərəkəmə”dir ki,
rəqs edəsən?!. Bəlkə də himnin müəllifləri Üzeyir
bər və Əhməd Cavad olmasaydı, dəyişməyə
cürət edərdilər.
Nə isə. Bu barədə
çox danışdıq...
- Cavanşir bəy, hazırda müəllim kimi çalışırsınız?
- Bəli. Şimali Kipr Türk
Cümhuriyyəti Yaxın
Şərq Universitetinin
Səhnə sənətləri
fakültəsinin dekanı
və professoruyam.
Bəzən bizə - Azərbaycandan
mühacirət edənlərə
“köçəri” deyirlər.
Amma köçəri deyilik.
Hara getsək də ürəyimiz ordadı. Hər kəs Vətən
xiffəti çəkir.
Vətənə bağlılıq biz azərbaycanlılarda, məncə,
digər xalqlardan daha çoxdur.
- Qızınız da sizin yanınızdadı,
yəqin ailə qurub, nəvəniz var...
- Ailəlidi, bir nəvəm
var. Amma qızım İstanbulda yaşayır.
- Çox istərdik ki, Bakıya qayıdasınız, yenə burda yaşayasınız. Qayıtmaq fikriniz var?
- Hər an qayıda bilərəm. Əbədi burada yaşamayacam. 15 ildir çıxmışam Azərbaycandan. Elə
gün olmayıb ki,
Bakı ilə əlaqə yaratmayım...
- İstəyirəm,
bir sualıma da cavab verəsiniz. Səmimi
olacağınıza inanıram. Cavanşir
bəy, sentyabrın 27-si ordumuzun döyüş əməliyyatlarına
başladığı xəbərini alanda
kövrəldinizmi?
- ... Bu yaşda kövrəlmək...
sizin düşündüyünüz
kimi olmur. Rahatlıq hissi desəm, daha dəqiq
olar. Rahatlıq hissi keçirdim ki, ölməyib
o günü görəcəm.
Torpaqlarımızın azad
olunmasını... Sonra bu
rahatlıq hissi keçdi,
yerini həyəcan aldı, çünki artıq cəbhə xəbərlərini
izləyirdim.
- İnşallah, Cavanşir bəy, Şuşanın, Xankəndinin,
Laçının... azad olunması xəbərlərini
alarıq!
- İnşallah. Mən də buna inanıram.
Məlahət Rzayeva
Şərq 2020.- 2 oktyabr.- S.9.