"Şuşa həm başlanğıc, həm
də sondur"
Kərim Kərimli:
"Mən evimizə gedəndə işğaldan 6 il, 3 ay, 22
gün keçirdi"
"Geri çəkilən dalğanın qabaran vaxtı olduğu kimi, bizim də indi qabarma
vaxtımızdı"
Səbirsizik. Qələbə xəbərinə 30 ildir tamarzıyıq deyə, Ordumuzun zəfər yürüşünü qısa zamanda, hətta lap qısa – 3-5 günə tamamlamasını istəyirik. Qınamasın kimsə. Vətəninin işğaldan azad olunmasını kim istəməz ki?! Anlayırıq. Qarşıda çətin döyüşlər var. Mənfur, xain düşmən hər künc-bucaqda pusqu qurub. Ordumuz ehtiyatlı davranmalı və itkilərin az olmasına çalışmalıdır. Zatən belə də edilir. Azərbaycan əsgərini, Azərbaycan bayrağını gözləyən neçə-neçə yurd yerlərimiz var hələ...
Budəfəki müsahimiz
Şuşalıdı. Qrammatik
qaydaları pozub bilə-bilə
Şuşalı sözünü böyük hərflə yazdım. Şuşa Böyükdü
axı. Ucadı! Çox vaxt
özümə sual vermişəm, niyə
çox sevirəm Şuşanı? Başqa yerlərdən daha
çox? Cavabım olmayıb. Ürəyim
əsib, vəssalam. Azərbaycanın hər qarışı
Vətəndir. Hər qarışını sevirik.
Amma Şuşa...
başqadı. Müsahibim
hamımızın yaxşı tanıdığı jurnalist, publisist,
Şuşalı Kərim Kərimli ilə elə bu haqda
danışırdıq. Sual-cavaba
keçməmişdik. İndiki məqamda
sual-cavaba heç ehtiyac da yoxdu.
Hər kəs ürəyindən keçənləri deyir. Kərim bəyə də söylədim,
Şuşaya olan həssaslığımızı.
Bilirəm, kövrəlirdi, hər dəfə Şuşa
adı çəkildikcə. Sonra dedi ki, sentyabrın 27-dən
kövrəlir, ailəsiylə birlikdə. Artıq vərdişə
çevrilib.
-
...Şuşa həm fiziki-çoğrafi
baxımdan yüksəkdədi – dəniz səviyyəsindən
1800-2000 metr yüksəklikdədi, həm
də mənəvi yüksəklikdədi. Çox
zaman Qarabağı – Şuşanı Azərbaycanın
mədəniyyət beşiyi, muğam beşiyi
adlandırırlar. Amma Qarabağın ziyalıları, alimləri
də var axı. Yəni Qarabağ,
Şuşa təkcə mədəniyyət,
ölməz incəsənət bəxş etməyib Azərbaycana.
Öyünə biləcəyimiz tarix və
tarixi şəxsiyyətlər də bəxş
edib.
- Kərim bəy, sözünüzün
qüvvəti, indi bir-bir
yada salmaq çətindi,
durub sadalasaq axşam düşər, elə Əhməd bəy
Ağaoğlu nəyə desən dəyər
də...
- Əlbəttə... Mən də çox düşünmüşəm ki, niyə Şuşanı çox sevir hamı, bütün Azərbaycan. Məncə, Şuşa həm başlanğıc, həm də sondur. Biz birinci dəfə Qarabağ savaşında Şuşanı əldən verdikdə uduzduq, indi Şuşanı azad etdikdə Qarabağı bütünlüklə işğaldan azad etmiş olacağıq. Çünki Şuşa yenə yüksəkdədi! Bunu hansı mənada istəyirsiz qəbul edin, hansı tərəfə yozursunuz, yozun. Şuşa mərkəzdi. Şuşaya getmək üçün – yetişmək üçün gərək Ağdam azad olunsun, Xocavənd, Ağdərə... azad olunsun. Bütün ətraf rayonların və Dağlıq Qarabağ işğaldan azad olunmalıdır ki, biz Şuşaya çataq. Deməli, Şuşa azad olunan gün Qarabağın işğaldan bütünlüklə azad edildiyi gün olacaq. Biz 71 il sovet işğalı altında yaşadıq, doğrudu?.. Amma sovet işğalı zamanı biz Qarabağdan deportasiya olunmadıq. Ermənilərsə həm bizi deportasiya etdi, həm də ərazilərimizi yandırdılar. Bunu ona görə vurğulayıram ki, vətənsizliyin necə bir hiss olduğunu anlada bilim. Həm yurdumuzdan çıxarıldıq, həm də yurdumuz darmadağın edildi. Ən dəhşətlisi də bilirsiz nədi? Ermənilər 25 il bizim ora qayıdacağımızı gözlədilər. Qorxurdular ki, biz ora qayıdacağıq, Şuşanı azad edəcəyik, ona görə onlar yalnız 2017-ci ildən Şuşada tikinti işləri aparmağa başladılar. O vaxta qədər Şuşada, işğal etdikləri digər torpaqlarda heç bir iş aparmırdılar. İnanmırdılar ki, biz Şuşanın ardınca gəlməyəcəyik. Ermənistan siyasi hakimiyyəti 25 il müddətində erməniləri inandıra bilmirdi ki, Şuşa onlarındı. Əvvəlcə erməniləri inandırdılar, sonra dünyanı, beynəlxalq aləmi inandırmağa başladılar. Biz çox gecikdik, Şuşanı azad etməyə... Mən 1998-ci ildə Qarabağa getmişəm. Şuşaya da. O vaxt İsveçrə Xarici İşlər Nazirliyi “Cənubi Qafqazda azad mətbuatın inkişafı” layihəsini həyata keçirirdi. Birinci dəfə mənin adımı Qarabağa gedəcək jurnalistlərin siyahısına daxil edəndə, imtina etdim. İkinci dəfə isə getməyə razılıq verdim, çünki səfər proqramına Şuşaya getmək də daxil idi. Xocalı, Xankəndi, Şuşa, Ağdərə. Amma Ağdərəyə aparmadılar. Mən, Eldəniz Elgün, Şahin Rzayev, Kamal Əli, iki nəfər də xanım jurnalist vardı, getdik. Həmin səfərlə bağlı “Ədalət” qəzetində silsilə məqalələrim nəşr olundu. Bəlkə də xatırlayarsınız... Mən 1998-də Xankəndində, Şuşada olanda küçədə ermənilər soruşurdu ki, “nəyi gözləyirsiniz?”. Nəhayət, çox şükür ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə başladı. Ali Baş Komandandan tutmuş ən sonuncu nəfərimizədək indi hamı ayaq üstədi və qələbə xəbərini gözləyirik.
- Qarabağa
səfər zamanı getdiyiniz yerlər
necə idi? Nə müşahidə etmişdiniz?
- Dediyim kimi,
çox dağıntılar vardı. Heç bir təmir, tikinti işi aparılmırdı.
- Bilmirəm, necə soruşum... Şuşada
evinizə gedə bildiniz? Salamat idi?
- Pasportumu özümlə götürmüşdüm. O zaman
indiki şəxsiyyət
vəsiqələri hələ
yox idi. Pasportumda “Az.SSR. NKAO – yəni
Dağlıq Qarabağ
Muxtar Vilayəti, Şuşa şəhəri,
Y.V.Çəmənzəminli küçəsi, ev 7. ünvanı yazılmışdı. Küçəmizə tərəf getmək istəyəndə bizi səfərdə müşayiət
edən milis işçilərindən biri
saxladı ki, o tərəfə olmaz.
Səfər marşrutunda bu
yoxdu. Mən də pasportu
çıxarıb, ünvanımı
göstərdim. Dedi,
“ya niçem ne smoqu pomoç, ya, zdes nikto”.
Özü etiraf edirdi ki, o, heç kimdi. Barıdan atlandım həyətimizə.
Evimiz 2 mərtəbədi. Birinci mərtəbədə
bir ailə yaşayırdı. İçəri keçəndə gördüm
ki, bizim qoyub getdiyimiz xalçanın üstündə
uşaq oynayır.
Evdə yaşayan gənc ailə idi. Oğlan başa düşdü ki, mən azərbaycanlıyam,
dedim, bu, bizim evimizdi!..
Qayıtdı ki, siz qayıdan kimi biz çıxıb gedəcəyik...
- Şuşa
necə idi?
- Mən evimizə gedəndə işğaldan
6 il, 3 ay, 22 gün keçirdi. Dağıntılar qalırdı. Ermənilərdən tək-tük
kimsə ev
təmir eləyib yaşayırdı. Əhali ora
gəlmək istəmirdi.
İqtisadiyyat darmadağın idi.
Hər şey dağılmışdı,
evlər yandırılmışdı.
Ermənilər deyirdi ki, bizi aldadıb bura gətiriblər ki, sizə pul
verəcəyik. Əhval-ruhiyyələri sıfır. Müvəqqəti yaşadıqlarını dərk
edirdilər. Onlar sonra
ruhlandılar. Tikintilərə başladılar. İlk illərdə
Şuşada uzun illər qalacaqlarına inanmırdılar. 125 foto çəkmişdim.
2 video. Onlar Şuşadan gələn
ilk şəkillər idi.
Fotolar əl-əl gəzdi.
Hamı fotoları çıxarırdı,
yayırdılar şəkilləri.
Neqativlər demək olar
görünməz olmuşdu.
İndi asandı. İnternet, hər cür
imkanlar var. Amma o zaman Şuşada çəkilən fotolar sanki gizli bir
xəzinə idi, üzə çıxmışdı.
O zaman sülhə ümid vardı, torpaqların danışıqlar
yoluyla geri qaytarılacağına ümid
edilirdi. Yadımdadı,
o illərdə bir sorğu da keçirilmişdi,
Qarabağ probleminin hansı yolla həllinə tərəfdarsınız,
2 variant yazılmışdı: sülh yoluyla, yoxsa, müharibə yoluyla. Mən aşağıda 3-cü bəndi
özüm yazdım;
hansı yolla olur-olsun, Şuşa
qayıtsın!
- İnşallah, o günü
də görərik, Kərim bəy.
- İnşallah. Ermənilər son illərdə lap həyasızlaşdılar.
Paşinyan Şuşada, Cıdır
düzündə yallı
gedirdi. İndi erməni əsgərlərinin
cəsədlərinin göydə
“uçuşmasını” əks etdirən videolar yayılır, şərhlər də yazırlar ki, “bu, Paşinyanın Cıdır düzündəki
“yallısı”dı, göydə
uçurlar”. Həyasızcasına bəyanat verirdi ki, Qarabağ Ermənistandı. Mayın
21-i “Dağlıq Qarabağ
Respublikası” “prezidenti”nin andiçmə mərasiminə hazırlaşırdılar.
Mən o
vaxt sosial şəbəkədə yazdım
ki, Azərbaycanın bunlara cavabını gözləyirik. Cavabı indi
onlara veririk, necə lazımdısa.
Bunu dəqiq
bilirəm ki, ermənilər sonadək döyüşməyəcək. Dünya mediasına
baxıram, müxtəlif
videolar yayılır,
baxırsan ki, erməni əsgərləri
könülsüz döyüşür.
Bilirsiz niyə?
- Öz torpağında deyil axı, ona görə.
- Bəli. Erməni üçün doğma Vətən anlayışı yoxdu.
Qarabağ onun Vətəni
deyil. Birinci Qarabağ savaşında
da onlar erməni əsgərlərini
birinci cərgədə
döyüşə göndərirdi,
ikinci cərgədə
isə başqa ölkələrdən gəlmiş
muzdluları yerləşdirirdilər
ki, əsgərlər
geri qaçanda onları güllələsinlər.
Azərbaycan əsgəri öz
torpağında, torpağını
azad etmək üçün döyüşür.
Ona görə də bizim əsgərimizdə ruh yüksəkliyi var. Yerevanda doğulmuş erməni niyə gəlib Qarabağda, Ağdərədə döyüşməlidi?
Yerevanda, Ermənistanın
hansısa başqa ərazisində yaşayan
erməni nə bilir Mərcanlı nədi, Sırxavənd nədi... Bu bizim
kəndlərimizdi, bizim
əsgərlər də
o yurd yerləri uğrunda döyüşür.
Azərbaycan əsgəri ayağını
yerə bərk vurmalıdı. Gəlirəm, deməlidi. Deyir də! İşğallar, müharibələr tarix boyu olub.
Sülh sazişləri də imzalanıb dövlətlər
arasında. Amma ermənilər
bütün körpüləri
yandırdı. Bundan o yanası
yoxdu. Biz bir əsr geri
düşmüşük. Torpaqlarımızı işğal edə-edə
gəliblər. Daha yol yoxdur. Xəzərə çatmışıq. O
tərəfdə türkmən
qardaşlarımızdı. Bizi o tərəfə buraxmayacaqlar.
Geri çəkildik, bəsdi. Artıq qabarma vaxtıdı.
Geri çəkilən dalğanın qabaran vaxtı olduğu kimi, bizim də
indi qabarma vaxtımızdı. Yadıma
düşdü birdən,
Ağdərədə Qabartı
çayı var...
- Bayaq dediniz ki,
hamı səfərbər
olub, hamı ayaqdadı. Həqiqətən də, hamı
bir nəfər kimi cəbhəyə, döyüşlərə getmək
istəyir.
- Gənclərin səfərbərlik xidmətinə
müraciətlərini görürəm, ürəyim dağa dönür.
Böyükdən-kiçiyə hamı döyüşmək
istəyir. Bıçaq sümüyə dirənib artıq. Ya gərək 2 sivil qonşu dövlət kimi yaşayaq, ya da onlar yola
gəlmirsə, gücümüzü ortaya qoyub
torpaqlarımızı azad etməliyik. Sülh sazişi yalnız
işğal başa
çatdıqda imzalanmalıdır. Çünki
bugünkü status-kvo
zorakılığın nəticəsidi.
Torpaqlarımızı azad etdikdən sonra sülh sazişi imzalansa da, biz həmişə
ayıq olmalıyıq. Daim tətikdə
olmalıyıq. Ermənilərin xainliyi,
təxribatı bitən deyil.
- Səhv etmirəmsə, siz Qarabağ müharibəsində
döyüşmüsünüz.
- Şuşa batalyonunda döyüşmüşəm. Ramiz Qəmbərov şəhid olandan sonra batalyona
onun adı verildi. Azərbaycan Ordusu əks-hücum
əməliyyatlarına başlayanda mən,
belə deyim, Ramiz Qəmbərov
adına Şuşa Könüllülər
Batalyonunun rəhbərliyini qeyri-rəsmi qaydada üzərimə götürüb
bəyanat yaydım ki, Şuşa
batalyonu, döyüşə hazır olun. Qazilər, veteranlar,
hamımız döyüşə hazırıq. Hərbi
komissarlığı da zəng etmişəm,
həyat yoldaşım deyir, “mən də
gedirəm”. Deyirəm, neyləyəcəksən orda? Deyir, nə iş olsa, yemək
bişirərəm, əsgərlərimizə xidmət edərəm...
- Mən niyə sizin döyüşdüyünüzü
xatırlatdım. Təbii ki, bütün Azərbaycan Qarabağ
müharibəsində iştirak edirdi, amma siz
qarabağlılar ərazini daha
yaxşı tanıyırsınız, hər
cığıra, yola bələdsiniz. Məsələn,
yerüstü əməliyyatlar başlayarsa, piyada
qoşunları hücuma keçərsə,
mən bu məsələdə çox naşıyam, ürəyimdən
keçəni deyirəm, sadəcə, o
mənada ki, yerli əhaliyə,
veteranlara ehtiyac ola bilər.
- Əlbəttə. Biz, Qarabağ döyüşçüləri, veteranlar, yerli sakinlər
xüsusilə öndə olmalıyıq. Bizim
az-çox təcrübəmiz var, yerli şəraitə
bələdik. Kəlbəcər, Laçın, keçilməz
yollardı. Meşələr, dağlar. Hər
adam o yolları
tanımır. Şuşadan Ağdama yeraltı yollar
vardı. Onu ancaq
şuşalılar bilirdi. Şuşa
zirvədədi. Amma ora
desant çıxarıb döyüşləri
yuxarıdan aşağıya doğru aparmaq da olar.
Təbii ki, Azərbaycan Silahlı Qüvvələri
komandanlığı, Ali Baş
Komandan əməliyyatların necə,
hansı üsulla aparılmasını daha yaxşı bilir.
Biz şuşalılar hər
cəhətdən Ordumuzun
yanındayıq və istənilən köməyi etməyə
hazırıq. Sizə bir şey
deyim. Mənim ata babam Salman Məşədi
Həsənalı oğlu Qafqaz-İslam
Ordusunda döyüşmüşdü,
sovet hakimiyyəti qurulandan
sonra onu da Nargin adasına sürgün edib orada güllələmişdilər. Bu barədə MTN-in “Sərhəd”
qəzetində rəsmi sənəddə yazılıb.
1930-cu ildə ana babamı güllələyiblər.
Mənim atam II Dünya
müharibəsinin iştirakçısı olub,
mən də Qarabağ müharibəsinin.
Oğlum da ali məktəbi bitirdikdən sonra,
inşallah hərbi xidmətə gedəcək.
Bizim nəslin alnına yazılıb
döyüşmək.
- İnşallah, qələbə də yazılar alnınıza.
- İnanıram! Mütləq yazılacaq.
Şərq 2020.- 3 oktyabr.- S.9.