"İndi
ölməyi bacarmasaq, heç
vaxt yaşaya bilməyəcəyik"
Aqşin Yenisey:
"Bu müharibə bizi
bir millət, bir cəmiyyət,
bir mədəniyyət olaraq
yenidən doğacaq"
"Cənab Prezident həmişə rasional meyarlarla siyasət yürütdüyünü sübut edib"
"Döyüşün
dağlıq ərazilərdə aparılacağını qabaqcadan nəzərə alıb dron müharibəsinə hazırlaşmaq ən
mükəmməl qərardır"
Azərbaycan torpaqlarının işğal altında olması, yurd həsrəti bizim hər zaman yaralı yerimiz olub. Neçə illərdir bütün Azərbaycan xalqı bu ağrı-acını öz çiyinlərində gəzdirib. Bu gün isə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində rahat nəfəs almağa başlamışıq. Azərbaycan əsgərinin qəhrəmanlıqları nəticəsində onlarla kənd və mühüm yüksəkliklər işğaldan azad olunub.
Hamı geri qaytarılan hər
bir qarış torpağın uğurunu ürəkdən yaşayır. İllərdir pafos
kimi dəyərləndirdiyimiz "Qafqazda ən
güclü ordu Azərbaycan
ordusudur” deyimi bu gün əsas
şüarımıza çevrilib.
Sarsıdıcı zərbələr alan
düşmən qüvvələri çaş-baş
qalıb. Ordumuzla bacara
bilmədiyinə görə düşmən Azərbaycanın
cəbhəboyu, həmçinin təmas xəttinə
yaxın olmayan yaşayış məntəqələrini
və mülki obyektlərini
iriçaplı silahlardan, artilleriya
qurğularından intensiv atəşə
tutaraq diqqəti yayındırmağa, vaxt qazanmağa
çalışır.
Qoşunların təmas xəttində yaşanan
olaylar, ordunun döyüş əzmi, xalqın əhval-ruhiyyəsi
isə artıq ermənilərin ətrafındakı həlqənin
daralmasına işarədir.
Bu səbəbdən gözləntilərimiz həddindən artıq çoxdur. Müdafiə Nazirliyinə istinadən yayılan bütün informasiyalar da ordumuzun gücünün göstəricisidir. Əsgərlərimiz düşmənin mühüm strateji əhəmiyyət daşıyan atəş nöqtələrini dağıdıb, çox sayda canlı qüvvə və hərbi texnikasını məhv edib.
Cəbhə xəttində baş
verən hərbi əməliyyatlarla bağlı fikirlərini
"Sherg. az"la bölüşən şair
Aqşin Yenisey də
qarşıdakı günlərdə daha xoş xəbərlər
alacağımıza inanır:
- Bu gün
cəbhədə baş verənlərlə
bağlı ən düzgün fikirləri
dövlət başçısı özü,
həm də daha geniş
müstəvidə səsləndirir deyə bizə yalnız o fikirləri dəstəkləmək
qalır. Mən indiyə kimi bütün yazılarımda, müsahibələrimdə
Azərbaycanın gələcəyinin Qarabağ
müharibəsindən asılı olduğunu
bildirmişəm. Bu müharibə təkcə
bizim ərazilərimizi bərpa etməyəcək,
eyni zamanda məğlubluq
hissinin mənəviyyatımızda, əxlaqımızda
irinləyən xoraları təmizləyəcək. Bu müharibə bizi bir millət, bir cəmiyyət,
bir mədəniyyət olaraq
yenidən doğacaq. Bu
müharibədən sonra dünyanın
bizə münasibəti yaxşı mənada dəyişəcək.
Sadəcə, bir balaca
təpərli olmaq, daxildəki bütün cılız, şəxsi ziddiyyətləri
sonraya saxlamaq
lazımdır. Azərbaycan, nəhayət ki,
illərdir gözlədiyi, arzuladığı tarixi fürsəti yaxalayıb, əlimizdən
gələni etməliyik ki, bu fürsət tarixin, tariximizin özünə çevrilsin.
Heç bir halda emosionallığa, bizi
uçuruma yuvarladan eyforiyalara yol vermək olmaz. Müharibənin öz
qanunları, öz reallıqları var, müharibə gerçəkliklərini sülh dövrünün
humanist emosiyalarına çevirməməliyik.
İndi ölməyi bacarmasaq,
heç vaxt yaşaya bilməyəcəyik.
- Ehtiyatda
olan bir zabit kimi ordumuzun keçirdiyi əməliyyatlar, döyüş taktikasını necə dəyərləndirirsiniz?
- Deyəsən, Kutuzovun sözüdür, döyüşdən əvvəl
nə qədər çox tər töksən,
döyüşdə bir o
qədər az qan
tökərsən. Hiss olunur
ki, Azərbaycan ordusu
döyüşdən əvvəl kifayət qədər tər
töküb. Üstəgəl, müasir müharibə texnologiyalarını da yaxşı mənimsəyib. Xüsusilə
döyüşün dağlıq ərazilərdə
aparılacağını qabaqcadan nəzərə
alıb dron müharibəsinə
hazırlaşmaq ən mükəmməl qərardır. Çox yaxşıdır ki,
biz döyüşdən əvvəl təlimlərdə
ancaq tank və
topları göstərib düşmənin kafasında ancaq quru döyüşlərinə
hazırlaşdığımız fikrini
formalaşdırdıq. Məncə, erməni ordusu
bizi yerdə gözləyirdi. Döyüşlərdən göstərilən kadrlar da onu
deməyə əsas verir ki,
düşmən müharibənin göydən gələcəyinə
hazır deyilmiş. Müharibələr
tarixinə baxsaq, taktiki
üstünlük, bəzən müharibənin
taleyi deməkdir. Bu
gün bu üstünlük böyük
fərqlə bizim ordunun
tərəfindədir. Bu, qələbənin
yarısıdır.
- Deyirsiniz, indi ölməyi bacarmasaq, heç vaxt yaşaya bilməyəcəyik. Xalqa baxsaq, ölməyə dünəndən
hazırdır. Hər kəs döyüş
ruhuna köklənib, amma
beynəlxalq təzyiqlər var. Bu mərhələdən
sonra geriyə yol
varmı?
- Beynəlxalq təzyiqlər protokol
gərəyi olmalıdır. Bəzi beynəlxalq qüvvələrin
əksinə, bütün beynəlxalq qanunlar bizim haqlı olduğumuzu göstərir. Bu
müharibə həm də ağıllı müharibədir.
Yəni düşmən əvvəlcə siyasi-diplomatik
meydanda məğlub edilib,
hərbi məğlubiyyəti bunun döyüş meydanındakı
davamıdır. Cənab Prezident həmişə
rasional meyarlarla siyasət
yürütdüyünü sübut edib. Əgər indiki məqamda döyüş
əmri verilibsə, məncə, hər şey
əvvəlcədən ölçülüb-biçilib.
Ona görə də Azərbaycan dövləti
bu gün bütün beynəlxalq təzyiqlərin
qabağına milli iradə ilə
çıxır.
- Əvvəlki
illərdə təmas xəttində baş
verən hər hansı gərginlik olanda sosial şəbəkələrdə aktivlik artır, feysbuk
"döyüş meydanı"na çevrilirdi. Baş verən hər hadisə tez bir zamanda
ölkə ictimaiyyətinə məlum olurdu. Bu dəfə
isə müharibə başlayan gecədən
etibarən sosial
şəbəkələrə çıxış məhdudlaşdırıldı...
- Bu məhdudlaşdırma
qərarı elə əvvəlki dövrlərdə sosial şəbəkələrdə baş verənlərin nəticəsi kimi qəbul olunub. Ölkədə
xarici ölkələrin kəşfiyyat
orqanlarının toruna düşmüş
insanlardan ibarət sosial
şəbəkələr var ki, bu şəbəkələr
Azərbaycanda ola-ola
açıq-aşkar kənar qüvvələrin
maraqlarına xidmət edirlər. Onlara
ötürülən video və şəkilləri
paylaşmaqla təxribatlara əl
atırlar.
Türkiyə praktikasında da
bu var, əgər
Türkiyədə dövlət əhəmiyyətli bir hadisə baş verirsə,
nəticə əldə olunana qədər
sosial şəbəkələrin fəaliyyəti
məhdudlaşdırılır. Bu gün
Azərbaycan cəmiyyətində yaşanan
ruh yüksəkliyi də bu
məhdudlaşdırmanın nəticəsidir, məncə. Siyasi uğursuzluğunu
dövlətə, millətə qarşı kinə, nifrətə
çevirmiş xeyli zir-zibil var öz
içimizdə. Bu məhdudlaşdırma,
ən azı, sosial mühiti
bir az təmiz
saxladı.
- Son olaraq soruşum, indi hamı torpaqlarımız işğaldan azad olunan kimi
ilk ziyarət edəcəyi şəhərin,
rayonun adını çəkir. Sizin könlünüzdən hara
keçir?
- Hələ bu barədə düşünmürəm, qabaqda işimiz çox olacaq. Amma bu müqəddəs müharibə haqqında iki ildir yazmağa başladığım yarımçıq romanı ümid edirəm ki, o yerləri gəzə-gəzə tamamlayacağam.
Şəymən
Bayramova
Şərq 2020.- 6 oktyabr.- S.9.