Türkiyə həmişə
sülhün, ədalətin tərəfdarı
olub
Proseslər belə davam edərsə,
sonunda, ümumiyyətlə, Minsk Qrupuna ehtiyac
qalmayacaq
ATƏT-in Minsk Qrupu çərçivəsində təxminən 30 ildir davam edən danışıqların heç bir nəticə verməməsi Ermənistan tərəfinin destruktivliyinə və davamlı təxribatlarına şərait yaradırdı. Çünki həmsədrlər vasitəçilik missiyasının formatını qəsdən uğursuz hala gətirir və ərazisi zorla qəsb edilmiş Azərbaycanla hərbi təcavüzkarı - Ermənistanı eyni görürdülər. Bu missiya işğalla təcavüzə məruz qalan arasında fərq qoymadığına görə, iflasa uğradı, formata beynəlxalq etibarsızlıq yarandı. Vasitəçilik edən ölkələr bir çox hallarda tərəf tutur, öz ölkələrinin siyasi maraqlarını təmin etmək prinsiplərindən çıxış edirdilər.
Məsələn, Fransa həmişə
çalışırdı ki,
Dağlıq Qarabağın de-yure Ermənistana
bağlanmasını təmin etsin. O biri ölkələr də öz
dövlət maraqlarını önə çəkirdilər,
işğal olunmuş
Azərbaycan torpaqlarının geri
qaytarılması onlar üçün
o qədər də qaneedici
deyildi.
Ermənistanı yerində oturtmaq
üçün illər ərzində həmsədr
ölkələr tərəfindən heç
bir addım atılmadı,
işğalçı ölkəyə sanksiyalar
tətbiq edilmədi. Bu laqeydlik Ermənistanı daha da
qudurğanlaşdırdı. Vəziyyətin hərbi eskalasiya halını almasının səbəbkarı
da birbaşa vasitəçiliyi
üzərinə götürən ölkələrdir. İndi yenidən faydasız həmsədrlik institutunu bərpa etmək cəhdləri
müşahidə olunmaqdadır.
Məsələ ondadır ki, ərazilərimizin işğal olunmasına baxmayaraq, Azərbaycan ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlara gedərək uzun müddət münaqişəni sülh yolu ilə həll etməyə çalışdı. Təxminən 30 ildir davam edən danışıqlar heç bir nəticə vermədi, çünki Ermənistan son illərdə həmişə prosesi uzatmaq və status-kvonu davam etdirmək üçün danışıqları pozmağa çalışırdı. Nikol Paşinyanın timsalında Ermənistanın yeni inqilabi diktaturası əvvəlki hərbi-cinayətkar xuntadan da irəli gedərək prosesi daha da çətinləşdirdi. Paşinyanın insanlara verdiyi möcüzəvi vədlərinə əməl edə bilməməsi, eyni zamanda rəqiblərini zərərsizləşdirmək, alternativ səsi və vətəndaş cəmiyyətini boğmaq üçün diktator üsullarını işə salması səbəbindən daxili narazılıq pik həddə çatdı. Belə məqamda ermənilərin diqqətini daxili problemlərdən yayındırmaq üçün Dağlıq Qarabağ məsələsində mövqeyini radikallaşdıraraq ölkədə azərbaycanafobiyanı qızışdırmağa çalışdı. Paşinyan məsuliyyətsiz hərəkətləri və təxribat xarakterli bəyanatları ilə, o cümlədən işğal olunmuş ərazilərdə yaradılan qanunsuz kukla rejimini danışıqlara cəlb etmək cəhdləri danışıqların formatını dəyişdirməyə çalışdı. “Dağlıq Qarabağ Ermənistandır” ifadəsi ilə sülh prosesinə zərbə vurdu. Daha sonra Şuşa şəhərində kukla rejimin liderinin “andiçmə mərasimi”, Ermənistan müdafiə nazirinin “yeni ərazilər üçün yeni müharibə” elanları, iyul ayında Azərbaycanın Tovuz bölgəsində hərbi təxribatları hazırkı gərginliyə gətirib çıxaran amillər idi. Bu, Paşinyanın danışıqlar prosesinə zərbə vurmaq, onu mənasız etmək məqsədi daşıyan çoxsaylı fəndlərinin yalnız bir hissəsidir. Erməni diktatorunun absurd yeddi şərt irəli sürməsi faktiki olaraq Ermənistanın danışıqlar prosesindən çəkildiyini deməyə əsas verirdi. Xüsusilə nəzərə almaq lazımdır ki, son aylarda Ermənistan silah və hərbi texnika idxalını əhəmiyyətli dərəcədə artırdı və hava hücumu sistemini intensiv şəkildə genişləndirirdi. 100 min “könüllü”dən ibarət ümummilli “milis qrupu”nun yaradılmasının elan olunmasından sonra həmin qruplar işğal altında olan ərazilərimizə və iki ölkə arasındakı dövlət sərhədinə göndərilirdi. Bütün bunlar ona görə edilirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşırdı. Bu xüsusda, sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından istifadə edərək müxtəlif istiqamətlərdən intensiv atəşə tutmağa başladılar. Azərbaycan Silahlı Qüvvələri, Ermənistanın yeni hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün özünümüdafiə hüququ və beynəlxalq humanitar hüquqa tam uyğun olaraq əks-hücum və cavab tədbirləri həyata keçirməli oldu. Artıq 10 gündür ki, Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlar icra edərək düşməni bütün cəbhə boyu itkilər verərək geri çəkilməyə məcbur edir. Ağır məğlubiyyətlə üzləşən düşmən qüvvələri hərbi texnikalarını da döyüş meydanında qoyaraq ərazilərimizi sürətlə tərk edirlər. Azərbaycan Silahlı Qüvvələri təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək və ölkəmizin ərazi bütövlüyünü qorumaq üçün əzmlə mübarizə aparır. Çarəsiz duruma düşən Ermənistan mülki yaşayış sahələrinə hücum edir, yalanlar yayır, üçüncü tərəfləri münaqişəyə cəlb etmək də daxil olmaqla müxtəlif üsullardan və hiyləgər hərəkətlərdən istifadə edir. Əvvəllər olduğu kimi, bu dəfə də Ermənistan özünü “sülhsevər” ölkə kimi göstərməyə cəhd edərək Azərbaycanla danışmaları üçün müxtəlif ölkələrə yalvarır, özünün acınacaqlı, yazıq bir görüntüsünü yaratmağa çalışır. Ancaq Ermənistanın əsl məqsədi işğal olunmuş Azərbaycan torpaqlarının qorunub saxlanmasını təmin etmək və status-kvonu davam etdirməkdir.
Hər zaman olduğu
kimi baş verən bütün proseslər fonunda
yanımızda olan, hər cür dəstəyi verməyə hazır olduğunu bəyan edən ölkələrdən
biri də qardaş
Türkiyədir. Hərbi əməliyyatların davam etdiyi 10 gün ərzində Türkiyə rəhbərliyi
və bütün rəsmilər gün ərzində bir
neçə dəfə bəyanat yayaraq,
Azərbaycanın haqq davasına dəstək
ifadə edirlər.
Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi uğrunda apardığı mübarizədə tək olmadığını Ermənistana, daha doğrusu, düşmənin havadarlarının diqqətinə çatdırırlar. Prezident İlham Əliyev də “TRT Haber” kanalına verdiyi müsahibədə növbəti dəfər qardaş Türkiyənin əhəmiyyətini vurğulayıb. Ölkə rəhbəri qeyd edib ki, Türkiyə bundan sonrakı istənilən prosesdə mütləq iştirak edəcək. Dövlət başçısı Minks Qrupunun yenidən dirçəldilməsi cəhdlərindən də bəhs edib: “Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur. Hətta biz ona da hazırıq ki, əgər bizə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tarixləri verilərsə, o zaman atəşkəs üzərində çalışmaq olar. Amma onu da bilməliyik ki, atəşkəsi bərpa etmək o qədər də asan məsələ deyil. Çünki atəşkəs birtərəfli bərpa edilmir və bu anda şiddətli döyüşlər gedir. Əgər o çıxma tarixi bizə verilərsə, təbii ki, biz bu təlimatı verəcəyik. O zaman Minsk Qrupunun həmsədrləri və digər ölkələr, mümkün olan ölkələr buna qoşularsa, atəşkəs bərpa oluna və beləliklə, bu döyüşlərə son qoyula bilər”. Aparıcının “Mümkün olan ölkələr deyərkən nəyi nəzərdə tutursunuz” sualını ölkə rəhbəri bu cür cavablandırıb: “Türkiyəni. Türkiyə güclü bir dövlətdir, dünya miqyasında böyük potensiala malik olan ölkədir, bizim qonşumuzdur, Ermənistanın qonşusudur, Cənubi Qafqazın qonşusudur. Ona görə təbii ki, Türkiyə bu işlərdə fəal olmalıdır. Türkiyənin ilk saatlardan bizə göstərdiyi dəstək xüsusi önəmə malikdir. Eyni zamanda, bu döyüşlərin daha böyük müstəviyə çıxmaması üçün Türkiyənin qəti münasibəti çox önəmlidir. Çünki Türkiyə dedi ki, biz Azərbaycanın yanındayıq, sona qədər Azərbaycanın yanındayıq. Azərbaycan haqq yolundadır, haqq-ədalət Azərbaycanın tərəfindədir və bu, bir çox başqa aktorlara da xəbərdarlıq oldu. Ona görə bundan sonrakı sülh prosesində Türkiyə mütləq olmalıdır. Təbii ki, sülh prosesi başlanacaq, müharibə daim aparıla bilməz və bu, nə qədər tez olsa, o qədər də yaxşıdır”.
Ölkə rəhbərinin diqqət
çəkdiyi məqamı “Şərq”ə şərh edən
Qafqaz Beynəlxalq Münasibətlər və
Strateji Araşdırmalar Mərkəzinin
rəhbəri Araz Aslanlı deyib ki, Türkiyə
Dağlıq Qarabağ münaqişəsi
başlayan ilk gündən
etibarən daim regionda
sülhün, ədalətin və əməkdaşlığın
tərəfdarı olub. Ekspertin
sözlərinə görə, qardaş
ölkənin önəm verdiyi əsas prinsip ədalətin beynəlxalq hüquqa uyğun bərpa
olunmasıdır:
“Türkiyə Xarici
İşlər Nazirliyinin nümayəndə
heyəti 1991-ci ilin sonlarında bütün Cənubi Qafqaz
ölkələrinin hamısına səfərlər həyata
keçirdilər. Dedilər ki, bölgədə
heç bir dövlət
digərinə qarşı ərazi iddiası irəli sürməsin,
təcavüzkar siyasət həyata keçirməsin. Regionda sülh və əməkdaşlıq olsun. Əfsuslar ki, təcavüzkar
Ermənistan bu
çağırışa məhəl qoymadı və Azərbaycan
ərazilərinin işğalına başladı. Həmçinin,
Türkiyə və Gürcüstana da ərazi iddiaları irəli sürdü.
Nəticədə Türkiyənin arzuladığı sülh reallaşmadı.
Minsk Qrupu formatı ortaya
çıxanda da Ankara
hökuməti MQ üzvü kimi prosesə müsbət töhfə verməyə
çalışdı. Türkiyə XİN-in
Qarabağ problemi ilə
məşğul olan xüsusi
nümayəndəsi var idi
və o, daim regionda sülhün bərqərar
edilməsinə səy göstərirdi. Türkiyənin
prezidentləri, baş nazirləri və
digər rəsmiləri çalışırdılar ki, Ermənistanı
işğalçılıq siyasətindən vaz keçirsinlər, münaqişə
danışıq yolu ilə həllini
tapsın. Ermənistan buna da razı olmadı. 1999-cu ildə ATƏT-in İstanbul sammitində münaqişənin həllinə
xeyli yaxınlaşıldı, amma Ermənistan parlamentinə hücum
edilməsi prosesə maneçilik törətdi.
2008-ci ilin avqustunda Gürcüstan Rusiya
arasında müharibədən sonra o vaxt baş
nazir Rəcəb Tayyib
Ərdoğan Cənubi Qafqazda sabitlik paktı təklifini irəli sürdü. Lakin işğalçı
Yerevan hökuməti bu
təklifə də yaxın durmadı”.
Analitik vurğulayıb ki, Türkiyə son proseslərdə
də Azərbaycanın ərazi bütövlüyünün
tezliklə bərpa edilməsini və bölgədə
qalıcı sülhün təmin edilməsini
istəyir:
“Məqsəd eyni qalsa da, prosesin
xarakteri, mahiyyəti dəyişib.
Türkiyə gördü ki,
Azərbaycana qarşı ermənilərin
işğalçılıq siyasəti davam
edir. Ən əsası isə bəzi
aparıcı dövlətlər Ermənistanın təcavüzkar
siyasətinə dəstək verirlər. O baxımdan
Türkiyə regionla bağlı
ritorikasına hərbi tonlar əlavə
etməyə məcbur oldu.
Açıq şəkildə bəyan etdi ki, “Azərbaycan tək
deyil və regionda ədalətin,
sülhün bərqərar olunması üçün istədiyini edə bilər. Bunun reallaşması üçün
Türkiyə nə lazımdırsa, edəcək”. Ermənilərin
iyul ayında həyata keçirdiyi
təxribatdan sonra qardaş
ölkədən bu cür
mesajın gəlməsi münaqişənin taleyini
dəyişdirən amil oldu.
“Azərbaycan nə istəsə, edəcəm” ifadələrindən
sonra dünya gücləri
başa düşdü
ki, heç nə əvvəlki
kimi olmayacaq.
Hazırda Azərbaycan Ordusu işğal altında olan
torpaqlarımızı azad edir. Türkiyə yenə israrla təkrarlayır ki,
“heç kim Azərbaycanı
tək görməsin”. Əlbəttə, Türkiyə “heç kim” deyəndə
bədnam Ermənistanı nəzərdə tutmur.
Çünki zəif Ermənistan Azərbaycanı
tək görsə nə olacaq, görməsə
nə dəyişəcək?!”.
A.Aslanlının fikrincə, Türkiyə kənar
müdaxiləyə diqqət çəkir və mesajı da birbaşa onlara verir:
“Prezident İlham Əliyev “TRT Haber”ə müsahibəsində və dünən XİN rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən bir daha bəyan etdi ki, Türkiyənin “Azərbaycan tək deyil” ifadəsi çox mühümdür. Bu, Azərbaycanı qarışdırmaq, ölkəmizi parçalamaq istəyənlərə ciddi mesajdır. Dünya gücləri Türkiyənin mövqeyinin qətiyyətli olduğunu bildiyi üçün hər hansı müdaxilədən çəkinir. Türkiyə-Azərbaycan əməkdaşlığı bu gün torpaqlarımızın tezliklə işğaldan azad olunmasına müstəsna töhfələr verirsə, sabah regionda sülhü və sabitliyi təmin edəcək. Daimi sülh üçün isə işğal faktoru tamamilə aradan qalxmalıdır. Bu mənada qardaş ölkənin Azərbaycana dəstəyi çox-çox önəmlidir. Ümid edirəm ki, proseslərin sonunda ümumiyyətlə Minsk Qrupuna ehtiyac qalmayacaq”.
Şərq 2020.- 7 oktyabr.-
S.11.