Hər şey əladır...
Ordumuzun əks-hücumu Azərbaycanı tamamilə dəyişdi
Təbliğat-təşviqat
işləri elə qurulub ki,
hər kəs öz tikəsini əsgərlə
bölmək istəyir
Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
əmri ilə ordumuzun başlatdığı əks-hücum
əməliyyatlarının qazandığı zəfərlər
bütün xalqda yüksək əhval-ruhiyyə yaradıb.
Ayırd edə bilmirsən ki, əsgəri ruhlandıran
xalqın əzmidir, yoxsa xalqımız qəhrəman
döyüşçülərimizin cəbhədə,
döyüş meydanında əldə etdiyi zəfərlərdən
ruhlanır. Bunun bir cavabı ola bilər ki, xalq əsgərindən
güc aldığı kimi, əsgər də xalqın
sarsılmaz birliyindən, həmrəyliyindən ruhlanır.
Bu gün xalq-ordu və xalq-dövlət birliyi bir-birini ən gözəl şəkildə tamamlayır. Müharibələr, savaşlar zamanı ordunun üstünlüyünü təmin etmək, əsgərləri ruhlandırmaq üçün təbliğat işlərinə də həmişə xüsusi önəm verilib. Hərbi arsenal, döyüş texnikası, silah-sursat əsgərin döyüş silahıdırsa, təbliğat-təşviqat materialları da əsgərin ruh yüksəkliyinin saxlanmasında vacib əhəmiyyət daşıyır. Sovet rejiminin Böyük Vətən müharibəsi adlandırdığı və sovet insanlarının da ümumi Vətən uğrunda döyüşdüyü 1941-45-ci illərdə və müharibədən sonra da hərbi mahnılar, marşlar yazılırdı və bunların ordunun ruh yüksəkliyinə xidmət etdiyi vurğulanırdı.
Azərbaycan Ermənistanın hərbi təcavüzünə
məruz qaldıqda bizim də döyüş mahnılarımız, hərbi
marşlarımız yarandı. İstedadlı bəstəkarlarımız
neçə-neçə mahnılar ərsəyə gətirdi.
O mahnılar, marşlar bu
gün də xalqımız, əsgərlər
tərəfindən sevilir və daim səsləndirilir. Cavanşir Quliyevin
“Əsgər marşı”, musiqisi Eldar Mansurova, sözləri
Nahid Hacızadəyə məxsus və Mübariz Tağıyevin əvəzsiz
ifasında səslənən “Qalx, ulu torpaq” mahnısı və
neçə-neçə bu səpkili
mahnılar Qarabağ savaşında əsgərlərimizi
ruhlandırıb, xalqın mübarizə əzmini artırıb,
qələbəyə inamın itməsinin önünü
alıb.
Ordunun mənəvi-psixoloji
təminatı əhəmiyyətlidir
Azərbaycan
Müdafiə Nazirliyinin məlumatına görə,
ağır döyüşlərin başladığı ilk
gündən cəbhə bölgəsində təbliğat-təşviqat
işləri də əməliyyat şəraitinə
uyğun təşkil edilir. Ordu-xalq birliyinin bariz nümunəsi
kimi təbliğat-təşviqat kampaniyası bütün
ölkə boyu müvəffəqiyyətlə
aparılır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin
məlumatında qeyd olunur ki, döyüş əməliyyatları
zamanı mənəvi-psixoloji təminat tədbirləri
çərçivəsində təbliğat-təşviqat
işinin rolu danılmazdır. Bu tədbirlərin
keçirilməsində məqsəd Ordu-Xalq birliyinin daha da
möhkəmləndirilməsi, Ordumuzun qüdrətinin və
döyüşlərdəki uğurlarının
işıqlandırılması, eləcə də
xalqımızın orduya dəstəyi və etimadını
hərbi kollektivlərə çatdırmaqla şəxsi heyətin
döyüş ruhunun və qələbə əzminin daha da
yüksəldilməsidir.
Əyani
təbliğat-təşviqat tədbirləri çərçivəsində
Ali Baş Komandanın müraciətləri, təbrikləri
və ürək sözləri, həmçinin hərbi komandanlığın
müraciətləri şəxsi heyətə və mülki
sakinlərə çatdırılır, əldə edilən
qələbələr barədə məlumatlar operativ şəkildə
yayımlanır. Səyyar səsyayıcı stansiyaların tətbiqi
ilə keçirilən tədbirlərin hərbi-vətənpərvərlik
mahnı və marşları ilə müşayiət edilməsi
şəxsi heyət, eləcə də cəbhəboyu zonada
yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi
və rəğbətlə qarşılanır.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, ordumuzun
qazandığı uğurların,
döyüşçülərimizin rəşadətinin
ictimaiyyət arasında daha geniş təbliği, Vətən
torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən
döyüşlərdə igidlik göstərən hərbi
qulluqçuların xalqa tanıdılması sistemli şəkildə
təşkil edilir və yerinə yetirilir.
Bu
günlərdə Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının,
Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin,
“Azərbaycan Ordusu” qəzeti redaksiyasının əməkdaşları
döyüş bölgəsinə ezam edilib. Cəbhəboyu
zonada quraşdırılan səyyar mətbəələrdə
“Sən qalib gələcəksən!”, “Qalibiyyət
döyüşü” və “Böyük Qələbə
uğrunda” təşviqat vərəqələri, “Azərbaycan
Ordusu” qəzetinin xüsusi buraxılışları, bukletlər
hazırlanaraq cəbhədə olan şəxsi heyət və
cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin
sakinləri arasında yayılır.
Gəncə
Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən
4 təbliğat-təşviqat qrupu yaradılıb. Həmin
qruplar veteranların, ictimaiyyət nümayəndələrinin
şəxsi heyət qarşısında
çıxışlarını təşkil edir və
konsert proqramları təqdim edirlər. Bundan əlavə, səsgücləndirici
avtomobillər vasitəsilə ümummilli lider Heydər Əliyevin
və Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin ordumuz haqqında
çıxışları, hərbi vətənpərvərlik
mahnıları və döyüşlər barədə
operativ məlumatlar cəbhəboyu zonadakı
yaşayış məntəqələrində səsləndirilir,
vətənpərvərlik mövzusunda bədii və sənədli
filmlər nümayiş olunur.
Bu tədbirlər
döyüşən əsgər və zabitlərin mənəvi-psixoloji
durumuna müsbət təsir göstərir, döyüş əzmini,
qələbə ruhunu daha da artırır, mülki əhali tərəfindən
ruh yüksəkliyi və rəğbətlə
qarşılanır.
“Hər
şey qurbandır Azərbaycan əsgərinə”
Bu
günlərdə vətəndaşlarımızın əsgərlərə
yardımlar aparmaq niyyətində olduğunu
görürük. İmkanlı-imkansız, fərq etmir, hər
kəs bir tikə çörəyini də əsgərlə
bölüşmək istəyir. Ona görə yox ki, əsgərimizin
nəyəsə ehtiyacı var. Azərbaycan dövləti ordunun
bütün təminatını yetərincə
qarşılayır. Azərbaycan ordusu heç nədən
korluq çəkmir. Lakin illərdir qələbə xəbərlərini,
ordumuzun zəfər yürüşlərini gözləyən,
işğal altındakı torpaqlarımızın
azadlığına “susayan” xalq öz əsgəri ilə tikəsini
paylaşmaq, çörəyini bölmək istəyir. Şəkinin
Baş Küngüt kəndinin yaşlı sakini Hikmət
Musayev ehtiyacı olduğu halda öz təqaüdünü əsgərlərə
göndərmək üçün “Asan Xidmət”ə
müraciət etmişdi. Ahıl vətəndaşa
bildirilmişdi ki, Azərbaycan əsgərinin buna ehtiyacı
yoxdur. Anlaşılandı ki, ahıl kişi ürəyindən
gələni etmək istəyir. Müdafiə Nazirliyinin məlumatında
bu da bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
göstərişinə əsasən əks-hücum əməliyyatlarında
iştirak edən şəxsi heyətin təminat və təchizat
məsələləri dərhal həll olunur.
Müdafiə
Nazirliyindən bildiriblər ki, qoşunlarımızın təminatı
müvafiq idarə, xidmət və qurumlar tərəfindən
planlı şəkildə həyata keçirilir.
Döyüşdə iştirak edən hərbi
qulluqçularımız, hərbi texnika və
döyüş vasitələrimiz ərzaq, geyim, məişət
əşyaları, gündəlik tələbat məhsulları,
silah-sursat və yanacaq-sürtgü materialları ilə
sutkada 24 saat fasiləsiz təmin edilir.
Döyüş
əməliyyatlarının maddi-texniki təminatı ilə
bağlı heç bir problem və çətinlik yoxdur. Təminat
və təchizatla bağlı qarşıya qoyulan
bütün tapşırıqlar vaxtında icra olunur.
“Təbliğat-təşviqat
işləri yüksək səviyyədədir”
Əsgərlərdə
ruh yüksəkliyi yaradan ilk növbədə Ali Baş
Komandanın qətiyyəti, orduya, Azərbaycan əsgərinə
sarsılmaz inamıdır. Arxa cəbhədəkilərin
üzərinə düşən də təbliğat-təşviqat
işlərini lazımi qaydada icra etməkdir. Bu mənada
televiziya və radioların üzərinə məsuliyyət
düşür.
Azərbaycan
Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətinin
peşəkar diktoru, Xalq artisti Eldost Bayram hazırda efir və
radio dalğalarında aparılan təbliğat-təşviqat
işindən razı qaldığını bildirdi:
-
Vaxtilə mən də narazı idim, efirlərdəki,
radiolardakı bəzi verilişlərdən, diktorların
danışıq tərzindən, dil qüsurlarından, amma hər
şey birdən-birə o qədər gözəl oldu ki!
Ordumuz əks-hücuma keçdi, işğal altındakı
torpaqlarımızı azad etməyə başladı və
Azərbaycan tamamilə dəyişdi. Maşallah, nə qədər
istedadlar varmış?! Çox gözəl proqramlar tərtib
edirlər, çox gözəl verilişlər
hazırlayırlar. Heç kimə, heç bir iradım
yoxdur. Hər yeş əladır. Sanki hamımız, bir nəfər
kimi, bu günləri gözləyirdik. Qələbə xəbərlərini
gözləyirdik. Azərbaycan əsgəri sağ olsun, həm
də nə qədər istedadları üzə
çıxardı. Çox deyirdilər ki, radio nəyə
lazımdı, ömrünü başa vurub, internet əsridi,
sosial şəbəkələr zamanıdı. Amma
görürsünüz, radio necə vacib imiş. İndi ən
son xəbərləri radiodan dinləyirik. Şəxsən mən
ordumuzun əks-hücumları başlayandan ancaq radionu dinləyirəm.
Hər şey yüksək səviyyədədi. Xəbər
yayıcılığı da, xəbərlərin təqdimatı
da. Vətənpərvərlik mövzulu proqramların
hazırlanması da. Şəhərdə, kəndlərdə,
hər yerdə qələbə əhval-ruhiyyəsi var.
Binalardan, eyvanlardan dalğalanan bayraqlar bəs edir ki, insan
özünü xoşbəxt hiss etsin. Dövlət
bayrağımızın əlamətdar günlərdə,
dövlət müəssisələri, inzibati binalarla
yanaşı evlərin pəncərələrindən,
eyvanlardan dalğalanması artıq ənənə
halını alıb və bu, çox böyük ruh yüksəkliyi
yaradır. Bunun özü əsl təbliğat-təşviqat
işidir. Hər şey çox gözəldir. Hər
şeyin bu qədər gözəl görünməsinin bir səbəbi
var; Ordumuzun qalibiyyəti. Şükürlər olsun ki, cənab
prezidentin rəhbərliyi ilə Azərbaycan Ordusu zəfər
ardınca zəfər qazanır, inşallah, böyük Qələbə
gününü də görəcəyik.
Eldost
Bayram qeyd etdi ki, Azərbaycan hamımızın ümumi evimizdir.
Bu evdə əmin-amanlıq, rahatlıq varsa, istənilən
digər çətinliyə dözmək asandır:
- Mən
iki dəfə görkəmli sənətkar Habil Əliyevin
yubiley gecəsinin aparıcısı olmuşam. Məclisdə
dedim ki, Habil müəllim dünyanı gəzir; əli dolu,
ürəyi dolu. Amma sonda qayıdıb yenə öz evinə
gəlir. Əgər həyat yoldaşı Şərqiyyə
xanım qapını açanda üzündə
narazılıq ifadəsi olsa, Habil müəllimin əldə
etdikləri olacaq heç nə. Azərbaycan da bizim
hamımızın ümumi evimizdi. Bu evdə sakitlik, əmin-amanlıq,
rahatlıq olmalıdır ki, insanların üzü
gülsün. İndi Azərbaycan əsgəri bizə o
sevinci yaşadır. Biz illərlə bu günü gözləmişik.
Sovet ordusu sıralarında, Moskvada hərbi xidmət
keçmişəm. Elə olurdu ki, tanınmış şəxslərlə
görüşlər, konsertlər təşkil olunurdu, əyləşib
tamaşa edirdik, amma rahat baxa bilmirdim, gözləyirdim ki, indicə
çağıracaqlar “sıravi Bayramov, “na vıxod”. Azərbaycan
xalqı böyüyü ilə, kiçiyi ilə 30 ildir o vəziyyətdə
idi. Bir əmr – İrəli! əmrini gözləyirdik.
Şükür ki, o günü gördük. Prezidentimiz var
olsun, dövlətimiz var olsun. Azərbaycan insanı artıq
xoşbəxtliyə qovuşur, çünki doğma yurduna
qayıdır. Hamı qələbə xəbərini gözləyir.
Qələbə xəbərini xalqa çatdırmaq
üstündə “qırğın düşəcək”.
Kimin bəxtinə yazılıbsa, o səsləndirəcək.
Hamı deyir, Eldost müəllim sizin səsiniz əladı!
Amma məni mikrofana yaxın buraxmazlar. Gənclər var, onlar
deyəcək.
Məlahət Rzayeva
Şərq 2020.- 9 oktyabr.- S.11.