"Qarabağ Azərbaycanın
Çanaqqalasıdır"
General Yücel
Karaüz: "Türkiyədə bu cür savaş
taktikasına “Qurd qapanı” deyilir"
"Azərbaycan Türkiyəni
harada, necə görmək istəyirsə, biz oradayıq.
Masada görmək istəyirsə, masada,
savaş meydanında görmək istəyirsə,
savaşdayıq"
Azərbaycanda Vətən müharibəsi, haqq
savaşı gedir. Ordumuz beynəlxalq hüquqa əsaslanıb
Ermənistan tərəfindən işğal olunan
torpaqlarımızı azad edir. 22
gündür Azərbaycan Ordusu Qarabağda erməni
silahlılarına, terrorçu tör-töküntülərinə
sözün həqiqi mənasında qan uddurur. Mükəmməl hazırlanmış hərbi-taktiki
gedişlə düşmənin bütün atəş
nöqtələri, müdafiə-istehkam postları dəqiqliklə
darmadağın edilir. Hərbi
texnikasını, silah-sursatını geridə buraxan
düşmən ardına belə baxmadan qaçır.
Artıq hər kəs görür ki, təcavüzkarı
istənilən an acı məğlubiyyətə
düçar etməyə hazır olan qüdrətli Azərbaycan
Ordusu var. Ordumuz özünün şərəfli və qalib
imicini Ağdərədən Füzuliyə qədərki
böyük arenada hərbi uğurlarla formalaşdırdı. Milli Ordumuzun
şərəfli imici Cəbrayılın, Madagizin, Hadrutun,
Horadizin, onlarla digər kənd və şəhərlərin
azad olunması sayəsində möhkəmləndi. Ordumuzun cəbhədəki uğurları Türkiyənin
peşəkar hərbçiləri tərəfindən də
çox yüksək qiymətləndirilir. Qardaş ölkənin yüksək rütbəli
zabitləri hesab edirlər ki, Azərbaycan Ordusu öz
döyüş taktikası ilə dünyanın silahlı
qüvvələri arasında üst sıralarda olmağa
layiq olduğunu isbat etməkdədir.
Türkiyənin
Azərbaycandakı Səfirliyinin keçmiş hərbi
attaşesi, general Yücel Karaüz də “Şərq”ə
müsahibəsində vurğulayıb ki, Azərbaycan Ordusu
işğalçı Ermənistanla müharibədə qəhrəmanlıq
tarixi yazır.
-
Paşam, 26 illik fasilədən sonra Azərbaycanın
işğal altındakı torpaqlarını müharibə
yolu ilə azad etmək qərarını necə şərh
edərdiniz?
- Öncə Azərbaycanın
haqq savaşında şəhidlik zirvəsinə ucalan həm
əsgər və zabitləri, həm də mülki şəxsləri
rəhmət, minnət və şükranlıqla yad edirəm.
Yaralı qardaşlarımıza şəfa diləyirəm.
Azərbaycan Ordusunun öz torpaqlarını
düşməndən azad etmək üçün
başlatdığı haqq davası yalnızca Azərbaycanın
deyil, türk dünyasının haqq savaşıdır.
Görünüşdə Azərbaycan və
Qarabağ olsa da, düşmənin sərhədboyu təxribatlarının
əsas məqsədi türk dünyasının birliyinə
qəsd etmək, vəhdətimizə xəncər vurmaq idi.
Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həlli üçün əlindən gələni
etdi və 30 il səbrlə gözlədi.
1992-ci ildən etibarən münaqişə tərəfləri
arasında dövlət rəhbərliyi səviyyəsində
81 görüş keçirilib. XİN
başçıları müstəvisində isə yüzlərcə
nəticəsiz təmaslar baş tutub. Azərbaycanın
haqlı tərəf olduğunu, işğala məruz
qaldığını göstərən BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi, yəni toplam 670 səhifəlik
beynəlxalq hüquq çərçivəsində
alınmış qərarlar var. Ancaq bunların zərrə
faydası olmadı. Əksinə, danışıqlar davam
etdiyi günlərdə uşaq qatili Nikol Paşinyan sərsəmcə
“Qarabağ Ermənistandır” dedi. Şuşada
qondarma rejim “başçı”sının uydurma “andiçmə
mərasimi” keçirildi. Bu addımlar
açıq şəkildə göstərdi ki, indiki Ermənistan
rəhbərliyi münaqişəni sülh və
danışıq yolu ilə həll etmək fikrində deyil.
Nəticə etibarı ilə Azərbaycan beynəlxalq
hüququn verdiyi əsasla öz torpaqlarında, güclü və
müzəffər ordusu ilə hərbi əməliyyatlara
başladı. Bu günə qədər təxminən
85 kənd, iki şəhər və mühüm strateji
yüksəkliklər düşməndən azad edilib.
Murovdağın, Suqovuşanın, Cəbrayıl və Fizuli
şəhərlərinin, Hadrutun qurtarılması
mühüm hərbi qələbədir. Düşmən
həm müharibə meydanında məğlubiyyətə
uğrayır, həm də ermənilərin savaşmaq istəyi,
döyüş ruhu sürətlə azalır. Ermənilər böyük ruh
düşkünlüyü yaşayır. Azərbaycan BMT-nin 51-ci maddəsinə uyğun olaraq
30 ildir davam edən işğala qarşı haqq mübarizəsi
aparır. Qarabağ Azərbaycanın Çanaqqalasıdır.
Eynən Çanaqqala və Sakarya kimi
qurtuluş mübarizəsidir, böyük Vətən
müharibəsidir. Azərbaycan dövləti
öz torpaqlarını işğaldan azad etmədiyi müddətcə
Dağlıq Qarabağ münaqişəsinin həlli
mümkün deyil. Dünya ictimaiyyəti
bilsin ki, Ermənistan baş naziri Nikol Paşinyan sadəcə
Azərbaycana qarşı təxribat həyata keçirmir, erməni
baş nazir öz əsgərlərinə qarşı da qətliam
törədir. Cəbhədəki erməni
əsgərləri qaçmasınlar deyə zorla
ayaqlarından zəncirlə maşınlara
bağlanılır, qorxu və ağrı hiss etməsinlər
deyə narkotik maddələr verilir. Qarabağdan
qaçan ermənilərin qarşısı kəsilir, zorla,
təhdidlə geri göndərilir. Bütün
bunlar Ermənistanın bütün bəşəriyyətə
qarşı təhdid sayıldığını, əsl
terror dövləti olduğunu təsdiqləyir. Erməni xalqı özü onları məhvə
sürükləyən baş nazirlərinə “dur” deməlidir.
- Hərbçi
olaraq Azərbaycan Ordusunun Qarabağda apardığı
müharibəni, təmizləmə metodunu, savaş
taktikasını necə dəyərləndirirsiniz?
- Azərbaycan Ordusu 1992-ci ildə “yox” səviyyəsində
idi. Sovet Rusiyası Azərbaycan türklərinin əsgəri
yöndə güclənməsini istəmədikləri
üçün azərbaycanlıların hərb sənətini
öyrənməsinə, silah-sursatla, hərbi texnika ilə
yaxından məşğul olmasına imkan yaratmayıb.
Müstəqilliyin ilk illərində
güclü imkanlara və döyüş taktikasına malik
ordudan söhbət gedə bilməzdi. Ötən
müddət ərzində Azərbaycan Ordusu hərbi texnika, təchizat,
peşəkarlıq və geyim baxımından sıfır
nöqtəsindən çıxdı və sürətlə
indiki güclü vəziyyətə gəldi. Atəşkəs dövründə gecə-gündüz
çalışıb tər tökən Azərbaycan
Silahlı Qüvvələri başdan-ayağa yeniləndi.
Türkiyə və digər ölkələrlə
yüksək hərbi əməkdaşlıq quruldu. Hərbi maşınları, bütün növ
texnikasını modernləşdirdi, əsgəri təlimlərlə
gücləndi, peşəkarlaşdı. Dünya
orduları arasında 50-ci sıraya girməyi bacardı.
Bunu dünyada bacara bilən ölkə
sayısı çox azdır. 26 il ərzində
ordunu sıfırdan bu səviyyəyə gətirmək
müstəsna bacarıq tələb edir. Hazırda
Azərbaycan Ordusu döyüş meydanında böyük zəfərlər
əldə edir. Hərbçi olaraq deyirəm
ki, bir ordunun birdən çox cəbhədə uğurla irəliləməsi
çox çətindir. Azərbaycan Ordusu Murovdağ, Kəlbəcər
istiqamətində, Ağdərə, Xocalı istiqamətində
və Cəbrayıl-Fizuli istiqamətində savaşı
böyük bacarıqla sürdürür. Biri-birindən
fərqli və uzaq məsafələrdə əməliyyatlar
həyata keçirir. Türkiyədə
bu cür savaş taktikasına “Qurd qapanı” deyilir. Azərbaycan Ordusu hilal, yəni aypara şəklində
düşməni məğlub edərək irəliləyir,
erməniləri iki tərəfdən mühasirəyə
alır.
- 30 ildir torpaq həsrəti çəkənlər
ərazilərimizin daha tez müddətdə, daha sürətlə
azad edilməsini arzulayır. Amma yəqin ki, hərbi əməliyyatlarda
bölgənin relyefi, mövqeləri də nəzərə
alınır...
- Sıravi
insanlar və siyasətçilər müharibə gedən
bölgələrə xəritə üzərindən
baxır və nə gəldi danışırlar, mülahizələr
irəli sürürlər. Əsgərlər isə
müharibə meydanının içindədir və
savaş ərazisinə dağdan, təpədən, real
mövqelərdən baxırlar. Hər şey xəritə
üzərində göründüyü kimi deyil. Xəritədə
Murovdağ zirvəsi düzənlik kimi görünür.
İnsanlar səbirsizlənir ki, niyə torpaqlar tez azad edilmir
və s. Bölgədə hərbi əməliyyatların surətinə
maneçilik törədən ciddi amillər var. Birincisi,
Ordunun irəliləmə sürətidir ki, hazırda Azərbaycan
Ordusu kifayət qədər sürətli hərəkət
edir. İkinci mühüm faktor müdafiə yox, hücum
taktikasıdır. Hücum etmək “iynə ilə quyu qazmaq”
kimidir, çox yavaş və ehtiyatlı olmaq lazımdır.
Düşünülmüş hərəkət planları təbii
olaraq ordunu yavaşladır. Digər məsələ 30 il ərzində
qurulan müdafiə istehkamlarıdır. Nəzərə alaq
ki, hazırda həmin bölgədə, xüsusən azad edilən
ərazilərdə minasız torpaq sahəsi demək olar ki,
yoxdur. Azərbaycan Ordusu həm hücum taktikasını həyata
keçirir, həm minaları təmizləyir, tələləri
dəf edir, həm də aşağıdan yuxarıya
doğru hərəkət edir. Eyni zamanda qış fəsli
olduğu üçün havalar soyumağa, iqlim sərtləşməyə
başlayıb. Minimum itkiyə hesablanmış bu əməliyyatlar
Azərbaycan hərb tarixində öz mühüm yerini
tutacaq. Əməliyyatlar daha sürətli olarsa, itkilər də
çox olar. Buna da ehtiyac yoxdur, əsas müsbət nəticənin
əldə olunmasıdır. Yəni
hərbi baxımından əlverişli taktika icra edilir.
Dağlıq Qarabağın ərazisi, relyefi bu taktikanın
daha münasib olduğunu göstərir. Bir məqamı da
vurğulayım ki, Azərbaycan Ordusu cəbhədə
düşmənə qarşı rəşadətlə
vuruşmaqla yanaşı, humanist dəyərlərə də
sayğı ilə yanaşır, sivil erməniləri,
silahsız kimsələri hədəfə almır. Hətta
silahını qoyub təslim olan düşmənə belə
rəhm edir. Bu da dünya hərb tarixində çox az rast gəlinən
örnək bir davranışdır. Nəzərə alaq ki,
hərbi əməliyyatlar 30 illik fasilədən sonra həyata
keçirilir. Bu müddət ərzində düşmən
qüvvələri bölgədə müxtəlif müdafiə
sistemləri qurublar. Həmçinin bölgənin
dağlıq olması, iqlimin soyuqluğu, əməliyyatın
üç qoldan paralel aparılması müəyyən zaman
edir. Hərbi taktika baxımından uğurlu yöntəmlər
istifadə olunur.
- Qarabağ savaşı “dron
müharibəsi” adlandırılır. Düşmənin bir
çox hərbi texnikası məhz İsrail və Türkiyə
istehsalı olan pilotsuz uçan aparatlar tərəfindən
vurulub. Müasir dönəmdə ən modern silahlarla
savaşmaq nə qədər önəmli və
faydalıdır?
- Müharibədə
silah sistemləri əraziyə, düşmənin mövqeyinə
və müdafiə sistemlərinə əsasən tətbiq
edilir. Hər savaşda istifadə olunan texnikalar biri-birindən
fərqlənir. Birinci, İkinci Dünya müharibəsində
və ondan sonrakı savaşlarda klassik tank və s. zirehli
texnikalara daha çox üstünlük verilirdi. Ancaq modern
savaşlarda müasir və sürətli manevr imkanına
sahib qırıcılardan, müxtəlif elektronik sistemlərdən,
pilotsuz vasitələrdən daha çox istifadə olunur. Azərbaycan
Ordusu son dövrlərdə müxtəlif ölkələrlə
hərbi əməkdaşlıq sayəsində hərbi
arsenalını tam şəkildə modernləşdirib, ən
müasir silahlara, PUA-lara sahib olub. Yerdə, havada, suda istifadə
olunan bütün hərbi texnikalarla yanaşı əsgəri
heyətin üzərindəki silah-sursat da yenilənib. Ən əsası
isə ordu bölmələri arasındakı rabitə-koordinasiya
sistemlərini “kripto”ları özündə olan mükəmməl
hala gətirib. Modern hərbin tələb etdiyi bütün
şərtlərə cavab verən Azərbaycan Ordusu texniki təchizatına
görə regional gücə çevrilib. Boks
matçında əli uzun olan idmançı rəqibi üzərində
üstünlüyə malik olur və ona ard-arda zərbələr
endirir. Bu gün güclü Azərbaycan Ordusu zəif erməni
silahlıları qarşısında məhz bu şəkildə
mübarizə aparır. Azərbaycan “Bayraktar” PUA-larla, uzun mənzilli
topçu sistemləri ilə düşməni modern müharibədə
uzaqdan tam məğlubiyyətə uğradır.
- Hər zaman olduğu kimi, qardaş
Türkiyə dövləti və xalqı
yanımızdadır, maddi-mənəvi dəstəyi bizdən
əsirgəmir. İndiki məqamda güclü Türkiyənin
yanımızda olması nə qədər mühüm
faktordur?
- Türkiyə hər daim kökü, soyu bir olan qardaşlarının yanında olacaq və üzərinə düşən vəzifələri tam şəkildə, tərəddüd etmədən icra edəcək. Azərbaycan türkləri Birinci Dünya müharibəsində, Çanaqqala savaşında, Qurtuluş müharibəsində öz zinət əşyalarını, yemək-içməyini, ərzaqlarını, geyimlərni qardaşlarına göndəriblər. “Qardaş köməyi”, Məhəmməd Əmin Rəsulzadənin böyük əməkləri hər zaman Türkiyədə yad edilir. Mustafa Kamal Atatürk Nəriman Nərimanovdan borc istədiyi zaman o, “qardaş qardaşa borc verməz, əl tutar” deyə cavab verib. Osmanlı imperiyası yeddi cəbhədə savaş verərkən, Nuru Paşa komandanlığında Qafqaz İslam Ordusunu Azərbaycan xalqının imdadına göndərib. O vaxt Nuru Paşanın öz ordusu ilə Bakını xilas etməsi necə bir məsuliyyət və mənəvi borc idisə, indi də Türkiyə dövləti və xalqı eyni ruhla Azərbaycana dəstək verir. Artıq Türkiyə də, Azərbaycan da 20-30 il əvvəlin ölkəsi deyil. Türkiyə bütün resursları ilə Azərbaycanın yanındadır. Biz “bir millət, iki dövlətik”, amma xarici işlər nazirimiz M.Çavuşoğlunun dediyi kimi lazım olan anda “bir millət, bir dövlət” olmağı da bacarırıq. 1992-ci ildən bu yana Azərbaycan hərbçilərinin təhsilində ən böyük rolu Türkiyə tədris ocaqları oynayıb. Bu gün də ordular arasında ünsiyyət, əməkdaşlıq, məsləhətləşmə davam etməkdədir. Azərbaycan Türkiyəni harada, necə görmək istəyirsə, biz oradayıq. Masada görmək istəyirsə, masada, savaş meydanında görmək istəyirsə, savaşdayıq. Biz bunu təşəkkür üçün etmirik, bu, tarixi köklərimizdən, genlərimizdən gəlir və tarixi məsuliyyətimizdir. 18 oktyabr tarixində Azərbaycanın müstəqillik gününü qeyd etdik. O gün olsun, Azərbaycanın müstəqilliyinin 30-cu ildönümünü Şuşada, Laçında, Xocalıda üçrəngli mübarək bayrağımızın kölgəsində qeyd edək. Azərbaycan Ordusu bunu bacara biləcək gücdədir. Eşq olsun Azərbaycana, eşq olsun Azərbaycan Ordusuna, eşq olsun türk millətinə. Allah Azərbaycanı daim var etsin. Qarabağ Azərbaycandır!.
İsmayıl
Qocayev
Şərq 2020.- 20 oktyabr.- S.8.