"Nuru Paşanın ruhu
Qarabağdadır" - Ənvər Paşanın nəticəsi
"Şərq"ə danışdı
Burak Ənvər:
"Azərbaycandakı qardaşlarımız bunu əsla
unutmasınlar – Türkiyənin və bütün türk millətinin
duaları sizinlədir"
Türkiyə-Azərbaycan arasında qardaşlıq münasibətləri əbədi və sarsılmazdır. Tarixin hər dövründə bir-birimizə arxa çıxıb, dayaq durmuşuq. 1918-ci il Azərbaycan Xalq Cümhuriyətinin daxili-xarici hücumlardan müdafəsində və möhkəmlənməsində ozamankı Osmanlı dövlətinin misilsiz köməyi olub. Qafqaz İslam Ordusu ağır döyüşlərdə rus-bolşevik, daşnak qoşunlarını darmadağın edərək Bakını, bütövlükdə Azərbaycanı xilas edib. Bakının azad olunduğu 15 sentyabr günü tariximizin ən şanlı səhifələrindən sayılır.
Bu gün
də qardaş Türkiyə bütün imkanları ilə Azərbaycanla
birlikdə olduğunu,
torpaqlarımızın azadlığı uğrunda
apardığımız Vətən müharibəsində
bizə dəstək verdiyini bütün dünyaya
göstərir. Yüz il
öncə tərəddüd etmədən ölkəmizə
yardım əlini uzadan türk
qardaşlarımızın varisləri yüz
il sonra eyni həyəcan və ruhla
Ordumuzun zəfər xəbərlərini
izləyirlər.
Haqq savaşımıza şanlı babalarımızın yadigarları da dəstək ifadə edirlər. Onlardan biri doğma qardaşı, xilaskarımız Nuru Paşanı tam səlahiyyətlə Azərbaycanın imdadına göndərən Ənvər Paşanın nəticəsi Burak Ənvər bəydir. Burak Ənvər “Şərq”ə müsahibəsində Türkiyə dövlətinin və qəhrəman türk millətinin hər zaman, istənilən şəraitdə qardaş Azərbaycanın yanında olduğunu söyləyib.
Burak bəylə söhbətə keçməzdən
öncə qısaca bildirək ki, böyük bir
imperiyanın – Osmanlının taleyini on il boyunca
əlində saxlayan Ənvər Paşa hərb naziri və
Baş Komandan vəkili
vəzifəsində çalışıb. 21 yaşında Balkan dağlarında başlayan
ziddiyətli həyatını Vətən və millətin
müdafiəsinə həsr edib.
“Ədirnə fatehi” ünvanını
daşıyan məşhur Paşa Çanaqqalada, Qalitsiyada, Kut-ül Amarədə, Bakı və başqa bölgələrdə tarixi zəfərlər qazanıb. Daha sonra imperializm
əleyhinə mübarizəsini Türküstanda
bolşeviklərə qarşı sürdürüb
və 1922-ci ildə, 41 yaşında şəhidlik zirvəsinə
ucalıb.
- Burak bəy, öncə Azərbaycan xalqının hər zaman xüsusi hörmətlə yad etdiyi qəhrəman Ənvər və Nuru paşalarla necə qohum olduğunuzu, hansı işdə çalışdığınızı öyrənmək istərdik.
- Mən Ənvər
Paşanın nəvəsi Arzu Ənvər
Əroğanın oğluyum. Nuru Paşanın varisi
olmadığı üçün həm
Ənvər Paşadan, həm də Nuri Paşadan geriyə qalan yeganə kişi varisəm.
Muzeylərin birində arxiv araşdırmaçısı
olaraq çalışıram.
Araşdırma sahəm isə Birinci Dünya müharibəsidir.
- Ananız Arzu xanım Ənvər Azərbaycana gəlib,
Bakıda olub. Təbii olaraq
ölkəmizdə xilaskar paşaların
yadigarı kimi böyük
sevinc və sayğı ilə
qarşılanıb. Bəs siz Azərbaycanda
olmusunuzmu?
- Anam bir neçə dəfə Azərbaycanda olub. Əfsuslar olsun ki, hələlik qardaş ölkəyə getmək mənə nəsib olmayıb. Qarabağda savaş başlayanda Azərbaycan hökumətinə xüsusi müraciətlər ünvanladım, rica etdim ki, məni Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın Gəncədəki qərargahına aparsınlar. Çünki Azərbaycan ordusuna və xalqına dəstək olmaq və ruh yüksəkliyi vermək istəyirdim. Hələlik müraciətimə cavab almamışam.
- Sadəcə Azərbaycan
deyil, ümumən türk
xalqları üçün dəyərli
şəxsiyyətlər sayılan Ənvər və Nuru paşalar barədə
hansı xatirələri eşitmisiniz? Onlar barəsində nələr bilirsiniz?
- Ənvər
Paşanın vəzifə başında sərt, evində,
ailəsinin yanında isə sakit təbiətli,
mehriban xasiyyətli olduğu
deyilirdi. Nuru Paşa isə xarakter
etibarı ilə çox sakit,
təmkinli və rahat insan
olub. Əlbəttə, hər iki şəxsin həyatının böyük hissəsi cəbhələrdə,
döyüşlərdə keçib. Evdə,
ailələrinin arasında çox zaman keçirə bilməyiblər. O səbəbdən
ev və ailə xatirələri çox deyil.
Bu vəziyyəti Ənvər Paşanın həyat
yoldaşı Naciyə Sultanın ona
yazdığı məktublarda açıq görmək mümkündür. Ənvər Paşa ilə əlaqədar dinlədiyi ən
qiymətli xatirəni 2009-cu ildə Osmanlı xanədanından
olan hörmətli şahzadə
Ərtoğrul Osman Osmanoğlu
əfəndi anladıb. Şahzədə Ərtoğrul
Ənvər Paşanın onları arabası ilə gəzdirdiyini,
paşanı çox sevdiklərini deyirmiş.
Hətta bir gəzinti sırasında Ənvər Paşanın qucağında oturarkən onun medallarından birini çəkib qopartdığını söyləyirdi. Paşa bu hərəkətə nəinki əsəbiləşib, əksinə, gülümsəyib. Mərhum Ərtoğrul Osman Osmanoğlu 90 il zaman keçməsinə rəğmən Ənvər Paşanın o gülümsəməsini heç vaxt unutmadığını bildirirdi.
- Məlum olduğu
kimi, Azərbaycan Ordusu
düşmən işğalındakı
torpaqlarımızı azad etmək üçün hərbi əməliyyatlar
aparır. Müzəffər ordumuzun haqq savaşını necə dəyərləndirirsiniz?
-
Azərbaycan Ordusu qəsb edilmiş
Vətən torpaqları üçün
qanun tanımayan, insanlıqdan nəsibi olmayan bir terror
dövləti – Ermənistana və onun
cinayətkar rejiminə qarşı haqlı mücadilə verir. Şanlı Azərbaycan ordusunun
əzici gücü qarşısında tab gətirə bilməyən erməni zabitləri
öz əsgərlərinin əl-ayaqlarını
maşınlara zəncirlə bağlayaraq
qaçır. Cəbhə bölgəsində mövqeləri
qoyub qaçan
düşmən arxadan sivilləri, mülki şəxsləri bombalayır. Ermənilər
barbar hərəkətləri ilə öz xislətlərini ortaya
qoyur, özü-özünü
dünya ictimaiyyətinin nəzərində
ifşa edirlər. Haqq
Azərbaycanın tərəfindədir. Qarabağın haqq etdiyi kimi
azadlığına qovuşacağına və yenidən Azərbaycana
qatılacağına zərrə qədər şübhəm
yoxdur.
- 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə qəhrəman
türk əsgəri Azərbaycanın
imdadına yetişdi. Yüz
il sonra qardaş Türkiyənin bütün
imkanları ilə bizimlə bərabər olmasını, “masada da, savaşda
da yanınızdayıq” mesajını
necə şərh edərdiniz?
- İstanbul
nə qədər mənim evimdirsə, Bakı da o qədər evimdir. Əgər qardaşım “yardım et” deyərsə, öz
qardaşıma əl uzatmaqdan, onun yanında olmaqdan təbii
nə ola bilər?! 100 il
əvvəl bu beləydi, yüz
il sonra da belə olacaq. İstəyir
bütün dünya
üzərimizə gəlsin, dəyişən heç nə yoxdur.
Qardaşın yalnız bıraxıldığı türk tarixində nə zaman
görülüb?
- Qafqaz
İslam Ordusu işğal altındakı Qarabağı 1 ay müddətinə azadlığa qovuşdurmuşdu...
- Nuru
Paşa cismən orada
olmasa da, ruhu Qarabağdadır. Əmin olun,
sizlərlə birlikdə düşmənə qarşı
savaşır. Ən qısa zamanda böyük zəfər gününün
çatacağına, tam qələbə
qazanacağımıza inancım tamdır.
- Türkiyə-Azərbaycan birliyinin hər zaman indiki kimi olması
arzulanır. Zamanla bu
qardaşlığın və milli vəhdətin
bütün türk
dünyasını bir araya
gətirəcəyinə inanırsızmı?
- Bu
çox önəmli məsələdir.
“Türkün türkdən
başqa dostu yoxdur” şüarını bütün
dünya ölkələri çox yaxşı anladı və türk vəhdətinin real
gücünü gördü.
Ona görə də hər kəs bu birliyin
formalaşmasını və güclənməsini əngəlləməyə
çalışır. Fəqət son
nəticədə böyük və güclü türk birliyinin qurulacağından əminəm.
İçimdən bir səs Türk birliyinin Bakıdan
başlayacağını söyləyir.
- Müharibə tərəflərinə,
daha doğrusu, konkret Azərbaycana “yenidən masaya
qayıdın” çağırışları edilir. Düşmən təslimçi
sülhə razı olmadan savaşı
dayandırmaq məntiqlidirmi?
- İstənilən
halda ədalətli sülhün
bərqərar olunması önəmli və dəyərlidir.
Belə sülhə Azərbaycan tərəfi də “xeyr” demir. Fəqət
Qarabağ aid olduğu Azərbaycana qatılmadıqca
müzakirə ediləcək bir şey olduğuna
inanmıram. Çünki Ermənistan
işğalçı tərəfdir və hələ də
təcavüzünü davam etdirir. İnşallah, Azərbaycan
ordusu işgal
altındakı türk torpaqlarını ən
tez zamanda azad edəcək.
Buna türk birliyinə inandığım kimi könüldən inanıram. Azərbaycandakı qardaşlarımız bunu əsla unutmasınlar – Türkiyənin və bütün türk millətinin duaları sizinlədir.
İsmayıl Qocayev
Şərq 2020.- 22 oktyabr.- S.8.