"Gecələr gözümə yuxu getmirdi"
Hidayət
Elvüsal: "Uşaqlığımızı, ən təmiz
xatirələrimizi, yazdığımız ilk sevgi məktublarını
oğurladı ermənilər"
Xalqımız hər an, hər saat qələbə xəbərləri
gözləyir. Cənab Prezident, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyev də bütün ölkənin
səbirsizliklə gözlədiyi müraciətlərində
xalqa işğaldan azad edilmiş şəhərlər, kəndlər,
qəsəbələrin müjdəsini verir. Sentyabrın
27-dən bütün ölkə əhalisi – kiçiyindən
böyüyünədək bu xəbərlərə köklənib.
Yurd-yuvasından didərgin düşmüş
soydaşlarımız isə xüsusilə həssas
durumdadır. Heç kəs inkar etməz
ki, köçkün soydaşlarımız qədər qələbə
müjdəsinə, hansısa kəndin, bölgənin
işğalına son qoyulması xəbərini daha artıq səbirsizliklə
gözləyirlər. Vətən hər
birimizindi. Amma Vətən hamımızdan
daha artıq bu gün cəbhədə düşmənə
zərbələr vuran, məğlubiyyət
acısını yaşadan igid əsgərlərimizindir.
Bu, birmənalıdır. Köçkün
soydaşlarımızı fərqləndirənsə
onların Vətəndəykən doğma yurdlarına həsrət
qalmalarıdır. Bu gün o həsrətlərə
son qoyulduqca köçkün soydaşlarımıza sanki
ikinci nəfəs gəlir. İllərlə
köçkünlük, itkinlik acısı içində
yaşayanlar üçün qələbə xəbərləri
isti ocaqlarına qayıdış müjdəsidir. Bu hissi yalnız onu yaşayanlar bilər.
Qocaman
jurnalist, Azərbaycan mətbuat tarixində “Səhər”
adlı demokratik nəşrin rəhbərlərindın
biri və ən əsası yurdumuzun cənnət
adlandırılan Kəlbəcərində doğulub
boya-başa çatmış
Hidayət Elvüsal indi hansı hissləri keçirir,
təxmin etmək asandı. Amma, dediyim kimi, biz
sadəcə təxmin edirik, hissləri qoy özü dilə
gətirsin. Mümkündürsə, əgər.
-
Qızım, bu hissləri mən, illərin qələm
adamı, jurnalisti ifadə edə bilmirəm... Nə deyim,
keçirdiyim hissləri hansı sözlərlə ifadə
edim?!. Bu, möcüzədi!..
Möcüzə bildiyim həqiqət oldu.
Gecələr gözümə yuxu getmirdi, elə hey fikirləşiridim,
deyirdim, ay Allah, görəsən Kəlbəcəri bir də
görəcəm, o torpaqlara görəsən,
qayıdacağıq?!.
Açığını deyim, inamım yox idi. Ümidsiz
idim. Cənab Prezident möcüzə
bildiyimi reallığa çevirdi, mənə o inamı
qaytardı. Başqa nə deyim?..
- Hidayət
müəllim, hamımız eyni haldayıq. Qürur
hissi keçiririk, fəxr edirik.
- Prezident
bizi məğlubiyyətdən çıxardı. Məğlub olmuşduq. Torpaqlarımızı
itirmişdik. Bilirdik ki, ermənilər
arxalarında dayananlar hesabına torpaqlaırmızı
işğal edib. Onlara arxa, dayaq duran
olmasaydı, heç vaxt bizə qalib gələ bilməzdilər.
İndi niyə qalib gələ bilmirlər?
Azərbaycan əsgərinin, Azərbaycan
ordusunun qarşısından qaçırlar. Prezidentimiz deyən kimi, rəhbərləri də
siçan dəliyi axtarırlar. Biz həqiqəti
o zaman da, 1992-93-cü illərdə bilirdik ki, ermənini
üstümüzə qaldıran var. Məğlub olduq, şəxsən
mən utanırdım bir kəlbəcərli kimi, Kəlbəcərin
işğalına görə. Amma bu
gün Prezidentimizin iradəsi ilə qalib xalq kimi
adımızı tarixə yazdıq. Azərbaycan
xalqı işğalçılara qarşı çox
vururşub. Məğlub olduğu zamanlar
da olub, qalib gəldiyi zamanlar da. Amma Azərbaycan
tarixində ilk dəfədir ki, işğalçını
tamamilə vurub torpaqlarımızdan çıxarırıq.
Ermənilərə elə bir dərs veririk ki,
dünya durduqca yaddaşlarından çıxmayacaq.
- Hidayət
müəllim, yəqin mənimlə
razılaşarsınız ki, 1992-93-cü illərdə
xalqımızın igid oğulları düşmənə
sinə gərdi, ermənilər döyüşsüz
heç bir kəndi işğal edə bilmədi...
- Mən
o günləri necə unuda bilərəm?..
O başqa bir şey idi. Şəkil çəkdirmişəm
o igidlərlə cəbhədə. Tərtər
çayının sağ-sol sahillərində əsgərlərlə
fotolarım var. Hamısı igid oğullar idi. Bizim o zaman döyüşən
oğullarımız olmasaydı, bugünkü qələbələr
də olmayacaqdı. Onlar qanları ilə,
canları ilə qələbəmizin təməlini qoydular.
Şəhid oldular, yaralandılar, qazi oldular,
amma qələbəyə aparan yolu açıq saxladılar.
O zaman vəziyyət tamam fərqli idi. Komandanlıq
yox idi, silah-sursat çatmırdı. SSRİ-dən
qalan bir-iki hərbi baza vardı. Bizim igidlər
demək olar əliyalın torpağı müdafiə edirdilər.
Amma şükür, bu günü də
gördük, Azərbaycan Ordusuna hətta Amerika
generalının həsəd apardığını
gördük. Ermənilərin ordumuzun qabağından necə
qaçdığını gördük.
- Ordumuzun
önündən qaçırlar, yenə özlərini
dünyaya “əzabkeş”, “yazıq” kimi göstərirlər,
bir tərəfdən də şəhərlərimizi raket zərbəsinə
məruz qoyurlar. Mülki əhalini hədəf
alırlar.
- Bu, erməni
xislətidi, qızım. Onlar həyasız,
abırsız, nankor, riyakar, qorxaq məxluqlardı. Kəlbəcərlilər rus dilini yaxşı bilir,
rus dilində bir deyim var; “armyanstvo xuje faşizma” – ermənilik
faşizmdən də pisdir. Prezidentimizin
dediyi kimi, onları son mənzillərinədək
qovmalıyıq. Elə qovmalıyıq
ki, bir də cürət edib biz tərəflərə ayaq
basmasınlar.
- Hidayət
müəllim, xəbərləri gecə-gündüz izləyirsiniz,
əlbəttə.
-
Yatmağı yaddan çıxarmışam. Yatağıma
uzanmıram, kresloda əyləşib ancaq televiziyaya
baxıram, xəbərlərə qulaq asıram, xoş xəbərlər,
qələbə xəbərləri gözləyirəm.
Nəvəm də cəbhədədi.
- Hərbi
xidmətdədir, yoxsa könüllü gedənlərdi?
- 18
yaşı cəbhədə tamam oldu. Onu hərbi
xidmətə çağırmamışdılar,
özü getdi. Dedi, “getməliyəm, vəssalam”. 18 yaşını qələbə sevinci ilə
qeyd etdi.
- Ordumuzun
əks-hücum əməliyyatları başlayandan
hamımız səbirsiz olmuşuq. Hər
gün nədir, hər saat qələbə xəbəri,
hansısa kəndin, ərazinin düşməndən azad
edildiyi xəbərlərini almağa köklənmişik.
Hərdən necə deyərlər, özümüzə gəlib,
anlayırıq ki, asan iş deyil, ordumuz irəliləməlidi...
- Başa
düşürəm sizi. Bunu o
çoğrafiyanı, yerli şəraiti bilməyənlər
düşünür. Mən Kəlbəcərdə
anadan olmuşam, oranın, bütün Qarabağın relyefini
bilirəm. Bilirəm ki, Madagizdən –
Suqovuşandan Kəlbəcərə nə qədər məsafə
var, ordan keçirsən Murova, ordan da Basarkeçərə
(Vardenis). Hesab elə ki, Murov Kəlbəcər
yollarının keşiyini çəkən əsgərdi.
İndi bizim əsgər dayanıb o keşikdə.
Ermənilər ağır texnikalarını ən
çox o yollarla keçirirdi Qarabağa. Daha
keçirə bilməyəcəklər. Kəlbəcər
ovcumuzun içindədi. Mən bunları o yerlərin hər
qarışına bələd adam kimi
deyirəm. Kəlbəcər dağlıq ərazidi.
Ən yüksək dağ zirvələri
ordadı. Üzü dağlara qalxdıqca
döyüşən ordu üçün hərəkət
etmək çox çətindi. Amma diqqət
edək ki, ordumuz qısa zamanda necə sürətlə irəliləyir.
Bunun hamısı ordumuzun, Silahlı Qüvvələrimizin
gücü sayəsində, zamanında dövlət
başçısının düzgün və gələcəyə
hesablanmış siyasət aparması nəticəsindədir.
Deməli, Prezident ordumuza qayğını bir an
belə azaltmayıb, Silahlı Qüvvələrimizin güclənməsi
üçün çalışıb. Zamanı yetişəndə
də düşmənə dərs verdi. Və tarix yazdı. – Yəqin Füzuli, Cəbrayıl,
Zəngilan... işğal altındakı yurdlarımız əsarətdən
bir-bir xilas edildikcə, gözünüz Kəlbəcəri
axtarır...
- ...Kəlbəcər
anadı! Uşaqlığım orda keçib.
İnsan necə olar uşaqlığı
oğurlansa? İnsan necə olar ilk sevgisi
oğurlansa? Uşaqlığımızı,
ən təmiz xatirələrimizi, yazdığımız ilk
sevgi məktublarını oğurladı ermənilər.
- Yenə
yazılacaq o məktublar, Hidayət müəllim...
- Biz o məktubları
təzədən oxuyacağıq.
- İşğaldan azad edilmiş şəhərləri,
kəndləri efirdə göstərirlər, mən heyran
qalıram, belə də gözəllik olarmı? Zəngilan necə
gözəl imiş. Azərbaycanın hər
qarışı cənnətdi, təkcə Qarabağ yox.
- Mən
də baxdım, süjetlərə. Zəngilanda
evləri söküblər, dağıdıblar. Kəlbəcər həm də deyim nəyə
görə başqa bölgələrdən fərqlənir,
Kəlbəcərdə evləri sökmək mümkün
deyil. Kəlbəcərin daşını
sökmək olmur. O daşları heç top da
dağıtmaz. Kəlbəcər
topdağıtmaz qalaydı. Kəlbəcər
təkcə cənnət yox ey, həyat mənbəyidi.
Kəlbəcərdə yerdən su qaynayır, yəqin
eşitmisiniz, bilirsiniz...
- Bəli.
İstisu.
- Kimin nə
xəstəliyi vardı, o sudan içərdi,
sağalardı. Övladı olmayan gəlinlər,
gəlib o su vannasına düşərdi, övladı
olardı. Sağalmaz xəstəliklərin
dərmanıdı o su. Kəlbəcərdə 2
İstisu vardı -
“kiçik” və “böyük”. Kiçik
İstisuya hamı gəlirdi. “Böyük” İstisuya o
vaxtın böyük adamları, vəzifə sahibləri gələrdi,
sanatoriya vardı... Bizim ev kiçik
İstisu ilə yaxın məsafədədi.
- Hidayət
müəllim, elə dediniz, sanki evinizi Bakıdan
görürsünüz...
- Mən
orda olmasam da, ora həmişə mənim evim olub,
qızım...
- Siz Kəlbəcər şəhərinin özündə
yaşayırsınız? (Bilərəkdən
sualı felin indiki zamanında verdim. Cavab
da indiki zamanda oldu).
- Bəli.
Evimiz Kəlbəcər şəhərindədi.
Aynabəndə çıxanda bütün Kəlbəcər
gözünün önündə dayanır...
-
İnşəllah, uzun illərin həsrətindən sonra
evinizə ayaq basarsınız...
- İnşəllah. Daha inanıram.
- Başqa nəsə
sözünüz varmı?
- Bunu demək
istəyirəm ki, biz Kəlbəcərin necə bir kapital
olduğunu yaddan çıxarmayaq. Nəhayət
anlayaq ki, Kəlbəcər nə deməkdi. Kəlbəcər qızıl mədənidi, civə
yatağıdı. Ucu-bucağı
görünməyən otlaqlar, meşəliklərdi. Sərsəng
su anbarıdı... İndi marketlərdə “saf su” deyib
satılan sular var ha, Kəlbəcərdə get istənilən
bulağın başında əyləş, qabı doldur
suyla, ən təmiz, saf sudur. Sovet vaxtı Kəlbəcərdə “İstisu”
mineral su zavodu tikilmişdi. Azərbaycan
dövləti o zavodu yenidən inşa edəcək və
xalqımız təmiz, billur kimi saf su içəcək.
- Hidayət
müəllim, ölüm haqdı...
-
Sözsüz.
- Allah sizə
bundan sonra da can sağlığı
versin, inşəllah doğma yurda qayıdışın
sevincini yaşayasınız. Bu illər ərzində ürəyinizdə
bir niskil vardı, “bəlkə Kəlbəcəri görmədən
dünyadan köçəcəm”... Daha elə fikirləşmirsiniz...
-
Düzünü deyim, Kəlbəcərdən əlimi də
üzmüşdüm, ümidimi də. Prezident
İlham Əliyev dahidi. Böyük
adamdı. Diplomatiyanı da bilir, hərbi də.
Hansı sözü nə zaman, harada demək
lazım olduğunu da. Prezident deyir, “mən
bilirəm, hansı işi nə zaman görmək
lazımdır”. Mən ona inanıram.
Kəlbəcər işğaldan azad olunacaq! İllərlə
ürəyimdən keçib ki, dünyadan köçüb
gedəcəm, bəlkə cəhd edim, Kəlbəcərə
turist kimi gedim, oraları görüm. Həmişə
də ürəyimdə qalırdı arzum. Nə qədər insanımız ürəyində
Vətən qubarı ilə köçdü bu dünyadan.
Allah onların hamısına rəhmət eləsin,
şəhidlərimizin ruhu şad olsun. Bu
gün ordumuz qalibdir. Vətən
uğrunda döyüşənlərin, torpağa
canını fəda edənlərin qanı yerdə
qalmadı. Bundan sonra kəlbəcərlilər
də, işğaldan azad edilən bütün
torpaqlarımızın insanları Vətən
torpağına qovuşacaqlar.
Məlahət
Rzayeva
Şərq 2020.- 23 oktyabr.- S.8.