"Cıdır
düzündən sonra Qələbəni çəkirəm"
Sakit Məmmədovla:"Böyük
ölçüdə olacaq, təxminən
5-6 metrdir"
"4 il əvvəl qələbəni
yaşayıb çəkmirdim, sadəcə hiss edirdim. Amma bu gün yaşadığımı,
gördüyümü, qəhrəmanlıqları, o mərd
övladları, anaları əks etdirirəm"
Şübhəsiz
ki, hər sahənin olduğu kimi jurnalistikanın da
özünəməxsus çətinlikləri var. Amma nemətləri
də az deyil. Məsələn,
biz media mənsubları hər gün müxtəlif xarakterdə,
fərqli peşə sahibləri ilə həmsöhbət
oluruq. Yəqin ki, onların hər birindən
nə isə öyrənirik. Bunun
özü nemət deyilmi? Əlbəttə
elədir.
Mən də budəfəki müsahibimdən çox
şey öyrəndim.
Ən əsası müsahibimlə maraqlı söhbətimiz
Vətən uğrunda vuruşmaq üçün insanın
silaha, topa, tüfəngə ehtiyacı
olmadığını göstərdi. Çünki
o, tüfəngsiz, formasız qəhərmanlardandır. Bədii dildə desək, incəsənətin
silahı fırça olan sərkərdəsidir. Sizi çox maraqda saxlamayacam. Müsahibim
Xalq rəssamı Sakit Məmmədovdur.
Görkəmli rəssam 1983-cü ildən bu günə
ölkəmizi layiqincə təmsil edir. Əsərləri Puşkin
muzeyi, Avropa parlamenti, Fransa, Türkiyə, İspaniya,
Portuqaliya, İtaliya, Roma, Böyük Britaniya, ABŞ və dünyanın digər
mötəbər qalereyalarında uğurla nümayiş
olunur. Həmçinin o, çoxsaylı beynəlxalq
mükafatlara layiq görülüb. Girişdə
hamısını qeyd edib, siz oxucularımızı yormaq istəmirəm.
Gəlin bütün nailiyyətlərini, Azərbaycan
üçün gördüyü işləri Sakit müəllimin
özündən eşidək.
- Əvvəla hazırda davam edən
savaşımız, ordumuzun zəfərləri haqda təəssüratlarınızı
öyrənmək istərdim...
-
Çox sevinirəm ki, qələbə bizimlədir. Təbii ki, kədərli hadisələr də olur,
şəhidlərimiz var. Ona görə
üzülürük. Amma şanlı
ordumuz günü-gündən irəliləyir. Onların nailiyyətləri dünyada
başımızı ucaltdı. 30 ildir
bir bəlayla üzləşmişdik. Mənfur
düşmən Azərbaycanın ürəyi olan
Qarabağı işğal etmişdi. Həyasızcasına,
faşistcəsinə dağıntılar aparırdılar,
soyğunçuluq edirdilər. Ordakı
yataqları talayırdılar, torpaqları özləri
üçün əkib-becərirdilər. Həm də gördük ki, Qarabağı
xarabalığa çeviriblər. Heç bir tikinti aparmayıblar, iş görməyiblər. Otuz ildir orda süləniblər. Ancaq səngərlər qazıblar, yuva salıblar.
Bir sözlə, bayquş kimi yaşayıblar.
İndi də o bayquşları qovuruq. Yuvalardan başlarını qaldırıb güllə
atırlar, sonra geri çəkilirlər. Allahın
köməkliyi ilə şanlı ordumuz həmin yuvaları
darmadağın edir. Onu da deyim ki,
dünyanın harasına gedirdiksə təbliğat
aparırdıq. Qarabağ haqqında danışırdıq.
Amma içimizdə bir niskil var idi. Qarabağ mənfur düşmənin əlindədir
deyə məyus olurduq. Həm düşmənin
də bir şərəfi olmalıdır. İnsan düşməndən də nəysə
öyrənməlidir. Bunlardan isə
öyrənməli heç nə yoxdur. Çünki
onlar faşist, uşaqlara, dinc sakinlərə əl
qaldıran işğalçılardır. Əməlləri
onların iç üzünü dünyaya göstərdi. Artıq dünya ermənilərin gerçək
simasını tanımağa başladı.
- Onlar öz mənfur
simalarını göstərir. Biz isə məğrurluğumuzu,
gücümüzü nümayiş etdiririk. Həm tək cəbhədə deyil. Siyasi arenada da ürəyimiz dağa dönür.
Dövlətimizin uğurlu addımları hər birimizi
sevindirir...
- Son vaxtlar Ali Baş Komandanın
siyasəti, apardığı danışıqlar dünyaya
onu bir sərkərdə kimi tanıtdı. Öz
çıxışı ilə hər kəsi məəttəl
qoydu. Hamı gördü ki, Azərbaycanın
belə ağıllı, böyük şəxsiyyəti var.
O da ölkəni idarə edir. Məsələn,
"Qobusnamə" kitabında yazılıb ki, peyğəmbər
də, dövlət rəhbəri də Allah tərəfindən
göndərilir. Yəni Allahın izni
olmasa, heç kimin ürəyində onu seçmək fikri
yaranmaz. İndi məlum oldu ki, millətin
rəhbəri özünə layiqdir. Eləcə
də Paşinyan da ermənilərin özünə layiq
başçıdır. Öz ölkəsini
pis günə saldı. Dünya hər iki
ölkə başçısını
danışdırdı, debatları oldu. Onların
ayrı-ayrılıqda hansı səviyyədə olduğu
göründü. Hesab edirəm ki, prezidentimiz
tarixdə şərəfli, ləyaqətli şəxsiyyət
kimi qalacaq. Şübhəsiz Paşinyan da
tarixə düşdü. Amma şərəfsiz, öz
millətini bərbad günə qoyan, ləyaqətsiz ölkə
başçısı kimi... Ermənilər bu
məğlubiyyətlərini unuda bilməyəcəklər.
Onsuz da onlar otuz il müddətində
uduzmuşdular. Sadəcə, dünyaya həyasız
şəkildə haqlı olduqlarını bəyan edirdilər.
- Əfsuslar olsun ki, dünya
da onların uydurmalarına inanırdı.
-
Dünya həqiqəti bilmirdi. Təsəvvür
edin Afrikada hansısa xalqlar bir-birilə vuruşur. Təbii ki, əhalimizin 70 faizi orda söhbətin nədən
getdiyini bilməyəcək. Ona görə
dünya ölkələrinin çoxunun məsələdən
xəbəri yox idi. Amma indi anlamağa
başladılar. Başa düşdülər
ki, Azərbaycan haqlıdır, öz torpağında
vuruşur. Həmin eybəcər məxluqları
ərazilərindən qovur. Həm də
bir söz deyim. Ermənilər o mədəniyyətlə,
səviyyə ilə Qarabağda nə yarada bilərlər?
Belə insanlarla necə qonşu ola bilərik?
Bir də bəzən deyirlər ki, erməni
anaları ağlayır. Axı onlar həmin
analardır ki, hələ uşaqları dünyaya gələndə
bizi düşmən olaraq göstərirlər. Onlar da bizə düşmən kimi
böyüyür. 90-cı illərdə
körpə uşaqlar idi, bizim yazığımız gəlirdi.
Amma indi həmin uşaqlar bizə qarşı
vuruşurlar.
- Nə
etsələr də ilahi ədalət bərpa olunur. Otuz ildir həsrət qaldığımız,
düşmən tapdağında olan torpaqlarımız
işğaldan azad edilir. İnsan sevinməyə,
qürurlanmaya bilmir…
- Bir
söz var: “Gec olsun, güc olmasın”. Hesab edirəm
ki, o məsəl öz təsdiqini tapır. Görünür, güc topladıq. İndi dünyanın məşhur generalları belə
Azərbaycan Ordusunun gücünə məəttəl
qalıblar. Təbii ki, Qafqazın ən
güclü, dünyanın isə ən tanınmış
ordusuna çevrildi.
- Biz döyüş meydanında
qalib gəlirik. Onlar isə məğlubiyyətin
acısını mülki əhalidən çıxarmağa
çalışırlar...
- Fikrimcə,
onlar təkcə sivil insanlara yox, mədəniyyətimizə
də əl qaldırdılar. Mədəniyyətimizə
qarşı soyqırım törətdilər, kökündən
silməyə çalışdılar. Amma
o mədəniyyət bizim ruhumuzdadır. Heç kim silə bilməz. Məsələn,
Qarabağda ermənilər qədimdən yaşamayıb,
sonradan məskunlaşıblar. İndi isə
deyirlər bizimdir. Amma onlar
qarabağlıdılarsa, Bülbül, Xan Şuşinski,
Cabbar Qaryağdıoğlu, Arif Babayev, Mənsum İbrahimov
kimi sənətkarları olardı. Lakin nə
müğənniləri, nə səsləri, nə rəssamları,
nə də yazıçıları, nə də şairləri
var. Genlərində Qarabağ qanı yoxdur. Demək ki, ermənilər Qarabağa sonradan gəliblər,
məskunlaşıblar. Ağlayıblar,
yalvarıblar, bizim də yazığımız gəlib.
Təbii ki, rəhmli millət olduğumuz
üçün yer vermişik. Onlar isə
bizə qarşı müharibə aparırlar. Ermənilərin xislətləri budur. Dünyada hara gedirlərsə oranı öz
torpaqlarına çevirməyə çalışırlar.
Bir hekayəni ərz edim. Tanıdığım
gürcü xalq şairi var. Deyir Ermənistanda konfransda olanda
ermənilər yaxınlaşıb dedilər ki, eşitdiyimizə
görə, Şota Rustavelli erməni olub. Mən şoka düşdüm ki, bunlar Şota
Rustavellini də erməni adlandırmaq istəyirlər.
Danışır ki, əsəbimdən dedim ki, bəli, erməni
olub. O, erməni xalqına, dilinə nifrət edib. Ona görə gürcü dilində yazıb. Əlbəttə, kinayə və əsəblə
söyləyib. Çünki o, “Pələng
dərisi geymiş pəhləvan” əsərini gürcücə
yazıb. Amma bunlar onu da erməniləşdirmək
istəyirlər. Harda ağıllı
insan görürlərsə mənimsəyirlər.
- Gülməlidir ki, özlərini qədim
tarixə malik, köklü bir xalq kimi təqdim edirlər...
- Bəli,
ali bir millət kimi qələmə verirlər.
Amma qədim tarixli xalq 2-3 milyon olmur. Tarixi millət türklərdir.
Görürsüz,
300-350 milyonuq. Ali xalqın
özünün əlifbası olur. Məsələn,
bizim Orxon Yenisey əlifbamız var. Bunlar əlifbalarını
belə Həbəşistan dövlətindən
oğurlayıb, mənimsəyiblər. Musiqini
bir tərəfdən, mətbəxi başqa ölkələrdən,
mədəniyyəti fərqli yerdən, ərazini də bir
yandan oğurlayıblar. Hərədən
bir şey mənimsəyiblər. Belə
oğru, quldur millət olmur. Ona görə
bu işğalın bir sonu olmalı idi. Onlar
başqa ölkələrin ərazisinə də iddialı
idilər. Amma burunları Azərbaycanda,
Qarabağda qırıldı. Belə davam
edə bilməzdi. Xüsusilə
vurğulamaq istəyirəm ki, Azərbaycan həqiqətən
qüdrətli ölkədir. Özünüz də görürsüz gənclər
şəhid olurlar, amma ailələri deyir ki, fəxr edirik, vətən
uğrunda getdi. Ermənilər isə əsgərlərini zəncirləyirlər,
döyüşə getməmək üçün gizlənirlər,
vuruşmağa qadınları, qocaları göndərirlər.
- Sakit müəllim, bəs, bu
günlər yaradıcılığınıza necə təsir
edir? Zəfərlərimizin şərəfinə
yeni əsərlər hazırlayırsınızmı?
- Hələ
2016-cı ildə Qarabağa qayıdış “Cıdır
düzü” əsərini çəkdim. Onu
Kraliça 2-ci Elizabetə hədiyyə etdim. Hazırda isə qələbə haqqında əsər
işləyirəm. Böyük ölçüdə
olacaq, təxminən
5-6 metrdir. Burda qələbə əks etdirirəm.
Bilirsiz, bəzi insanlar müharibəni çəkirlər.
Amma qələbə çəkmək həm
çox sevindirici, həm də çətindir. Hələ zəfər sevincini yaşaya-yaşaya
çəkmək asan deyil. Məsələn, 4 il əvvəl qələbəni yaşayıb
çəkmirdim, sadəcə hiss edirdim. Amma bu
gün yaşadığımı, gördüyümü, qəhrəmanlıqları,
o mərd övladları, anaları əks etdirirəm. Fərəhlənirəm ki, bu günləri
yaşayıram və kətana köçürdürəm.
Əlbəttə, bir əsər min illərlə
yaşayır. O qələbə də kətan üzərində
yaşayacaq. İnsanların ürəyində
də, qəlbində daim qalacaq. Gələcəkdə
övladlarımız fəxr edəcəklər ki,
ataları, babaları qəhrəman olublar. Millətin keçmişi, valideynləri ilə
qürur duyacaqlar. Utanmayacaqlar! Bu,
böyük nailiyyətdir, sevincdir, yaşayırıq.
- Yaşadıqca görürük
ki, illərdir səbr etməyimiz əbəs deyilmiş…
- Hə. Ölkə başçımız böyük
əzm, hünər göstərir. Həm öz
sözünü, həm də xalqın ürəyindən gələnləri
deyir. İstənilən dildə
danışır, həmin millətə dərs verir. Bütün bunlar böyük uğurdur. Bəzən deyirdilər ki, büdcədəki gəlirlər
hara gedir? Müəyyən problemi olanlar
sual verirdilər. İndi gördüz hara
gedir? Bu qələbəyə sərf
olunurdu. Alınan silahlar açıqlana
bilməzdi. Çünki dövlət
sirri idi. Sonu da çox gözəl bitir.
Ona görə nə yaxşı ki, belə
şeylər düşünüblər. Biz
müasir şəkildə silahlanmışıq. Dünyanın ən gözəlləri bizdədir.
Ona görə fəxr etmək lazımdır.
Heç kim acından ölməyəcək.
Hər kəs öz ruzisini tapır. Amma torpağı tapmaq çox çətindir.
Qan bahasına əzəli ərazilərimizi
geri alırıq. Bəlkə də danışıqlar
yolu ilə həll edilsə, gələcəkdə deyəcəkdilər
ki, kimsə bizə torpaqlarımızı alıb verdi. Amma indi qürurla söyləyirik
ki, özümüz qaytarırıq. Bu nəsil
onu qəhrəmancasına qaytardı və gələcək
nəsilə ötürəcək. İnanıram
ki, Qarabağ qısa zamanda bərpa olunacaq. Azərbaycanın turizm mərkəzinə
çevriləcək. Bütün
dünya ora maraq göstərəcək. Şəhidlərimizin
qanı o torpaqlardadır. Ona görə həmişə
müqəddəs yerimiz olacaq. Ora həm
ibadət etməyə, həm də şadlıq
üçün getməliyik.
- Qarbağla bağlı hər azərbaycanlının
həm ağrısı, həm də arzusu var. Sizin
də olar hər halda.
- Bilirsiz,
mən Atçılıq Federasiyasının idarə heyətinin
üzvüyəm. Çox sevinirəm ki,
Qarabağ atlarımız “Binə” atçılıq mərkəzində
deyil, Şuşada, Cıdır düzündə gəzəcəklər.
Orda bizim Çovqan oyunumuz nümayiş etdiriləcək.
Yenə də deyirəm, dünya Qarabağda
toplanacaq. Bu səbəbdən də
çox sevincliyəm. Xüsusilə qeyd
edim ki, biz Bakıda belə Qarabağ atlarının nəslinin
kəsilməsinə imkan vermədik. Bu
işdə zəhməti olan hər kəsə təşəkkür
edirəm. Qarabağ atlarını saxlaya
bildik. Dünyanın böyük
xalqları, dövlətləri var ki, özlərinin at cinsi
yoxdur. Amma bizim, elə də böyük
olmayan respublikanın iki at cinsi var. Biri “Qarabağ”, o biri
“Dilbaz” atlarıdır. Bu da
xalqımızın keçmişinin nə qədər qəhrəman,
mədəni olduğundan xəbər verir. Onu da deyim ki,
Qarabağ haqqında çox salnamələr, dastanlar
yazılacaq. Ədəbiyyatda, musiqidə, rəsm
əsərlərində qəhrəmanlıq simvoluna
çevriləcək. Qarabağ Azərbaycanın
ürəyidir. Dünyada Azərbaycanı
tanımayanlar da Qarabağla tanıdı. Bir
nüans da var. Məni həmişə məyus edib.
- Nədir o?
- Təəssüf
ki, Sovet vaxtında Qarabağı Ağdam çaxırına
görə tanıyırdılar. Rusiyada
oxumuşam. Orda Qarabağ deyən kimi
şərab yadlarına düşürdü. Deyirdilər
ki, orda
yaxşı çaxır var. İndi bütün
dünya bildi ki, Azərbaycanda Qarabağ adlı müqəddəs
yer var. O alınmaz qalaya çevriləcək. Əminəm
ki, min illər boyu qorxudan Qarabağ tərəfə heç kim baxa bilməyəcək.
- Dünyanın bir çox ölkələrində
olmusunuz. Yəqin xeyli əcnəbi dostunuz var. Onlar mövcud vəziyyət
haqqında nə düşünürlər?
- Təbii
ki, insan ciddi olanda ətrafındakılar onun ölkəsinə
özü kimi baxırlar. Mən Çindən
tutmuş Portuqaliyaya qədər dünyanın bütün
ölkələrinə səfər etmişəm. Hər yerdə də dostlarım var. Hamısı mənə
zəng vururlar. Ürək sözlərini
deyirlər. Qarabağın Azərbaycan
olduğunu bilirlər. Çox gözəl
dəstək verirlər. Yəni Qarabağ
haqqında yaxşı fikirləri var. Onların da sevinclərinin
həddi-hüdudu yoxdur. Adətən
başqa yerlərdə, Çində, Pekində simpoziumlar
keçirirdirlər. Onlara demişəm
ki, inşallah Qarabağ azad olunandan, özünə gələndən
sonra gedib orda rəssamlıq simpoziumu təşkil edəcəyik.
Başqa arzularım da var. Məsələn,
Qarabağda muzey yaratmaq istəyirik. Dünya
rəssamlarının muzeyi olacaq. Əminəm
ki, dostlarım hər biri ora əsərlər hədiyyə
edəcək. Satmayacaqlar, hədiyyə edəcəklər.
Hamısı öz fikirlərini mənimlə
bölüşüblər. İstəyirlər
ki, belə bir şeyi həyata keçirək. Mən də bir çox ölkələrdə belə
muzeylərə hədiyyələr etmişəm. Müəyyən ölkələr var ki, onlardan
heç nə götürməmişəm. Muzeylərinə əsərlərimi təmənnasız
vermişəm. Onlar da belə edəcəklər.
Məsələn, Orta Asiyadan yazırlar, zəng
edirlər. Özü də hamısı
xalq rəssamı, professorlar, tanınmış insanlardır.
Ürək sözlərini deyirlər. Zatən çoxdan bilirdilər ki, Qarabağ Azərbaycandır.
Əminəm ki, Qarabağda böyük musiqi festivalları,
rəsm sərgiləri keçiriləcək. Mən
də öz üzərimə düşən missiyanı
yerinə yetirməyə çalışacam. Ora tələbələrimlə, gənc rəssamlarla
gedəcəm.
- Yəni Qarabağı incəsənət
ilə çiçəkləndirəcəyik…
- Bilirsiz,
otuz il o tərəfə
baxmadığımız üçün Qarabağ bizdən
küsmüşdü. Onun üzərində gəzən,
şeytani hisslərlə yaşayan tayfa Qarabağ
torpağını çox incidirdi. Ərazisindən
ancaq barıt iyi gəlirdi. Ordan
çıxarılan qiymətli təbii daşları,
metalları aparırdılar. Bir sözlə,
torpaqlarını bərəkətsiz hala gətirmişdilər.
Ona görə küsmüş
Qarabağımızı sevindirməliyik, könlünü
almalıyıq. Musiqi ilə, rəsmlə, dağıntıların bərpası
ilə məşğul olmalıyıq. Gözəl
tikililər yaratmalıyıq. Torpaq da darıxdığımızı,
onu nə qədər sevdiyimizi görsün.
- Sakit müəllim, İngiltərə
kraliçası ilə bir neçə dəfə
görüşünüz baş tutub. Hətta ona Qarabağla
bağlı hədiyyələr təqdim etmisiniz. Söhbətiniz yadınızdadırmı? Nələr
danışdınız, ona hansı faktlardan bəhs etdiniz?
- Orda təsvir
etdiklərimi danışmışdım. Qarabağ
xalçasını, atlarını, xarıbülbülü
göstərmişdim, “Çovqan” oyunundan, üç rəngli
bayrağımızdan bəhs etmişdim. O da göstəriş
verdi ki, əsərim Vindzor sarayından
asılsın. İkinci dəfə
görüşəndə “Bahar qızı” tablosunu hədiyyə
etdim. Novruz bayramı haqqında idi.
Onu da dedim ki, əsl yeni il martın 20-dən
21-ə keçən gecədir. Çünki
gündüzlə gecə bərabərləşir, bahar gəlir,
torpaq oyanır. Həmin əsər də sarayda saxlanılır. Düşünürəm ki, hər bir insan təbliğat
işi ilə məşğul olsa yaxşıdır. Hərə öz ölkəsinin əsgəri
olmalıdır. Biri qələmi, digəri
fırçası ilə. Məsələn,
Vatikana getdim. Roma papasının portretini
çəkdim. Həmin portretdə arxa tərəfdə
Qarabağ xalçasını əks etdirdim. Dedim Qarabağ
haqqında da söhbət getsin. O da Vatikan
dövlət muzeyində asılıb. Bir
də masasının üzərində "Qurani-Kərim"
çəkdim. Əlimdən nə gəlirsə
bir azərbaycanlı, türk övladı kimi onu etməliyəm.
Çünki türklər çox istedadlı
millətdir. Mən də türk
dünyasının bir övladıyam. Çalışıram
göstərim ki, türklər sadəcə vuruşmaqda yox,
intellekt səviyyəsi baxımından da yüksəkdədirlər.
Hesab edirəm ki, hər bir azərbaycanlı əlindən
gələni etməlidir. Öz ölkəsini
dünyaya tanıtmalıdır.
- Əlbəttə, hər
birimizin vəzifəsidir. Siz
də bu vəzifəni layiqli şəkildə icra edirsiniz.
- Məsələn,
ölkələrə səyahət edərkən onların
memarlıq abidələri ilə yox, insanları ilə tanış oluram. Çünki
insanları ölkənin nə olduğundan xəbər verir.
Ona görə vətəndaşları ilə tanış
oluram, dostluq əlaqələri qururam. Səviyyələrini
öyrənməyə çalışıram.
Yaxşı bir
xüsusiyyətləri varsa götürürəm.
Bəzən insanlar harda pis xasiyyət varsa onu mənimsəyir.
Amma dünyadan ən yaxşı nümunələri
örnək götürmək lazımdır. Yəni asan, tez ələ keçənləri deyil.
Savadı, biliyi elmi mənimsəməliyik.
Məsələn, Peyğəmbərimizin
sözü var. Deyir elm Çindədirsə, ora qədər
getmək lazımdır. Beşikdən qəbirə
qədər elmlə məşğul olmalıyıq. Elm isə hansısa ədəbiyyatı oxumaq deyil.
Kəşf etməlisən, öyrənməlisən.
Vətənin naminə işlər görməlisən
ki, xalqın səndən bəhrələnə bilsin. Bəzən
bir nəfər bir milyon insandan çox iş
görə bilir. Bəzən isə milyonlarla adam
bir insan qədər ola bilmir.
- Siz sənətinizi dünya
auditoriyasına çıxarmağı
bacarmısınız. Özü də gənc
yaşlarınızdan. Bəs yeni nəsil rəssamlara nə
məsləhət görürsünüz, onlar öz işlərini
başqa ölkələrdə necə sərgiləsinlər?
- Əksər gənc məşhur olmaq üçün
düşünür ki, xarici ölkələrdə
yaşamaq lazımdır. Bu düzgün
yanaşma deyil. Mən gənclərimizə
göstərdim ki, Bakıda otura-otura ondan artıq ölkənin
akademiyasının akademikiyəm. Həm Baron, Cəngavər,
Qraf titullarını almışam. Bir çox
ölkələrin professoruyam, Avropada senator seçilmişəm.
Dünyanın ən qabaqcıl ölkələrinin, demək
olar bütün qitələrin ali
mükafatlarına layiq görülmüşəm. Demək istəyirəm ki, incəsənətin dili
beynəlxalqdır. Heç bir tərcüməyə
ehtiyac yoxdur. Azərbaycanda, doğma diyarda
işləmək lazımdır. Onsuz da
dünya kiçilib, indi internet erasıdır. Çəkdiyin əsəri bir saniyədə
dünyaya göstərə bilirsən. Amerikaya,
başqa ölkələrə getmək lazım deyil. Elə bir şəxsiyyət olmalısan ki, onlar sənə
görə ölkənə gəlsin. Turizmdə
belə bir şey var. Baxırlar Azərbaycan gözəl, səfalı
yerdirsə, çayı, dənizi varsa, gəlirlər. Niyə bir rəssama görə Azərbaycana gəlməsinlər?
Rəssamın muzeyinə, əsərlərinə
Azərbaycanda baxsınlar. Biz İspaniyaya Picassoya
, Fransaya Klod Moneye
baxmağa gedirik. Eləcə də onlar gəlib
əsərləri ölkəmizdə seyr etsinlər. Mənim aləmimdə bu böyük məsələdir.
Ona görə gənclər
çalışsınlar.
- Sizcə, yetərincə
çalışmırlar?
- Mən
oxuyan vaxtlarda da belə olub. Əzim Əzimzadə adına rəssamlıq məktəbində təhsil
alırdım. Yaşlı rəssamlar deyirdi ki,
bizim vaxtımızda insanlar çox çalışqan idi.
İndiki cavanlar belə deyil. Elə
şey yoxdur! İnsanlıq durduqca dahilər,
böyük şəxsiyyətlər çıxacaqlar.
İndi də gözəl, perspektivli gənclərimiz
var. İnanın, onlar Azərbaycanın ən gözəl rəssamları,
şairləri, musiqiçiləri olacaqlar. Sadəcə çalışmaq lazımdır.
Bəzən düzgün anlamırlar. Görürsən çox dayaz, rəsm qabiliyyəti
aşağı olan insandır, Vətəndən
danışır. O çox gülünc
görünür. Sən Vətəni işinlə
göstərməlisən. Artıq
yaratdığın əsər özü Vətəndir.
Ağ kətanın qarşısında rəngləri
qarışdıranda gözəl bir əsər yaradırsan.
O zaman Vətənə fayda vermiş olursan. Elə
çalışmalısan ki, ölkən səndən
faydalansın. Qürurla desin ki, mənim
övladımdır. Sən Vətənə nə
vermisən? Söhbət bundan gedir. Vətəndən istəmək yox, vermək
lazımdır. Doğulduğun torpaqlarda sənə
ruh verilib. Allah lazım bilib bu torpaqda
dünyaya gətirib. Niyə Azərbaycanda
doğuldun. Deməli, bir hikmət var. Burda
öz millətinə fayda verməlisən. Ona görə
çalışmaq, çalışmaq, yenə də
çalışmaq lazımdır…
- Başqa sözünüz,
tövsiyəniz?
- Elə şəxsiyyət olmalısan ki, sənə
görə ölkəyə tur təşkil etsinlər.
Proqrama salsınlar ki, gələndə ora gedəcəyik. Məsələn,
pandemiyadən əvvəl Qırğızıstana
getmişdim. Çingiz Aytmatovun məzarını ziyarət
etdik, onun yaşadığı, oxuduğu yerlərə
getdik. Eynilə Azərbaycana da həmin məqsədlə gəlsinlər.
Bura səfər edənlər də faydalansın. Onu da deyim
ki, əvvəllər bizi pis qələmə verirdilər.
Amma indi dünya görsün ki, biz həm vuruşqan, həm
də istedadlı millətik. Hətta elə bilirdilər ki,
vuruşmağı da bacarmırıq. Heç yadımdan
çıxmaz. Çeçen müharibəsi zamanı balaca
uşağın əlində silah var idi. Ona jurnalist sual verdi
ki, sən qorxmursan savaşırsan? O da cavab verdi ki, mən azərbaycanlı
deyiləm ki, qorxam. Bu əhvalat mənə çox təsir
etmişdi. İndi Allahın köməkliyi ilə
bütün gənclərimiz döyüşə
yazılır ki, gedib vuruşur. Budur millət, qan
özünü göstərir. Onunla bərabər incəsənətdə də
gözəl övladlarımız var. Onların gələcəyi
çox parlaqdır. Əminəm ki, gedib böyük yerlərə
çıxacaqlar.
- Bəlkə də
onların sayəsində mədəniyyətimiz dünyada
günəş kimi parlayacaq.
- Təsəvvür edin, ölkəmizdə nə qədər neft çıxarıldı, amma Azərbaycanı tanımırdılar. Bir Rəşid Behbudova görə dünya bizdən xəbərdar idi. Hesab edirəm ki, şəxsiyyət olmaq lazımdır. Şəxsiyyətin formalaşması üçün profesionallıq tələb olunur. O da insanın ruhunu gün üzünə çıxarır. Ruh da ortaya şəxsiyyəti qoyur. Əgər yaradıcı insan sonda şəxsiyyət olmursa, tarixdə qalmırsa, demək o, yaşamayıb. Onun profesionallığı da şübhə altında qalır. Bir də öz sahələrinə təsadüfən gəlməsinlər. Valideynlər də diqqət etsin. Əgər uşağın həvəsi sənətədirsə, o yöndə irəliləsin. Oxumaq istəyirsə, elmə tərəf getsin. Belə olsun. Yoxsa 40 il içib-içib sonra molla olmasın. Bu bizim eybəcər tərəfimizdir. Pis vərdişlərlə məşğul olur sonra mollalığa keçir. Ona da heç kim inanmır. Dinlə də lap qabaqcadan məşğul olmaq lazımdır. Düzdür, Allah bağışlayandır. Amma bu şəkildə başqasına örnək ola bilməzsən. Çünki keçmişini görüblər. Əvvəldən düzgün yolla getmək lazımdır.
Xülasə, Azərbaycan bizim evimizdir. Biri-birimizi sevməliyik. Münasibətimiz gözəl olmalıdır. İndi birliyi çox gözəl hiss edirik. Beləcə də saxlamaq lazımdır. Gənclərimiz də biri-birləri ilə mədəni davranmalıdırlar.
Samirə Ərəbova
Şərq 2020.- 27 oktyabr.- S.12;13.