“Ağdama
qayıdanda həyətimizə sürünə-sürünə
girəcəm”
Tacir Şahmalıoğlu: “Şuşadakı o qayanın yerini bilirəm,
onun üstünə çıxıb
"Bayatı Şiraz"ı oxuyacam...
Qarabağ Azərbaycanın
döyünən ürəyi, milli mədəniyyətimizin
əsasını təşkil edən
muğamlarımızın, xalq musiqimizin beşiyidir. Qarabağ Azərbaycan tarixinin
özüdür. Qarabağ
şəhidlərimizin yatdığı torpaqdır. Qarabağ qaçqın düşən
xalqımızın illərlə həsrətində olduğu bir diyardır. Qarabağ əcdadlarımızın,
ata-babalarımızın bizə yadigar qoyub getdiyi Vətəndir.
Ona
görə də Azərbaycan gəncləri Qarabağ
uğrunda gedən bu
müqəddəs savaşda
xalqımızla birdir və hər an Vətənin
çağırışına qoşulmağa
hazırdır. Çünki
Qarabağsız Azərbaycan, Azərbaycansız Qarabağ ola bilməz.
Belə bir ovqatda məşhur
xanəndəmiz Tacir Şahmalıoğlu
ilə söhbətləşdik. O, əvvəlcə ata-baba yurdu Şuşadan danışdı:
- Mən Qarabağın cənnət
güşəsi olan Şuşadanam.
Mənim ata-babalarımın qəbri Şuşa torpağındadır. Şuşada nənələrimin laylası, Xan qızının şeirləri, Üzeyir bəyin möhtəşəm musiqisi, Vaqifin məqbərəsi,
Gövhər məcidi, Mir Mövsüm
Nəvabın qəbri, Xan əminin, Bülbülün gözəl nəğmələri,
Xarı Bülbülün ətri
qalıb. Biz hamımız Şuşaya
dönəcəyimiz günü səbirsizliklə
gözləyirik. Mən əminəm ki, o gün
tezliklə gələcək və biz Şuşada Gövhər məscidində azan səsini, xanəndələrimizin Qarabağ şikəstəsini eşidəcəyik,
igidlərimizin Cıdır düzündə at
oynatmaqlarını, cavanlarımızın, qız-gəlinlərimizin
yallı getmələrini, ağsaqqal
və ağbirçəklərimizin şükran
dualarını və Şuşamızın ən uca zirvəsində Azərbaycan
bayrağının dalğalanmasını seyr
edəcəyik. Çünki Qarabağ vətəndir - Qarabağ
Azərbaycandır. Var olsun Azərbaycan xalqı, var olsun Qarabağ,
var olsun Prezidentimiz.
- 27 il Qarabağ həsrətilə
yaşayan bir sənətkar
kimi bu
döyüşlər sizdə hansı hissləri yaradır?
- Uzun bir həsrətdən sonra
şükür Allaha
ki, bu gün
qəhrəman ordumuz
Qarabağımızda yavaş-yavaş irəliləyir,
mənfur düşmənin tapdağı altında olan torpağlarımızı geri
alır və bu bizə böyük
qürür hissi verir. 27 ildir ki, çarəsiz bir tərəf
kimi həmişə məyus olmuşuq, ürək ağrısı keçirmişik. Amma bu gün qələbə
bizimlədi, çünki haqq
bizim tərəfimizdədir. Mən
inanıram ki, biz
yaxın zamanda qələbə
çalacağıq. Buna görə də
özümü dünyanın ən xoşbəxt
insanı hiss edirəm.
- Rəşadətli
ordumuz qələbə çaldıqdan sonra ata yurdunuz
Ağdama qayıdanda ilk
işiniz nə olacaq?
- İnşallah, qələbədən
sonra Ağdamımıza qayıdanda arzu etdiyim kimi
ata ocağımı tapıb həyətimizə
sürünə-sürünə girəcəm və
oranı əvvəl olduğu kimi bərpa edəcəm.
-
Yaradıcılığınızda Vətən məhəbbəti
və Qarabağ həsrəti xüsusi yer tutur. Bundan sonra
necə olacaq?
- Mən professional səhnəyə
6 yaşımdan gəlmişəm və 15 yaşıma kimi yaradıcılığımda Vətən
həsrəti olmayıb. Ancaq elə bir ağır zaman gəldi
ki, bizim
torpaqlarımız şərəfsiz düşmən tərəfindən
işğal olundu. Və
o gündən məni Qarabağ
həsrəti tapdı. Buna görə mən
öz sənətimdə pozitiv
musiqiyə yer verə bilmədim. Ancaq lirikaya, Vətən, ana, ata mövzularına həmişə
üstünlük verirəm. Bu da bizim taleyimizə
yazılıbmış ki, biz 27 illik Vətən həsrəti
çəkək. Şükür Allaha, artıq bundan sonra mənim yaradıcılığımda ancaq fərəhli, oynaq və
ritmik mahnılar olacaq.
Çünki torpaqlarımız
qayıdandan sonra biz daha həsrət çəkməyəcəyik.
- Qələbə
günü Azərbaycan bayrağının
Cıdır düzündə dalğalandığı zaman Şuşamıza hansı sənət
dostlarınızla və musiqi töhfənizlə
gedəcəksiniz?
- Azərbaycan bayrağı Cıdır
düzündə dalğalandığı zaman
xalqımızın görkəmli sənətkarları ilə,
dostlarım olan tanınmış xanəndələrlə
Şuşaya gedəcəm. Və
arzularımdan biri də budur
ki, Şuşanın girəcəyində
sağ tərəfdə yerləşən
məşhur xəngəlxanada xəngəl yeyib,
Cıdır düzünə çıxım.
- 11yaşında
“Bayatı Şiraz”ı oxuyan Qarabağ bülbülü
balaca Tacir azad Qarabağ
torpağında “Bayatı Şiraz”ı necə oxuyacaq?
- Bəli, bu da
mənim arzularımdan
biridir. Cıdır düzündə Topxana meşəsiylə üzbəüz bir qaya var, yəni
böyük bir qaya deyil. Uşaq vaxtı həmişə
o qayanın üzərində
oynayardıq. Əgər mənfur
düşmən o daşı
yerindən tərpətməyibsə,
mən o daşın yerini bilirəm və arzu edirəm
ki, çıxıb
o qayanın üzərində
“Bayatı Şiraz”ı
oxuyum.
Banuçiçək
Hüseynli
Şərq 2020.- 28 oktyabr.- S.13.